Ümummilli lider Heydər Əliyevin irsinin
öyrənilməsi işinə yeni töhfə
İyulun 10-da "Hyatt
Regency" mehmanxanasında Heydər Əliyev İrsini
Araşdırma Mərkəzinin tarixin ən böyük azərbaycanlısı,
ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi
hakimiyyətə gəlməsinin 40 illiyinə ithaf olunmuş
"Sabaha doğru" (Azərbaycan, ingilis və rus dillərində)
kitabının təqdimatı olmuşdur.
Tədbirdə Heydər
Əliyev İrsini Araşdırma Mərkəzi elmi-redaksiya
şurasının sədri, akademik Asəf Nadirov, kinorejissor,
xalq artisti Tofiq İsmayılov, Azərbaycanda Atatürk Mərkəzinin
müdiri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Nizami Cəfərov, Milli Məclisin deputatı Fəttah Heydərov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin
Qəndilov və başqaları çıxış
etmişlər. Natiqlər ulu öndər Heydər Əliyevin
ötən əsrin 70-80-ci illərində respublikada milli-mənəvi
dəyərlərin qorunması, iqtisadiyyatın, elmin, təhsilin,
səhiyyənin inkişafı və insanların rifah
halının yaxşılaşdırılmasında,
ümummilli liderin xalqın təkidli tələbi ilə
ikinci dəfə siyasi hakimiyyətə
qayıdışından sonra müstəqil Azərbaycan
dövlətinin yaranıb möhkəmlənməsində,
beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən
danışmış, onun nurlu ideyalarının ölkəmizin
parlaq gələcəyinə yönəldiyini
vurğulamışlar. Bildirilmişdir ki, "Sabaha
doğru" kitabına ümummilli lider Heydər Əliyevin və
bu dahi şəxsiyyətin siyasi xəttini böyük
uğurla davam etdirən Prezident İlham Əliyevin
çıxışları daxil edilmişdir. Nəşrə
rəmzi olaraq məhz 40 çıxış
salınmışdır. Bu çıxışların hər
biri Azərbaycan dövlətinin qarşısında duran
prioritetləri müəyyənləşdirmək, ölkənin
taleyüklü problemlərini həll etmək
baxımından xüsusi əhəmiyyətə malikdir. Diqqətə
çatdırılmışdır ki, kitaba daxil edilən
çıxışlar ümummilli liderin fəaliyyətinin ən
müxtəlif aspektlərini - andiçmə mərasimləri,
xarici və daxili siyasət, Qarabağ müharibəsi,
iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, mədəniyyət,
təhsil və digər sahələri əhatə edir.
Çıxış edənlər
bildirmişlər ki, bu gün Heydər Əliyev kursu
yaşayır və qalib gəlir. Prezident İlham Əliyev bütün fəaliyyəti
ilə təsdiqləyir ki, Heydər Əliyev siyasəti, Heydər
Əliyev yolu bu gün yeganə düzgün yoldur. Dövlətimizin
başçısının kitaba daxil edilən
çıxışları da bir daha göstərir ki, siyasətdə
varislik davam edir.
Tədqiqatçılar,
politoloqlar, tələbələr və geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuş və nəfis
şəkildə tərtib edilmiş kitabda Azərbaycan
Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından
istifadə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 11 iyul.- S. 2.