Ağcabədi yeni tədris ilinə yeniləşən məktəblərlə qədəm qoyacaq

 

İndi sinif otaqlarından uşaqların səsləri eşidilmir. Məktəbdəki sükutu inşaatçılar pozurlar. Haradasa yeni təhsil ocağı tikilir, haradasa məktəb binası təmir olunur. Dərs ilində olduğu kimi, Ağcabədi rayonunda tətil günlərində də təhsil işçilərinin qayğıları az deyil. Qarşıdan yeni dərs ili gəlir və təhsil müəssisələrində çalışırlar ki, şagirdlər növbəti Bilik gününü səliqəli və rahat sinif otaqlarında qarşılasınlar.

Milli Məclisdə "Təhsil haqqında" qanunun qəbul edilməsi rayonun ziyalıları arasında yüksək əhval-ruhiyyə yaradıb. Rayonun təhsil işçiləri "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2009-cu il tarixli sərəncamını da minnətdarlıqla qarşılayır və bunu gələcəyimiz olan uşaqlara böyük qayğı hesab edirlər.

Qeyd etmək lazımdır ki, Ağcabədi rayonunda 28 ümumtəhsil məktəbi uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Həmin məktəblərdə 7643 nəfər şagird təhsil alır. 15 ümumtəhsil məktəbinin isə əsaslı təmirə ehtiyacı vardır. Hazırda respublika Prezidentinin sərəncamından irəli gələn vəzifələrlə əlaqədar görüləcək işlər bir daha dəqiqləşdirilir.

Dövlət vəsaiti hesabına Nizami adına Avşar kənd orta məktəbi üçün 480 şagird yeri olan bina tikilir. Burada işlərin gedişi diqqət mərkəzindədir. Kənd sakinləri çoxdankı arzularının gerçəkləşdiyini görmək üçün tez-tez inşaatçıların yanına gəlir, tikintinin vəziyyəti ilə maraqlanırlar. Məktəb yeni dərs ilində istifadəyə veriləcəkdir.

Qələbədin kənd orta məktəbinin şagirdləri də yeni tədris ilində müasir tipli məktəbdə oxuyacaqlar. Burada da tikinti işləri dövlət vəsaiti hesabına aparılır.

ABŞ-ın ölkəmizdəki səfirliyinin vəsaiti ilə Nəcəfqulubəyli kənd orta məktəbi üçün inşa edilən 320 şagird yerlik binada tamamlama işləri gedir. Qaraxanlı kənd orta məktəbi üçün 180 şagird yeri olan yeni binanın layihə-smeta sənədləri hazırlanmışdır.

Rayondakı qəza vəziyyətində olan məktəblərdə də təmir işlərinə başlanıb. Məqsəd budur ki, şəhər məktəblərilə kəndlərdəki təhsil ocaqlarının səviyyəsi bərabərləşsin, kənd uşaqları da müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqlarında təhsil alsınlar.

Rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov deyir ki, Ağcabədidə təhsilin maddi-texniki bazası sürətlə möhkəmlənir. Son beş ildə rayonda 27 yeni məktəb binası tikilmiş, müasir avadanlıqlarla təchiz edilərək şagird və müəllimlərin istifadəsinə verilmişdir.

Dövlət başçısının təhsilə göstərdiyi qayğıya cavab olaraq rayonun təhsil işçiləri təkcə tədrisin keyfiyyətinə deyil, həm də istedadlı uşaqların aşkar edilməsinə, onların inkişafına, gənc nəsildə vətənpərvərlik hisslərinin tərbiyəsinə böyük diqqətlə yanaşırlar.

"Uşaq ili" çərçivəsində rayonun ümumtəhsil məktəbləri arasında "Uşaq ili istəyi" mövzusunda inşa, rəsm və foto müsabiqəsi keçirilmişdir. İnşa müsabiqəsində V.Cəfərov adına Təzəkənd kənd orta məktəbinin IX sinif şagirdi Gülnarə Cəfərova qalib olmuş və onun yazı işi respublika turuna göndərilmişdir.

Rəsm müsabiqəsində M.F.Axundov adına şəhər 3 saylı məktəb - liseyin IX sinif şagirdləri Elman Gəraylı rayon turunda 1-ci, Xumar Kərimli 2-ci, foto müsabiqəsində isə Hacıbəyli kənd orta məktəbinin IX sinif şagirdi Əfsanə Ələkbərova 1-ci yerə layiq görülmüş və bu işlər respublika turuna göndərilmişdir.

Fənn olimpiadalarının respublika turunda da rayon məktəbləri fərqlənərək ayrı-ayrı fənlər üzrə yüksək yerlərə layiq görülmüşlər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş və respublika Uşaq Təşkilatında keçirilən inşa-yazı müsabiqəsində S.Vurğun adına şəhər 4 saylı orta məktəbin şagirdi Fəridə Həsənova birinci yerə layiq görülmüş və fəxri fərmanla təltif edilmişdir.

Ulu öndərin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş şahmat üzrə respublika birinciliyinin final mərhələsində şahmat məktəbinin yetirməsi Orxan Sərxanlı 2-ci nəticə göstərərək Təhsil Nazirliyinin diplomuna və xüsusi mükafata layiq görülmüşdür.

Gənc nəslə göstərilən qayğı ölkəmizin gələcəyinə olan qayğıdır. Ağcabədidə də çalışırlar ki, bugünkü gənc nəsil həm müasir biliklərə yiyələnib yüksək intellektual səviyyəyə çatsın, həm də maddi-mənəvi dəyərlərimizə sahib çıxıb Azərbaycanın layiqli vətəndaşları kimi şöhrət qazansın.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 12 iyul.- S. 5.