"Azərbaycan
Respublikasının Milli Bankı
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və
əlavələr edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan
Respublikasının Milli Bankı haqqında" Azərbaycan
Respublikasının Qanununa aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
1. Qanunun adında və
mətnində ismin müvafiq hallarında "Milli Bank"
sözləri ismin müvafiq hallarında "Mərkəzi
Bank" sözləri ilə əvəz edilsin;
2. 7.2.2-ci maddədə
"Milli Bankın İdarə Heyəti sədrinin"
sözləri "Mərkəzi Bankın İdarə Heyəti
sədrinin - Mərkəzi Bankın sədrinin (bundan sonra - Mərkəzi
Bankın İdarə Heyəti sədri)" sözləri ilə
əvəz edilsin;
3. 16.3-cü maddədə
"əqdlər" sözündən sonra "bu Qanunun
49-1.2-ci maddəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla" sözləri əlavə edilsin;
4. 33.1-ci maddədən
sonuncu cümlə çıxarılsın;
5. 33.3-cü maddədə
"yalnız milli valyutada (manatla)" sözləri
çıxarılsın;
6. 34-cü maddədə
"cəlb edə" sözlərindən sonra "və
onlarda depozitlər yerləşdirə" sözləri əlavə
edilsin;
7. 49-cu maddə
aşağıdakı redaksiyada verilsin:
"Bank sisteminin
sabitliyinin təmin edilməsi, bank kreditorlarının və əmanətçilərinin
maraqlarının qorunması məqsədilə Mərkəzi
Bank özünün müəyyən etdiyi qayda və şərtlər
daxilində banklara kreditlər, o cümlədən subordinasiya
kreditləri verə bilər.";
8.
Aşağıdakı redaksiyada 49-1-ci maddə əlavə
edilsin:
"maddə 49-1. Kredit təşkilatlarına
məqsədli kreditlərin verilməsi
49-1.1. Mərkəzi Bank
sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi,
habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin
təmin edilməsi məqsədilə dövlət zəmanəti
əsasında banklara məqsədli kreditlər verə bilər.
Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi
Bankın İdarə Heyəti müəyyən edir.
49-1.2. Məqsədli
kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti
hesabına həyata keçirilməsi zərurəti
yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin
icrası Mərkəzi Bankın razılığı ilə
dövlətin buraxdığı borc qiymətli
kağızları ilə həyata keçirildikdə, Mərkəzi
Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli
kağızları ilkin bazarda əldə edə bilər.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2009-cu il
Azərbaycan.- 2009.- 12 iyul.- S. 1.