Vətəndaşa hesabatdan yayınan "vətəndaş
cəmiyyəti təmsilçiləri"
Sivil dövlətin vacib
atributlarından sayılan qeyri-hökumət təşkilatlarının
(QHT) genişmiqyaslı fəaliyyəti Azərbaycanda vətəndaş
cəmiyyəti quruculuğu baxımından mühüm əhəmiyyət
kəsb edir. Son beş
ildə respublikamızın Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi altında əldə etdiyi uğurlar da vətəndaş
cəmiyyəti təsisatlarının səmərəli fəaliyyətinə
kömək göstərilməsində, həmçinin
qeyri-hökumət təşkilatlarını dəstəkləmək,
inkişaf etdirmək sahəsində dövlətin
imkanlarını genişləndirir. Büdcə gəlirlərinin
və ümumi daxili məhsulun artımı insan və şəxsiyyət
azadlığına, demokratik dəyişikliklərin mahiyyətinin
adekvat dərkinə, məqsədyönlü ictimai təşəbbüslərin
artmasına əlverişli zəmin yaradır.
Azərbaycan dövlət
müstəqilliyini əldə etdikdən sonra
respublikamızda vətəndaş cəmiyyəti
institutlarının fəaliyyətini tənzimləyən bir
sıra qanunvericilik aktları qəbul olunmuş, 1992-ci ildə
qeyri-hökumət təşkilatlarının
yaradılması və fəaliyyət prinsiplərini tənzimləyən
"İctimai birliklər haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir. Bu sənəd ictimai birliklərin
yenicə formalaşdığı həmin illərdə
dövlətlə QHT-lər arasında münasibətlərin
sivil məcrada tənzimlənməsinə xidmət
etmişdir. Sonrakı illərdə respublikanın
sosial-iqtisadi, hüquqi və siyasi cəhətdən sürətli
inkişafı, yeni ictimai münasibətlərin
formalaşması qanunvericilikdə müəyyən dəyişikliklərin
vacibliyini nümayiş etdirmişdir. Azərbaycan
Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü
əsasında 13 iyun 2000-ci il tarixdə "Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında" qanunun qəbulu da məhz bu zərurətdən
irəli gələrək yeni dövrün tələblərinə
cavab vermişdir.
"Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında" qanuna əsasən, ictimai birlik - təsis sənədlərində
müəyyən olunmuş məqsədlərlə ümumi
maraqlar əsasında birləşmiş bir neçə
fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü
ilə yaradılmış könüllü,
özünüidarəedən, öz fəaliyyətinin əsas
məqsədi kimi gəlir əldə etməyi nəzərdə
tutmayan və əldə edilən gəliri üzvləri
arasında bölməyən qeyri-hökumət təşkilatıdır.
Qeyri-hökumət təşkilatı
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları
ilə qadağan olunmamış məqsədlər
üçün yaradıla və fəaliyyət göstərə
bilər. Qeyri-hökumət təşkilatlarına ictimai
birliklər, fondlar, assosiasiyalar, həmkarlar ittifaqları, dini
təşkilatlar və s. qurumlar aiddir. Biznes qurumlarından fərqli
olaraq bu ictimai təşkilatların yaradıcıları gəliri
öz aralarında bölmür, onu ictimai xarakterli problemlərin
həllinə yönəldirlər.
Son beş ildə
respublikada demokratik proseslərin daha da dərinləşdirilməsi
və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində
ardıcıl və sistemli tədbirlər həyata keçirən
Azərbaycan Prezidenti İlham Əliyev milli QHT sektorunun
inkişafına dövlət dəstəyinin gücləndirilməsini
və onun maliyyələşmə mənbələrinin
şəffaflığının təmin edilməsini
mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Dövlət
başçısının 27 iyul 2007-ci il tarixli "Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi
haqqında" sərəncamı dövlətlə
qeyri-hökumət sektoru arasındakı əməkdaşlığın
inkişafı, vətəndaş cəmiyyəti quruculuğu
prosesinin sürətləndirilməsi, üçüncü
sektorun fəaliyyətini dəstəkləmək sahəsində
dövlət siyasətinin təkmilləşdirilməsi
istiqamətində atılan mühüm addım kimi dəyərləndirilməlidir.
Qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyinin məqsədləri cəmiyyətdə
yeni münasibətlər modelinin
formalaşdırılması, vətəndaş cəmiyyəti
institutlarının müasirləşdirilməsi, vətəndaş
təşəbbüsünün artırılması, milli
maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli
problemlərin həllinə cəlb olunması, dövlət və
cəmiyyətin inkişafı üçün əhəmiyyət
kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir.
Sözügedən
konsepsiyanın imzalanması göstərir ki, vətəndaş
cəmiyyətinin inkişafında maraqlı olan cənab
İlham Əliyev bu məqsədlə qeyri-hökumət təşkilatlarının
fəaliyyətində özünü göstərən
müəyyən problemlərin aradan qaldırılmasına
çalışır.
Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi Konsepsiyası milli maraqların
qorunması, Konstitusiya və qanunlara hörmətin
formalaşdırılması, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
respublikamızın ərazi bütövlüyü çərçivəsində,
beynəlxalq normalara uyğun həlli ilə bağlı Azərbaycanın
mövqeyinin dünyada fəal şəkildə təbliğ
edilməsi sahəsində qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin gücləndirilməsini, onlara dövlət
dəstəyinin verilməsini nəzərdə tutur. Sənəddə dövlət və
cəmiyyətin inkişafı üçün əhəmiyyət
kəsb edən problemlərin həllinə qeyri-hökumət
təşkilatlarının cəlb olunması və belə
layihələr üzrə onlara məlumat, metodiki, təşkilati-texniki,
maliyyə yardımlarının göstərilməsi prioritet
kimi müəyyən edilir.
Dövlət
başçısı İlham Əliyev "Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi
haqqında" sərəncama müvafiq olaraq 13 dekabr 2007-ci
il tarixdə "Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının yaradılması
haqqında" fərman imzalamışdır. Şura dövlət orqanları
ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın
təşviqi və qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyinin həyata keçirilməsi sahəsində
ixtisaslaşmış orqan funksiyasını yerinə yetirir.
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi
Şurasının 2008-ci ildə elan etdiyi maliyyə
yardımı müsabiqəsində qalib gələn 191
qeyri-hökumət təşkilatına ümumilikdə 1
milyon 200 min manat vəsait ayrılmışdır. 2009-cu ildə
bu məqsədlə dövlət büdcəsində 2 milyon
68 min manat nəzərdə tutulmuş, ümumilikdə 226
QHT-yə 1 milyon 848 min manat ayrılmışdır.
Etiraf etməliyik ki, uzun
illər ərzində Azərbaycanda qeyri-hökumət təşkilatları
ilə bağlı özünü qabarıq göstərən
və ölkənin milli təhlükəsizliyinə potensial
təhdid kimi dəyərləndirilən ciddi problemlərdən
biri də onların maliyyələşmə mənbələri
ilə bağlı olmuşdur. Ölkədə fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının əksəriyyəti
bu gün də yalnız xarici donorlar hesabına maliyyələşirlər.
Yerli donorçuluğun inkişaf etməyə
başladığı hazırkı şəraitdə isə
bunu normal hal kimi dəyərləndirmək mümkün deyil.
Məsələ burasındadır ki, ən müxtəlif
xarici mənbələr hesabına maliyyələşən
qeyri-hökumət təşkilatlarının kənar təsir
altına düşərək dövlət və xalq
maraqları əleyhinə fəaliyyət göstərməsi
ilə bağlı cəmiyyətdə əsaslı
şübhələr mövcuddur.
"Qrant
haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin
4-cü bəndinə əsasən, Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxsi olan
donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi
haqqında, həmçinin Azərbaycan Respublikasının
resipiyentləri tərəfindən qrant alınması
haqqında müqavilələr (qərarlar) müvafiq icra
hakimiyyəti orqanında qeydə alınmalıdır. Azərbaycan Respublikası
Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanının
3-cü bəndinə əsasən, qrant alınması
haqqında müqavilələr (qərarlar) qeyri-kommersiya
hüquqi şəxslərə münasibətdə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata
alınırlar.
Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin
223-1-ci maddəsinə əsasən, qrant alan hüquqi şəxslər
tərəfindən qrant alınması haqqında müqavilələrin
və qərarların surətlərinin qeydiyyatı
üçün qanunvericiliklə müəyyən edilmiş
müddətlərdə (1 ay) Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim
edilməməsinə görə iyirmi manatdan əlli manatadək
miqdarda cərimə müəyyən edilirdi. Azərbaycanın
hazırkı iqtisadi inkişafı şəraitində son dərəcə
kiçik olan bu cərimə məbləği əksərən
qeyri-hökumət təşkilatlarının
arxayınçılığına və qanunvericiliyin tələblərinə
etinasız münasibətinə gətirib
çıxarırdı. 16 dekabr 2008-ci il tarixdə qrant
qanunvericiliyi ilə bağlı Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
223-1.1-ci və 223-1.2-ci maddələrinə dəyişikliklərin
edilməsi isə məhz belə hallara qarşı inzibati məsuliyyətin
gücləndirilməsinə xidmət edir. Həmin dəyişikliyə
görə, aldıqları qrantları bir ay müddətində
Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyən
qeyri-hökumət təşkilatları üçün tətbiq
olunan cərimənin məbləği min manatdan iki min beş
yüz manatadək müəyyən edilmişdir. Bu dəyişiklik
yeni dövrün tələblərindən irəli gələrək
qeyri-hökumət təşkilatlarının maliyyə mənbələrinin
şəffaflığının təmin edilməsi məqsədilə
atılmış addımdır.
Qeyri-hökumət təşkilatlarının
fəaliyyətində şəffaflığın və
maliyyə intizamının möhkəmləndirilməsi həm
də qloballaşan dünyada getdikcə transmilli xarakter alan
korrupsiya, beynəlxalq terrorizmin maliyyələşdirilməsi,
qeyri-qanuni yolla əldə edilmiş pulların
leqallaşdırılması cəhdləri kimi qlobal cinayətlərə
qarşı mübarizənin daha səmərəli əsaslarla
təşkili zərurətindən irəli gəlir. Bu
baxımdan Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2009-cu
il tarixli sərəncamı ilə təsdiq edilmiş
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılmasına
və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında" qanunun əhəmiyyətini
də xüsusi vurğulamaq lazım gəlir. Qanun cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılması və
ya terrorçuluğun maliyyələşdirilməsi ilə
bağlı hüquqpozmaların aşkar edilməsi və
qarşısının alınması üçün
hüquqi mexanizmin yaradılmasına, belə pul vəsaitlərinin
və ya digər əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsi məqsədi
ilə maliyyə sistemindən istifadə olunması
imkanlarını istisna edən şəraitin
yaradılmasına, bu sahədə dövlətin və cəmiyyətin
maraqlarının qorunmasına yönəlmişdir. Qanunda
QHT-lərin fəaliyyətində şəffaflığın
və hesabatlılığın gözlənilməsi ilə
bağlı da müəyyən güzəştlər nəzərdə
tutulmuşdur.
Bir neçə gün
öncə "Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında" Azərbaycan
Respublikası Qanununa əlavə və dəyişikliklər
edilməsində məqsəd də bu sahədə bəzi
hüquqi boşluqları aradan qaldırmaq, eyni zamanda
qeyri-hökumət təşkilatlarının fəaliyyətində
şəffaflığı təmin etməkdir. Məsələn, təklif edilən
dəyişikliklərdən biri qeyri-hökumət təşkilatlarının
dövlət orqanlarının və görkəmli şəxsiyyətlərin
adlarından - onların yaxın qohumlarının və ya vərəsələrinin
icazəsi olmadan - istifadəsinə qadağa qoyur. Şübhəsiz,
bu dəyişiklik nüfuzlu dövlət orqanlarının, o
cümlədən görkəmli şəxsiyyətlərin
adlarından sui-istifadə edilməsi hallarının
qarşısının alınması baxımından son dərəcə
vacibdir. Eyniadlı dövlət qurumunun və QHT-nin fəaliyyət
göstərməsinə heç bir halda haqq qazandırmaq
mümkün deyil. Məlumat üçün bildirək ki,
bir çox ölkələrdə firma adlarının,
ümumiyyətlə, hüquqi şəxslərin
adlarının qorunması ilə bağlı xüsusi qanun
var.
Qanuna edilmiş başqa
bir dəyişikliklə QHT-lərin nizamnamələrində
dövlət orqanlarının və bələdiyyələrin
vəzifələrinin əksini tapmasına qadağa qoyulur. Yəni QHT-lərin dövlət
və bələdiyyə orqanlarının səlahiyyətlərinə
müdaxiləsi yolverilməz hesab olunur.
"Qeyri-hökumət
təşkilatları (ictimai birliklər və fondlar)
haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə
təklif olunan digər mühüm dəyişikliyə
görə, "Dövlətin Konstitusiya quruluşunun əsasları
və təhlükəsizliyi, ictimai qayda üçün təhlükə
törədən, irqi, dini, milli ayrı-seçkiliyi təşviq
edən, habelə mənəviyyatı təhqir edən
qeyri-hökumət təşkilatlarının
yaradılmasına yol verilmir". Azərbaycan dövləti vətəndaşların
birləşmək azadlığına hörmətlə
yanaşsa da, ictimai təhlükəsizlik və ümumiyyətlə,
təhlükəsizliyin təmini məsələsini də
vacib sayır. Respublikamızda milli, dini, irqi
ayrı-seçkilik yaradan hər cür fəaliyyət
ölkə Konstitusiyası və qanunvericiliyi ilə birmənalı
yasaq edilir. Bu baxımdan belə bir qadağanın
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında" qanunda əksini tapması da
tamamilə məntiqidir.
Qanuna edilmiş digər
dəyişikliyə görə, yalnız Azərbaycan ərazisində
daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər burada QHT təsis edə bilərlər.
Eləcə də Azərbaycanda
fəaliyyət göstərmək istəyən xarici QHT-lər
hökumətlə imzalanan saziş əsasında fəaliyyət
göstərəcəklər.
Ümumiyyətlə, hər
bir qanun müəyyən fəaliyyət sahəsinin hüdud
və çərçivələrini, başqa sözlə,
vətəndaşın hüquq və vəzifələrini
özündə ehtiva edir. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında" qanuna edilən əlavə və
dəyişikliklər də bu sahədəki bəzi
boşluqların aradan qaldırılmasına, QHT-lərin fəaliyyətində
nizam-intizamın, şəffaflığın,
hesabatlılığın gücləndirilməsinə xidmət
edir.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 12 iyul.- S. 3.