Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar yeni mərhələyə qədəm qoymuşdur

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Mətyu Brayzə (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iyulun 10-da Rusiyanın ölkəmizdəki səfirliyində Azərbaycana səfərlərinin yekunlarına dair mətbuat konfransı keçirmişlər.

Həmsədrlər Bakıya gəlməzdən əvvəl Yerevanda olmuş və Ermənistan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti danışıqlar aparmışlar.

Rusiyalı həmsədr Y.Merzlyakov bildirmişdir ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçiriləcək görüşünü hazırlamaqdır.

Həmsədrlər həm Ermənistanda, həm də Azərbaycanda apardıqları danışıqların çox konstruktiv keçdiyini vurğulamış, prezidentlərin qarşıdakı Moskva görüşünün tərəqqiyə səbəb olacağına və baza prinsiplərinə dair ən azı iki vacib məsələnin razılaşdırılacağına ümid etdiklərini bildirmişlər.

Fransalı həmsədr B.Fasye cari ilin sonunadək ümumilikdə bütün baza prinsipləri ilə bağlı razılığın əldə olunacağına da inandıqlarını söyləmişdir. Onun sözlərinə görə, bu halda gələn il bu prinsiplərin sülh müqaviləsi layihəsinə transformasiyasına imkan yaranacaqdır.

Amerikalı diplomat M.Brayzə isə danışıqların yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq demişdir: "Hər iki prezidentin qarşıdakı görüşdə nəticə əldə olunacağı barədə hazırlıqlı olduqları hiss olunurdu. Biz, həmçinin baza prinsiplərinin razılaşdırılması prosesində bu görüşün irəliyə doğru atılmış bir addım olacağını gözləyirik. Hazırda müzakirələr konsepsiya və təfərrüatlar ətrafında aparılır. Bu yeni mərhələ bizə ümid etməyə imkan verir ki, tərəflər danışıqlarda getdikcə irəliləyirlər".

Güc tətbiqi ilə bağlı təhdiddən imtina edilməsi, ərazi bütövlüyünə əməl olunması və xalqların öz müqəddəratını təyin etmək hüququ haqda Helsinki Yekun Aktının üç prinsipinin birləşdirilməsi məsələsini şərh edən natiq demişdir ki, bu, mümkündür, lakin mürəkkəbdir. M.Brayzə qeyd etmişdir ki, bu prinsiplərin birləşdirilməsinin mümkünlüyünü onların arasında balansın tapılmasında görür.

Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının danışıqlar prosesinə qoşulmasının mümkünlüyü barədə sualı cavablandıran Y.Merzlyakov bildirmişdir ki, əgər Azərbaycan tərəfi öz tərkibinə Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrini daxil etmək istəsə, bu, mümkündür. Hazırda prezidentlər arasında danışıqlar gedir. Lakin əraziyə dair sazişin hissəsinin hazırlanması üçün hansısa mərhələdə danışıqlara Dağlıq Qarabağın icmaları da qoşulmalıdır.

ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik isə son vaxtlar Dağlıq Qarabağ münaqişə zonasının təmas xəttində qurbanların sayının xeyli azaldığını qeyd etmişdir:

Bu, danışıqların elə mərhələdə olmasından xəbər verir ki, heç kim sülh prosesini pozmaq istəmir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 11 iyul.- S. 3.