Görkəmli alim elm təşkilatçısı

 

Müasir fizika elminin inkişafında böyük xidmətləri olan alimlərimizdən biri də Azərbaycan MEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan MEA Fizika İnstitutunun direktoru, elmi istiqamət rəhbəri və Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacardır. Nailiyyətləri, işgüzarlığı, yüksək mədəniyyəti və insanpərvərliyi ilə elmi ictimaiyyətin hörmət və ehtiramını qazanan akademikin nəcib keyfiyyətləri ona ata-babalarından irsən keçmişdir. Ot kökü üstə bitər, - deyiblər. Çingiz müəllimin ulu babası məşhur Qacarlar nəslinin ziyalı və vətənpərvər nümayəndələrindən olan Bəhmən Mirzə Qacar idi. "Şərəf nişanı" ordenli, dövlət mükafatı laureatı Çingiz Qacarın fizikaya marağı hələ məktəb illərindən yaranmışdı.

Keçən əsrin 40-cı illərində təşkil edilmiş Azərbaycan MEA-nın Fizika-riyaziyyat bölməsindəki dərnəkdə məşğul olmuşdu. Fitri istedadı, dəqiq elmlərə və texnikaya maraq onu Leninqraddakı (Sankt-Peterburq) Politexnik İnstitutuna gətirmişdi. Maraqlıdır ki, atası Oveys Əliqulu oğlu da həmin institutda ali təhsil alıb. Bunun qəribə bir tarixçəsi var... Çingiz müəllimin babası Əliqulu mirzə Qacar rus ordusunda hərbi xidmətdə olub, rus-yapon müharibəsində iştirak edib. Həmin müharibədə həlak olduqdan sonra onun həyat yoldaşı Sitarə İsmayılovanı Sankt-Peterburqa (Sitarə xanım Qazax mahalının tanınmış Qayıbovlar nəslindəndir) Qış sarayına - imperatorluğa çağırırlar va ona başsağlığı verərək soruşurlar ki, sizin ailənizə nə kömək lazımdır? Sitarə xanım deyir ki, övladlarımızın nüfuzlu ali məktəbdə oxumasını istərdik. Onun arzusuna və xahişinə uyğun olaraq uşaqları Şəmsi, Oveys və əmisi oğlanları Tofiq Sankt-Peterburqdakı hüquqşünaslıq universitetinə qəbul olunurlar. Lakin Oveys elektrotexnika və radio ilə daha çox maraqlandığına görə bu təhsil ocağından Sankt-Peterburq Politexnik İnstitutuna keçirilib və oranı müvəffəqiyyətlə bitirib.

Çingiz müəllim də atasının yolu ilə gedərək Politexnik İnstitutunda ali təhsil alıb, bacısı Liya xanım da Leninqradda Rəssamlıq Akademiyasını bitirib. O, institutun fizika-mexanika fakültəsində oxuduğu illərdə dünyanın tanınmış alimlərindən sayılan A.F.İoffe, J.İ.Frenkel, D.N.Nasledov və başqalarından dərs alıb. Tələbəlik illərində dərslərindən əlavə, Avropa mədəniyyətinə maraq göstərib.

Ç.Qacar 1953-çü ildə Leninqrad Politexnik İnstitutunu texniki- fizika ixtisası üzrə bitirdikdən sonra Azərbaycan EA-nın Fizika-Riyaziyyat İnstitutunda əmək fəaliyyətinə başlamışdı. O bu elm ocağında böyük məktəb keçmiş, tanınmış alim, akademik Lətif İmanovun rəhbərlik etdiyi Radiofizika laboratoriyasında molekulyar spektroskopiya sahəsində orijinal elmi-tədqiqat işləri aparmış, mikrodalğalar diapazonunda biratomlu spirt molekulları və onların törəmələrinin fırlanma və rəqsi-fırlanma spektrlərinin ilk tədqiqatçısı olmuşdur. Çingiz müəllim tərəfindən (akademik L.İmanovla birlikdə) yaradılmış mikrodalğalı spektrometr haqqında elektronika və radiotexnikaya aid ilk elmi məqalə "Azərbaycan EA-nın xəbərləri" jurnalında Azərbaycan dilində dərc olunmuş və həmin məqaləni keçmiş İttifaqda bu sahə ilə məşğul olan mütəxəssislər rus dilinə tərcümə etmişlər. Ç.Qacar mikrodalğalı spektroskopiya sahəsində Londonda keçirilən beynəlxalq konfransda Azərbaycanda yaradılmış həmin spektrometr və etil spirti molekulunun mikrodalğalı spektri haqqında elmi məruzə ilə çıxış etmiş, həmin vaxtlardan (keçən əsrin 60-cı illəri) beynəlxalq aləmdə elmi nəticələri ilə tanınmağa başlamışdır.

Fundamental tədqiqatlar aparan Ç.Qacar atom və molekulların spektroskopiyası sahəsində bir sıra məsələləri həll etmişdir. Onun aldığı elmi nəticələrdən lazer fizikasında, qazların təhlilində, atmosferin lokal və məsafədən zondlanmasında, ulduzlararası fəzada molekulların axtarılması sahəsində və s. istifadə olunmuşdur.

Akademik Ç.Qacar elmi fəaliyyətini 1973-cü ildən Fotoelektronika İnstitutunda davam etdirmişdir. Burada institutun əsas elmi istiqamətlərindən biri olan tətbiqi spektroskopiya şöbəsini yaratmış, oraya ən istedadlı alimləri toplamışdır. Onun rəhbərliyi altında şöbənin kollektivi bir sıra maraqlı nəticələr əldə etmiş, nadir qeyri-standart elmi cihazların işlənib hazırlanması, quraşdırılması və zavod şəraitində kiçik seriyada istehsalı ilə məşğul olmuşdur.

Burada xüsusi təyinatlı mikrodalğalar və infraqırmızı diapazonlarda işləyən, ölkəmizdə və xariçdə analoqu olmayan avtomatlaşdırılmış spektrometrlər, bir və çoxelementli yarımkeçirici infraqırmızı fotoqəbuledicilər üçun sınaq cihazları, Yer və kosmos şəraitində yarımkeçirici monokristalların yetişdirilməsi prosesini elektron idarəetmə sistemli avtomatlaşdırılmış qurğular və s. işlənib hazırlanmışdır. Bunlar müasir cihazqayırma sahəsində sanballı elmi nailiyyətlər idi. Yeni yaradılan cihaz və qurğuların, metodların əksəriyyəti (50-dən çoxu) müəlliflik şəhadətnaməsi almışdır. Çingiz müəllim müəssisədə həm də baş meteoroloq vəzifəsində çalışmışdır.

Ç.Qacar infraqırmızı diapazonda optik rabitə sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Fizika İnstitutunda başladığı mikrodalğalı spektroskopiya sahəsində tədqiqatlarını Fotoelektronika İnstitutunda uğurla davam etdirmişdir. Onun rəhbərliyi ilə burada yeni, daha mükəmməl ikiqat kvant rezonanslarını müşahidə etməyə imkan verən və bunun nəticəsində spektrin birqiymətli identifikasiyasını təmin edən, dəqiqliyi atom standartları ilə olçülən, tezliyi ədədi qurğu vasitəsilə idarə olunan sintezatorlarla təchiz olunmuş santimetrlik, millimetrlik diapazonlarda işləyən spektrometrik kompleks yaradılmışdır. İkiqat radiotezlikli-mikrodalğalı, ikiqat rezonans və Ştark modulyasiyası üsulları ilə işləyən hibrid spektrometr 1982-ci ildə cihazqayırma sahəsində S.İ.Vavilov adına mükafata layiq görülmüşdür. 2001-ci ildə Ç.Qacarın aldığı elmi nəticələrdən yapon mütəxəssisləri də istifadə etmişlər. Keçmiş İttifaqda mikrodalğalı spektroskopiya sahəsində müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarının bir çoxunun aparıcı təşkilatı Çingiz müəllimin rəhbərlik etdiyi şöbənin daxil olduğu Fotoelektronika İnstitutu olmuşdur. Akademik Ç.Qacar indi də Azərbaycan MEA Fizika İnstitutunda bu istiqamətin inkişafı üçün əlindən gələni əsirgəmir. Rəhbərlik etdiyi laboratoriya etil, izopropil, butil, izobutil, tretikbutil spirtləri və onların izotopomerlərinin mikrodalğalı spektrlərinin tədqiqi ilə məşğul olur. O, geniş tətbiqi olan mikrodalğa diapazonunda şüauducuların yaradılması problemləri üzrə də maraqlı işlər aparır.

Ç.Qacarın işlərinin əsas fərqləndirici cəhəti onların yüksək nəzəri təməl üzərində qurulması, təcrübələrin aparılmasında müasir metodlardan, kompüter texnikasından istifadə olunmasıdır. Yaradıcılığının fərqli əlamətlərindən biri də elmi tədqiqatlarını son mərhələyədək başa çatdırması, praktikada tətbiq edənə qədər davam etdirməsidir. Onun rəhbərliyi altında yaradılmış yeni fiziki metodlar, qurğu və cihazlar ölkəmizdə, həmçinin keçmiş İttifaqda, Türkiyədə, İran İslam Respublikasında tətbiq olunmuşdur.

Çingiz müəllim ölkəmizdə yüksəkixtisaslı elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərir. O, nüfuzlu spektroskopçular məktəbi yaratmış, yüksəkixtisaslı fiziklər yetişdirmişdir. Onun çoxsaylı yetirmələrinin bir çoxu Avstraliya, Rusiya, Amerika, Türkiyə, ölkəmizin nüfuzlu ali məktəblərində və elmi-tədqiqat institutlarında çalışır.

Çingiz Qacarın geniş təşkilatçılıq fəaliyyəti də xüsusi vurğulanmalıdır. O, respublikamızda molekulyar spektroskopiya elmi istiqamətinin rəhbəridir. Atom və molekulların spektroskopiyası problemləri üzrə əvvəllər SSRİ, hazırda Rusiya EA Elmi Şurasının və bir sıra elmi jurnalların redaksiya heyətinin üzvüdür. Alimin yaradıcılıq dairəsi əhatəli və rəngarəngdir. Onun qələmindən çıxmış "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" (rus, ingilis və Azərbaycan dillərində), "Qacarlar", "Köhnə Bakı", "Köhnə Şuşa", "Tiflis. Vorontsova 53, 55" kimi əsərləri, dərslik və lüğətləri hamı tərəfindən maraqla qarşılanmışdır. "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri" kitabının yazılmasının maraqlı tarixçəsi var. Çingiz müəllim Leninqradda oxuyarkən tələbəlik dostu, milliyyətcə gürcü olan Nuqzar Eliosaşvili ilə həmişə Azərbaycan və gürcü xalqlarından hansının daha çox görkəmli şəxsiyyətləri olmaları barədə mübahisə aparmışlar.

Mübahisə bu kitab yazılana qədər davam etmişdir. Həmin kitab nəşr olunduqdan sonra Nuqzar Eliosaşvili özünün məğlubiyyətini ona yazdığı məktubunda etiraf etmiş və akademikin bu kitabını "Azərbaycanın görkəmli şəxsiyyətlərindən tərtib olunmuş Mendeleyev cədvəli" adlandırmışdır. Çingiz müəllim bu kitabını ingilis dilinə tərcümə etmişdir. Yaxın vaxtlarda onun çapı gözlənilir.

O da maraqlıdır ki, Çingiz Qacar qələmə aldığı Azərbaycanın görkəmli şəxsiyyətlərinin əksəriyyətinin yaşayıb-yaratdıqları yerlərdə olmuş, məzarlarını İranda, Türkiyədə, Gürcüstanda, Azərbaycanda ziyarət etmiş və onlara aid tarixi məlumatları daha da zənginləşdirmişdir.

O, "Azərbaycan - irs" (Azərbaycan, rus və ingilis dillərində) jurnalının icraçı redaktorudur.

Böyük alim və elm təşkilatçısı, qayğıkeş insan, akademik Çingiz Qacar hazırda Azərbaycan MEA-nın Fizika İnstitutuna uğurla rəhbərlik edir.

 

 

A.HACIYEV,

Azərbaycan MEA Fizika-Riyaziyyat və Texnika

Elmləri Bölməsinin akademik-katibi, akademik

 

Azərbaycan.- 2009.- 10 iyul.- S. 8.