Musiqi bilicilərinin padşahı

 

Azərbaycan xalqının həyatında musiqi qədim zamanlardan xüsusi yer tutmuşdur. Hələ orta əsrlərdə bütün Şərq musiqi nəzəriyyəsinin Səfiəddin Urməvi və Əbdülqadir Marağayi kimi korifeyləri meydana gəlmişdir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərq ölkələrində musiqi nəzəriyyəsinin inkişafı onların adları ilə sıx bağlıdır.

- Cənubi Azərbaycanı özlərinin yiyəlik etdikləri geniş ərazilərin mərkəzi etmiş monqol Xulaki hökmdarlarının imperiyası XIV əsrin ortalarında dağıldıqdan sonra Azərbaycanın şimalındakı Şirvan torpaqlarında Şirvanşahlar sülaləsi öz müstəqilliyini bərpa etmişdi. Ölkənin qalan hissələrində türk Cəlairlər sülaləsi möhkəmlənmişdi. Həmin dövrdə sənətkarlıq inkişaf etməyə, ticarət əlaqələri genişlənməyə başlamışdı. Gəncə, Şamaxı, Bərdə, Təbriz, Ərdəbil kimi şəhərlərlə yanaşı, Marağa da Azərbaycanın mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Şərq aləminin böyük musiqiçisi, şairi, xəttatı Əbdülqadir bin Qeybi Marağayi 1353-cü ildə Marağa şəhərində doğulmuşdu. Əbdülqadir Marağayi böyük istedada malik musiqiçi, müğənni, bir çox musiqi alətlərində çala bilən ifaçı idi. Onun yazdığı əsərlər musiqi nəzəriyyəsinin inkişafına güclü təsir göstərmişdir. Dünyanın şərqşünas alimləri Marağayini musiqi haqqında orta əsr elminin sonuncu klassiki adlandırmışlar .

Marağayi həyatının birinci yarısında ifaçılıq və musiqi yaradıcılığı fəaliyyəti ilə məşğul olmuşdu. Atası məşhur musiqiçi Mövlanə Qeybi də oğlunun lazımi səviyyədə təhsil alması üçün əlindən gələni əsirgəməmişdi. Əbdülqadir "Məqasid əl-Əlxan" kitabında bu barədə belə yazmışdı: "Atam Qeybi bir çox elmlərin, o cümlədən musiqinin mahir bilicisi idi". Əbdülqadir dörd yaşında ikən Quranı əzbər oxuya bilirdi. On yaşı olanda qramatikanı, ritorikanı, stilistikanı öyrənmişdi. Əbdülqadiri atası ilə birlikdə alimlərin və şeyxlərin toplaşdığı məclislərə dəvət edirdilər. Onun məlahətli və büllur səsi, mürəkkəb musiqi əsərlərini məharətlə oxuya bilməsi məclis iştirakçılarını heyran qoyurdu. Marağayi həm də poetik əsərlər də yaza bilirdi, mahir xəttat kimi ad çıxarmışdı. Bir sözlə, onda musiqi, xəttat rəssam və şairlik istedadı çox güclü idi. Fars, Azərbaycan və ərəb dillərində dərin məzmunlu şeirlər yazırdı. Azərbaycan dilində yazdığı şeirlərində tuyuq deyilən mürəkkəb türkdilli poeziya formasından məharətlə istifadə edirdi (tuyuq formasında eyni cür səslənən, lakin müxtəlif məna verən sözlər qafiyələşdirilirdi).

Marağayi belə şeirləri "Segah", "Üşşaq", "Nəva" muğamlarında ifa etməyi məsləhət görürdü.

Bir müddət sonra Əbdülqadirin musiqini dərindən bilən bir şəxs kimi şöhrəti başqa şəhərlərə də yayılmışdı. O, Təbrizə türk sülaləsinin sultanı Üveys Cəlairin sarayında məşhur musiqiçilərin və şairlərin, hətta şair və musiqiçi kimi tanınan sultanın özünün də iştirak etdiyi məclislərə dəvət almışdı. Sultan Üveys Cəlair gənc musiqiçinin şərəfinə verdiyi fərmanda onu əsrin bənzərsiz musiqiçisi adlandırmışdı.

1377-ci ildə Marağayi "Alxani Siqana" ("Otuz mahnı") əsərində saray məclislərinin birində başına gələn əhvalatdan bəhs etmişdi. Sultan Üveys Cəlairin vəfatından sonra taxta çıxmış oğlu Sultan Hüseyn saray məclislərinin birində Əbdülqadir Marağayiyə Ramazan ayının 30 gününün hər birinə ayrıca musiqi əsəri yazmağı təklif etmişdi. Marağayi bu təklifə razılıq vermişdi. Azərbaycanın tanınan musiqiçisi Rizvanşah Təbrizi buna heç cür inanmadığını söyləmiş və bu işin baş tutacağı təqdirdə gənc musiqiçiyə 100.000 qızıl dinar verəcəyini bildirmişdi.

Həmin məclislərin digər iştirakçıları - saray musiqiçiləri, şairləri və əyanları da Əbdülqadir Marağayi ilə mübahisə etməyə başlamışdılar ki, o, Ramazan ayının hər bir günündə oxunmalı olan 30 nuba yaza bilməz (nubanın hərfi mənası sıra, növbə, ardıcıllıq deməkdir. Nuba ərəb musiqisində vokal-instrumental kompozisiyaya deyilir. IX əsrdə müəyyən musiqiçinin, yaxud müğənninin xəlifənin hüzurunda xüsusi ardıcıllıqla oxuduğu mahnılar nuba adlanırdı). Əl-Marağayi özünün qeyri-adi istedadı sayəsində sübuta yetirdi ki, hər bir nubanın mayasını musiqi ladları (məqamları) və ritmləri (usulatları) təşkil etdiyinə görə həmin sayda nuba yazmaq mümkündür. Nubaların ərəb və fars dillərində sözlərini həmin məclislərin görkəmli şairləri, o cümlədən Sultan Hüseyn yazmışdılar. Sultan Hüseyn onun sözlərinə musiqini Hüseyni ahəngində yazmağı xahiş etmişdi. Əbdülqadir Marağayi çox qısa bir müddətdə 30 mahnı yaza bilmişdi. Mübahisədə qalib çıxan Marağayi 100.000 qızıl dinarla mükafatlandırılmışdı. O dövrün hörmətli şəxsi sayılan Hacı Rizvanşah ibn Zəki ət-Təbrizi gənc Əbdülqadirin böyük istedadına vurğunluğunu nümayiş etdirərək ona 100.000 qızıl dinar, üstəlik öz qızını da ərə vermişdi.

Əbdülqadir Marağayi həyatının mənasını musiqi incəsənətinin mahiyyətinin dəqiqliklə aşkarlanmasında musiqi əsərlərinin inkişaf və quruluş qanunlarını dərindən öyrənməkdə görürdü. O, Şərqin məşhur alimlərinin - Fərabinin, İbn Sinanın, Səfiəddin Urmavinin, Qütbəddin Şirazinin, Əbu Əlinin və başqalarının musiqi nəzəriyyəsinə dair əsərlərini dərindən və hərtərəfli tədqiq etməkdən yorulmurdu. Bütün bunların nəticəsində Marağayi o vaxta kimi məlum olmayan yeni ritm silsilələrinə söykənən əsərlər yaratmışdı. Həmin ritm silsilələri üsul adlanırdı. 20 üsuldan sonralar yeddisi bir neçə əsr müddətində populyarlığını saxlamışdı. Abbasilər dövründən islam musiqisinin əsas janrı nuba idi. Hazırda nuba ərəb qərbində (Əlcəzairdə, Liviyada, Tunisdə, Mərakeşdə) klassik musiqinin aparcı janrı olaraq qalmaqdadır. Ərəblərdə ümumiyyətlə, doqquzdan on beşədək nuba mövcuddur. Hər bir nuba 5-8 hissədən ibarətdir.

Marağayi bir çox yeni musiqi əsərləri və musiqi traktatlarının müəllifidir. Onun "Kandz əl-Əlxan" ("Melodiyalar xəzinəsi") traktatında melodiyalar Urməvinin hərf-rəqəm sistemi ilə yazılmışdır. Hərflər səsin yüksəkliyini, rəqəmlər isə uzunluğunu, məqamın adını və ölçüsünü göstərir, melodiyanın ritmini və tonların uyğunluğunu müəyyənləşdirirdi.

İngilis musiqişünası C.Fermer bu traktatı təhlil edərək yazmışdır ki, Marağayinin bəstələdiyi bəzi melodiyalar türk xalqlarında indiyədək "Giyar" adı ilə mövcuddur.

Marağayi 1405-ci ildə yazmağa başladığı və 1413-cü ildə sona çatdırdığı "Came əl-Əlxan" ("Melodiyaların məcmusu") nəzəri əsərindən sonra "Məqasid əl-Əlxan" ("Melodiyaların təyinatı"), "Lahiye" ("Musiqi"), "Favənd-i aşara" ("On fayda") musiqi traktatlarını da ərsəyə gətirmişdi. O, musiqi nəzəriyyəsinə dair əsərlərində bir musiqişünas və tədqiqatçı kimi zəngin təcrübəsini yekunlaşdırmışdı. Marağayi öz sələflərinin - Fərabinin və Urməvinin musiqi nəzəriyyəsi ənənələrini davam etdirərək musiqi elmini daha da zənginləşdirmişdi. Özünün musiqi nəzəriyyəsində ilk dəfə olaraq muğam termini ətraflı izahını tapmışdı. Getdikcə mürəkkəbləşən, daim inkişafda olan musiqi incəsənəti XIV əsrin əvvəllərində yeni muğam yenilikləri - 12 muğamdan törənən 24 şöbə ilə zənginləşdirilmişdi. Əbdülqadir Marağayi bütün 24 şöbə sistemini müfəssəl tədqiq etmişdi.

Marağayi bu və ya digər xalqın incəsənətinin məxsusi əlamətlərini də aşkara çıxara bilmişdir.

Onun traktatlarının faktik materialı həmin dövrdə Azərbaycanın musiqi mədəniyyətinin nümunəvi mənzərəsini də yaratmağa imkan vermişdi.

Marağayinin elmi əsərlərində aşıq incəsənətinin - türkdilli xalqların mədəniyyətini təmsil edən ozanların, baxşilərin, baksilərin incəsənətinin tarixinə dair qiymətli məlumat vardır. Həmin mövzu musiqi alətlərinin və musiqi janrlarının materialında açıqlanır. Aşıqların əsas çalğı alətini "Rum qopuzu", "Ozan qopuzu", "Şıdırqı" adları ilə təqdim edirdi. Beləliklə, müasir sazın quruluşunun məşhur "Kitabi-Dədə Qorqud"da xatırlanan qopuzun quruluşu ilə eyniləşdirilməsi hipotezi Marağayinin əsərlərində özünün əlavə elmi əsasını tapmışdır.

Marağayi türk xanəndələrinin ifa etdikləri 9 əsas musiqi məqamını diqqətə çatdırır. Onlardan birincisi "Böyük məqam" adlanır. Güman ki, bu, "Rast" məqamına işarədir. Ərəblər "Rast" məqamına "Umm-əl-məqam", yəni "Bütün məqamların anası" deyirlər. Marağayi spesifik türk məqamlarından savayı, "Üşşaq", "Nəva", "Busəlik", "Bayatı Novruz" və s. bu kimi digər məqamların da adlarını çəkir.

Ümumiyyətlə, Marağayinin əsərlərində muğam nəzəriyyəsinə və professional musiqinin bütün formalarına və janrlarına böyük yer verilmişdir.

O, əksər musiqi traktatlarını fars və Azərbaycan dillərində yazdığı şeirləri ilə tamamlayır. Azərbaycan dilində yazdığı şeirlərin birində öz həyatından bir epizodu da təsvir etmişdir. Nə vaxtsa ağır xəstəliyə düçar olmuş Marağayini zəmanəsinin ən yaxşı həkimləri müalicə etməkdə çətinlik çəkirlər. Bunu bilən musiqiçi ud alətinin müşayiəti ilə oxumağa başlayır: "Ey həkimlər, siz məni müalicə edə bilmirsiniz. Ancaq bir şeyə təəccüblənməyin. Məni ancaq ud müalicə edə bilər. Mənim üçün ən yaxşı dərman musiqidir".

Həmin vaxtlar ud simli alətlərin şahı hesab olunurdu.

XIV-XV əsrlərdə islam aləminin şərq hissəsində çox sayda müxtəlif musiqi alətləri mövcud idi. Musiqişünas Əbdülqadir Marağayi bu alətlərin hamısının müfəssəl təsvirini vermişdir. Türk musiqiçisi və səyyahı Övliya Çələbinin verdiyi məlumat xüsusilə qiymətlidir. Döyüşkən osmanlı türkləri rəqs melodiyaları və marşlar çalmağa üstünlük verirdilər. Onların, Avropada yanıçar (türkcə "yenicərilər") adlandırılan gənc türklərin hərbi orkestrlərində böyük ölçülü kərənay adlı nəfəs alətindən və təbillərdən savayı, ucadan səslənən zurnadan da istifadə olunurdu. Türklər avropalılar arasında yeni musiqi ritmlərini və musiqi alətlərini yayırdılar. Türklərin çubuqla çalınan böyük təbilləri Avropa orkestrlərində litavrların (böyük barabanların) meydana gəlməsinə səbəb olmuşdu.

Əbdülqadir Marağayi və Övliya Çələbi öz traktatlarında dörd simli çahar tarın, altı simli şeştarın, üç simli setarın adlarını çəkirlər. Bu alətlər bəlkə də bizim müasir tarımızın sələfləri olmuşdur. Marağayinin əsərlərində kamança, ney-tanbur, rübab, rudhani və s. simli alətlərdən, ağ ney, qara ney, ney-balaban, zurna, burqu və s. bu kimi nəfəs alətlərindən bəhs edilir.

Yaxın və Orta Şərqin orta əsr alimləri öz dövrlərinin bir çox elmləri ilə məşğul olurdular. Lakin Əbdülqadir Marağayi bütün istedadını və gücünü əsasən musiqiyə həsr etmişdi. O özünün elmi əsərlərinin üzünü bənzərsiz xəttat dəqiqliyi ilə köçürməyi zəruri hesab edirdi. Əbdülqadir Marağayinin əsərləri Şərq aləmində musiqi haqqında elmin yüksək zirvəsidir. Onun türk dilində yazdığı "Bizi unutma" şeiri Azərbaycan ədəbi dilinin ilk nümunələrindəndir.

Məlum olduğu kimi, Əbdülqadir Marağayi iki sülalənin - Cəlairlər və Teymurilər sülalələrinin hakimiyyəti dövründə yaşayıb yaratmışdır. Marağayi öz vətəni Azərbaycanda ifaçılıq və musiqi yaradıcılığı ilə məşğul olmuşdur. Gənclik illərində Təbrizdə fəaliyyət göstərərkən Cəlairlər sülaləsinin hökmdarı şeyx Üveysin diqqətini cəlb etmiş və onun böyük hörmətini qazanmışdı. Üveysdən sonrakı Sultan Hüseynin hökmdarlığı dövründə Marağayi sarayda yaşayıb yaratmışdır. Məxəzlərdən məlumdur ki, digər Cəlair hökmdarı Sultan Əhməd də Marağayiyə böyük hörmət bəsləmiş, Təbrizdən Bağdada köçən zaman Əbdülqadiri də özü ilə aparmışdı. Sultan Əhmədin böyük hörmət əlaməti olaraq Marağayinin yaradıcılığı haqqında əsər yazdığı da məlumdur. Saray musiqiçilərinin mövqeləri o qədər də möhkəm deyildi. Onların taleyi hökmdarların dəyişməsindən və şıltaqlıqlarından asılı idi. Bu Marağayidən də yan keçməmişdi. Əmir Teymurun viranqoyucu müharibələri xalqlara böyük bəlalar gətirmişdi. 1392-ci ildə Əmir Teymur Bağdadı zəbt edəndən sonra elm və mədəniyyət xadimlərini Səmərqəndə göndərmişdi. Onlardan biri də Əbdülqadir Marağayi idi. Azərbaycan musiqiçisi Məvarənnəhrdə (Amudərya və Sırdərya çayları arasındakı ərazidə, daha doğrusu Əmir Teymurun çox sevdiyi Səmərqənd şəhərində) böyük şöhrət sahibi kimi tanınırdı. Əmir Teymur 1397-ci ildə verdiyi fərmanda Marağayini "Bütün musiqi bilicilərinin padşahı" adlandırmışdı. Lakin vətən həsrəti ustad musiqiçiyə rahatlıq vermirdi. Nəhayət ki, o, vətəni Azərbaycana qayıda bildi. Həmin vaxt Teymur öz oğlu Miranşahı Azərbaycanın hökmdarı təyin etmişdi. Miranşah 1397-ci ildə ov zamanı atdan yıxılarkən başından ağır yara alandan sonra xasiyyətində qəribəliklər özünü göstərməyə başlamışdı. O, şairlərə heç bir səbəb olmadan da divan tuturdu. Buna görə də onun sarayında dözülməz şərait yaranmışdı. Əmir Teymur bundan xəbər tutan kimi qoşunlarını İranın və Azərbaycanın üstünə yeritmişdi. Teymurləng oğlu Miranşahın həyatında baş vermiş ciddi dəyişikliklərin səbəbini onun yaxın adamlarının törətdikləri fitnə-fəsadlarda gördüyündən həmin adamları Təbrizə çatan kimi qətlə yetirmək tapşırığı vermişdi. Yaxınlaşmaqda olan təhlükəni hiss edən Əbdülqadir Marağayi Sultan Əhmədin hökmranlıq etdiyi Bağdada getməyi lazım bilmişdi. Ona Bağdadda da rahat yaşamaq müyəssər olmamışdı. 1400-cü ildə Şam (Dəməşq) şəhərini alan Əmir Teymur İraqa doğru irəliləməyə başlamışdı. O, Bağdada girəndən sonra Marağayini tutmaq və qətlə yetirmək əmri vermişdi. Əmir Teymura elə gəlirdi ki, oğlu Miranşahın pis günə düşməsinin səbəbkarlarından biri də Əbdülqadir Marağayidir.

Əbdülqadir Marağayini ölümün pəncəsindən onun Teymurun sarayında qəzəbli əmirin qarşısında özünün bənzərsiz səsi ilə Quran surəsini oxuması qurtarmışdı. Tarixin ən qəddar hökmdarlarından sayılan Əmir Teymur Əbdülqadirin yüksək sənəti qarşısında davam gətirməyərək ustad musiqiçini əfv etmiş və onun yenidən saray musiqiçisi olmasına qərar vermişdi. Səmərqəndə göndərilən Marağayi bir müddət Teymurun nəvəsi Sultan Xəlilin sarayında yaşamışdı. Sonralar Herat şəhərinə köçən Marağayi ömrünün sonuna qədər yerli hökmdar Şahruxun sarayında yazıb yaratmışdı. 1434-cü ildə Herat şəhərinin özündə və ətraflarında baş verən vəba xəstəliyinə yoluxan böyük musiqiçi və müğənni, Əmir Teymurun "musiqi bilicilərinin padşahı" adlandırdığı Əbdülqadir Marağayi həyatı ilə vidalaşmışdı.

Marağayinin orta əsrlərin Şərq klassik musiqisinə aid elmi əsərləri indi də öz əhəmiyyətini itirməmişdir. Qədirbilən Azərbaycan xalqı musiqi aləmində tayı-bərabəri olmayan Əbdülqadir Marağayinin xatirəsini əziz tutur və onunla həmişə fəxr edir.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2009.- 12 iyul.- S. 5.