Yeni müəssisələrin yaradılması yerlərinin açılması regionların tərəqqisinə istiqamətləndirilib

 

Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bölgələrdə infrastrukturun yeniləşməsi, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elmi-texniki tərəqqinin tətbiqi, səhiyyədə xidmətin, müalicə və müayinənin müasir tələblər səviyyəsinə çatdırılması, müasir tələblərə cavab verə biləcək yeni təhsil müəssisələri, mədəniyyət evləri, kitabxana və s. sosial təyinatlı obyektlərin inşa olunması, ən başlıcası yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması nəzərdə tutulub.

Ümumiyyətlə, yeni proqramda ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı, regionlarda hər bir qəsəbə və kənddə əhalini narahat edən məsələlərin həlli prioritet vəzifə kimi qarşıya qoyulub. Nəzərdə tutulan tədbirlər ölkədə iqtisadi inkişafı daha da sürətləndirəcək, əhalinin həyat şəraitini yaxşılaşdıracaq. Yeni yaradılacaq sənaye müəssisələrindən biri respublikamızın qərb bölgəsində Azərbaycan Prezidenti İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi Şəmkirçay dəryaçasıdır. Bu dəryaçanın yaradılması hələ sovetlər dövründə dəfələrlə plana salınıb, silinirdi. Bəhanə lazımi vəsaitin yoxluğu göstərilirdi. Sovet İttifaqı rəhbərlərinin yoluna qoya bilmədiyi bu məsələni ölkə Prezidenti cənab İlham Əliyev yüksək səviyyədə həll etdi. Bu, son illərdə respublikamızda reallaşdırılan ən mühüm layihələrdən biridir. Hələ ulu öndər Heydər Əliyev Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə həmin layihənin həyata keçirilməsini bölgənin inkişafı üçün çox vacib hesab edirdi. Sevindirici haldır ki, Azərbaycanın ümumi iqtisadi yüksəlişinə, qərb bölgəsinin aqrar inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına hesablanmış bu tarixi layihə ümummilli liderin layiqli davamçısı tərəfindən bu gün artıq reallığa çevrilmişdir. Hesablamalara görə, dəryaçanın tikintisinə 400 milyon manat dəyərində investisiya qoyulacaq. Minlərlə insan işlə təmin olunacaqdır. Seyfəli yaşayış massivində - Qaraqocalı kəndinin yaxınlığında yaradılacaq Şəmkirçay su anbarı ilə yanaşı, burada su elektrik stansiyası, əsas kanal, qidalandırıcı kanal, sol və sağ sahil kanalları inşa ediləcəkdir. Şəmkir, qonşu Göygöl, Samux və Goranboy rayonlarının 50 min 122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşacaq, 20 min 834 hektar yeni sahənin suvarılması mümkün olacaqdır. Su anbarının ümumi tutumu 160 milyon kubmetr, faydalı iş həcmi 135 milyon kubmetr, illik orta su axını 260 milyon kubmetr olacaqdır. Təkcə bənd və bənd qovşağında 21 milyon kubmetrdən çox torpaq işi, 85 min kubmetr beton və daş-beton işləri görüləcəkdir.

Altı aqreqatın quraşdırılacağı stansiyanın illik enerji hasilatı 56 milyon kilovat-saata çatacaq. Tikintinin layihəsini yerli və türkiyəli mütəxəssislər hazırlamışlar. İnşaat işlərini Türkiyə şirkəti həyata keçirir. Dəryaçada aparılacaq bütün tikinti-quraşdırma işləri respublika Fövqəladə Hallar Nazirliyinin qurumları tərəfindən ekspertiza edilmiş və müsbət rəy alınmışdır.

Su anbarının inşası ətraf rayonların da suvarma sisteminin yenidən qurulmasına və inkişafına böyük imkan yaradacaqdır. Şəmkirçay əsas kanalında suyun nəqli saniyədə 28 kubmetrə çatacaqdır. Dəryaçadakı qidalandırıcı kanal da mühüm hidrotexniki qurğulardan hesab olunur. Uzunluğu 16 kilometrdən çox olan həmin kanalın keçdiyi ərazilərdə 7 min 706 hektar sahənin suvarılması asanlaşacaq. Sol sahil kanalı 14 min 253 hektar sahənin suvarılmasına imkan yaradacaq. Şəmkirçayın sağ sahilindəki 5547 hektardan çox sahənin suvarılması sağ sahil kanalı vasitəsilə həyata keçiriləcəkdir.

Dövlət proqramı çərçivəsində Şəmkir rayonunda istehsalyönlü yeni sənaye obyektlərindən biri də "Şərq ulduzu" Məhdud Məsuliyyətli Cəmiyyətin nəzdində dünya standartlarının tələbləri səviyyəsində tikilmiş şərab emalı zavodudur. Yeni yaradılmış bu müəssisə hazırda 2 min tondan çox üzüm emal etməyə qadirdir. Burada 125 nəfər daimi işlə təmin edilib, onların aylıq əməkhaqqı 250-300 manatdır. Alman layihəsi əsasında qurulmuş, Fransa texnologiyasının üstünlük təşkil etdiyi zavodda tutumu 14 tondan 37 tonadək olan 63 çən quraşdırılmışdır.

Müəssisənin rayon ərazisində Fransa, İran, Gürcüstan, Ordubad və Urmiyadan gətirilmiş tinglər hesabına salınmış 108 hektar məhsuldar üzüm sahəsi var. Həmin bağlardan bu il bol məhsul gözlənilir.

Bölgədə güclü iqtisadi və sənaye potensialının yaradılmasında "Akkord" şirkətlər qrupuna məxsus Ağstafa tikiş fabrikinin də rolu böyükdür. Almaniya və Türkiyədən gətirilmiş müasir avadanlıqların quraşdırıldığı bu fabrikdə uşaq, qadın və kişi geyimləri, iş paltarları tiklir. Fabrikdə çalışanların sayı yaxın gələcəkdə 1500 nəfərə çatdırılacaqdır.

Bölgənin inkişafına xidmət edəcək sənayeyönlü yeni müəssisələr sırasında Gədəbəy rayonunda may ayından istismara verilmiş qızıl-mis emalı zavodu da vardır. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin məlumatına görə, "Gədəbəy" yatağında qızıl istehsalının həcmi getdikcə artır. Bu zavodun açılması ilə bağlı söz-söhbət hələ sovetlər vaxtından gedirdi. Lakin bu ideya həyata vəsiqəsini yalnız 1997-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duasi ilə alıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə 2009-cu ildə tam reallaşdırılıb. Azərbaycan hökuməti tərəfindən təsdiq edilən və 2005-2009-cu illəri əhatə edən iş proqramı əsasında Gədəbəy, Qoşa və Ordubad kontrakt sahələrində yeni geoloji-kəşfiyyat işlərinə başlanılmışdır. Bu, nəinki Gədəbəydə, ümumiyyətlə, Azərbaycanda yeni sənaye sahəsidir. Aparılan tədqiqatlar nəticəsində Gədəbəy yataqlarında təxminən 22 ton qızıl, 192 ton gümüş və 37 min ton mis istehsalı ehtimal olunur. Gədəbəydə kontrakt sahəsinin bir neçə obyektində yerüstü geoloji-kəşfiyyat işləri, geofiziki, geokimyəvi tədqiqatlar yerinə yetirilmişdir. Nəticələr qənaətbəxşdir. Mütəxəssislərin fikrincə, Azərbaycan tezliklə qızıl və misin istehsal və ixracı ilə məşğul olan ölkəyə çevriləcəkdir.

Son illər bölgədə yaradılan sənaye müəssisələri ölkəmizin iqtisadi inkişafına öz töhfələrini verməkdədir. Qazax rayonundakı Daş Salahlı Bentonit emalı zavodunda metallurgiya, neft, qaz, maşınqayırma və digər sənaye sahələrində istifadə olunan yüksək keyfiyyətli bentonit gili istehsal olunur. Artıq müəssisə qonşu xarici ölkələrə də məhsul ixrac edir. Zavodun istehsal gücü artdıqca, burada çalışanların da sosial şəraiti yaxşılaşır. Dünya standartlarına cavab verən Daş Salahlı sement zavodunda, Müalicə-Diaqnostika Mərkəzində, Olimpiya İdman Kompleksində də xeyli adam işlə təmin olunub.

Bölgədə yeni salınan parklar, binalar, körpülər, çəkilən yollar, yaradılan emal sahələri, sexlər və digər bu kimi obyektlər rayonun inkişafına və insanların firavan yaşamasına xidmət göstərir. Artıq 2009-2013-cü illəri əhatə edəcək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qərb bölgəsində də sürətli inkişafın yeni mərhələsi başlanmışdır.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2009.- 12 iyul.- S. 3.