YAP Ağsu rayon təşkilatının konfransı keçirilmişdir

 

Qurucusu ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası çox çətin tarixi sınaqlardan keçərək bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında aparıcı qüvvəyə çevrilmişdir.

Bu fikir iyulun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının VII konfransında səslənmişdir.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə açılan konfransın əvvəlində ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edilmişdir.

Konfransda YAP rayon təşkilatının fəaliyyəti barədə təşkilatın sədri əvəzi Əli Hüseynovun məruzəsi, nəzarət-təftiş qrupunun və mandat komissiyasının hesabatları dinlənilmiş, çıxışlar olmuşdur.

Məruzə və çıxışlarda deyilmişdir ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. Bu inkişaf hər yerdə olduğu kimi, Ağsuda da öz bəhrəsini verməkdədir. Rayonun iqtisadiyyatı getdikcə möhkəmlənir, yeni istehsal sahələri yaradılır, Ağsu şəhəri və kəndlər abadlaşdırılır. Bu uğurlarda öz sıralarında 2917 nəfər üzvü birləşdirən YAP rayon təşkilatının əməyi az deyildir.

Konfransda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatları - Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, partiya mərkəzi aparatının nümayəndəsi Ərəstun Cavadov çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Sonra təşkilati məsələyə baxılmış, Əli Hüseynov YAP Ağsu rayon təşkilatının sədri seçilmişdir.

Konfransın təşkilat komitəsi və ağsaqqallar şurasının təklifi ilə 29 nəfərdən ibarət rayon şurasının tərkibi, habelə 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu müəyyənləşmişdir.

Konfrans iştirakçıları adından Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 iyul.- S. 3.