Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olmuşdur
F.Abdullayevin sədrliyi
ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti
açıq məhkəmə iclası keçirilmişdir.
İclasda Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin
bəzi müddəalarının şərh olunmasına dair
konstitusiya işinə baxılmışdır. Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim Ə.Sultanovun məruzəsini,
maraqlı subyektin qanuni nümayəndəsinin və mütəxəssislərin
çıxışlarını dinləyib, işin
materiallarını araşdıraraq qərar qəbul
etmişdir.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin
"ondan faydalanmağa görə" müddəası
özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun
qaytarılmasından boyun qaçırılması, onun
ödənilməsinin digər şəkildə gecikdirilməsi
və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız
əldə edilməsi, yaxud toplanılması nəticəsində
Mülki Məcəllənin 152.3-cü maddəsində
göstərilmiş gəlirin, artımın, bəhərin və
ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə
tutur.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 449.3-cü və
449.4-cü maddələrinin müvafiq olaraq "pul vəsaitindən
qanunsuz istifadə" və "özgə vəsaitindən
istifadə" müddəaları həmin Məcəllənin
449.1-ci maddəsində göstərilmiş halların
mövcud olmasını nəzərdə tutur.
Qərar dərc
olunduğu gündən qüvvəyə minir, qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə
bilməz.
AzərTAc
Azərbaycan.- 2009.- 11 iyul.- S. 3.