Azərbaycanı Avropa ilə birləşdirən
kəmər
Bakı-Tbilisi-Ceyhan kəmərinin
çəkilməsi zamanın tələbi idi. Belə ki, 1994-cü ilin
sentyabrında imzalanmış "Əsrin müqaviləsi"
çərçivəsində 1997-ci ilin noyabrında neft
çıxarılmağa başlamışdı.
"Çıraq"dan hasilat getdikcə artırdı.
"Azəri" yatağının mərkəzi, qərb və
şərq hissələri, "Dərinsulu Günəşli"
işlənirdi. Bütövlükdə bu yataqlardan gündəlik
hasilatın 1 milyon barelə çatacağı gözlənilirdi.
İlbəil artan həcmləri nəql etmək
üçün isə mövcud neft kəmərlərinin
gücü kifayət deyildi. Beləcə, müəllifi
ümummilli lider Heydər Əliyev olan BTC-nin təkcə XXI əsrin
deyil, bütövlükdə III minilliyin nəhəng mühəndis
qurğusunun inşası ideyası yarandı. Ulu öndər
bu boru xəttini Azərbaycanı Gürcüstan, Türkiyə
və Avropa ilə sıx birləşdirən polad kəmər
adlandırırdı.
BTC-nin reallaşması
məhz Heydər Əliyevin mübarizliyi və
dünyadakı böyük nüfuzu sayəsində
mümkün oldu. "Heydər
Əliyev olmasaydı, BTC də olmazdı". Sonralar bu fikri
dünyanın bir sıra görkəmli şəxsiyyətləri
dönə-dönə və bir-birindən xəbərsiz təkrar
etdilər. Kəmərin səhmdarları isə bu layihəyə
ulu öndərin sərf etdiyi titanik zəhməti yüksək
qiymətləndirərək BTC-nin məhz onun adını
daşıması təklifini irəli sürdülər.
Xatırladaq ki, Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin 11 səhmdarı
var. Bunlar ARDNŞ (Azərbaycan),
bp (o, həm də əməliyyatçıdır,
Böyük Britaniya), "Şevron" (ABŞ),
StatoilHydro" (Norveç), TPAO (Türkiyə), "Eni"
(İtaliya), "Total" (Fransa), "İtocu" (Yaponiya),
"İnpeks" (Yaponiya), "KonokoFilips" (ABŞ), Hess
(ABŞ) şirkətləridir.
BTC-nin təməli
2002-ci il sentyabrın 18-də qoyuldu. Təməlqoyma mərasimində Azərbaycan,
Gürcüstan və Türkiyə prezidentləri, bir
çox ölkələrdən gəlmiş yüksək səlahiyyətli
qonaqlar iştirak edirdilər. Həmin günə qədər
layihə çox sınaqlardan keçmişdi. Çünki
onun bədxahları çox idi. Onlar gah Azərbaycanın
BTC-ni dolduracaq qədər nefti olmadığını, gah bu
kəmərin gəlir gətirə bilməyəcəyini, gah
da onun guya seysmik cəhətdən riskli ərazidən
keçdiyi üçün perspektivsiz olacağını
söyləyirdilər. Bunu deyənlər nə geoloq, nə
neftçi, nə də seysmoloq idilər.
BTC-nin tikintisinə
başlanandan sonra güman etmək olardı ki, bu
söz-söhbətə son qoyulacaq. Lakin inşaat işləri gedən zaman
bir sıra qeyri-hökumət təşkilatları başqa
bir bəhanəni - kəmərin guya ətraf mühitə
çox mənfi təsir göstərəcəyi fikrini ortaya
ataraq ona yeni əngəl törədirdilər. İş o yerə
çatmışdı ki, onlar dəstə halında beynəlxalq
maliyyə qurumları qarşısında toplaşaraq
bankları BTC-yə pul ayırmamağa
çağırırdılar.
Belə çətin
bir məqamda nəhəng layihəni irəli aparan yenə də
Heydər Əliyev dühası oldu. 2003-cü ilin əvvəlində
ABŞ-da keçirilən "Şərq-Qərb enerji dəhlizi
reallıqdır" konfransında iştirak edən ulu
öndər beynəlxalq maliyyə qurumlarının rəhbərləri
ilə görüşərək məsələnin müsbət
həllinə nail oldu.
2004-cü ilin əvvəlində
isə Bakıda, "Gülüstan" sarayında Prezident
İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşdirilməsinə
dair son sənədlər imzalandı. BTC-nin tam qələbə
çalmasına az qalırdı...
2005-ci il mayın 25-də
Səngəçal terminalından kəmərə ilk neft
vuruldu. Azərbaycan
nefti 3 ölkənin ərazisi ilə böyük bir məsafə
qət edərək Ceyhana 2006-cı il mayın 28-də
çatdı. Bir neçə gün sonra isə BTC kəmərinin
gətirdiyi neftlə yüklənmiş ilk tanker dünya
bazarlarına yola salındı.
Bu, Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan kəmərinin bir sistem kimi tam
işə düşməsi demək idi. Bu hadisə təntənəli surətdə
Türkiyədə 2006-cı il iyulun 13-də qeyd olundu. Ceyhan
şəhərində keçirilən açılış
mərasimində Azərbaycan Prezidenti İlham Əliyev BTC-nin
ölkəmiz üçün əhəmiyyətindən
danışaraq demişdir: "Bu kəmərin fəaliyyətə
başlaması ilə Azərbaycanın qarşısında
yeni üfüqlər açılır, yeni imkanlar
açılır. Azərbaycan iqtisadi cəhətdən
çox zəngin ölkəyə çevriləcəkdir.
Ölkədə bütün sosial problemlər öz həllini
tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən
ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə
olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda
bütün sosial məsələlər qısa müddət
ərzində öz həllini tapacaq və Azərbaycan
dünya iqtisadiyyatına daha da inamla inteqrasiya edəcəkdir".
BTC ona bəslənən
ümidləri doğruldur. Xatırladaq ki, onun gündəlik
ötürücülük gücü 1,2 milyon barelədək
artırılıb. Hələlik BTC bu qədər neft
daşımasa da, yaxın gələcəkdə bunun
özü də reallıq olacaq. Bu ilin birinci yarısında
kəmərlə 17,7 milyon ton neft ötürülüb.
Ötən ay isə boru xətti 3,3 milyon ton neft ixrac edib.
Keçən ilin payızından BTC "Azəri-Çıraq-Günəşli"
nefti və "Şahdəniz" kondensatından əlavə
Qazaxıstandan daxil olan karbohidrogenləri də nəql etməyə
başlayıb. Bu, "Tengiz" yatağından
çıxarılan neftin bir hissəsidir. Yaxın gələcəkdə
kəmərə "Kaşaqan" nefti də qoşulacaq.
Lakin Qazaxıstan nefti
olmasa belə, Azərbaycanın kəməri doldurmaq
üçün yetərincə nefti var. Bunu da, boru xəttinin rentabelliyini də
zaman özü təsdiqləyib. Bu gün biz BTC-dən əldə
olunan gəlirləri ən zəruri problemlərimizin həllinə
yönəldirik. BTC-nin vəsaiti hesabına qaçqın və
məcburi köçkünlər üçün evlər
tikilib, su kəməri çəkilib.
BTC hələ uzun illər
Azərbaycana xidmət edəcək, gəlir və nüfuz gətirəcək.
Azərbaycan.- 2009.- 12 iyul.- S. 1.