Qələbənin 65 illiyi və
tarixi yaddaş
Ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə "1941-1945-ci
illər müharibəsində Qələbənin 65 illik
yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi
üzrə Milli Proqram" təsdiq edilmişdir. 30 bənddən
ibarət olan proqramda 2009-cu ildən 2010-cu ilin mayına qədər
həyata keçiriləcək tədbirlərin
siyahısı verilmişdir. Nəzərdə tutulmuş tədbirlərin
istər respublika ərazisində, istərsə də xarici
ölkələrdə yüksək səviyyədə qeyd
olunması üçün aidiyyəti təşkilatların
adları da məlumdur. Yerli icra hakimiyyəti orqanlarından
tutmuş müxtəlif nazirliklərə qədər hər
bir dövlət qurumu ölkə Prezidentinin
imzaladığı sərəncamdan irəli gələn vəzifələrin
ləyaqətlə yerinə yetirilməsi üçün
indidən işə başlamalıdır.
Bəllidir ki, 1941-1945-ci
illərdə cəbhəyə Azərbaycandan 700 minə
yaxın əsgər göndərilmiş, onlardan 300 mindən
çoxu qəhrəmancasına həlak olmuş, əsir və
itkin düşmüşdür.
Müharibənin qələbə
ilə nəticələnməsində Azərbaycanın son dərəcədə
böyük rolu olmuşdur. Azərbaycan cəbhəyə 85
milyon tondan çox neft, yəni lazım olan yanacağın 70
faizini verib. Müharibə illərində azərbaycanlılardan
ibarət 77-ci, 223-cü, 402-ci, 416-cı diviziyalar şərəfli
döyüş yolu keçərək xalqımızın
adını İkinci Dünya müharibəsi tarixinə
qızıl hərflərlə yazmışdır.
Müharibə
dövründə igidliklərinə görə 130 nəfər
həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülüb. Bu igidlərin arasında iki dəfə
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Ziya
Bünyadov, Qafur Məmmədov, Mehdi Hüseynzadə, Adil
Quliyev, Cəmil Əhmədov, Müseyib Bağırov, Yusif
Sadıqov, Hüseynbala Əliyev, Məzahir Abbasov və onlarla
başqalarının sücaəti heç vaxt unudulmur. Müharibə
illərində təkcə kişilər deyil, azərbaycanlı
qadınlar da ağlagəlməz igidlik və qəhrəmanlıqlar
göstəriblər. Züleyxa Seyidməmmədova, Leyla Məmmədbəyova,
Şövkət Səlimova, Şuriyə Əlizadə, Ziba Qəniyeva,
Dürrə Məmmədova kimi azərbaycanlı
xanımların müharibə illərində göstərdikləri
qeyri-adi döyüş şücaətləri heç zaman
unudulmur.
Azərbaycanda elə bir
ailə tapılmaz ki, o illərdə müharibədə
iştirak etməmiş olsun. Azərbaycanın cəsur
oğullarının qəbirlərinə Yuqoslaviya, Fransa,
Bolqarıstan, Almaniya, Polşa, Yunanıstan, İtaliya,
Çexiya, Ukrayna, Rusiya, Estoniya, Belarusiya qəbiristanlıqlarında
rast gəlmək olur. Qəhrəman
oğullarımızın müharibədə göstərdikləri
igidlikləri yada salanda onların ayaq izləri dəyən
yerlərin çox geniş bir coğrafi xəritəsi
yaranır. Moskva, Brest, Odessa, Sevostapol, Kiyev, Stalinqrad... O
ağır günlərdən illər ötməsinə
baxmayaraq bu gün də həmin müharibənin vurduğu
ağır yaralar sağalmır.
Ulu öndər Heydər
Əliyev 1997-ci ildə "Azərbaycan Respublikası Xatirə
Kitabı nəşrinin bərpa olunması haqqında"
xüsusi qərar qəbul etdi. İndi bu kitabın altı
cildi nəşr edilib. Burada istər 1941-1945-ci il müharibəsində
iştirak edən, istərsə də Qarabağ
savaşında torpaqlarımızın
bütövlüyü uğrunda həlak olan şəhidlərimizin
adları əlifba sırası ilə
düzülübdür. Əlbəttə, belə bir
kitabın hazırlanması çox vacibdir. Bu, hər şeydən
əvvəl tarixi yaddaşın qorunmasına xidmət edir.
Ona görə də
ölkə Prezidenti tərəfindən Qələbənin 65
illik yubileyinin qeyd edilməsini lazımi səviyyədə
keçirmək naminə Milli Proqramın imzalanması
çox əhəmiyyətlidir. Yubileyin təntənəli
qeyd edilməsi üçün Azərbaycan xalqının
xidmətlərini gənc nəslə çatdırmaq məqsədilə
müxtəlif yerlərdə yığıncaq və digər
kütləvi tədbirlər təşkil olunmalıdır. Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə respublikanın kitabxana və
muzeylərində müxtəlif sərgilər təşkil
olunacaq, filmlər nümayiş etdiriləcək, həmçinin
müharibə mövzusundan bəhs edən əsərlərin
də nəşri nəzərdə tutulur. Bu tədbirlərin
içində diqqəti çəkən bir bölmə də
var: "Qələbənin ildönümünə həsr
edilmiş "Bakıdan Berlinədək turist marşrutunun həyata
keçirilməsi".
Xatirə komplekslərinin
ziyarət edilməsi də tədbirlər planına daxil
edilib. Milli Proqramda nəzərdə tutulan vacib məsələlərdən
biri də Qələbənin 65 illiyi ilə əlaqədar
Moskva şəhərində keçiriləcək hərbi
paradda respublika veteranlarının iştirakının təmin
edilməsidir. Əlbəttə, illər keçdikcə, o
igid insanların da sırası azalmaqdadır. Lakin qəhrəmanlıq
heç vaxt unudulmur. Bu səbəbdən də 1941-1945-ci illər
müharibəsində həlak olanların, sonradan vəfat
etmiş müharibə veteranlarının respublikanın ərazisində
yerləşən qəbirlərinin, xatirə komplekslərinin,
qardaşlıq qəbiristanlıqlarının lazımi səliqə-sahmana
salınması və onların
pasportlaşdırılması da tezliklə başa
çatmalıdır. Ən yaxşı cəhətlərdən
biri də budur ki, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi 1941-1945-ci illər müharibəsi
veteranlarının Qələbənin 65 illik yubileyi
dövründə şəhərlərarası və beynəlxalq
danışıqlarını pulsuz təmin edəcəkdir.
Müharibə
veteranlarına qayğı və diqqətin daha da
artırılması Milli Proqramda xüsusi bəndlərlə
qeyd edilmişdir. Onların sağlamlığının
yaxşılaşdırılması məqsədilə
sanatoriya-kurort müalicəsi təmin olunacaqdır. Mənzil
şəraitlərinin yaxşılaşdırılması məqsədilə
müəyyən işlər görüləcək,
müharibə veteranlarına birdəfəlik maddi
yardımın verilməsi ilə bağlı addımlar
atılacaq, pensiyalarının baza hissəsinə əlavələr
ediləcəkdir.
Bəşəriyyəti
faşizm taunundan xilas edənlər tarixin yaddaşında əbədi
yaşayırlar. Milyonlarla insanın həyatı və qəhrəmanlığı
hesabına başa gələn bu Qələbə heç
vaxt unudulmur və bu şərəfli tarixi məqamın
yaranmasında Azərbaycan oğul-qızlarının da istər
ön, istərsə də arxa cəbhədə böyük
xidmətləri var. Ona görə də belə bir Milli
Proqramın hazırlanıb həyata keçirilməsi
sülh yolunda həlak olan insanların ruhuna ən
böyük ehtiramdır.
F.XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 12 iyul.- S. 3.