Parisdə ali təhsillə
bağlı beynəlxalq
konfrans keçirilmişdir
İyulun 5-8-də Parisdə
YUNESKO-nun mənzil-qərargahında "Ali təhsil -
2009" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 150
ölkədən minə yaxın nümayəndənin
iştirak etdiyi konfransda Azərbaycanı iqtisadi inkişaf
nazirinin müavinindən, Maliyyə və Təhsil nazirliklərinin
təmsilçilərindən, Naxçıvan Dövlət və
"Xəzər" universitetlərinin rektorlarından, Dillər
Universitetinin kafedra müdirindən və Dünya Bankı
Bakı ofisinin əməkdaşından ibarət geniş tərkibdə
nümayəndə heyəti təmsil etmişdir.
İyulun 5-də
konfransı YUNESKO-nun baş direktoru Koişiro Matsuura
açaraq qonaqları salamlamış, təhsilin rəhbərlik
etdiyi qurumun prioritetlərindən biri olduğunu və cəmiyyətin
inkişafında onun mühüm rol oynadığını
bildirmiş, beynəlxalq tədbirin əhəmiyyətini
vurğulamışdır.
Baş direktor ali təhsilin
problemlərindən danışmış, son illər bu sahədə
müəyyən uğurlar qazanıldığını,
Bolonya sisteminin əhəmiyyətini qeyd etmiş, beynəlxalq
konfransın ali təhsildə yeni səhifə
açacağına ümidvar olduğunu bildirmişdir.
Konfransda işçi və
redaksiya heyətləri seçilmişdir. Redaksiya heyətinə
seçilmiş 17 ölkə arasında Azərbaycanın
iştirakı YUNESKO ilə ölkəmiz arasındakı
sıx əlaqədən xəbər verir.
Müxtəlif bölmələrdə
işini davam etdirmiş konfransda ayrı-ayrı dövlətlərin
təhsil nazirləri və nümayəndələri, ekspertlər
və bank təmsilçiləri müxtəlif mövzularda məruzələrlə
çıxış edərək ali təhsilin daha da təkmilləşdirilməsi
və inkişafı, ali məktəblərdə tələbələrin
tədqiqat işlərinə cəlb olunması, bu sahədə
onlara hər cür şəraitin yaradılması və digər
mühüm məsələlər ətrafında fikir
mübadiləsi aparmışlar.
Sonda ali təhsilin
inkişafı və bu sahədə ölkələrarası
əməkdaşlığa dair qərar qəbul
olunmuşdur.
Naxçıvan Dövlət
Universitetinin rektoru, akademik İsa Həbibbəyli konfransdan
aldığı təəssüratı AzərTAc-ın
müxbiri ilə bölüşmüşdür. Milli Məclisin
deputatı demişdir: Ali təhsil üzrə beynəlxalq
konfransda ali təhsil ümumi təhsilin prioritet sahəsi elan
olundu. Dörd gün ərzində dünyada universitetlərin
mövcud vəziyyəti və inkişaf prespektivləri ilə
əlaqədar ən aktual məsələlər geniş
müzakirə edildi. Ali təhsil müəssisələrinin
beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi,
xüsusən müəllim və tələbə mübadiləsinin
zəruriliyi konfransda əsaslandırıldı.
Təhsildə informasiya
texnologiyalarından istifadənin vacibliyinə xüsusi diqqət
yetirildi. Diplomların Bolonya prosesi məkanında
tanınması üçün zəruri tədbirlərin həyata
keçirilməsinə diqqətin artırılması
tövsiyə olundu.
Beynəlxalq konfransda
müəllim və tələbə münasibətləri ətrafında
geniş müzakirələr aparıldı.
YUNESKO-nun baş direktoru
Koişiro Matsuuranın məruzəsi, demək olar ki,
konfransın proqramına çevrildi.
Ali təhsil üzrə
beynəlxalq forumun qəbul etdiyi qərar dünya universitetlərinin
bundan sonrakı fəaliyyətinin əsas istiqamətlərini
müəyyənləşdirdi. Konfrans özlüyündə
yeni əsr universitetlərinin gələcək inkişaf
yollarını istiqamətləndirdi.
Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2009.- 12 iyul.- S. 5.