Məhsuldarlıq yüksəkdir

 

Yarımca kəndindəki zəminin kənarında 3 kombayn, yanında isə yükünü özüboşaldan avtomaşınlar dayanmışdı. Günəşin qızmar şüasından çöhrələri mis rənginə boyanan adamlar biçinin başlayacağı anı gözləyirdilər. Sübh tezdən əsməyə başlayan xəfif meh zəmiləri dalğalandırır, dolu sünbüllər bolluqdan xəbər verirdi.

Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Abbas Əliyev zəmiyə bir daha göz gəzdirib kombaynçılara dedi:

- Siz bir stəkan çay için, o vaxtadək sünbüllərin şehi tam çəkiləcək.

Sonra üzünü mənə çevirdi:

- Dünən axşamdan yağan yağış işimizi çətinləşdirib. Səhər açılandan zəmilərdəki rütubətin çəkilməsini gözləyirik. Yaxşı ki, havada meh var. Yoxsa ləngiyərdik. İndiki halda biçin keçirmək mümkün deyil. Belədə itkilər çox olur, kombaynlar məhsuldar işləyə bilmir.

Ötən il su sarıdan böyük çətinliklərlə rastlaşdıq. Havalar yağmursuz keçdiyindən sututarlara lazımi həcmdə ehtiyat toplaya bilmədik. Bu səbəbdən taxıl əkinləri normal suvarılmadı, məhsuldarlıq aşağı oldu. Bu mövsüm isə vəziyyət yaxşıdır. Sututarlarımızda kifayət qədər ehtiyat var. Bu ehtiyat payız əkinlərinin da normal becərilməsinə imkan yaradacaq. Bu il havaların yağmurlu keçməsi taxılçılıq üçün əlverişli olub.

Torpaq mülkiyyətçisi Arif Cəfərov söhbətə qoşulub dedi ki, məhsul yığımı dövründə düşən yağıntıdan çox əziyyət çəkirik. Ötən həftə yağan dolu bir çox yerdə taxıl əkinlərinə ciddi ziyan vurub. Bu mövsüm 25 hektar sahədə məhsul yetişdirilib. Artıq 9 hektarlıq zəmidə biçin başa çatdırılıb. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülüb.

Onun həmkarı Yusif Məmmədov yüksək məhsuldarlığa nail olmanın səbəbini əkinçilikdə intensiv üsulların tətbiqində görür. Bu dəfə növbəli əkin üsulundan istifadə edib. Becərmə tədbirlərini də aqrotexniki qaydada aparıb. Nəticə yaxşı olub.

Ümumiyyətlə, cari ildə Naxçıvan Muxtar Respublikasının ən iri taxılçılıq rayonlarından olan Babək rayonunda 11 min 56 hektar sahədə taxıl yetişdirilib. Əvvəlki illərlə müqayisədə taxıl əkini sahələrinin həcmi 800 hektara yaxın artıb. Bu, taxılçılığa marağın artması ilə bağlıdır. Başqa sözlə, ölkə prezidentinin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli və "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" 21 avqust 2008-ci il tarixli sərəncamları bu sahənin inkişafında mühüm rol oynayıb.

Kombaynçılar biçinə başlayanda onlara uğurlar arzulayıb yolumuzu Nehrəm kəndindən saldıq. Bu kənddə yaşayan təcrübəli təsərrüfatçı Heydər Məmmədov əkinçiliklə bağlı fikirlərini bizlə bölüşür:

- Son illər əkinçiliklə, taxılçılıqla məşğul olmaq xeyli asanlaşıb. Yüksək məhsuldarlığı olan toxum sortlarının, yanacağın, gübrələrin dövlət dəstəyi ilə alınaraq torpaq mülkiyyətçilərinə güzəştli qiymətlərlə çatdırılması, suvarma sistemlərinin təkmilləşdirilməsi və yenidən yaradılması, ən müasir texniki avadanlıqların fermerlərin istifadəsinə verilməsi, ayrı-ayrı qurumlar tərəfindən ayrılan kreditlər önəmli rol oynayıb. Yerlərdə kiçik emal müəssisələrinin, un dəyirmanlarının yaradılması, alıcı probleminin həlli də öz sözünü deyib. Akademik Cəlal Əliyevin yetişdirdiyi "Qiymətli", Rusiyadan gətirilən "Moskvic", eləcə də çoxdan unudulan "Qılçıqsız" buğda növləri məhsuldarlığı ilə seçilir. Bir çox yerlərdə taxıl əkininin şırım üsulu ilə aparılması su itkisinin, torpağın yuyulmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarının tikilib istifadəyə verilməsi burada həyata keçirilən ən böyük infrastruktur tədbirlərindən biri olub. İndi onun gücü ilə Babək və Culfa rayonlarında 16 min 830 hektar sahə suvarılır. Yeni əkin dövriyyəsinə daxil olan 6919 min hektar torpaq sahəsinin 4300 hektarı burada yerləşir. Araz çayı üzərində quraşdırılan irihəcmli nasos-stansiyalar isə rayonun bir çox yaşayış məskənlərində suvarma suyuna olan ehtiyacın ödənilməsində önəmli rol oynayır. Bir çox kəndlərdə yeni subartezian quyuları qazılıb.

Babək rayonunun taxıl zəmilərində biçin kampaniyasının qızğın dövrüdür. Yetişdirilən bol məhsulu sürətlə və itkisiz toplamaq üçün vaxtında lazımi hazırlıq görülüb. Bir çox kəndlərdə biçin kampaniyası mütəşəkkil davam edir. Zəmilərə 30 kombayn çıxarılıb. Onlardan 5-i "Naxçıvan Aqrolozinq" ASC-nin yerli bazasına məxsusdur. 25 kombayn yerli sahibkarların ixtiyarındadır.

Ümumiyyətlə, bu mövsüm Nehrəm kəndində torpaq mülkiyyətçiləri 1085 hektar sahədə məhsul yetişdiriblər. Onun 454 hektarı arpadır. Hələlik zəmilərin yarısı biçilib. Məhsuldarlıq qənaətbəxşdir. Hektardan orta hesabla 26-27 sentner, Heydər Məmmədovun, Əhməd Həsənovun, Məmməd Əliyevin fərdi təsərrüfatlarında isə daha yüksək məhsuldarlıq əldə edilir.

Rayonda səriştəli təsərrüfatçılardan söhbət düşəndə Hacıvar kənd sakini Arif Cəfərovun da adı çəkilir. O həm də kənd bələdiyyəsinin sədridir. Yaxşı ailə təsərrüfatı yaradıb. Cari ildə 25 hektar sahədə taxıl əkiblər. O bu il becərdiyi sahələrin hər hektarından azı 35 sentner məhsul toplamaq əzmindədir.

Yeddi min nəfərə yaxın əhalinin yaşadığı Cəhri kəndində adamların dolanışığı əsasən əkinçilik və heyvandarlıqdır. Kənddə yeni subartezian quyularının qazılması, su-nasos stansiyasının əsaslı təmir olunaraq yenidən istifadəyə verilməsi imkanları daha da artırıb. Bu mövsüm 600 hektar sahəyə taxıl əkilib. Yusif Qasımov, Sabir Tahirov, Sənan Novruzov, Zahid İsmayılov daha çox sahədə məhsul yetişdiriblər.

Artıq bir həftədən coxdur ki, bu kənddə taxıl zəmiləri biçilir. Qızmar günlərdə də işin ahəngi aşağı düşmür. Zəmilərə 5 kombayn çıxarılıb. Hər gün orta hesabla 28-30 hektar sahə biçilir. Hektardan orta hesabla 27-28 sentner məhsul götürülür. Ötən illə müqayisədə bu hər hektardan 8-9 sentner çoxdur.

Yeri gəlmişkən, son illər rayonun Sirab, Cəhri, Hacıvar, Qoşadizə kəndlərində un dəyirmanları istifadəyə verilib, onların gündəlik birgə istehsal gücü 50 tondan artıqdır.

Muxtar respublikada daxili bazarın tələbatı da əsasən yerli istehsal hesabına ödənilir.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 12 iyul.- S. 5.