Gəncənin ən ağır günlərində Heydər Əliyev həmişə bizimlə olub

 

Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı - Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk.

 

Heydər ƏLİYEV

 

Qırx il bundan əvvəl 1969-cu ilin iyul ayının 14-də ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişi ilə əlaqədar Azərbaycanın yeni həyatı başlandı. Başqa sözlə, ölkəmizin tarixində Heydər Əliyev epopeyası yarandı. O zaman Azərbaycanın, eləcə də qədim Gəncənin vəziyyəti necə idi? İqtisadi tənəzzül, nizamsızlıq, hərc-mərclik həddini aşmış, sosial problemlər insanları sarsıdırdı.

Bəs indi?! Əsrə bərabər qırx il gör, bizi haralara ucaldıb! Ulu öndər Heydər Əliyevin yetirməsi olan azad, müstəqil Azərbaycanı bütün dünya tanıyır.

Ötənləri, keçənləri xatırladıqca çox şey yada düşür. 1969-cu ilin avqust plenumu, onun mübariz ruhu bütün sovetlər məkanında şimşək kimi gurladı. Plenumun materiallarını, ulu öndər Heydər Əliyevin dərin məzmunlu, geniş təhlilli, kəskin iradlı nitqini hamımız dönə-dönə oxuyurduq. İllər boyu durğunluqda inamları sarsılmış insanların qəlbinə ümid, gözünə işıq gəldi. Hamı gördü ki, Azərbaycan, nəhayət, öz səriştəli rəhbərini tapdı.

Elə ilk günlərdən respublika rəhbərinin Gəncəyə xüsusi qayğı və diqqəti açıq- aydın duyulurdu. 1970-ci ilin aprel ayında Heydər Əliyev Gəncəyə gəldi. Şəhərin həyatı ilə ətraflı tanış oldu, müəssisələri gəzdi, ziyalılarla görüşdü. Durğunluğun səbəblərini araşdırdı. Yüksəlişin yollarını müəyyən etdi. Onun şəhər fəallarının yığıncağındakı dərin məzmunlu çıxışı indi də yaxşı yadımdadır.

Bu unudulmaz səfərdən sonra qədim diyarın yeni həyatı, əsl yüksəlişi, tərəqqi dövrü başlandı. Hamımız çox yaxşı xatırlayırıq ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ümumən respublikada, eləcə də Gəncə şəhərində neçə-neçə xoş işlərin təməli qoyuldu. Sənaye obyektləri tikildi, körpülər, bağlar, parklar salındı, elm, təhsil ocağı istifadəyə verildi. Çini qablar zavodunun, qənnadı fabrikinin, taxıl məhsulları, xalça, ət və süd kombinatlarının, əlvan metalların emalı zavodunun inşası bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Sosial obyektlər də əsla unudulmurdu. "Gəncə" mehmanxanası, təyyarə limanı, Yeni Gəncə və Gülüstan yaşayış sahələri, avtomobilçilər qəsəbəsi və neçə-neçə digər xeyirxah işlər o illərin yadigarıdır.

Yeri gəlmişkən bir faktı xatırladım ki, 1979-cu ildə Gəncədə bir gündə bütövlükdə 1913-cü ildə olduğundan xeyli çox məhsul buraxılırdı. İldə Zaqafqaziya əhalisinin hər nəfəri üzrə iki ədəd çini qab istehsal edilirdi. Qənnadı ustaları Azərbaycan şirniyyatının yarısını verirdilər. Şəhərdə hər ailəyə görə gündə bir xalça, adambaşına iki metr parça toxunurdu. Suölçən cihazların İttifaq üzrə baş müəssisəsi burada yerləşirdi.

Tərəqqinin, yüksəlişin vüsəti bax, beləydi.

Bir sözlə, Azərbaycanda sağlam mənəvi mühit yaradıldı. Elm, maarif, mədəniyyət aləminə yeni nəfəs gətirildi. Milli-mənəvi dəyərlərə xüsusi üstünlük verilməyə başlandı. Yeni Gəncə yaşayış massivi salınmaqla, Gəncə və Kəpəz rayonları yaradılmaqla bir növ, qədim şəhərin tarixi adı qaytarıldı. Nizami poeziya günləri elə o vaxtdan xoş bir ənənəyə çevrildi. Ulu öndər həyatın hər sahəsinə xüsusi fikir verirdi. Üç yüz hektar sahəni əhatə edən Xatirə parkı əsl seyrangaha çevrildi. Yaxşı yadımdadır, 1980-ci il dekabr ayının 16-da ulu öndər Xatirə parkına gəldi.

Yaşıllıqlara, istirahət guşələrinə baxdı və sonra ağac əkmək istədiyini bildirdi. Bir neçə ting gətirdilər.

- Mənə çinar verin - dedi. - Çinar həm Azərbaycanın, həm də Gəncəmizin məğrurluq rəmzidir.

Gətirdilər. Əkdi. Xatirə parkında yadigar çinar əzəmətlə ucalır.

O coşqun illərdən bu cür çoxlu yadigar qalıb. Yetmişinci illərdə Texnologiya İnstitutu (indi universitet adlanır) açıldı. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu üçün (indi Dövlət Aqrar Universiteti adlanır) təhsil-tələbə şəhərciyinin əsası qoyuldu. Sonralar - 13 iyun 2000-ci ildə "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Prezident fərmanı ilə Müəllimlər İnstitutunun Gəncə filialı fəaliyyətə başladı. Kollektivimiz əsasən qərb bölgəsinin orta məktəbləri üçün müxtəlif ixtisaslı pedaqoji kadrlar hazırlayır. Kifayət qədər elmi-pedaqoji potensialımız, texniki bazamız var. Binalar avropasayağı təmir olunub, müasir avadanlıqla təchiz edilib, kompüter mərkəzi yaradılıb...

Bilavasitə dövlətimizin başçısı Heydər Əliyevin təşəbbüsü və gərgin zəhməti ilə Azərbaycanda ən müasir sənaye müəssisələrinin geniş şəbəkəsi yaradıldı. Yaxınlıqda Şəmkir və Yenikənd su-elektrik stansiyaları tikildi. Şəmkir maşınlı kanalı istifadəyə verildi. Miskin vəziyyətdə olan kənd təsərrüfatı sürətli tərəqqi yoluna qədəm qoydu. Respublikanın hər yanını ucsuz-bucaqsız üzüm plantasiyaları, güclü-qüvvətli emal müəssisələri bürüdü. Bununla yanaşı, genişmiqyaslı enerji təchizatı və suvarma sistemləri yaradıldı.

Beləcə, qısa müddət ərzində Azərbaycan görünməmiş mərtəbəyə ucaldı. Yaxın-uzaq diyarlarda, ən müxtəlif dairələrdə bu sıçrayışı etiraf etməyə məcbur oldular. O zamankı sovetlər birliyi kimi super dövlətin ən ali mükafatları dalbadal Azərbaycana gəlirdi. Bu misilsiz tərəqqiyə heyran qalan ali dövlət xadimlərindən birinin iftixarla dediyi "Azərbaycan iri addımlarla irəliləyir" sözləri zərb məsələ çevrilmişdi.

Ulu öndərin tükənməz qayğısı və diqqəti sayəsində Gəncə şəhəri, gəncəlilər həmişə bu yüksəlişin ön sıralarında olublar. Ümummilli lider Moskvaya işə gedəndə respublika həyatının hər sahəsində olduğu kimi, Gəncədə də geriləmə, tənəzzül başlandı. Bəzi bədxahlar hətta ulu öndərin adı ilə bağlı olan misilsiz işləri, nəhəng obyektləri sıradan çıxarmağa çalışırdılar.

Doxsanıncı illərin hadisələri Gəncəyə də böyük maddi və mənəvi ziyan vurdu. Nə yaxşı ki, ulu öndər xalqın təkidi və tələbi ilə doğma Azərbaycana qayıtdı. O kəşməkəşli illərdə bütövlükdə Azərbaycanın, eləcə də Gəncənin xilas edilməsi üçün Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.

Əslində, qayıdışın, qurtuluşun bünövrəsi məhz Gəncədə qoyulmuşdu. 1993-cü ilin qanlı-qadalı 4 iyun günlərini yaxşı xatırlayırıq. O dövrün naşı rəhbərlərinin təqsiri üzündən qədim şəhər dağılıb məhv olmaq üzrə idi. Gəncənin bu ağır günlərində Heydər Əliyevin müdrikliyi, sərkərdə qüdrəti bir daha özünü göstərdi.

Hadisələrin ən qızğın çağında ulu öndər Gəncəyə gəldi. Şiddətli atışmaların getdiyi yerlərə baxdı, vəziyyətlə ətraflı tanış oldu. Hər iki tərəfi diqqətlə dinlədi. Müdrik sözün, aydın zəkanın qüdrəti ilə atışmanın qarşısını aldı. Qaşla göz arasında olan vətəndaş müharibəsinə son qoyuldu.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri dövründə də Gəncə məhz Heydər Əliyevin qətiyyəti sayəsində qardaş qırğınından xilas edildi. Bunu hamı bilir, elini, obasını qəlbən sevən hər kəs də qədərincə qiymətləndirir.

Bütün bunlar ölkə başçısının doğma Azərbaycana, qədim Nizami yurduna olan əvəzsiz xidmətlərinin cüzi bir hissəsidir. Heydər Əliyevin hər dəfə Gəncəyə gəlişi şəhərin həyatında unudulmaz bir hadisəyə çevrilirdi. Xüsusən, 1998 və 2000-ci illərdə ölkə başçısı Gəncəyə gələndə gördü ki, şəhər təsərrüfatının bir sıra sahələrində vəziyyət günün tələblərinə cavab vermir. Təbii qazın, su və elektrik enerjisinin təchizatında qüsurlar çoxdur. Bu sahədə işlərin canlandırılması üçün müvafiq təşkilatlara konkret tapşırıqlar verildi və şəhər əhalisi qısa bir vaxtda bu tövsiyələrin əməli nəticəsini gördü.

2002-ci ilin sentyabr ayında Heydər Əliyevin bu yerlərə tarixi səfəri zamanı isə Gəncəyə yeni bir töhfə verildi. Milli Məclisin deputatı İlham Əliyevin təşəbbüsü ilə ucaldılan Olimpiya idman kompleksinin açılışı oldu. Gəncə görüşləri zamanı ulu öndər Heydər Əliyev abadlıq, təmizlik və yaşıllaşdırma işlərinin yenidən qurulması, hər sahədə şəhərin sürətli dirçəlişi üçün dəyərli tövsiyələr verdi, quruculuğun, yüksəlişin yeni proqramını açıqladı. Elə həmin günlərdə abadlıq-quruculuq işləri üçün xeyli vəsait ayrıldı, beləliklə, Gəncənin iqtisadi-sosial yüksəlişinin yeni mərhələsi başlandı.

Çox fərəhli haldır ki, ulu öndər Heydər Əliyevin yolunu onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı möhtəşəm işləri bacarıqla həyata keçirir, onun arzularını hər sahədə reallığa çevirir. Heydər Əliyevin əsasını qoyduğu avtomobil zavodu uzun illər istifadəsiz qalmışdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu gərəkli müəssisə işə salındı. Əvvəllər "OKA" və "MAZ" markalı avtomobillər buraxan zavod son vaxtlarda "Belorus" tipli traktorların yığımına başlamışdır.

Ulu öndər Gəncə görüşlərindən birində demişdi: "Gəncəni sənaye şəhəri etmək, Gəncəni daha böyük etmək, Gəncə sakinlərinin həyat tərzini yaxşılaşdırmaq həmişə Azərbaycan rəhbərliyinin diqqət mərkəzində olmuşdur".

Bu, həqiqətən də, belədir. Şəhərdə ən müxtəlif, ən mürəkkəb sənaye sahələri sürətlə inkişaf edir. Son beş ildə otuzdan artıq müəssisə tikilib, yaxud yenidən qurularaq istifadəyə verilib.
Dövlətimizin başçısı İlham Əliyev keçən ilin mart ayında bu yerlərə səfəri zamanı "Daşkəsən filiz - saflaşdırma" ASC-nin, Gəncə Polad Kompleksinin və "DETAL" alüminium zavodunun təməlqoyma mərasimində iştirak etmişdir. Bu müəssisələrə kapital qoyuluşunun həcmi 1,2 milyarddan çox olacaqdır. Onların işə düşməsi ilə Gəncə şəhərində iki min nəfərdən çox adam işlə təmin ediləcəkdir. Eyni zamanda, bu səfər çərçivəsində cənab İlham Əliyev "Gəncəsənayecihaz" ASC-də aparılan yenidənqurma işləri ilə maraqlanmış, qaz və su sayğacları istehsal edən sexlərin günün tələblərinə uyğun qurulması üçün tövsiyə və tapşırıqlar vermişdir.
"Gəncəsənayecihaz" ASC-yə dörd milyon avro həcmində investisiya yönəldilmişdir.

Gəncə əsl yüksəliş yolundadır. Hər sahədə görülən işlərin miqyası getdikcə artır. 2008-ci ildə Gəncə şəhəri üzrə iqtisadi və sosial sahənin inkişafına bütün maliyyə mənbələri hesabına 84,8 milyon manatlıq kapital qoyuluşu yönəldilmişdir ki, bu da əvvəlki ildəkinə nisbətən 3,1 dəfə çoxdur.

Ulu öndər Heydər Əliyevin arzularına uyğun olaraq şəhərdə sistemli surətdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri bu yerləri tanınmaz etmişdir. Küçələr, yollar başdan-başa asfaltlanıb. Neçə-neçə yerdə bağlar, parklar salınıb. Bir-birindən yaraşıqlı istirahət guşələri düzəldilib. Müasir üslublu, çoxmərtəbəli binalar şəhərə yeni görkəm verir. Gəncədə bir növ, torpaq üzərində tarix yazılır. Bir-birindən mənalı-məzmunlu abidələr ucaldılır. Ən əsası isə budur ki, qədirbilən gəncəlilər ulu öndər Heydər Əliyevi həmişə məhəbbətlə, ehtiramla yad edirlər. Elə bu məhəbbətin, ehtiramın nəticəsində Heydər Əliyev prospekti başdan-başa yenidən qurulub. Şəhərin mərkəzində, geniş sahədə Heydər parkı yaradılıb, fəvvarələr kompleksi düzəldilib, Xatirə muzeyi açılıb, ulu öndərin əzəmətli abidəsi ucaldılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ən möhtəşəm abidəsi qədirbilən insanların ürəklərində yurd salıb.

 

 

Ramiz MƏMMƏDOV,

Azərbaycan Müəllimlər

İnstitutu Gəncə filialının direktoru,

fizika-riyaziyyat elmləri

doktoru, professor

 

Azərbaycan.- 2009.- 14 iyul.- S. 3, 9.