Azərbaycanda yeni ali
aqrar təhsil modeli barədə düşüncələr
Keçən əsrin
yetmişinci illərindən başlayaraq ümummilli lider Heydər
Əliyevin müdrik siyasəti sayəsində ölkənin kənd
təsərrüfatında uzun müddət hökm sürən
geriliyə qısa zaman kəsiyində son qoyulmuşdu. Ulu
öndərin respublikaya o illərdəki rəhbərliyi
dövründə kənd təsərrüfatı
istehsalının davamlı artım sürətinə nail
olundu və bunun da nəticəsində istehsal edilən, tədarük
olunan məhsulların həcmi ilbəil artmağa
başladı. Bu müvəffəqiyyətlərin
qazanılmasında ümummilli lider tərəfindən həmişə
qayğı ilə əhatə olunan aqrar təhsil və elm
adamlarının da xidmətləri vardır. Çox təəssüf
ki, keçən əsrin səksəninci illərinin sonundan
doxsanıncı illərin başlanğıcınadək
aparılan səriştəsiz siyasətin mənfi təsiri
ölkəmizdə aqrar təhsilin və elmin mərkəzi
sayılan Azərbaycan Dövlət Aqrar Universitetindən də
(o zaman əvvəl institut sonra akademiya adlanırdı) yan
keçməmişdir.
Heydər Əliyevin
xalqın tələbi və təkidi ilə hakimiyyətə
qayıdışından sonra ilk öncə, ölkəmizdə
siyasi sabitliyə nail olundu. Bundan dərhal sonra dünya iqtisadi
sisteminə qovuşmaq üçün islahatlar
başlandı. Uzun illərdən bəri kənd təsərrüfatında
özünü kəskin şəkildə büruzə verən
tənəzzül meyilləri dayandırıldı. Aqrar
bölmənin sahə strukturu təkmilləşdirildi,
iqtisadi göstəricilərin davamlı artmasına və əhalinin
rifahının yaxşılaşdırılmasına təminat
yaradıldı.
Dünya
sivilizasiyasına qovuşan müstəqil Azərbaycanda milli
adət-ənənələrimizə sadiqlik nümayiş
etdirməklə yeni vətəndaş cəmiyyəti qurulur. Bu
cəmiyyətdəki insanların
formalaşdırılmasında təbii ki, təhsilin və
elmin müstəsna rolu vardır. Ali məqsədi - öz məsuliyyət
və cavabdehliyini dərk edən, xalqının azadlıq
amalına və demokratiya ənənələrinə hörmət
bəsləyən, vətənpərvər, dövlətçilik
prinsiplərinə və azərbaycançılıq
ideyalarına sadiq, müstəqil və yaradıcı
düşünən vətəndaş və şəxsiyyət
yetişdirməkdən ibarət olan təhsilimizin
inkişafı ümummilli lider Heydər Əliyevin daim diqqət
mərkəzində olmuşdur. Bu sırada ölkəmizin təhsil
sisteminə öz layiqli töhfəsini vermiş və verməkdə
olan Azərbaycan Dövlət Aqrar Universiteti də kənarda
qalmamışdır.
Respublikada ərzaq təhlükəsizliyini
təmin etmək üçün aqrar sahədə
çalışan alim və mütəxəssislər
qarşısında böyük vəzifələr durur. Kənd
təsərrüfatında gedən müasir proseslər
mütəxəssis hazırlığında ciddi
islahatların aparılmasını, aqrar təhsilin və
elmin beynəlxalq standartlar səviyyəsində
qurulmasını tələb edir. Müstəqillik
dövründə bu istiqamətdə müəyyən
işlər görülmüşdür: kənd təsərrüfatı
üçün ali təhsilli mütəxəssislər
hazırlayan təhsil sistemində struktur dəyişiklikləri
aparılmış, çoxpilləli təhsil sisteminə
keçilmiş, yüksək ixtisaslı bakalavr, magistr
hazırlığına başlanmışdır. Bütün
pillələr üzrə təhsilin təşkili və idarə
olunması mexanizmlərinin, eləcə də təlim
texnologiyasının ölkənin bugünkü tələblərinə
uyğun yenidən qurulması istiqamətində müəyyən
tədbirlər həyata keçirilmişdir.
Amma təhlil göstərir
ki, Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarının
əmək fəaliyyətlərinə başladıqları
ilk dövrlərdə onların kənd təsərrüfatı
işlərinin yerinə yetirilməsində, idarəetmə qərarlarının
hazırlanmasında, qəbul edilməsində və həyata
keçirilməsində iştirakları zamanı sərbəstlik
və səriştəlik dərəcələri heç də
hamısında yüksək deyildir. Məhz bu baxımdan, təhsildə
işlər ölkənin gələcək perspektivlərinə
uyğun şəkildə yenidən qurulmalı, kənd təsərrüfatı
mütəxəssislərinin hazırlığında
informasiya və kommunikasiya texnologiyalarının təhsil
sisteminə inteqrasiyası və təhsil prosesinin məzmunca
modernləşməsi sahəsində əməli işlər
görülməli, yeni aqrar təhsil modelinin qurulmasına
nail olunmalıdır. Bununla bağlı, bəzi düşüncələrimi
mütəxəssislər və
oxucularla bölüşmək
istərdim.
Yuxarıda qeyd edilənləri
nəzərə alaraq Azərbaycan Dövlət Aqrar
Universitetində kənd təsərrüfatı mütəxəssislərinin
hazırlığı səviyyəsini yüksəltmək,
movcud problemlərin həllini təmin etmək
üçün xüsusi tədbirlər planı
hazırlanmışdır. 2009-2015-ci illərdə ölkədə
kənd təsərrüfatı mütəxəssislərinin
hazırlığının
yaxşılaşdırılmasına həsr edilmiş bu
plan "2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə
Dövlət Proqramı" və "2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı" əsasında tərtib olunmuşdur. Məqsəd
aqrar təhsilin bütün pillələrində müasir təlim
texnologiyalarının tətbiqinə və istifadəsinə,
bu zəmində öyrənənlər üçün
mükəmməl təhsil almaq imkanlarının təmin
edilməsinə, habelə ölkənin aqrar təhsil
sisteminin dünya təhsil məkanına inteqrasiya
olunmasına nail olmaq, tənzimlənən bazar münasibətləri
şəraitində təşəkkül tapan kənd təsərrüfatı
üçün yüksək ixtisaslı mütəxəssislərin
hazırlanmasından ibarətdir.
Mütəxəssis hazırlığına
təkrar istehsal prosesi kimi baxsaq, bu prosesi əks etdirən tərəflərin
birində tələbə ("xammal"), digərlərində
Azərbaycan Dövlət Aqrar Universitet ("istehsal prosesinin həyata
keçirildiyi məkan") və gələcək mütəxəssislərin
iş yerləri ("məhsulun bazarı") dayanar. Təbii
ki, yaxşı "məhsul" istehsal etmək
üçün yaxşı "xammal" olmalıdır,
"istehsal prosesinin həyata keçirildiyi məkan"
müasir olmaqla tələblərə cavab verməlidir və
"məhsulun bazarı" geniş olmalıdır.
Əsas funksiyası
ölkənin aqrar bölümünü yüksək
ixtisaslı mütəxəssislərlə təmin etmək
olan Azərbaycan Dövlət Aqrar Universitetində bu prosesin
normal fəaliyyəti üçün yüksək biliyə
malik, bilavasitə kənd həyatı ilə bağlı
olanlar sırasından seçilmiş abituriyentlər ordusu
olmalıdır. "İstehsal prosesi"nin
başlanğıcını təşkil edən bu faktorun
("xammal"ın) keyfiyyəti bilavasitə son məhsulun
keyfiyyətini müəyyənləşdirir.
Bəs respublikamızda
ali təhsil almaq istəyən abituriyentlərin səviyyəsi
necədir? Bu sual böyük bir müzakirə və tədqiqat
mövzusudur və geniş-şəkilli şərh bu məqalənin
məqsədi deyildir. Amma lokal şəkildə digər suala
- "Azərbaycan Dövlət Aqrar Universitetində oxumaq
arzusunda olan abituriyentlərin səviyyəsi necədir?"
sualına cavab verməyə çalışacağıq.
Təhlil göstərir
ki, respublikamızın orta məktəblərində təhsilin
səviyyəsinin artırılması yolunda müəyyən
işlər görülür. Nəticədə müstəqillik
illərində abituriyentlərin səviyyəsi bir-birindən
kəskin şəkildə fərqlənən iki hissəyə
bölünüb; a) xarici dilləri bilən, kompüter
texnologiyasına yiyələnən dünyada, o cümlədən
ölkəmizdə gedən ictimai-siyasi hadisələrə
baxışları ilə seçilən, yüksək
intellektə malik, azərbaycançılıq ideyalarına
sadiq, gələcəyin yüksək ixtisaslı mütəxəssisi
qabiliyyətində olanlar; b) test imtahanlarından minimum
keçid balı toplamış, sonradan ali məktəblərdə
boş yerlərin doldurulması naminə tələbə
adını qazanmış abituriyentlər.
Çox təəssüflər
olsun ki, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri
sırasına qəbul olunanlar arasında ölkəmizin bir
çox ali təhsil ocaqları ilə müqayisədə
"b" kateqoriyasından olan abituriyentlərin nisbi
yükü daha böyükdür. Səbəbləri:
- aqrar və torpaq
islahatlarının keçmiş mərhələlərindən
sonra bugünkü özəl təsərrüfatların ali
təhsilli mütəxəssislərə münasibətləri
(onları dəyərləndirmək qabiliyyətinin vəziyyəti);
- kəndin sosial
infrastrukturları;
- ölkənin ərzaq
bazarının qorunmasındakı
çatışmazlıqlar və bu
çatışmazlıqların məntiqi nəticəsi
olaraq yerli ərzaq məhsullarının bəzi hallarda
"maya dəyəri"ndən aşağı qiymətlərə
satılması, bunun da nəticəsində kənd
adamının sosial vəziyyəti;
- az balla aqrar universitetə
qəbul olub sonradan "daha yaxşı ixtisaslara
köçürülmə" arzusu;
- "hara olur olsun, bircə
ali məktəb olsun" devizi və s.
Bu bizim "xammal"
problemimizdir. Həmin problemin həlli üçün tələbə
kontingenti keyfiyyətcə yaxşılaşmalıdır. Buna
isə aşağıdakı tədbirlərin həyata
keçirilməsi ilə nail olmaq mümkündür:
- regionların
ayrı-ayrı ixtisaslar üzrə aqrar təhsilli mütəxəssislərə
olan tələbatının müəyyənləşdirilməsi,
kənd yerlərindən olan abituriyentlər üçün
xüsusi imtiyaz şərtlərinin və məqsədli təhsil
formasının tətbiq edilməsi;
- aqrar sahədə əmək
bazarının tədqiqi, məzunların işlə təminatına
zəmanət verməklə mərkəzi və yerli icra
strukturlarından təhsil müəssisələrinə
sifariş verilməsinin təşkili;
- beynəlxalq layihələrə
qoşulmaqla inkişaf etmiş ölkələrin təhsil
müəssisələri ilə bakalavr, magistr tələbələrin,
doktorantların mübadiləsi;
- xarici ölkələrin
tanınmış alim-pedaqoqlarının respublikanın aqrar
təhsil müəssisələrində mütəxəssis
hazırlığı prosesinə cəlb edilməsi;
- kənd
yaşayış məntəqələrinə işləməyə
göndərilən məzunlar üçün xüsusi
imtiyazların müəyyənləşdirilməsi və
onların monitorinqinin keçirilməsi;
- tələbə
kontingentinin maddi təminatını
yaxşılaşdırmaq məqsədi ilə oxuduqları
müddətdə təhsil kreditinin verilməsi.
Aqrar universitetin
("istehsal prosesinin həyata keçirildiyi məkan")
problemlərinin də mütləq qismi dövlət səviyyəsində
böyük kapital qoyuluşu ilə həll edilməlidir. Bu
silsilədən olan tədbirləri aşağıdakı
kimi sistemləşdirmək mümkündür:
- tədris
binalarının, tədris-köməkçi sahələrin,
tələbə şəhərciyinin, inzibati binanın, tələbə
yataqxanalarının, baytarlıq klinikasının, dendroloji
bağın, idman meydançasının, səhiyyə məntəqələrinin,
digər tikili və qurğuların əsaslı təmirinə
və yenidən tikintisinə dair işlərin sürətləndirilməsi;
- informasiya-kommunikasiya
texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi
(informasiya-kommunikasiya üzrə maddi-texniki bazanın təkmilləşdirilməsi,
kompüter avadanlığı və digər zəruri rəqəmsal
avadanlıqlarla təminat işinin
yaxşılaşdırılması);
- tədris, elmi-tədqiqat
laboratoriyalarının, maşın-traktor parkının
müvafiq tədris və elmi avadanlıqlarla (maşın,
avadanlıq, cihaz, alət və materiallarla) təchiz edilməsi;
- müasir dövrün
tələblərinə cavab verən fundamental, əsaslı
elmi-tədris laboratoriyalarının yaradılması;
- aqrar təhsil sisteminin
informasiyalaşdırılması (universitetin geniş
zolaqlı sürətli internetlə təmin olunması,
elektron tədris resursları bazasının, vahid tədris
portalının yaradılması);
- bölgələrdə
ixtisaslaşdırılmış nümunəvi tədris-təcrübə
təsərrüfatları yaratmaqla bitkiçilikdə və
heyvandarlıqda mövcud olan mütərəqqi
texnologiyaların mütəxəssis hazırlığı
prosesinə cəlb edilməsi;
- fərdi təsərrüfatlara,
ailə-kəndli təsərrüfatlarına və digər kənd
təsərrüfatı məhsulları
istehsalçılarına xidmətlərin təşkili
(bitki mühafizəsi, baytarlıq xidməti və s.);
- elektron kitabxananın təşkili.
2005-ci ildə Azərbaycanın
təhsil sistemi Bolonya prosesinə qoşulduqdan sonra
respublikamızın digər ali məktəblərində
olduğu kimi, Dövlət Aqrar Universitetinin bir sıra
ixtisaslarında da tədrisin təşkilində kredit sistemi tətbiq
olunur. "Azərbaycan Respublikası ali təhsil sistemində
2006-2010-cu illərdə Bolonya deklarasiyasının müddəalarının
həyata keçirilməsi barədə" təsdiq
olunmuş tədbirlər planına əsasən isə bizdə
2009-2010-cu tədris ilindən başlayaraq bütün
ixtisaslar (proqramlar) üzrə mütəxəssis
hazırlığı Bolonya prosesinin tələbləri
çərçivəsində qurulacaqdır.
Müasir iqtisadi
münasibətlər çərçivəsində təhsil
müəssisəsində, indiki halda Azərbaycan Dövlət
Aqrar Universitetində kadr hazırlığının keyfiyyət
səviyyəsi məzunların milli və beynəlxalq əmək
bazarında rəqabət qabiliyyətli olması, onların
ölkənin sosial-iqtisadi həyatındakı rolu ilə
müəyyən edilir. Son aylarda kollektiv üzvlərinin
ümumi işə daha fəal səfərbər edilməsi nəticəsində
bu ali təhsil ocağında ilk növbədə mənəvi-psixoloji
durum sağlamlaşdırılmışdır. Uzun illər
aqrar təhsilin və elmin taleyi barədə
formalaşmış laqeydlik hissi aradan qaldırılır,
insanlar bu təhsil ocağına daha doğma duyğularla
yanaşırlar. Bu gün təhsil müəssisəmizdə
maddi-texniki bazanın yaxşılaşdırılması
istiqamətində müəyyən işlər
görülür.
2008-ci ilin əvvəllərindən
əsaslı təmirinə başlanmış aqronomluq və
texnologiya fakültəsinin tədris korpusunda işlərin
yeni tədris ilinin başlanğıcınadək sona
çatdırılması gözlənilir. İnzibati binada,
fakültələrin tədris korpuslarında əsaslı təmir
işləri ardıcıllıqla yerinə yetirilir. Tədris
auditoriyalarının kompüter texnologiyası vasitələri
ilə təchizatı sahəsində bir sıra tədbirlər
həyata keçirilir. Universitetin professor-müəllim və
tələbə heyətinin, texniki işçilərin sosial
şəraitlərinin yaxşılaşdırılması
istiqamətində də müəssisədaxili imkanlar
hesabına müəyyən işlər görülür.
Uzun illərdən bəri
kollektivimizin ən böyük narahatlıqlarından biri təcrübə
tarlasının məcburi köçkün
soydaşlarımız tərəfindən qeyri-qanuni istifadəsi
problemi olmuşdur. 1993-cü ildən həllini gözləyən
bu mürəkkəb məsələ, nəhayət, bu ilin
yanvar ayında qismən də olsa həllini
tapmışdır. 80 hektardan artıq ərazi qanunsuz gətirilmiş
tikinti materiallarından təmizlənmiş, həmin sahələr
alimlərimizin elmi-tədqiqat işlərinin obyekti kimi
kafedralara təhkim edilmişdir.
Bolonya təhsil sistemi
üzrə mütəxəssis hazırlığına dair
respublikamızın digər ali təhsil müəssisələrində
toplanmış bilgilərin, habelə dünya təcrübələrinin
öyrənilməsi məqsədilə bu ilin may ayında
universitetdə "Kənd təsərrüfatı mütəxəssislərinin
hazırlanması problemləri: müasir vəziyyət, beynəlxalq
təcrübə və yeni aqrar təhsil modeli"
mövzusunda beynəlxalq elmi-praktik konfrans
keçirilmişdir. Alimlərimiz təhsilin Bolonya prosesinin tələbləri
çərçivəsində təşkili və idarəedilməsi
ilə bağlı təcrübəni öyrənmək məqsədi
ilə Oklahoma Dövlət Universitetinə (ABŞ), Serbiya
Kruşevaç Yem Bitkiləri İnstitutuna, Belqrad
Torpaqşünaslıq İnstitutuna (Serbiya), K.A.Timiryazev
adına Rusiya Dövlət Aqrar Universitetinə, Sankt-Peterburq
Dövlət Aqrar Universitetinə, Sankt-Peterburq Dövlət
Baytarlıq Akademiyasına, Belarusiya Dövlət Aqrar Universitetinə,
İstanbul Universitetinə, Qrayfsvald Universitetinə ezam
edilmişlər.
Universitetdə müəllim-tələbə
münasibətlərinin yeni müstəvidə qurulması
istiqamətində bir sıra tədbirlər həyata
keçirilir. Məhz bu tədbirlərin nəticəsində
2008/2009-cu tədris ilinin qış və yay imtahan
sessiyalarının tam aşkarlıq şəraitində,
heç bir neqativ hala yol vermədən keçirilməsinə
nail olunmuşdur. Universitetdə təhsilin, elmin təşkili
və idarə edilməsi mexanizmlərinin müasirləşdirilməsi
məqsədilə idarəetmə strukturunun yenidən
qurulması və ya təkmilləşdirilməsi istiqamətində
də konkret tədbirlər görülür.
Kənd yerlərindən
olan məzunlarımızın aqrar təhsilə
maraqlarını artırmaq məqsədilə kollektivin
üzvləri respublikamızın əksər
rayonlarının təhsil şöbələrində, kənd,
rayon orta məktəblərində təbliğat işləri
ilə məşğul olurlar. Eyni zamanda, aqrar təhsil
bazasının Dövlət Aqrar Universitetinin ətrafında
formalaşması üçün mütəxəssis
bazarının marketinqi aparılır, ölkənin
ayrı-ayrı regionlarının kənd təsərrüfatı
kadrlarına ehtiyacı öyrənilir, məzunlarımızın
işlə təminatına dair problemlərin həlli istiqamətində
addımlar atılır. Bu ilin iyun ayında universitetimizdə
keçirilən "Məzun - 2009" yarmarkası da bu
silsilədən olan tədbirlər sırasındandır.
Ölkə
iqtisadiyyatındakı qlobal dəyişikliklər, iqtisadi
münasibətlərin, o cümlədən aqrar münasibətlərin
təkmilləşdirilməsi bütövlükdə Azərbaycan
təhsilinin, onun tərkib hissəsi olan aqrar təhsilin yeni
müstəviyə gətirilməsini tələb edir. Avropa təhsil
sisteminə keçid də məhz bu zərurətdən
yaranır. Bu baxımdan, digər ali təhsil müəssisələrində
olduğu kimi, Dövlət Aqrar Universitetində də Azərbaycan
hökuməti tərəfindən "Ali ixtisas təhsilinin
Dövlət Standartı (bakalavr hazırlığının
məzmununa və səviyyəsinə qoyulan minimum dövlət
tələbləri)"nin hazırlanması
tapşırığı verilmişdir.
Mütəxəssis
hazırlığının və yenidən
hazırlığın müvəffəqiyyətli həlli tədris
proqramlarının məzmunundan, tədrisdə innovasion
formaların tətbiqindən, biliyə nəzarət
üsullarından asılıdır. Bütün bunlara isə
tədrisin təşkilinin ənənəvi
formalarının yeni innovasiya formaları ilə səmərəli
uyğunlaşdırılması vasitəsi ilə nail olmaq
mümkündür. Tədrisin məzmununun, təşkilinin və
idarə edilməsinin yaxşılaşdırılması məqsədilə
yaxın gələcəkdə aşağıdakı tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur:
- bütün fənlər
üzrə tədris-metodiki komplekslərin hazırlanması və
müasir tələblərə cavab verən dərsliklərin
nəşri;
- xaricdə təhsilin təşkili
və idarə edilməsi üzrə mütərəqqi
üsulların və qabaqcıl təcrübənin ölkənin
aqrar təhsil sistemində geniş tətbiqi;
- aqrar təhsil prosesinin
tədris-metodiki təminatının dövlət təhsil
standartlarına müvafiq kredit sisteminə
uyğunlaşdırılmasının intensivləşdirilməsi;
- kənd təsərrüfatının
müasir tələblərini nəzərə alaraq yeni
ixtisaslar üzrə mütəxəssis hazırlığına
başlanılması;
- müasir tələblərə
cavab verən sertifikat proqramlarının tətbiqi;
- distant aqrar təhsilin
təşkili üzrə tədbirlərin həyata
keçirilməsi;
- tədrisdə keyfiyyətin
idarə olunmasına dair mexanizmlərin tətbiqinə nail
olunması.
Aqrar bazar münasibətlərini
tənzimləmək, aqrar istehsalatın idarə edilməsini
təkmilləşdirmək, özəl qurumlara kömək və
nəzarət etmək dövlətin funksiyalarındandır. Bu
funksiyaların yerinə yetirilməsi prosesi isə bilavasitə
aqrar universiteti bitirmiş yetkin mütəxəssislərin
köməyi ilə həyata keçirilməlidir.
Müstəqil dövlətimiz,
aqrar universitetimiz və özəl təsərrüfatlar
üçlüyündə yuxarıda göstərilənlərin
həyata keçirilməsi üçün güclü
koordinasiya mərkəzi olmalıdır. Koordinasiya mərkəzi
strateji qurum səviyyəsində fəaliyyət göstərərək
bu qlobal problemin mərhələlərlə həll edilməsi
üçün vahid planların, tövsiyələrin
işlənməsinə nail olmalıdır.
Bir sözlə, aqrar
islahatlar və aqrar təhsil probleminə, yeni ali aqrar təhsil
modelinin qurulmasına kompleks şəklində
yanaşılmalıdır və bu problemin hər hansı
birinin ayrılıqda həllinə cəhd zəncirdən həlqə
çıxarmağa bənzəyir.
Heydər Əliyev siyasətinin
həmişə diqqət mərkəzində dayanan aqrar təhsilə
və aqrar elmə bu gün də möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən göstərilən
qayğı və diqqət, universitetin çoxminli müəllim
və tələbə heyəti arasında mövcud olan
sağlam mənəvi-psixoloji durum, yeni ali aqrar təhsil
modelinin təşkilinə dair ciddi cəhdlər belə bir əminliyə
əsas verir ki, universitetimizin kollektivi Azərbaycan dövləti
tərəfindən qarşıya qoyulan vəzifələrin
öhdəsindən layiqincə gələcək, ölkəmizin
yüksək ixtisaslı mütəxəssislərə və
elmi kadrlara olan tələbatının ödənilməsi
istiqamətində öz töhfələrini verəcəkdir.
Mirdaməd SADIQOV,
Azərbaycan Dövlət Aqrar
Universitetinin rektoru, iqtisad
elmləri doktoru, professor
Azərbaycan.- 2009.- 11 iyul.- S. 3.