Azərbaycan uğurlu iqtisadi inkişaf nümunəsi
yaradır
Dünyanın iqtisadi mənzərəsini
müəyyənləşdirən dövlətlərin və
transmilli şirkətlərin gündəmində əsas yerlərdən
biri hələ də qlobal maliyyə böhranı və onun
doğurduğu fəsadlarla bağlıdır. Təsadüfi
deyil ki, bu məsələ İtaliyada keçrilən
"Böyük səkkizliyə" üzv ölkələrin
zirvə toplantısında diqqət yetirilən əsas
mövzulardan biri olub. Ancaq proseslərin ümumi gedişi
göstərir ki, dünya hələ də qlobal
böhranın fəsadlarından əziyyət çəkməkdə
davam edəcək.
Azərbaycan daxili imkanlarına güvənir
Beynəlxalq Valyuta
Fondunun yeni açıqlanan Ümumdünya Qlobal İqtisadi
Proqnoz (World Economic Outlook) hesabatından məlum olur ki, qlobal
iqtisadiyyat asta sürətlə tənəzzüldən
çıxsa da, bu proses qeyri-sabit və yavaş olacaq. Fondun
mütəxəssislərinin fikrincə, inkişaf etmiş
dövlətlərdə yalnız gələn ilin ikinci
yarısından etibarən iqtisadi artım qeydə
alınmağa başlayacaq. İnkişaf etməkdə olan
ölkələrdə isə vəziyyətin daha ağır
olacağı proqnozlaşdırılır.
Beynəlxalq Valyuta
Fondunun dəyərləndirmələrinə görə,
maliyyə bazarları və banklarda hələ də problemlər
qalır. Qlobal səviyyədə ümumi daxili məhsulun əvvəlki
kimi artım tempi isə hələ gələn ilin ortalarında
qeydə alına bilər. Beləliklə, aydın olur ki, real
vəziyyət üçün qlobal iqtisadi böhranın
qarşısının alınması məqsədilə
dünya dövlətləri tərəfindən edilən cəhdlər
hələ ki, istənilən nəticəni vermir. Dünyanın
ən aparıcı dövlətləri, beynəlxalq miqyasda
kifayət qədər yaxşı tanınan şirkətlər
hələ də böhranın qarşısında aciz
durumda qalmaqda davam edir. Lakin o da faktdır ki, dünyanın az
sayda olsa da elə dövlətləri mövcuddur ki, qlobal
iqtisadi böhran fonunda belə dinamik inkişaf tempini qoruyub
saxlamaqdadır. Postsovet məkanında belə dövlətə
misal kimi dünyanın ən mötəbər təşkilatlarında
məhz Azərbaycanın adının çəkilməsi
artıq ənənə halı alıb. Məhz Azərbaycanda
həyata keçirilən uğurlu siyasət nəticəsində
bu gün ölkə iqtisadiyyatının hər hansı sahəsi
qlobal böhranın dağıdıcı təsirinə məruz
qalmayıb.
Prezident İlham Əliyev
bildirir ki, əslində bu böhran, kimin nəyə qadirliyini
və hansı ölkənin hansı imkanlara malik olduğunu
üzə çıxardı: "Normal durumda hesab oluna bilər
ki, bu ölkə də, o ölkə də uğurlu inkişaf
edir. Amma böhranlı
günlərdə bilinir ki, kim nəyə qadirdir.
Bizim ətrafımızda
yerləşən ölkələr faktik olaraq dilənçi
vəziyyətinə düşüblər, gedirlər
oradan-buradan pul xahiş edirlər. Xarici maliyyə
yardımı olmadan o ölkələr yaşaya bilmir. Onlar, əslində,
həmişə başqalarının hesabına
yaşamışlar və buna alışmışlar. Ancaq bu
vəziyyət çox çəkə bilməz.
Azərbaycan öz
hesabına yaşayır, daxili imkanlarına güvənir, Azərbaycan
xalqının istedadına, imkanlarına, Azərbaycan
iqtisadiyyatının gücünə, öz siyasi gücünə
arxalanır, bölgədə əldə edilmiş mövqelərə
və müstəqil siyasətə arxalanır".
Qeyd edək ki, Azərbaycanın
ətrafında yerləşən və qlobal böhran şəraitində,
sözün əsl mənasında, dilənçi vəziyyətinə
düşən Ermənistan məhz xarici dövlətlərin
ona edəcəyi yardımlardan tam şəkildə
asılı vəziyyətə düşüb. Hətta
iş o yerə çatıb ki, Ermənistanda dövlət
büdcəsi xaricdən alınan kreditlər hesabına
doldurulur. Cari ilin birinci rübündə isə Ermənistanda
ümumi daxili məhsul istehsalı 6,1 faiz azalıb. Bu ölkənin
Statistika Komitəsinin məlumatına görə, geriləmə
iqtisadiyyatın demək olar ki, bütün sahələrində
qeydə alınıb. Üstəlik birinci rübdə
idxalın ixracı 5,3 dəfə üstələməsi
ticarət balansının pisləşməsindən və
böyük ölçüdə mənfi saldonun
yaranmasından xəbər verir.
Ermənistandan, eləcə
də dünyanın bir çox ölkələrindən fərqli
olaraq Azərbaycanın iqtisadi inkişafı 2009-cu ilin birinci
rübündə də uğurlu olub. Belə ki, cari ilin ilk
rübündə ölkəmizdə iqtisadiyyatın dinamik
inkişaf tempi qorunub saxlanıb. Təkcə bir faktı qeyd
etmək kifayətdir ki, bu ilin ilk üç ayında Azərbaycanda
ümumi daxili məhsul 4,1 faiz artıb.
MDB məkanında ən perspektivli bank sektoru Azərbaycana
məxsusdur
Azərbaycan
üçün digər fərqləndirici cəhət isə
beynəlxalq maliyyə təşkilatlarının qlobal
iqtisadiyyatda vəziyyətin daha da pisləşdiyini göstərdiyi
sahələr üzrə ölkədə inkişaf tempini
qoruyub saxlaya bilməsidir. Beynəlxalq Valyuta Fondunun ekspertləri
tərəfindən belə sahələrdən biri kimi bank
sektoru göstərilir və dünya üzrə bu sahədə
problemlərin qalmaqda davam etdiyi vurğulanır. Ancaq Azərbaycanda
bu sahədə vəziyyət tam fərqlidir.
Məsələn,
aparılan araşdırmalardan məlum olub ki, 2009-cu il iyunun
1-nə qədər əhalinin banklar tərəfindən cəlb
olunmuş əmanətlərinin həcmi 1 milyard 844,9 milyon
manata bərabər olub. Bu rəqəm 2008-ci il iyunun 1-nə
nisbətən 15,1% çoxdur. Qeyd edilən fərq nisbəti
isə iki mühüm məqamı özündə əks
etdirir. Əvvəla, əhalinin maddi rifah halı, pul gəlirləri
yüksəkdir və elə buna görə də əhali tərəfindən
banklara yatırılan əmanətlərin həcmində
artım qeydə alınıb.
İkincisi, banklarda əmanətlərin
həcminin çoxalması bu maliyyə institutlarının
qlobal böhran şəraitində likvidlik problemini daha asan həll
etməsinə, həmçinin daha böyük miqdarda istehlak
və digər növ kreditlər verməsinə münbit
şərait yaradır.
Bu arada qeyd etmək yerinə
düşərdi ki, artıq banklar tərəfindən əhaliyə
verilən istehlak kreditlərinin həcmi yenidən artan xətt
üzrə inkişaf etməyə başlayıb. Ümumiyyətlə
isə, cari ilin may ayına olan məlumata görə, ölkə
iqtisadiyyatına qoyulan kreditlərin həcmi 78 milyon manat
artaraq 6 milyard 356 milyon manata çatıb. Bu da öz növbəsində
iqtisadiyyatın əksər sahələrinə verilən
kreditlərin həcminin artması ilə müşayiət
olunub. Ən çox artım ticarət və xidmət sahəsinə
verilən kreditlərdə özünü göstərib. Bu
sahələrdə kredit artımının məbləği
təxminən 33 milyon manat təşkil edib.
Sənaye və istehsal
sahələrinə verilən kreditlərin həcmində qeydə
alınan artımın miqdarı isə 10 milyon manat təşkil
edib. Analoji vəziyyət özünü nəqliyyat və
rabitə sahələrinə verilən kreditlərdə də
göstərib. Belə ki, bu sahələr üzrə verilən
kreditlərin həcmində 15 milyon manatdan çox artım
qeydə alınıb. Konkret olaraq istehlak kreditlərinə gəlincə,
buradakı artımın miqdarı 13 milyon manat təşkil
edib. Xatırladaq ki, ölkədə böyük sürətlə
böyüyən istehlak kreditləri dünyadakı maliyyə
böhranı səbəbindən ötən ilin
sentyabrından etibarən müəyyən miqdarda olsa da
azalmağa başlamışdı. Lakin Mərkəzi Bank və
digər müvafiq qurumlar tərəfindən görülən
tədbirlər nəticəsində bu sahədə də vəziyyət
dəyişdi və qeyd edildiyi kimi, artıq istehlak kreditlərinin
də həcmi artan xətt üzrə inkişaf edir.
Bütün bunlar bank
sektorunun inkişafını əyani nümayiş etdirməklə
yanaşı, həm də əhalinin kreditlərə olan tələbatının
ödənilməsində hər hansı ciddi problemin
olmadığından xəbər verir. Yəni, yerli banklar bu
tələbatı tam qarşılamaq iqtidarındadır ki,
bu da onların inkişaf göstəricisinin qlobal böhran
şəraitində belə məqbul həddə olduğundan
xəbər verir. Məhz bunun nəticəsi olaraq
dünyanın aparıcı maliyyə institutlarından biri
sayılan Avropa Yenidənqurma və İnkişaf
Bankının nümayəndəsi Frensis Deley qeyd edir ki, MDB məkanında
ən perspektivli bank sektoru Azərbaycana məxsusdur. Onun
sözlərinə görə, əgər müqayisəli təhlil
aparılsa, Azərbaycanın bank sektorunun MDB məkanında
daha cazibədar olduğu meydana çıxar: "MDB-nin digər
ölkələri ilə müqayisədə dünya
böhranının Azərbaycanın bank sektoruna təsiri bir
o qədər də güclü olmayıb".
Qlobal böhranın dünyada sarsıtdığı
daha bir sahənin Azərbaycanda inkişafı qeydə
alınır
Qlobal iqtisadi
böhranın sarsıtdığı əsas sahələrdən
biri olan qiymətli kağızlar bazarında da Azərbaycanda
proseslərin inkişafı müsbət istiqamətdədir. Xüsusən
də son dövrlər ölkəmizdə istiqraz
bazarının inkişaf etdirilməsi istiqamətində
olduqca ciddi addımlar atılmaqdadır. Ümumiyyətlə,
ekspertlər belə hesab edir ki, indi vəsait əldə etməyin
geniş yayılan yollarından biri də istiqrazların
buraxılmasıdır. İstiqraz buraxanlar onlara lazım olan
vəsait əldə edirlər, belə kağızların
alıcıları isə vəsaitlərini etibarlı və
gəlirlə yerləşdirirlər. Bu məsələ ilə
bağlı bir neçə gün əvvəl Azərbaycanda
korporativ istiqraz bazarının inkişafı ilə əlaqədar
beynəlxalq konfrans da təşkil edilib. Həmin konfransda bir
daha açıq şəkildə bəyan edilib ki, kapital bazarı
ölkə iqtisadiyyatına əlavə və daha ucuz vəsait
gətirməyə imkan vermək iqtidarındadır. Bunu nəzərə
alan ölkənin bir neçə iri şirkəti artıq
istiqraz buraxacaqlarını bəyan edirlər.
Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına
görə, tezliklə yeni növ korporativ istiqraz kommersiya
adlanan alətin də bazara çıxması gözlənilir.
Qeyd edək ki, ilin əvvəlindən bəri ölkədə
istiqraz bazarı 50 faiz artıb. Azərbaycanın qiymətli
kağızlar bazarı üçün mühüm olacaq bu
yeniliyə Türkiyənin "Yapı kredit" bankı da
kömək etmək niyyətindədir. Azərbaycanda 200
milyona yaxın aktivləri olan və ölkəyə 50 milyon
dollardan çox investisiya qoyan şirkətin rəhbərliyi
bildirir ki, qiymətli kağızlar bazarı ilə
bağlı təcrübəsini ölkəmizdə tətbiq
etmək niyyətindədir.
Onu da xatırladaq ki,
iyunun 16-da ilk dəfə olaraq Bakı Fond Birjasında (BFB)
İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi
prosesi həyata keçirilib. Hərraca 15 milyon manat həcmində
adlı, faizli istiqraz çıxarılıb. Bir istiqrazın
nominal satış qiyməti 1000 manat təşkil edib. İllik
gəlirliyi 3 faiz olan istiqrazlar 7 illiyə buraxılıb və
onların son ödəmə tarixi 2016-cı ilin mayına qədərdir.
İpoteka Fondunun istiqrazları elə hərraca
çıxardığı ilk gündən onlara tələbat
kifayət qədər böyük olub. Bununla yanaşı, gələcəkdə
xaricdə Azərbaycana məxsus istiqrazların da yerləşdirilməsi
gözlənilir. Əsasən xarici investorlara satılacaq bu
istiqrazlar avrobondlardır.
Ticarətin əlverişliliyinə görə də
Azərbaycan ön sıradadır
Qiymətli
kağızlar və bank sektoru ilə yanaşı, ölkədə
əvvəlki kimi iqtisadiyyatın digər sahələrində
də inkişaf tempi qorunub saxlanmaqdadır. Məsələn,
cari ilin ilk 5 ayı ərzində Azərbaycana hüquqi və
fiziki şəxslər tərəfindən gətirilən
yüklərin həcmində ötən ilin analoji
dövrü ilə müqayisədə 2,4 dəfəyədək
artım qeydə alınıb. Rusiyanın "Novıe
İzvestiya" qəzetinin yaydığı məlumata
görə cari ilin yanvar-may aylarında MDB məkanında sənaye
istehsalının artımı yalnız Azərbaycanda qeydə
alınıb. Belə ki, bu ilin ilk beş ayı ərzində
Azərbaycanda sənaye istehsalının 1,3 faizlik
artımı baş verib.
Bundan əvvəl MDB
Statistika Komitəsi də sənaye istehsalının yalnız
ölkəmizdə olduğunu təsdiqləmişdi. Digər
MDB ölkələrində isə bu sahədə əks
proseslər müşahidə edilməkdədir. Məsələn,
Ukrayna kimi iqtisadiyyatı sənaye məhsullarına əsaslanan
ölkədə bu sahədə 31,9 faiz geriləmə qeydə
alınıb. Moldovada sənaye istehsalında azalma səviyyəsi
25,3 faiz təşkil edib. Hesabat dövrü ərzində
Tacikistanda sənaye istehsalında 11,9 faiz, Ermənistanda 11,1
faiz, Qazaxıstanda 4,8 faiz, Belarusda 3,6 faiz həcmində geriləmə
qeydə alınıb. Azərbaycanın isə qlobal
böhranın təsirlərindən uğurla müdafiə
olunması ölkəmizdə sənaye istehsalında
inkişaf dinamizminin qorunub saxlanmasına səbəb olub.
Eyni sözləri ticarət
sahəsi, burada yaradılan əlverişli vəziyyət barədə
də söyləmək mümkündür. Ümumdünya
İqtisadi Forumunun "The Enabling Trade Index 2009" adlı
yeni hesabatında göstərilir ki, MDB-də ticarətin əlverişlilik
göstəricisinə görə Azərbaycan ön
sıradadır və bu sahədə Ukrayna, Qazaxıstan,
Qırğızıstan, Rusiya kimi ölkələri
qabaqlayır.
Əlbəttə ki,
bütün bunlara qlobal iqtisadi böhran şəraitində
nail olmaq Azərbaycanın ciddi uğurlarından xəbər
verir. Bu mənada əminliklə söyləmək olar ki,
qlobal iqtisadi böhranın davam etmə müddətindən
asılı olmayaraq, onun Azərbaycana təsiri yenə də
minimal həddi keçməyəcək. Böhrandan
sonrakı dövrdə isə ölkə
iqtisadiyyatının inkişaf tempinin daha yüksək
göstəricilərlə ifadə olunacağı
şübhə doğurmur.
R.İSLAMOĞLU
Azərbaycan.-2009.- 12 iyul.- S. 3.