Ali Məhkəmənin
mətbuat xidmətindən bildirmişlər ki, iyulun 9-də
Ali Məhkəmənin sədri Ramiz Rzayev Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyətinin (GTZ) proqram rəhbəri Zeno Rayxenbexer və
"Məhkəmə və hüquq islahatlarının dəstəklənməsi"
layihəsinin Azərbaycanda yeni rəhbəri xanım Anya
Königsmann ilə görüşmüşdür.
Görüşdə
Ramiz Rzayev GTZ ilə Ali Məhkəmənin səmərəli
əməkdaşlıq əlaqələrindən, bir sıra
mühüm layihələrin uğurla həyata keçirilməsindən,
birgə tədris tədbirlərindən, hüquqşünas
kadrların müasir hüquq ədəbiyyatı ilə təmin
edilməsi üzrə görülən işlərdən
danışmış, alman mütəxəssislərinin milli
qanunvericiliyin təkmilləşdirilməsində
iştirakını xüsusi qeyd etmişdir.
Sədr, həmçinin
Azərbaycanın məhkəmə sistemi barədə
qonaqlara ətraflı məlumat vermişdir.
Məhkəmə
hüquq sahəsində əməkdaşlığın
dinamik inkişaf etdiyni vurğulayan qonaqlar məhkəmə
sisteminin müasirləşdirilməsi istiqamətində həyata
keçirilən tədbirləri yüksək qiymətləndirmiş,
qarşılıqlı əlaqələrin bundan sonra da davam
etdiriləcəyini söyləmişlər. GTZ-nin proqram rəhbəri
inzibati işlərə baxan hakimlər üçün
seminarların təşkil olunmasını təklif
etmişdir.
Qonaqlar Ali Məhkəmənin
yüksəkstatusuna uyğun yeni inzibati binasını gəzmiş,
məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin
iş şəraiti ilə tanış olmuşlar.
Görüşün
sonunda Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə
orqanlarına xüsusi maraq və diqqət göstərdiklərinə,
həmçinin əhəmiyyətli görüşə görə
qonaqlara minnətdarlığını bildirmiş və gələcək
işlərində uğurlar arzulamışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 10 iyul.- S. 7.