Heydər Əliyev Azərbaycan
xalqının misilsiz
təəssübkeşi, dövlətçiliyimizin
xilaskarıdır
İyulun 10-da Atatürk
Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycanda
birinci dəfə hakimiyyətə gəlməsinin 40 illiyinə
həsr olunmuş "Bir millət, iki dövlət:
münasibətlərin inkişafında Heydər Əliyev
fenomeni gənc liderlərin gözü ilə" adlı
konfrans keçirilmişdir.
Konfransda Milli Məclisin
deputatları, gənclər təşkilatlarının, eləcə
də Türkiyənin hakim Ədalət və İnkişaf
Partiyası Gənclər Birliyinin nümayəndələri
iştirak etmişlər.
Yeni Azərbaycan
Partiyası (YAP) Gənclər birliyinin sədri Ramil Həsənov
tədbiri açaraq 40 il əvvəl - 1969-cu il iyulun 14-də
ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə gəlişi ilə xalqımızın
tarixində yeni dövrün başlandığını
bildirmiş, dahi rəhbərin Vətən və xalq
qarşısındakı xidmətlərindən bəhs
etmişdir. O qeyd etmişdir ki, Azərbaycan gəncliyinin
inkişafı və çiçəklənməsi də məhz
ulu öndərin adı ilə bağlıdır.
Türkiyənin Ədalət
və İnkişaf Partiyası Gənclər Birliyi sədrinin
müavini İsmayıl Karaosmanoğlu
çıxışında Azərbaycan-Türkiyə
münasibətlərindən danışmış, ölkələrimiz
arasındakı dostluq və qardaşlıq əlaqələrinin
inkişafında ümummilli lider Heydər Əliyevin və
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin xidmətlərini
xüsusi qeyd etmişdir.
Gənclər və
idman nazirinin müavini İntiqam Babayev ulu öndərin gənclərə
qayğısından danışmış, Azərbaycan gəncliyinin
qazandığı bugünkü uğurların məhz Heydər
Əliyevin uzaqgörən siyasətinin nəticələri
olduğunu bildirmişdir.
Sonra Milli Məclisin
deputatları Qənirə Paşayeva, Fuad Muradov, "İRƏLİ"
ictimai birliyinin sədri Ceyhun Osmanlı və başqaları
çıxış etmiş, Heydər Əliyevin Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsi və
inkişafındakı xidmətlərindən
danışmışlar. Bildirilmişdir ki, Heydər Əliyev
özünün dərin zəkası, liderlik xarizması,
milli ideallara, adət-ənənələrə möhkəm
bağlılığı, zəngin idarəçilik keyfiyyətləri
ilə hələ ötən əsrin 70-80-ci illərində
qanunçuluğun qorunması və möhkəmləndirilməsi
istiqamətində prinsipial addımlar atmış, xalqın
hüquqlarının əzmkar müdafiəçisinə
çevrilməklə milli ruh, iradə və
özünüdərk meyillərinin ictimai şüurda
möhkəmləndirilməsinə nail olmuşdur. Azərbaycan
xalqı fenomenal liderinin rəhbərliyi altında yüksək
iradə nümayiş etdirməklə milli
yaddaşını, mənəvi-əxlaqi dəyərlərini,
tarixi dövlətçilik ənənələrini qoruyub
saxlamağa nail olmuş, dövlət müstəqilliyi
üçün zəruri siyasi-hüquqi və iqtisadi zəmin
formalaşdırmışdır.
Bu gün 1969-cu ildən
başlayan müasir tariximizi, ulu öndərimizi həm də
ona görə qürurla xatırlayırıq ki, ölkəmiz
müstəqilliyini bərpa edəndən sonra da Azərbaycanın
inkişaf etməsində, onun dünya dövlətləri
arasında özünə layiqli yer tutmasında ümummilli
lider Heydər Əliyevin müstəsna rolu olmuşdur.
Çıxış edənlər
bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və
ölkəmizi dünyanın qabaqcıl dövlətləri
sırasına çıxaran məqsədyönlü daxili və
xarici siyasətin təməlinin 1969-cu ildə ulu öndərimiz
tərəfindən qoyulduğunu diqqətə
çatdırmışlar. Ümummilli liderin siyasi xəttinin
layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
altında qazanılan uğurları Heydər Əliyevin zəkasından
doğan işığın sönməzliyi kimi qiymətləndirmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 11 iyul.- S. 2.