14 iyul 1969-cu il: Azərbaycan tarixində zəfər yürüşünün, yeniləşmə sürətli inkişafın, xalqın taleyində dönüşün başlandığı gün

 

İyulun 13-də Yeni Azərbaycan Partiyası (YAP) "Hyatt Regency" mehmanxanasında ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin 40 illiyinə həsr olunmuş tədbir keçirmişdir.

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin, Milli Məclis deputatlarının, vaxtilə ulu öndərlə işləmiş tanınmış şəxslərin, elm, ədəbiyyat və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbiri açan YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir ki, 40 il bundan əvvəl Azərbaycanın, onun xalqının həm tarixində, həm də taleyində əhəmiyyətli dönüş başlamışdır. İndi dünyanın bütün guşələrində dəyişiklikdən danışırlar.

Hamı birmənalı şəkildə etiraf edir ki, dünya dəyişməlidir. Çoxları etiraf edir ki, onların yaşadıqları ölkədə ciddi dəyişikliklər zəruridir. 40 il bundan əvvəl Azərbaycanda da insanlar dərk edirdilər ki, respublikada ciddi dəyişikliklərə ehtiyac var. Çünki əks təqdirdə, Azərbaycan daha böyük bəlalara düçar ola bilər. Qırx il bundan əvvəl, iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi haqqında qərar ictimai düşüncədə və fərdi düşüncədə respublikanın dəyişilməsinə ehtiyacın dərk edilməsi ilə üst-üstə düşdü. Sonrakı illər ərzində Azərbaycan ciddi şəkildə dəyişdi. Söhbət təkcə Azərbaycanın iqtisadiyyatının, o cümlədən sənayenin, kənd təsərrüfatının qısa bir zaman ərzində əhəmiyyətli dərəcədə dircəldilməsindən getmir. Əsas məsələ, bütövlükdə Azərbaycanın milli-mənəvi dəyərlər sisteminin dəyişməsində ifadə olunan yeniliklərdə idi. Məhz bu yeniliklər xüsusi əhəmiyyət, daha böyük məna kəsb edirdi. Əgər mənəvi sahəni əhatə edən dəyişikliklər olmasaydı, ozamankı cəmiyyəti içəridən sarsıdan, dağıdan səbəblər aradan qaldırılmasaydı, yəqin ki, qısa müddətdə Azərbaycan sürətlə inkişaf edə bilməzdi.

Natiq xatırlatmışdır ki, 1969-cu ildə Heydər Əliyev rəhbər seçiləndə Azərbaycan ozamankı SSRİ-nin ən geridə qalmış respublikası idi. 1971-ci ildə isə Azərbaycan inkişafın sürətinə görə SSRİ-də ən qabaqcıl bir respublikaya çevrildi. Əlbəttə, mənəviyyatı, mənəvi-psixoloji mühiti, insana münasibəti dəyişmədən, insanın həm cəmiyyətə, həm də ölkəyə və rəhbərliyə münasibətini dəyişmədən bu qədər sürətli inkişafı təmin etmək mümkün olmazdı. Ona görə də Heydər Əliyev 40 il bundan əvvəl Azərbaycana rəhbər seçiləndə qarşıda başlıca vəzifə kimi, ilk növbədə, Azərbaycan xalqının mənəviyyatının, mənəvi dəyərlərinin, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu. Cavan, qətiyyətli və enerjili lider bu vəzifənin öhdəsindən layiqincə gəldi.

Böyük tarixi şəxsiyyətlərə zaman özü həmişə ehtiyac duyur və respublikamızın Heydər Əliyevə ehtiyacı olanda o, bu tarixi missiyanı öz üzərinə götürərək Azərbaycanda siyasi rəhbərliyə gəldi. Güman edirəm ki, bu salonda əyləşənlərin böyük əksəriyyəti o zaman Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin və bundan sonra baş verən dəyişikliklərin nə qədər ciddi zərurət olduğunu bilavasitə həmin dövrdəki proseslərin şahidi və iştirakçıları kimi yaxşı bilirlər.

Azərbaycan 1990-cı illərin əvvəllərində hamımıza məlum olan fəlakət, uçurum qarşısında olanda yenə də tarixin, xalqın çağırışına səs verən Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmiş oldu. Beləliklə də, 1969-cu ildə əsası qoyulan yol, müəyyənləşdirilən siyasət Azərbaycana xidmət edir. Bu 40 ildə dünya çox dəyişmişdir. Sovetlər ittifaqı süquta uğramışdır, Azərbaycan indi müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Heydər Əliyev siyasəti ötən 40 il ərzində Azərbaycanın simasını kökündən dəyişib və hazırda həmin siyasət ulu öndərin layiqli varisi tərəfindən uğurla davam və inkişaf etdirilir. 1970-ci illərdə Azərbaycan sovetlər birliyinin ən dinamik inkişaf edən respublikası imicini, adını qazandı. İndi isə məmnunluq hissi ilə deyirik ki, Heydər Əliyevin memarı və qurucusu olduğu müasir, müstəqil Azərbaycan dövləti bütün dünyada ən dinamik iqtisadiyyatı olan, ən böyük sürətlə inkişaf edən dövlət kimi tanınmışdır. Bu onu göstərir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, yol bütün ideoloji çərçivələrdə əhəmiyyətli dəyişikliklərin baş verməsinə baxmayaraq, xalqımıza, Vətənimizə xidmət edib və bu gün də xidmət etməkdədir.

Ə.Əhmədov vurğulamışdır ki, bu tədbirə toplaşanların çoxu 40 il ərzində ayrı-ayrı mərhələlərdə Heydər Əliyevin ətrafında olan, onun siyasətinin həyata keçirilməsində bilavasitə iştirak edən, Azərbaycanın inkişafına, yüksəlişinə, tərəqqisinə, güclənməsinə özlərinin əhəmiyyətli töhfəsini verən insanlardır. Azərbaycanda baş verən dəyişikliklər Heydər Əliyevin rəhbərliyi altında, onun siyasətinin həyata keçirilməsi nəticəsində, bu insanların əməyinin nəticəsində mümkün olmuşdur. Təbiidir ki, Heydər Əliyevin etimadını qazanmaq fövqəladə bir iş idi. Heydər Əliyevin həyata keçirdiyi siyasətə bu və ya digər dərəcədə töhfə vermək, hər hansı bir sahəyə rəhbərlik etmək qədər böyük etimadı, xalqa, dövlətə xidmətin məsuliyyətini təsəvvür etmək mümkün deyildir.

Bu salondakı insanlar Heydər Əliyevin bilavasitə etimadı sayəsində həmin tarixi missiyanı öz üzərlərinə götürmüş və layiqincə də yerinə yetirmişlər. Onların arasında 1969-cu ildən etibarən Heydər Əliyevlə bir yerdə olanlar da, Azərbaycan müstəqil dövlət olduqdan sonra Heydər Əliyev siyasətinin həyata keçirilməsinə qoşulmuş cavanlar da, gənclər də var.

Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının hər bir üzvü - ulu öndərin siyasətinə, ideyalarına sadiq qaldığınıza görə sizin hər birinizə minnətdardır. Güman edirəm ki, Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsinin 40 illiyini ölkənin hər bir guşəsində təntənə ilə qeyd etdiyimiz bu günlərdə sizinlə görüşməyimiz, sizinlə bir yerdə oturmağımız, sizin əməyinizi bir daha vurğulamağımız Heydər Əliyevin xatirəsinə ən böyük hörmət və ehtiram əlaməti olardı.

Mən sizi bu əlamətdar gün münasibətilə təbrik etmək istəyir, hər birinizə bu yolda, bu siyasətin həyata keçirilməsində öz ağsaqqal tövsiyələrinizi bundan sonra da verməyinizi arzulayıram. Sizə möhkəm cansağlığı diləyir və güman edirəm ki, bizim bugünkü tədbirimizdə bu yolun ayrı-ayrı mərhələlərində iştirak etmiş, Azərbaycanda tanınan və hörmət edilən çox dəyərli insanlar öz fikirlərini bölüşəcəklər.

Mən sizi təbrik etmək istəyirəm. Bir daha Heydər Əliyev yoluna, Heydər Əliyev siyasətinə, bugünkü Azərbaycanın Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqət və bu yolda uğurlar arzu etmək istəyirəm.

Sonra uzun illər ümummilli lider Heydər Əliyevin məsləkdaşları olmuş, onun rəhbərliyi altında çalışmış veteranlar çıxış edərək, ulu öndərlə bağlı xatirələrini bölüşmüşlər.

İlk çıxış edən Lidiya Rəsulova demişdir ki, dünyada dahi rəhbərlər çox olmuşdur və onların haqqında çox yazılmışdır. Lakin Heydər Əliyev fenomeni ondan ibarətdir ki, o həm XX, həm də XXI əsrin dahisi olmuşdur. Mən xoşbəxt insanam ki, Heydər Əliyevlə uzun müddət - ötən əsrin həm 70-ci, həm də 90-cı illərində bir yerdə işləmişəm.

Heydər Əliyevin respublikaya rəhbərliyinin ilk dövründə mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində elm və tədris müəssisələri şöbəsi müdirinin müavini işlədim. Sonra Nəsimi Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri oldum. Mən SSRİ və Azərbaycan ali sovetlərinin deputatı seçilmişəm. Azərbaycan KP MK-nın büro üzvü olmuşam. Bunları deməklə Heydər Əliyevin mənim kimi cavan kadrlara etimad göstərdiyini xatırlatmaq istəyirəm. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə bir müddət təhsil naziri işləmişəm. Mən də həmişə çalışmışam ki, bu etimadı doğruldam.

Əgər biz Heydər Əliyevin respublikada siyasi hakimiyyətə hər iki gəlişi arasında körpü salmaq istəsək, görərik ki, bunlar Azərbaycanın ağır dövrlərində olmuşdur. 1960-cı illərin sonunda Azərbaycan İttifaqda sonuncu yerlərdən birini tuturdu. Heydər Əliyev burada oturanların əksəriyyətindən ibarət öz komandasını yığdı və işi elə qurdu ki, artıq 1970-ci ildə, yəni, bir ildən sonra Azərbaycan SSRİ-nin keçici Qirmızı bayrağına nail oldu. Azərbaycan hər sahədə, xüsusilə də, kənd təsərrüfatı sahəsində - istər pambıqçılıqda, istər üzümçülükdə, istərsə də taxılçılıqda çox böyük nailiyyətlər qazandı.

Heydər Əliyevin gözəl xüsusiyyətlərindən birinin xalqa arxalanmaq, xalqla məsləhətləşmək olduğunu vurğulayan L.Rəsulova onun müxtəlif sahələrin mütəxəssisləri ilə görüşlərə xüsusi diqqət yetirdiyini söyləmiş və 1980-ci ildə baş vermiş bir hadisəni xatırlatmışdır. Həmin il Azərbaycanın üzüm plantasiyalarında bol məhsul yetişdirilmişdi, lakin havaların yağıntılı keçməsi məhsulun çox hissəsinin məhv olması təhlükəsini yaratmışdı. Həm yerli, həm də Rusiya və Ukrayna alimləri ilə məsləhətləşmələrdən sonra Heydər Əliyev kənd təsərrüfatı əməkçilərinə müraciət etdi və insanlar gecə-gündüz işləyərək, üzümü tezliklə yığdılar. Yəni, Heydər Əliyev xalqla daim məsləhətləşir və xalq da onu həmişə dəstəkləyirdi.

L.Rəsulova xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından sonra xalqa arxalanaraq, tez bir zamanda respublikada vəziyyəti sabitləşdirdiyini, iqtisadiyyatın bütün sahələrində nailiyyətlərin əldə edildiyini diqqətə çatdırmışdır. O, ulu öndərin komandasının üzvlərinə göstərdiyi diqqət və qayğının təzahürü kimi, onu ABŞ-a müalicəyə göndərdiyini də vurğulamışdır.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında demişdir ki, şəxsiyyətin tarixdə rolu, zamanın şəxsiyyətə və ya şəxsiyyətin zamana təsiri həmişə insanları düşündürən problemlərdən olmuşdur. Heydər Əliyevin timsalında biz bu problemin bariz nümunəsini görürük. Heydər Əliyev bir-birinə zidd olan, iki quruluşda rəhbər vəzifələrdə olmuş və həmişə öz şəxsiyyətini saxlamış, görmək istədiyi işi görmüşdür. Onun həyatının əsas amalı öz xalqına xidmət etmək olmuşdur. Bir çox insanlar kimi, mən də o fikirdəyəm ki, əgər 1989-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, ya da Moskvada öz vəzifəsində qalsaydı, Qarabağ məsələsi olmayacaqdı. Yaxud 1993-cü ildə Heydər Əliyev ölkədə ikinci dəfə hakimiyyətə gəlməsəydi, Azərbaycan parçalanacaqdı. Azərbaycanda artıq vətəndaş müharibəsi başlanmışdı və bütün bunların qarşısını Heydər Əliyev aldı.

1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən sonra gördüyü işləri xatırladan Anar ulu öndərin ölkənin iqtisadi, mədəni tərəqqisi, o dövrdə çoxlarına təəccüblü görünən bir iş - Azərbaycanda hərbi kadrlar hazırlanması sahəsində fəaliyyəti barədə danışmışdır. O demişdir ki, keçmiş SSRİ-də Azərbaycanın neçə-neçə yazıçı, şair, bəstəkar, rəssam və memarı ulu öndərin böyük səyləri nəticəsində ən yüksək ada - Sosialist Əməyi Qəhrəmanı adına, eləcə də SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Heydər Əliyev çalışırdı ki, ədəbiyyat, mədəniyyət sahəsində Azərbaycanın nüfuzunu qaldırsın, eyni zamanda, biz yazıçı və şairləri, o cümlədən Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı, hazırda bu salonda oturan Fikrət Qocanı da, Maqsud və Rüstəm İbrahimbəyovları da, məni də qoruyurdu. Çünki bizim barəmizdə Moskvaya çoxlu yalan məlumatlar göndərilirdi. Lakin Heydər Əliyev bunların qarşısını alırdı.

Sonda Anar Heydər Əliyevlə olan səmimi söhbətlərini, ümummilli liderin ona münasibətini bu yaxınlarda çap olunmuş "Unudulmaz görüşlər" kitabında əks etdirdiyini xatırladaraq demişdir ki, bizim vəzifəmiz ulu öndəri, onunla görüşləri olduğu kimi yazıb gələcək nəsillərə çatdırmaqdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Akif Əlizadə çıxışında bildirmişdir ki, məhz ötən əsrin 70-ci illəri, Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsindən sonra Azərbaycanda təhsil, elm və mədəniyyətin intibah illəri olmuşdur. AMEA-da məhz bu illər dünya elminin aparıcı istiqamətlərində tədqiqatlar aparılmış, mühüm elmi nəticələr əldə edilmişdir. Ulu öndər Heydər Əliyevin respublika qarşısında qoyduğu məsul vəzifələrdən irəli gələn məsələləri həll etmək məqsədi ilə alimlərimiz bütün qüvvələrini elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə, elmi nailiyyətlərin istehsalatda tətbiqinə və ətraf mühitin mühafizəsi problemləri üzrə araşdırmaların genişləndirilməsinə, yeni elmi ideyaların texniki nəticələrinin işlənilməsinə və iqtisadiyyatın inkişafının əsas istiqamətlərinə yönəldilməsinə səfərbər etdi. Bu illərdə fizika, riyaziyyat, biologiya, astronomiya, neft kimyası, ictimai elmlər sahəsində bir sıra fundamental işlər görüldü. SSRİ-də ilk dəfə olaraq, AMEA-da təbiətin və onda baş verən proseslərin kosmosdan tədqiqi kimi xalq təsərrüfatı və müdafiə əhəmiyyətli işlərə başlanıldı.

A.Əlizadə vurğulamışdır ki, bugünkü 64 yaşlı AMEA-nın intibahı məhz Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin 70-ci illərində Heydər Əliyevin müdrik təşkilatçılığı sayəsində AMEA dünyada şöhrət qazanmışdır. Ulu öndərin 1997-ci ildə AMEA-nın üzvləri ilə tarixi görüşü, proqram səciyyəli çıxışı hələ uzun illər alimlərimizin yaradıcılıq istiqamətlərini müəyyənləşdirməkdə meyar olacaqdır. Heydər Əliyev 70-ci illərdə hakimiyyətdə olduğu illərdə bugünkü müstəqil Azərbaycanın iqtisadi, sosial və elmi-texniki potensialının hazırlanmasını böyük uzaqgörənliklə həyata keçirirdi. Məhz bunun nəticəsidir ki, SSRİ dağıldıqdan sonra iqtisadi əlaqələrin birdən-birə kəsildiyi şəraitdə Azərbaycan yaşaya bildi və uğurla dünya iqtisadi inteqrasiyasına qoşuldu. Ulu öndərin təşəbbüsü ilə 1970-80-ci illərdə keçmiş İttifaqın ən nüfuzlu təhsil ocaqlarına göndərilən yüzlərlə, minlərlə gənc indi müstəqil respublikamızda ən mürəkkəb siyasi, iqtisadi və mənəvi problemlərin həllində öndə gedirlər.

Çıxışının sonunda A.Əlizadə ulu öndər Heydər Əliyevin dahi uzaqgörənliklə müəyyənləşdirdiyi yolla hərtərəfli inkişaf edən Azərbaycanın Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində regionda bütün sahələrdə lider dövlətə çevrildiyini vurğulamışdır.

Nazirlər Kabinetinin baş məsləhətçisi İmran Əbilov 1969-cu ildən 1991-ci ilədək kənd təsərrüfatı nazirinin müavini vəzifəsində işlədiyini söyləmiş, ümummilli lider Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçildiyi ilk gündən aqrar sahəyə verdiyi diqqət və qayğı barədə xatirələrini danışmışdır. O demişdir ki, respublikada 1969-cu ildə 600 min başa qədər qoyun-quzu, 200 min baş qaramal qırılmışdı, mal-qara pis şəraitdə saxlanılırdı, yem yox idi. Taxıl, pambıq, üzüm, kartof, tütün istehsalı minimum həddə enmişdi.

Heydər Əliyevin rəhbərliyi dövründə isə Azərbaycana 1,2 milyon baş cins qoyun, 300 min baş cins qaramal, hər il 1 milyon ton qarışıq və qüvvəli yem gətirildi, respublikada 100-dən çox iri heyvandarlıq kompleksi, 100-dən çox quşçuluq fabriki tikilib istifadəyə verildi.

İri şərab, konserv zavodları, çay, tütün fabrikləri və digər müəssisələr tikildi. Kənd təsərrüfatı gəlirli sahəyə çevrildi. Heyvandarlıq məhsulları istehsalı 3-4 dəfə, üzüm istehsalı 6 dəfə, pambıq 4 dəfə, tütün 6 dəfə artdı. Nəhəng meliorativ qurğular tikildi, respublikaya güclü texnika, maşın və avadanlıq gətirildi. Hər il respublika o zaman ölkənin ən yüksək mükafatı sayılan keçici Qırmızı bayraqlarla təltif edildi. Rayon və kəndlərdə böyük abadlıq işləri aparıldı. Bütün bunlar Heydər Əliyevin gərgin əməyi, dərin zəkası, tələbkarlığı, böyük dövlətçilik təcrübəsi hesabına baş verdi. Keçmiş SSRİ-də hamı onun işinə heyran idi, müəyyən məsələlərlə bağlı Moskvaya gedərkən, onun hörməti sayəsində hər yerdə qapılar üzümüzə açıq idi.

Azərbaycan keçmiş SSRİ-də, demək olar ki, ilk sıraya çıxdı, məşhur oldu. Heydər Əliyev Moskvada işləyəndə də daim Azərbaycanı düşünür, ən çətin işlərdə kömək göstərirdi.

Heydər Əliyevin rəhbərliyi altında işləmək həm çətin, həm də böyük xoşbəxtlik idi. Biz yaxşı bilirdik ki, Heydər Əliyevlə hər hansı bir məsələ və ya problem haqqında danışmaq üçün nə qədər ciddi hazırlaşmaq lazım idi. Bütün sahələr, ixtisaslar üzrə mükəmməl məlumatı vardı. Təəccüblənirdik ki, böyük dövlət işləri ilə məşğul olan bu insan nə zaman vaxt tapıb məsələni bu qədər tam dərinliyi ilə öyrənmişdir. Onunla adi söhbətdə belə, sən hər sözünə, danışığına diqqət verməli idin. Bütün bunlar bizi öz üzərimizdə çox işləməyə, məsuliyyətli olmağa öyrədirdi.

O, hər kəsin nöqsanını üzünə açıq deməyi, doğru yol göstərməyi, düzəlməyəndə isə onu tənbeh etməyi bacaran bir dövlət xadimi idi. Heydər Əliyevin gözəl insani keyfiyyətlərini saymaqla qurtarmaq olmaz. Elə bil ki, Allah onu insanlara cəsarətin, mərdliyin, ədalətin, sadəliyin, dərin zəkanın, natiqliyin, gözəl əxlaqın rəmzi və nümunəsi kimi yaratmışdı.

Filologiya elmləri doktoru, yazıçı-publisist, keçmiş SSRİ dövründə uzun illər Dövlət Təhlükəsizliyi Komitəsində məsul vəzifələrdə çalışmış Yasif Nəsirli demişdir:

-Mən xoşbəxtəm ki, bu gün mənəvi cəhətdən Heydər Əliyevin adını çəkə bilirəm, ulu öndər haqqında nə isə söyləmək istəyirəm. Buna insanın mənəvi haqqı olmalıdır.

Y.Nəsirli Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra Mərkəzi Komitədə, daha sonra Dövlət Təhlükəsizliyi Komitəsinə işə qəbul olunmasını xatırlatmış, ümummilli lider ilə unudulmaz görüşlərini yada salmış və Heydər Əliyevin tövsiyələrinin onun həyatında böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

Son illər Azərbaycanda qazanılan böyük nailiyyətlərin ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edildiyini bildirən Y.Nəsirli Azərbaycanın parlaq gələcəyinə əminliyini söyləmişdir. Eyni zamanda, demişdir ki, veteranların vəzifəsi dahi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini gələcək nəslə çatdırmaqdır.

Sonda Əli Əhmədov yekun sözü ilə çıxış edərək demişdir ki, Heydər Əliyev barədə xatirələrini bölüşməyə çoxlarının mənəvi haqqı vardır. Bu xatirələr Azərbaycanın şərəfli tarixini yaratmış ulu öndərlə çiyin-çiyinə işləmiş insanların həyatının bir parçasıdır. Biz tariximizə də, bu tariximizi yaradan dahi şəxsiyyət Heydər Əliyevə də böyük hörmətimizi ifadə etməklə yanaşı, eyni zamanda, ümummilli liderin ideyalarının reallaşdırılması yolunda fədakarlıq göstərmiş insanlara da hörmət və ehtiramımızı bildiririk. Azərbaycan var olduqca, Heydər Əliyevin adı da onunla bir yerdə çəkiləcək, nə qədər ki, Azərbaycan xalqı Heydər Əliyev yoluna sadiqdir, Azərbaycan da yüksələcək, ucalacaq və dünyanın ən zəngin, qüdrətli və firavan ölkəsi, Heydər Əliyevin şah əsəri kimi özünü daim təsdiqləyəcəkdir. Biz həmişə Heydər Əliyevlə, bu dahi insanla fəxr etmişik. Azərbaycanın qürur mənbəyi Heydər Əliyevdir, onun qurub-yaratdığı müstəqil dövlətimizdir, bu dövlətin tarixdə və bugünkü praktikada nümunəsi olmayan sürətlə inkişaf etdirən Azərbaycanın Prezidenti İlham Əliyevdir. Biz Heydər Əliyev siyasətinə sadiq qalaraq dövlətimizə, Vətənimizə və Prezidentimizə xidmət edirik. Güman edirəm ki, bu, Heydər Əliyevin xatirəsi önündə hər birimizin, bu salonda oturan hər kəsin, Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Heydər Əliyev yolu daim yaşayacaqdır! Bu əlamətdar gün münasibətilə hamınızı bir daha təbrik edirəm.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 iyul.- S. 2, 3.