"Böyük 8"lərin İtaliyada keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat qəbul olunmuşdur

 

İyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentləri "Böyük 8"lərin İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatla çıxış etmişlər.

Bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 10-da Rusiyanın ölkəmizdəki səfirliyində keçirdikləri mətbuat konfransında demişlər.

Prezidentlər Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar: "Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq".

Bildirilmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları əsas prinsiplərin razılaşdırılmasında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək verəcəklərini təsdiqləmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 iyul.- S. 1.