" "...Azərbaycanlılardan
görkəmli maarif və mədəniyyət xadimləri daha
çox yetişəcək. Onlar ana dillərində dərsliklər
yazacaqlar, bu xalqın zəngin ədəbiyyatından, tarixindən
cild-cild əsərlər hazırlayacaqlar. Bu gün mənim
elədiklərim o zaman çox cüzi görünəcək.
Mən bunu hər bir azərbaycanlı seminaristin simasında
görürəm. İftixar edirəm ki, "Vətən
dili" kitabını müsəlman balaları
üçün mən tərtib etmişəm. Bu kitabın
vasitəsilə təkcə Qori seminariyasında deyil, ölkənin
bütün qəzalarında olan ibtidai rus-Azərbaycan məktəblərində
uşaqlar savad öyrənirlər. "Vətən dili"
kitabının birinci hissəsini tələbəm Rəşid
bəy Əfəndizadənin gözəl xətti ilə
daş basmasında çap etdirdik, ikinci hissəsini Səfərəli
bəy Vəlibəyovla birlikdə yazmışıq. O,
1881-ci ildə seminariyanı əla qiymətlərlə
bitirdiyinə görə məktəbdə ana dili müəllimi
saxlanıldı".
Bu sözləri 125 il
öncə milliyyətcə rus, ata-babaları vaxtilə Həştərxandan
köçüb Şamaxının Mərəzə kəndində
məskunlaşmış Aleksey Osipoviç Çernyayevski
yazıb. O, 1840-cı ildə Mərəzə kəndində
anadan olub. Ağlı kəsəndən Azərbaycanın adət-ənənəsini,
məişətini, dil və ədəbiyyatını incəliklərinə
qədər öyrənib, ömrünü maarifçiliyə
həsr edib. Azərbaycanlıları seminariyada oxuyub təhsil
almağa, maarifə, mədəniyyətə
çağırıb. Uşaqlarını Qoriyə göndərmək
istəməyən valideynlər, mədrəsədəki
mollalar bu "uzunsaqqal urusu" görəndə tükləri
biz-biz olar, "Allahu Əkbər" deyib üç dəfə
salavat çevirər, arvadlar yaşmağını gözlərinə
qədər çəkərmiş.
Çernyayevski isə
bu münasibətdən nə bezər, nə usanardı. İnanırdı
ki, uşağını gətirib ona təhvil verib, apar oxut mənim
balamı, deyən tapılacaq. Onun nəzərində hər
bir xalqın inkişafı müəllimdən
asılıdır. Maarifə, təhsilə bu qədər
önəm verən Çernyayevski Azərbaycan müəllimlərinin
böyük bir dəstəsinin müəllimi olmuşdur.
1879-cu ilin mayında
Gürcüstanın Qori şəhərində fəaliyyətə
başlayan Zaqafqaziya Müəllimlər Seminariyasının
Azərbaycan şöbəsinin açılması
üçün Qafqaz canişini birtəhər yola gətirilmiş,
A.O.Çernyayevski Azərbaycan şöbəsinə inspektor
təyin edilmişdi. Qalırdı məktəbə uşaq
yığmaq, canişini peşman etməmək. Əgər
bu sentyabr bir neçə nəfər uşaq yığılmasa
Qafqaz Təhsil Dairəsi şöbəni bağlaya bilər. Bu
fikirlər Çernyayevskini bir an belə rahat
buraxmırdı: "Necə olursa-olsun, məktəb
açılmalıdı, bu fürsəti əldən vermək
olmaz".
İrəvanda,
Naxçıvanda, Gəncədə, Şuşada, Şəkidə,
Şamaxıda oldu, oradan da yolunu Bakıya, Qubaya saldı. Yüz
kilometrlərlə yolu faytonla, araba ilə, qatarla, bəzən
də piyada gedirdi.
İnsanlarla
görüşəndə məlum olurdu ki, seminariyaya uşaq
qəbulu məqsədilə qəza rəislərinə
göndərilən məktublardan camaat xəbərsizdir. Azərbaycanı
böyük məhəbbətlə sevən bu insan yerlərdəki
məmurların öz millətinə qarşı bu qədər
biganəliyindən dəhşətə gəlirdi. Odur ki,
adamlarla təkbətək görüşür, Qoridə
açılan məktəbin məqsəd və məramını
açıqlayırdı. Nəhayət, istədiyinə nail
olmuşdu, Şuşadan Firudin bəy Əhmədağa
oğlu Köçərli, Səfərəli bəy Vəlibəyov,
Lənkərandan Teymur bəy Məmməd bəy oğlu
Bayrambəyov, Rəşid bəy Əfəndiyev, Qazaxdan
İsmayılağa Mustafa oğlu Vəkilov və Məmmədağa
İsmayılağa oğlu Şıxlınski seminariyanın
Azərbaycan şöbəsini bağlanmaqdan xilas etdilər. İllər
keçdi, adını sadaladığımız azərbaycanlı
balaları tariximizə Qori Seminariyasının ilk
qaranquşları kimi daxil oldular. 1879-cu il sentyabrın 1-də
Qoridəki seminariyada azərbaycanlı balaları zəngin səsi
ilə ilk dərsə girdilər.
Aleksey Osipoviç azərbaycanlı
balaların kamil təhsil alması üçün "Vətən
dili" kitabını tərtib etməyə başladı. K.D.Uşinskinin
müddəalarını rəhbər tutaraq onun eyniadlı dərsliyi
əsasında, səs üsulu ilə yazılmış ilk
kitabını nəşr etdirdi. Bu, 1882-ci ildə işıq
üzü görmüş "Vətən dili"
kitabının birinci hissəsidir. Sonrakı illərdə
yenidən nəşr olunan bu kitabdan Azərbaycan
ziyalılarının bütöv bir nəsli dərs
almışdır. Mütəxəssislər deyirdi ki,
Uşinskinin "Rodnoe slovo" dərsliyi rus məktəbləri
üçün hansı əhəmiyyətə malikdirsə,
Çernyayevskinin "Vətən dili" dərsliyi də
azərbaycanlılar üçün bir o qədər əhəmiyyətlidir.
O, 14 il Azərbaycan şöbəsinin inspektoru olmuş və
şöbəyə rəhbərlik etdiyi müddətdə
seminariyanı 176 nəfər bitirmişdir. Çernyayevski
"Vətən dili" dərslikləri ilə Şərq
xalqları arasında səs metodu əsasında ibtidai siniflər
üçün dərslik hazırlayıb çap etdirən
ilk müəllimdir. Bundan başqa Aleksey Osipoviç xalq məktəbləri
və orada tərbiyə məsələlərinin yenidən
qurulması ilə əlaqədar "Qafqaz" qəzetində
silsilə məqalələrlə çıxış edirdi.
Qaydaya görə
seminariyanın müəllimliyə hazırlanan tələbələri
ibtidai məktəblərdə pedaqoji təcrübə
keçməli idilər. Lakin Qori şəhərində
müsəlmanlar yaşamadığından orada Azərbaycan
dilində məktəb də yox idi. Vəziyyətdən
çıxış yolu tapıldı. Şöbənin
yanında baza məktəbi təşkil edildi. Seminariyanın
üçüncü kursunda oxuyan tələbələr
burada təcrübə keçməli, həm də
seminariyanı bitirdikdən sonra işləyəcəkləri
kənddə həmin məktəbin qanun-qaydasına uyğun
məktəblər təşkil etməli idilər. Baza məktəbi
təşkil olunduqdan sonra yeni dərsliyin yazılmasına
ciddi ehtiyac var idi. Bu ehtiyacı təcili aradan qaldırmağa
çalışan A.O.Çernyayevski Azərbaycan şöbəsinin
yaşlı tələbələrini bir yerə toplayaraq
onlarla məsləhətləşmələr aparır,
birlikdə həftəlik proqram hazırlayır.
Sonralar "Vətən
dili" kitabının yaranması zərurəti barədə
Çernyayevski yazırdı ki, seminariyanın Azərbaycan
şöbəsi yanındakı ibtidai məktəb kimi
"mübtədi məktəb"ləri bina eyləməyə
çox şey lazım idi, o cümlədən təzə
qayda ilə təsnif olunmuş kitablar: "Lakin mən nə
qədər cüst edib axtardımsa pedaqoqika elmi-tərbiyə
qanununa müvafiq bir kitab tapa bilmədim. Hətta o kitabları
ki, son vaxtlarda təsnif olunub, hənuz çapa girməmişdi...".
Yeri gəlmişkən,
"Vətən dili" dərsliyi təkcə dərslik
tarixində deyil, həm də Azərbaycanın kitab nəşri
tarixində əlamətdar hadisə olub.
Seminariyanın ilk tələbələrindən
olan Rəşid bəy Əfəndiyev yazırdı ki, "dərsə
şüru edilən zaman bir vaxt başa düşdülər
ki, türk (Azərbaycan) dilində kitab yoxdur və
olmamışdır. Binəva Çernyayevski yaşlı tələbələri
kabinəsinə toplayıb bir komissiya intixab etdi. O cümlədən
mən də həmin komissiyada iştirak edirdim. Həftəlik
proqram tərtib edib gündəlik dərslərə material
hazır edirdik və hər dərs üçün müfəssəl
konspekt yazılırdı. Dörd ədəd naçalni
şkolalarda üsuli-sövti üzrə dərslər
keçirilirdi. Erməni, gürcü və rus dillərində
səs üsulu ilə başlamış kitablar mövcud idi. Yalnız
türk dili üçün təzədən kitab
hazırlanmağa və nəşr edilməyə
böyük ehtiyac var idi. Çünki Azərbaycan
şöbəsini bitirib müəllim çıxan cavanlar
üçün kəndlərdə pişəzvəxt
türk məktəbi açılırdı. Onlar məktəbə
gedəndə seminariyanın nəzdində
açılmış nümunə məktəbinin kitab və
dərsliklərini də aparacaqdılar. Ona görə də
Çernyayevski topladığı dərs materiallarını
intixab edib bir kitab şəklinə saldı və mənim xəttimlə
daşbasmada "Vətən dili" adında kitabı
basdırdı".
1881-ci il yanvarın 26-da
Qafqaz canişininin təsdiq etdiyi təlimata əsasən Cənubi
Qafqazda yaşayan xalqların nümayəndələri ilk tədris
ilində öz ana dillərində təhsil almalı idilər.
Əslində, bu
sevindirici xəbər olsa da, Azərbaycan şöbəsi
üçün problem idi, çünki ana dilində dərslik
yox idi. Ona görə də Qori Seminariyası Azərbaycan
şöbəsinin rəhbəri A.O.Çernyayevski Tiflisə
dəvət etdiyi azərbaycanlı ziyalıların
qarşısında ana dilində dərslik tərtib etmək
kimi mühüm məsələ qoyur. Qafqaz Təhsil Dairəsi
həmin ərəfədə müsəlman kəndlərində
savad təliminin ana dilində aparılmasına və ikinci
sinifdən başlayaraq ana dilindən rus dilinə və rus
dilindən ana dilinə tərcümələr də etməyə
icazə vermişdi. Tədris Dairəsi Şurasının qərarında
bildirilirdi ki, dərslərdə yerli dillərdən tələb
olunduğu qədər istifadə edilsin: "Dərslər
mexaniki əzbərləmə şəklində deyil,
şüurlu şəkildə keçirilməlidir. İbtidai
məktəblərə yerli dili yaxşı bilən müəllimlər
təyin olunmalıdır. Savad təlimi dövründə rus
dilindən istifadə etmək məqsədəuyğun
olmadığı üçün dərslər müəyyən
dövrdə yerli dillərdə keçirilsin".
"Vətən
dili" kitabının ikinci hissəsini A.O.Çernyayevski
1888-ci ildə seminariyanın ilk məzunlarından olan və təhsilini
başa vurduğu il seminariyada müəllim kimi saxlanılan Səfərəli
bəy Vəlibəyovla birlikdə yazmışdır. Kitabın
müqəddiməsində qeyd olunur: "Vətən
dili" adlanan kitabçanın birinci qismi təyin
olunmuşdur. Cənubi Qafqaz türklərinin mübtədi məktəblərində
əvvəlinci il təlim verməkdən ötrü. Çünki
1881-ci il yanvar ayının 26-da Qafqaz canişininin təsdiq elədiyi
təlimi-düstür əməlinə görə Qafqaz əhalisinin
mübtədi məktəblərində təlim-tərbiyə
hər tayfanın öz dilində keçirilir".
40 ilə yaxın bir
dövrdə əsas dərs vəsaiti olan "Vətən
dili" kitabının II hissəsi də uşaqların
başa düşəcəyi dildə
yazılmışdı. Kitabda hekayə, təmsil, şeir,
tapmaca, hətta yanıltmaclar da öz əksini
tapmışdı. Hər dərs bir başlıq altında
verilmişdi. Bu dərslərin hamısı ibtidai sinif
şagirdlərinin təxəyyülünün
formalaşmasına yönəldilirdi. Həyatı əks
etdirən bütün nəsnələr haqqında
danışılır və uşaqlara ibrətamiz şəkildə
çatdırılırdı. İnsana məhəbbət, təbiətə
və heyvanat aləminə münasibət, coğrafi aləmə
səyahət və başqa sahələr müəlliflər
tərəfindən orijinal şəkildə seçilib
işlənmişdir.
Kitabın hər iki hissəsinin
tərtibində yaxından iştirak edənlərdən biri
də dövrünün görkəmli maarifçisi və
müəllimi Həsənəli Xan Qaradaği olub. Bu
kitablarda onun 11 tərcümə, 23 nəzm əsəri
özünə yer tapıb. O, ana dili dərsliyinə daxil etmək
üçün əvvəlcədən uşaq şeir və
hekayələri yazıb hazırlamağı öz öhdəsinə
götürmüşdü.
Çernyayevski
böyük ziyalı, əsl müəllim idi. Xatirələrində
yarızarafat da olsa azərbaycanlılarla sümük qohumu ola
bilmədiyindən gileylənərmiş. Bu millətə
şərəflə xidmət etməkdən zövq
alardı. 1893-cü ildə seminarist Süleyman Sani Axundovla
aralarında baş verən münaqişədə də
özünü günahkar bilib. Qafqazda Azərbaycan
xalqını tatar, vəhşi asiyalı,
çullu-çarıqlı xalq adlandıran çar
çinovniklərini təhqir etməkdən belə çəkinməzmiş.
Onun 1893-cü ildə "Kavkaz" qəzetinin redaktoru Vasili
Lvoviçə verdiyi cavab dediklərimizin təsdiqidir:
"Hamınız bir bezin qırağısınız,
hamınız bir mərkəzin zəhər tuluğunu
götürüb oba-oba gəzərək xalqları zəhərləyirsiniz.
Şovinizm və monarxiya beyninizi qurd kimi gəmirib, Qafqaz
xalqlarında yaxşını görmürsünüz. Xırda
bir qüsuru fil boyda şişirdirsiniz. Qafqaza yenicə gələndə
Veliçko da sizin gündə idi. Amma indi çox ədalətli
yazılarla bu xalqların soy-kökü haqqında real
mövqe tutub. Tədqiqatları ilə sübut edib ki, məhz
ermənilərin nə gürcülərdən, nə də
azərbaycanlılardan torpaq iddiası ola bilməz. Ermənilər
Qafqaza gəlmədirlər. Veliçko indi
"V.Voronesski" təxəllüsü ilə Şərq
mövzusunda, Şərqin müdrikliyi və qədimliyi
haqqında sisilə şeirlər yazır".
Ən böyük arzusu
Azərbaycan dilində "Fikir" adlı qəzet nəşr
etdirmək idi. Döymədiyi qapı qalmamışdı.
Müxtəlif bəhanələrlə get-gələ salsalar
da ümidini üzmürdü. "Ziya" qəzeti
bağlandıqdan sonra müsəlmanlar üçün qəzet
nəşr etməyi məsləhət görmürdülər.
Sonuncu dəfə isə onun xahişini rədd edəndə
jurnalist təhsilinin olmadığını bəhanə gətirirlər.
Bu üzücü get-gəllər, bəhanələr sonunda
xalqımıza təmənnasız xidmət göstərmək
istəyən böyük maarifpərvərin ölümü
ilə nəticələnir. Aleksey Osipoviç
Çernyayevski 1894-cü il dekabrın ilk günlərində
ürək çatışmazlığından vəfat
edir. Xatirə yazılarında qeyd olunur ki, onun tələbələri
əziz müəllimlərinə müqəddəs bir
varlıq kimi baxır, dəfn mərasimində göz
yaşları tökərək ruhu qarşısında təzim
edirdilər.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2009.- 11 iyul.- S. 7.