1996-cı il iyunun 27-də
ümummilli lider Heydər Əliyev görkəmli dövlət
xadimi, daxili xidmət general-leytenantı Arif Heydərovun xatirəsinin
əbədiləşdirilməsi ilə bağlı sərəncam
imzalamışdır. Bir gün sonra Şəhriyar adına Mədəniyyət
Sarayında bu fədakar insanın 70 illik yubiley mərasimi
keçirilmişdir. Ulu öndər mərasimdə iştirak
etmiş və söylədiyi geniş nitqində demişdir:
"EArif Heydərov mənim iş yoldaşım, dostum
olubdur, tutduğum yüksək vəzifələrdə mənim
silahdaşım olubdur. Mən ona çox inanırdım,
etibar edirdim. Onun fəaliyyətini çox yüksək qiymətləndirirdim.
Ona görə də mən Azərbaycanda rəhbər olarkən
o, mənim əsas dayaqlarımdan biri idi. Deyə bilərəm
ki, əvvəl dövlət təhlükəsizliyi
orqanlarında olduğu kimi, Azərbaycanın Daxili İşlər
Nazirliyinə rəhbərlik etdiyi dövrdə - səkkiz il
müddətində də çox fədakarcasına
çalışdı, çox işlər
gördü."
Arif Heydərov şərəfli
bir ömür yaşamışdı. Uzun illər təhlükəsizlik
orqanlarında çalışmış, sonra Daxili
İşlər Nazirliyinə rəhbərlik kimi çətin
bir vəzifənin məsuliyyətini üzərinə
götürmüşdü. Hər zaman da yüksək
peşəkarlığı, xalqa sədaqətli və
vicdanlı xidməti, yüksək vəzifə məsuliyyəti
ilə seçilmiş, nəcib və insanpərvər keyfiyyətləri
sayəsində milyonlarla adamın böyük rəğbətini,
sevgisini qazanmışdı. Vicdan və həqiqəti, vətəndaş
idealına sədaqəti həmişə müqəddəs
bilmiş, uca tutmuşdur. Bütün addımlarında
haqqın qələbəsinə çalışmış,
təbiətindəki saflıq və səmimiyyət mənəvi
və əxlaqi mübarizə üçün ona yenilməz
cəsarət və qətiyyət vermişdir. Onda təmkinli
bir müdriklik vardı, səbirli idi, nəinki dostu,
düşməni də axıradək dinləyə və
anlaya bilirdi . Bütün ruhu və təbiəti etibarı ilə
əsl ziyalı idi. Simasındakı nəciblik, səmimiyyət,
alicənablıq daxili aləmindən xəbər verirdi,
şəxsiyyətinin bütövlüyünü
tamamlayırdı.
Əslən zəngəzurlu
idi. 1926-cı il iyunun 28-də anadan olmuşdu. Atası Nəzər
Heydərov dövrünün tanınmış ictimai-siyasi
xadimlərindən idi, uzun illər yüksək dövlət
vəzifələrində çalışmışdı.
Deyirlər ki, ailə
insanın xarakterinin təməlini qoyur. Gənc
yaşlarından nüfuzlu, sayılıb-seçilən bir
mühitdə boya-başa çatmasına baxmayaraq, Arif Heydərov
heç zaman ata "kölgəsi"nə
sığınmamışdı. Daim öz zəhməti,
yüksək təhsili, istedadı ilə irəliləmiş,
mübariz və prinsipial insan kimi həyatda qarşıya
qoyduğu məqsədlərə can atmışdı. Bunun
üçün hər cür maneələri adlamağa
hazır olmuşdu.
Generalın
ömür-gün yoldaşı, respublikanın əməkdar
müəllimi, prezident təqaüdçüsü Adilə
Heydərovanın maraqlı xatirələrini dinlədik:
"Arif Heydərov vətənpərvər ziyalı idi, vətən
qayəsini həmişə uca tuturdu. Uşaqlıqdan belə
tərbiyə olunmuşdu. İkinci dünya müharibəsinin
ən şiddətli dövründə orta məktəbin 9-cu
sinfində oxuyurdu. Cəbhəyə getməyə yaşı
çatmırdı. Üç dəfə hərbi
komissarlığa müraciət etmişdi ki, onu
könüllü olaraq müharibəyə yollasınlar. Nəhayət,
1944-cü ildə keçmiş SSRİ DTXK məktəbinin
Moskvada yerləşən 2-ci filialını bitirdikdən
sonra cəbhəyə getmişdi. Bir müddət ailəsinin
bundan xəbəri olmamışdı. Ata-ana elə bilirdi ki,
oğlanları Moskvadadır. Yaxın dostuna 20-dək məktub
yazıb vermişdi ki, ayda birini ailəsinə göndərsin.
Günlərin birində
xidməti vəzifəsilə bağlı Moskvaya ezamiyyətə
gələn Nəzər Heydərov oğlunun onlardan xəbərsiz
cəbhəyə getdiyini öyrənir və çox narahat
olur. Axtarır və Arifin xidmət etdiyi diviziyanın yerini
öyrənir. Səhəri gün oğlundan kiçik bir
teleqram alır: "Narahat olmayın, sağ-salamatam, Vətən
qarşısında xidməti borcumu yerinə yetirirəm".
Bu bir cümlə Nəzər kişiyə ovladından
arxayın olmaq üçün kifayət idi. Arif Heydərov cəbhə
xatirələrindən danışmağı çox
xoşlardı. Xüsusilə, marşal Jukovun onu özünə
mühafizəçi seçməsi, cəbhə boyu onu
müşayiət etməsi, müxtəlif əməliyyat
planları haqqında söhbətlərini böyük maraqla
dinləyirdik. O, güclü şəxsiyyət idi. Dönməz,
əyilməz xarakteri ilə bütün çətinliklərin,
əziyyətlərin qarşısında dayanmağı
bacarırdı. Bilirsiniz, çətin vaxtlarda, zamanın
amansız burulğanlarında sınmamaq, bütöv qalmaq o
dövrdə hər kəsin işi deyildi...".
A.Heydərov Moskvada təhsilini
başa vurduqdan bir müddət sonra sovet xüsusi xidmət
orqanlarının Polşa və Almaniyadakı əməliyyat
qruplarının tərkibinə daxil edilmişdi. İki il ərzində
son dərəcə mürəkkəb, ağır şəraitdə
fəaliyyət göstərən kiçik leytenant kəşfiyyat-əməliyyat
işlərində bir-birinin ardınca uğurlar
qazanmış, rəhbərliyin diqqətini cəlb etmiş,
bir sıra mükafatlara layiq görülmüşdü. Ona
verilən xasiyyətnamələrdə həmişə qeyd
olunurdu ki, "Arif Heydərov özünü bacarıqlı
işçi kimi göstərmiş, əməliyyat
tapşırıqlarının öhdəsindən
lazımınca gəlmişdir. Yoldaş Heydərov
savadlıdır, düşüncəlidir, çekist kimi
kifayət qədər perspektivi var. Mənəvi cəhətdən
sağlamdır...".
Ümummilli lider Heydər
Əliyev yaxın silahdaşının yubiley mərasimindəki
çıxışında dövlət təhlükəsizliyi
orqanlarında işləyə bilən insanların xarakterini
səciyyələndirən xüsusiyyətlər haqqında
danışarkən demişdi: "O illərdə insanlar bu
sahələrdə işləmək üçün
xüsusi seçilirdilər. Birinci, mənəvi keyfiyyətlərinə
görə, ikinci də bu sahədə iş görmək
bacarığına, qabiliyyətinə görə... Çekist
adı ilə Azərbaycanda, keçmiş sovetlər
ittifaqında bir neçə nəsil tərbiyə alıb,
peşə sahibi olubdur, xidmətlər göstəribdir... bu
insanlarda sədaqət, mənəvi saflıq, fədakarlıq,
cəsurluq, qəhrəmanlıq nümunələri əks
olunmuşdur. Bu çox şərəfli peşə olubdur".
Həmin illərdə təhlükəsizlik orqanlarında
işləyənlərin idealı olan Dzerjinski vaxtilə
demişdi ki, yalnız soyuq mühakiməli, coşqun qəlbli
və saf vicdanlı adam çekist ola bilər.
Belə keyfiyyətlərə
malik gənc çekist Arif Heydərov müharibə illərində
1-ci Ukrayna cəbhəsinin əməliyyat qrupunun tərkibində
düşmən agenturasının üzə
çıxarılmasında, Kotovitsk (Polşa) dairəsində,
Vurçensk və Qrimsk (Almaniya) qəzalarında məxfi fəaliyyət
göstərən faşist idarələrinin əməliyyat
arxivlərinin aşkarlanıb ələ keçirilməsində
yaxından iştirak etmiş və təqdirəlayiq xidmətlərinə
görə dəfələrlə komandanlığın təşəkkürlərini
almışdı.
Arif Heydərov faşizm
üzərində qələbədən 2 il sonra da Almaniyada
xidməti vəzifəsini həyata keçirmiş, 1947-ci
ilin aprelində Azərbaycana qayıdaraq Dövlət Təhlükəsizlik
Komitəsinin (DTK) mühafizə şöbəsində əməliyyat
müvəkkili kimi fəaliyyətə
başlamışdı. 1950-1951-ci illərdə Bakı şəhərində
əməliyyat işçilərinin hazırlanması və
təkmilləşdirilməsi kursunda təhsil almış,
1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini
bitirmişdir, bundan sonra müxtəlif məsul vəzifələrdə
çalışmışdır. Azərbaycanlıların
nadir hallarda təhlükəsizlik orqanlarına işə
götürüldüyü bir vaxtda Arif Heydərova göstərilən
inam və etimad təsadüfi olmamışdı, bu, onun
yüksək mənəvi keyfiyyətlərindən, peşəkarlıq
səviyyəsindən, dərin zəkasından irəli gəlmişdi.
Gənc yaşlarından rus, alman, türk və fars dillərini
mükəmməl şəkildə öyrənən bu cəsur
və fədakar insan sonralar diplomat qismində bir sıra xarici
dövlətlərə göndərilmişdi. Mürəkkəb,
gərgin bir dövrdə müxtəlif ölkələrdə
SSRİ-ni təmsil edən diplomat hər zaman nümunəvi,
vicdanlı, qüsursuz fəaliyyəti ilə ona göstərilən
etmadı döğrultmuşdu.
Adilə xanım deyir
ki, A.Heydərov ciddi görkəmi, təmkinli münasibəti
ilə çoxlarından fərqlənirdi. Zahirən sakit
görünsə də, daxilən zəngin və təlatümlü
bir insan idi, zabitəli baxışları vardı. Hamının
qəlbinə yol tapa bilirdi. Bu da çox güman ki, onun
peşəsindən irəli gəlirdi. Prinsipiallıq, məsuliyyət,
qanunun aliliyinə hörmət, şəxsiyyət
bütövlüyü kimi keyfiyyətləri səciyyələndirən
meyarlar haqqında fikirləri böyük maraq kəsb edirdi.
Görkəmli dövlət
xadiminin ulu öndər Heydər Əliyevlə möhkəm və
səmimi dostluğa çevrilən
tanışlığı məhz 50-ci illərdən - DTK-da
işlədiyi vaxtdan başlamışdı. Həmin illərdən
layiqli xidməti, yüksək mənəvi məziyyətləri,
bacarığı ilə seçilən hər iki
çekistin səmimi dostluğunun əsası qoyulmuşdu. Ulu
öndər 1996-cı ildə Arif Heydərovun yubiley tədbirində
yaxın silahdaşının xatirəsini ehtiramla anaraq
demişdi: "Mən Arif Heydərovla 1950-ci ildə Azərbaycana,
Bakıya işə gələndən sonra tanış oldum. Bizim
tanışlığımız qısa bir müddətdə
yaxınlığa çevrildi. O zamandan Arif Heydərovun həyatının
son dəqiqələrinə qədər onunla həm iş
sahəsində əlaqəm olub, eyni zamanda, şəxsi
dostluğum olubdur... Bunun da əsası var. Əsası da
ondan ibarətdir ki, mən yalnız öz xasiyyətimə
uyğun adamla şəxsi münasibət saxlaya bilirəm.
Arif Heydərovun mənəvi
dəyərləri hər şeydən uca tutması, sadəliyi,
işgüzarlığı, öz üzərində daim
çalışması, özünü təkmilləşdirməsi,
işə sağlam münasibəti, sağlam əxlaqı -
bunlar hamısı birlikdə mənim tələblərimə
uyğun gəldiyinə görə mənimlə onun
arasında dostluq münasibətləri
yaranmışdı".
1967-ci ildən 1970-ci ilədək
SSRİ-nin Türkiyədəki konsulu vəzifəsində
çalışan Arif Heydərov bacarıqlı diplomat kimi
şöhrət tapmış, iki dövlət arasında
münasibətlərin sivil məcrada inkişafında
mühüm rol oynamışdı. Bu müddətdə təcrübəli
çekist dövlət təhlükəsizliyi
orqanlarının fəxri əməkdaşı adına layiq
görülmüşdü.
Ümummilli lider Heydər
Əliyevin 1969-cu il iyulun 14-də respublika rəhbəri təyin
olunması milyonlarla insan kimi, Arif Heydərovun da taleyində
yeni bir mərhələnin başlanğıcına
çevrilmişdi. Ulu öndər zəngin iqtisadi
resursları ilə keçmiş İttifaq miqyasında geridə
qalan respublikalardan biri kimi tanınan Azərbaycanı üzləşdiyi
böhrandan, tənəzzüldən xilas etmək, daxildə
sağlam mənəvi-psixoloji mühiti təmin etmək
üçün, ilk növbədə, kadr siyasətinə
ciddi diqqət yetirmişdir. İdarəetməyə möhkəm
əqidəsi, mənəviyyatı,
işgüzarlığı, xalqa bağlılığı
ilə fərqlənən gənc, enerjili, təşəbbüskar
kadrların gətirilməsinə nail olmuşdu. Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyevin 1970-ci ildə
SSRİ-nin Türkiyədəki konsulu Arif Heydərova təkidlə
kifayət qədər məsuliyyətli bir postu - daxili işlər
naziri vəzifəsini təklif etməsi də məhz bu tələbatdan
irəli gəlmişdi. Həmin illərdə daxili işlər
naziri vəzifəsini tutan insanın sağlam mənəviyyatlı,
təmənnasız, əqidəli, dürüst, prinsipial
xarakterli bir şəxs olmasını həm də
ümummilli liderin o zaman respublikada iqtisadi cinayətkarlığa
qarşı həyata keçirdiyi siyasi kurs tələb
edirdi. Təcrübəli çekist Arif Heydərovun bu vəzifəyə
təyinatı isə təkcə həmin orqana deyil,
ümumilikdə respublikaya qanunçuluq və mənəvi
saflıq gətirməli idi. Ulu öndər
çıxışında bu barədə deyirdi: "Mən
dövlət üçün mühüm olan bu sahəni
etibarlı, bu işi apara biləcək, sədaqətli bir
adama tapşırmalı idim. Arif Heydərov o vaxt Türkiyədə
idi. Ümumiyyətlə, o, dövlət təhlükəsiziyi
orqanlarında işləyərkən çox vaxt kəşfiyyat
sahəsində çalışırdı. Bundan əvvəl
də xarici ölkələrdə işləmişdi və o
vaxt Türkiyədə idi. Mən onu Türkiyədən dəvət
etdim və ona daxili işlər naziri vəzifəsini təklif
etdim. Doğrudur, o bu işə o qədər də həvəslə
girişmədi. Çünki bilirdi ki, bir tərəfdən
bu, çətin və ağır işdir, digər tərəfdən
də o, xaricdəki işindən ayrılmaq istəmirdi. Ancaq
o hiss edəndə ki, mənə burada kömək
lazımdır və bu sahə çox mühüm sahədir,
söhbət ayrı-ayrı adamların vəzifəsindən
yox, ümumxalq prinsiplərindən, mənafeyindən gedir, -
bu vəzifəni öz üzərinə götürməyə
razı oldu. Ondan sonra da həyatının son dəqiqəsinə
qədər bu vəzifədə sədaqətlə xidmət
etdi".
1970-ci ildə daxili
işlər naziri postuna təyin olunan Arif Heydərov daxili
işlər orqanlarında sağlam ab-havanı bərpa
etmiş, qanunçuluğun, hüquq qaydalarının təmini,
habelə iqtisadi cinayətkarlığa qarşı mübarizə
tədbirlərini keyfiyyətcə yeni mərhələyə
qaldırmışdı. DİN sıralarının səriştəsiz
adamlardan təmizlənməsində mühüm xidmətlər
göstərmiş, eyni zamanda, kadrların
tapşırılan işə məsuliyyət və
bacarıqla yanaşmaları sahəsində ardıcıl
iş aparmış, daxili işlər orqanlarının fəaliyyətinin
əsaslı şəkildə
yaxşılaşdırılmasına, əhali arasında
nüfuzunun yüksəldilməsinə nail olmuşdu. Bu fəaliyyətin
nəticəsi olaraq əhalinin milis orqanlarına etimadı və
inamı, həmçinin güvəni artmışdı.
Səkkiz il daxili işlər
naziri kimi məsul və çətin vəzifədə
çalışan Arif Heydərov insanlığın ən
gözəl keyfiyyətlərini özündə cəmləmiş,
xalqın dərin məhəbbətini qazanmışdı. Böyük
təşkilatçılıq qabiliyyəti, yüksək mənəvi
keyfiyyəti, qanunun müqəddəsliyinə hörmət,
cinayətkarlığa qarşı barışmaz münasibət
onu ictimaiyyətin gözündə daha da yüksəltmişdi.
O, Azərbaycanda ictimai-siyasi tədbirlərin keçirilməsində
yaxından iştirak etmiş, təşəbbüskarlığı,
tələbkarlığı ilə seçilmişdi. Ulu
öndər Heydər Əliyev irəli çəkdiyi
kadrının vicdanlı, sədaqətli fəaliyyətini, təmizliyini,
qanuna bağlılığını hər zaman yüksək
dəyərləndirmiş, onu ən ali mükafatlarla təltif
etmişdir. Arif Heydərovun hələ 1971-ci ildə
general-leytenant rütbəsinə, sonrakı illərdə isə
"Qırmızı Bayraq", "Şərəf
nişanı" ordenlərinə, onlarla digər medallara
layiq görülməsi cəsur insanın yorulmaz və fədakar
əməyinə verilən yüksək qiymət idi.
Lakin 1978-ci il iyunun 29-da
bütün sovetlər dönəmini lərzəyə salan dəhşətli
bir hadisə baş verdi. Daxili işlər naziri,
general-teylenant Arif Heydərova xidməti vəzifəsini yerinə
yetirərkən odlu silahdan açılmış atəşlə
qəsd edildi. Ömrünün çiçəkləndiyi,
fəaliyyətinin ən qaynar bir vaxtında faciəli
ölüm onu Azərbaycan xalqının əlindən
aldı.
Ulu öndər yaxın
dostu və məsləkdaşı Arif Heydərovun xatirəsinin
əbədiləşdirilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirmiş, dörd
dəfə xüsusi sərəncam imzalamışdır. Hələ
1979-cu il martın 13-də respublikaya rəhbərlik edən
Heydər Əliyevin təşəbbüsü ilə
MK-nın bürosu bu görkəmli dövlət xadiminin xatirəsinin
əbədiləşdirilməsi ilə bağlı xüsusi
qərar qəbul etmişdir. Həmin qərarla Bakıdakı
küçələrdən və Xəzər Gəmiçiliyi
İdarəsinin gəmilərindən birinə generalın
adı verilmişdir. 1996-cı il mayın 24-də A.Heydərovun
70 illik yubileyinin keçirilməsi haqqında Prezident sərəncamı
imzalanmışdır. Ümummilli liderin 1996-cı il 27 iyunda
imzaladığı "General-leytenant A.N.Heydərovun xatirəsinin
əbədiləşdirilməsi haqqında" sərəncamla
isə Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin tədris mərkəzinə, MTN-nin sərhəd
qoşunlarının 4-cü sərhəd zastavasına
görkəmli dövlət xadiminin adı verilmiş, habelə
Bakı Şəhər İcra Hakimiyyəti onun
yaşadığı binaya (İstiqlaliyyət küç.
9) xatirə lövhəsinin vurulmasını təmin
etmişdir. Bundan başqa, Ağdaş rayonundakı Dəhnə
Xəlil orta məktəbi generalın adını
daşıyır. Ölkə başçısı tərəfindən
1996-cı il iyunun 29-da imzalanan sərəncamla isə
DİN-nin Tibb İdarəsinin Respublika Hospitalına
general-leytenant A.Heydərovun adı verilmişdir.
Ümummilli liderin siyasi
kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab
İlham Əliyev də general-leytenant Arif Heydərovun vətən
və xalq qarşısındakı xidmətlərini daim
yüksək dəyərləndirir. Dövlət
başçısının təşəbbüsü və
qayğısı ilə DİN-nin A. Heydərovun adını
daşıyan hospitalının yeni binasının bu ilin
fevralında istifadəyə verilməsi də görkəmli
dövlət xadiminin xatirəsinin daim əziz tutulduğunu
göstərir.
...Deyirlər ki, zaman
xeyirxah əməllərlə dolu olanda mənalı
görünür. İnsan üçünsə əbədi
olmağı xoş əməllərin intəhasızlığı
və sonsuzluğu təmin edir. İnsana məxsus olan hər
şeyi isə, hətta ölməzliyi belə, təbiət
yox, insan özü yaradır. Arif Heydərov ölməzliyə
qovuşaraq daim sözü-söhbəti, xoş əməlləri
ilə hamının qəlbində əbədiləşən
şəxsiyyətlərdən olmuşdur. Onun nurlu xatirəsi xalqının qəlbində
daim yaşayacaqdır.
İ.ƏLİYEVA
Azərbaycan.- 2009.- 11 iyul.- S. 5.