ABŞ Senatından Azərbaycana dəstək
Mövcud olduğu
regionun şəksiz lideri sayılan Azərbaycanla Cənubi
Qafqazda marağı olan və dünya siyasətində
hansı rol oynamasından asılı olmayaraq, bütün
xarici dövlətlərin xüsusi əməkdaşlığa
can atdığı artıq bir reallıq kimi
çıxış edir.
Çünki regionda hər
hansı transmilli layihənin həyata keçirilməsi,
siyasi, iqtisadi və digər sferalarda hadisələrin
inkişaf istiqaməti məhz Azərbaycanın nümayiş
etdirdiyi mövqedən bilavasitə asılıdır. Bütün
bunların nəticəsidir ki, dünya siyasətinin müəyyən
olunmasında xüsusi çəkiyə malik dövlətlərin
və birliklərin Azərbaycanla sıx əməkdaşlığı
mövcuddur.
Belə dövlətlərdən
biri kimi çıxış edən ABŞ da daim Azərbaycanla
münasibətlərinin inkişaf etdirilməsi və
genişlənməsinə xüsusi önəm verməkdədir.
Elə Azərbaycan tərəfi də əsas tərəfdaşlarından
biri kimi qəbul edilən ABŞ-la əlaqələrinin daha
da dərinləşdirilməsi istiqamətində fəal
siyasət yürüdür və bu ölkə ilə ən
müxtəlif sferalarda işbirliyini gücləndirir.
Prezident İlham Əliyev
bununla bağlı bildirir: "Bu gün Azərbaycan ilə
Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq
münasibətləri birləşdirir. Enerji təhlükəsizliyinin
təmin edilməsi sahəsində səmərəli iş
birliyimiz, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrə
ABŞ-ın dəstəyi məmnunluq doğurur. Əminəm
ki, dövlətlərarası münasibətlərimizin hərtərəfli
inkişafı, tərəfdaşlığımızın
daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
Qeyd edildiyi kimi,
ABŞ-da da Azərbaycanla münasibətlərin daimi olaraq
inkişaf etdirilməsi zəruri hal kimi qəbul edilir və
iki ölkə arasında əməkdaşlığın
daha da genişləndirilməsi üçün Vaşinqton
administrasiyasının Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllində daha fəal rol
oynamalı olduğunun vacibliyi vurğulanır. Məsələn,
ABŞ Konqresinin Azərbaycan üzrə İşçi
Qrupunun həmsədri, Pensilvaniya ştatından olan konqresmen
Bill Şuster bildirir ki, Azərbaycan dünyada ABŞ
üçün əsas müttəfiqlərdən biridir:
"Amerika üçün yanlışdır ki, biz Azərbaycanı
o bizi dəstəklədiyi qədər dəstəkləmirik
və başa düşmürük.
Azərbaycan dünyada
bizim əsas müttəfiqlərimizdən biridir. Siz onu yerləşdiyi
ərazi, əhalisinin 98 faizinin müsəlman olmasını nəzərə
alaraq müttəfiqlərimizin siyahısında birinci 3-4
ölkələr siyahısına qoya bilərsiniz. Biz gərək
Azərbaycanla dostluğumuzu dərinləşdirək və
Ermənistanla problemi həll etməyə kömək edək".
Bundan əvvəl isə
Texas ştatından olan amerikalı konqresmen Eddi Bernis Conson da
qeyd edib ki, Barak Obama administrasiyası Azərbaycanla münasibətlərin
inkişafına xüsusi diqqət yetirməlidir: "Biz
enerji təhlükəsizliyi və beynəlxalq terrorizmlə
mübarizədə Birləşmiş Ştatların ən
etibarlı tərəfdaşı və müttəfiqi olan Azərbaycanla
münasibətlərimizi daha da möhkəmləndirməliyik.
Qafqaz regionunda Azərbaycan ABŞ-ın ən vacib müttəfiqlərindən
biridir. Azərbaycan azadlığın təminatı da daxil
olmaqla, üzərinə götürdüyü digər
bütün öhdəlikləri yerinə yetirir". Onun
sözlərinə görə, ABŞ da Azərbaycana
lazım olan bütün dəstəyi verməlidir.
Azərbaycanla münasibətlərin
daha da inkişaf etdirilməsinin zəruriliyini bildirən hər
iki konqresmeni narahat edən əsas məqamlardan biri də
ABŞ Konqresi Nümayəndələr Palatasının Təsisatlar
Komitəsinin Dövlət, Xarici əməliyyatlar və aidiyyəti
Proqramlar üzrə alt komitəsinin 2010-cu il üçün
separatçı Dağlıq Qarabağ qurumuna 10 milyon ABŞ
dolları məbləğində maliyyə
yardımının ayrılması ilə bağlı
büdcə layihəsi qəbul etməsidir. Konqresmen Bill
Şuster bu məqamla bağlı qeyd edir ki, Ermənistanın
işğal etdiyi Azərbaycan ərazisinə pul ayırmaq səhv
addımdır.
Onun həmkarı Eddi
Bernis Conson isə bildirir ki, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik
missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri
kimi ABŞ daim neytrallığını saxlayır:
"İndi biz Nümayəndələr Palatasının alt
komitəsindən xahiş edirik ki, 2010-cu il dövlət
büdcəsinin müzakirəsi zamanı bu neytral mövqeyə
xələl gətirə biləcək hər hansı
addım atmasınlar".
Xatırladaq ki, Nümayəndələr
Palatasının Təsisatlar Komitəsinin Dövlət, Xarici
əməliyyatlar və aidiyyəti Proqramlar üzrə alt
komitəsinin qərarına etiraz edən Azərbaycan Milli Məclisinin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr və İqtisadi siyasət komitələri
tərəfindən ABŞ Konqresinin Nümayəndələr
Palatasına və Senata, ABŞ-Azərbaycan parlamentlərarası
əlaqələr üzrə işçi qrupuna,
bütün senatorlara müraciət qəbul olunub. Həmçinin,
Azərbaycan tərəfi bu yanlış qərarın həyata
keçirilməməsi üçün fəal iş aparıb.
Azərbaycanın bu istiqamətdə gördüyü işlər,
eləcə də ABŞ-Azərbaycan müttəfiqliyinin daha
vacib əhəmiyyət kəsb etməsini nəzərə
alan konqresmenlər sonda Nümayəndələr
Palatasının Təsisatlar Komitəsinin Dövlət, Xarici
əməliyyatlar və aidiyyəti Proqramlar üzrə alt
komitəsinin separatçı Dağlıq Qarabağ qurumuna
10 milyon ABŞ dolları məbləğində maliyyə
yardımının ayrılması ilə bağlı
büdcə layihəsini rədd ediblər. Belə ki,
Nümayəndələr Palatasından fərqli olaraq Konqresin
yuxarı qanunverici orqanı sayılan Senatın analoji alt komitəsində
keçirilən səsvermə zamanı separatçı
Dağlıq Qarabağ qurumuna yardım ayrılması ilə
bağlı təşəbbüs dəstəklənməyib.
Bununla yanaşı,
Senat tərəfindən erməni lobbisinə daha bir ciddi zərbə
vurulub. Belə ki, erməni lobbisi və onları dəstəkləyən
az sayda konqresmenlərin tələblərinin əksinə
olaraq Ermənistana 75 milyon dollar yox, cəmi 30 milyon dollar
ayrılması barədə qərar qəbul olunub. Ermənistanın
"Armenianou" portalının yazdığına görə,
bütün bunlar ABŞ-dakı Azərbaycan və yəhudi
diasporunun birgə səyi nəticəsində mümkün
olub və onların gördüyü işlər nəticəsində
Nümayəndələr Palatasının alt komitəsində
qəbul olunan erməniyönlü layihə qəbul edilməyib.
Beləliklə, gələn
il üçün Ermənistan ABŞ-dan cəmi 30 milyon
dollar yardım ala biləcək. Separatçı
Dağlıq Qarabağ rejimi isə ümumiyyətlə,
heç bir yardım görməyəcək. Bütün
bunlar isə ağır sosial durumda olan Ermənistanın
iqtisadi vəziyyətinin daha da ağırlaşması deməkdir.
Çünki bu ölkə sırf xarici yardımlardan
asılı vəziyyətdədir və həmin yardımların
miqdarı da get-gedə azalmaqdadır.
Həmçinin, baş
verənlər onu göstərir ki, diaspor və lobbiçilik
sahəsində də Azərbaycan ermənilər üzərində
mühüm qələbələr əldə etməkdədir.
Bunun nəticəsidir ki, ABŞ Konqresində Azərbaycanı
dəstəkləyənlərin sayı mütəmadi olaraq
artmaqdadır. Artıq Konqresdə Azərbaycana dəstək
qrupuna üzv olan konqresmenlərin sayı 40-dan çoxdur. Belə
vəziyyət isə daha çox ermənilərin
narahatlığına yol açmaqdadır. Lakin görünən
odur ki, ermənilərin bu narahatlığı elə
narahatlıq olaraq qalacaq və erməni diasporunun Azərbaycanın
qarşısında tab gətirə bilməsi də artıq
mümkünsüzdür.
R.İSLAMOĞLU
Azərbaycan.- 2009.- 12 iyul.- S. 1, 2.