Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin fəaliyyətini dəstəkləyir

 

İyulun 9-da Azərbaycan Sənaye və Energetika Nazirliyində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zaid al-Nəhəyanla görüş olmuşdur.

Sənaye və energetika naziri Natiq Əliyev BƏƏ-nin xarici işlər nazirinin Azərbaycana rəsmi səfərinin iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyini bildirmiş, Azərbaycanın son illər əldə etdiyi uğurlar, həyata keçirilən islahatlar və onların nəticələri barədə ətraflı məlumat vermişdir.

Azərbaycanın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) fəaliyyətini dəstəklədiyi və bu təşkilatın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi yolunda bütün imkanlardan istifadə olunacağını qonağın diqqətinə çatdırmışdır. Vurğulamışdır ki, hazırda ölkəmizdə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" çərçivəsində bir sıra tədbirlər həyata keçirilir.

Respublikamız bu sahədə ayrı-ayrı ölkələrin təcrübəsini diqqətlə öyrənir, beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Bu sahədə BƏƏ ilə əməkdaşlığın faydalı olacağı bildirilmişdir.
Şeyx Abdulla bin Zaid al-Nəhəyan İRENA-nın Baş Qərargahının Abu Dabi şəhərində yerləşməsi barədə qərar qəbul edilərkən verdiyi dəstəyə görə Azərbaycana bir daha öz minnətdarlığını bildirmişdir. Nazir ölkəsinin bütün sahələrdə olduğu kimi, alternativ və bərpa olunan enerjidən istifadə sahəsində də Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd etmişdir.

AzərTAc bildirir ki, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2009.- 11 iyul.- S. 5.