Xilaskarlıq quruculuq missiyası

 

Tarixin yaddaşına öz möhürünü vurmuş fövqəladə şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yaratmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetirdiyi nadir və qeyri-adi şəxsiyyətlərdən biri olaraq bu gün milyonların qəlbində yaşayır.

Bu gün mütləq əksəriyyət birmənalı etiraf edir ki, ulu öndər Heydər Əliyevin yenilməz iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri anlamaq, təhlil edib modelləşdirmək və siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti Azərbaycanı hər zaman davamlı və sabit inkişaf yoluna çıxarmışdır. Ulu öndər ictimai-siyasi sabitliyi tam təmin edərək sonrakı mərhələdə həyata keçirdiyi çoxşaxəli islahatlarla bir daha sübuta yetirmişdir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Böyük strateq iqtisadi və hüquqi islahatların paralelliyini təmin etməklə məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi, demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir.

Azərbaycan xalqının vahidliyinə çalışan Heydər Əliyev özünün fitri idarəçilik istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə çulğaşan, milli xüsusiyyətləri, mental dəyərləri qoruyan ədalətli, sivil və demokratik cəmiyyət qurmuş, dövlət-vətəndaş münasibətlərində hər birinin mənafeyini prioritet götürmüşdür. Müxtəlif tarixi dövrlərin siyasi təbəddülatları ümummilli problemlərin həllində cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına zərrə qədər də təsir etməmiş, əksinə, bu inam günü-gündən güclənmiş, möhkəmlənmişdir. İctimaiyyət Heydər Əliyev siyasətinə olan yüksək etimadın müqabilində dövlətə, hakimiyyətə inamını bərpa etmişdir. Məhz bu inam da cəmiyyəti anarxist meyillərə sürüyən mənfi tendensiyalara qarşı güclü immunitet formalaşdırmışdır. Bu baxımdan Heydər Əliyevin siyasi varislik irsinin alternativsizliyi təkcə praktik məsələlərdə özünü təsdiqləməmişdir - bu faktor cəmiyyətin ideoloji istiqamətləri baxımından da ciddi əhəmiyyətə malikdir.

Azərbaycanda uzun illər demokratiya istilahı mahiyyəti üzrə başa düşülməmiş, ən yaxşı halda ictimai rəy bunu 1993-cü ilin iyun hadisələrinə qədərki proseslər fonunda anarxist meyillər kimi qavramışdır. Ümummilli lider Heydər Əliyev isə bu yanlış təsəvvürləri dəyişmək üçün hər şeydən əvvəl xalqla əl-ələ verərək hakimiyyət böhranını aradan qaldırmış, cəmiyyətdə yeni mübariz əhval-ruhiyyə yaratmağa nail olmuş, milli birlik yolu ilə dövləti parçalanmadan xilas etmişdir. Xalqın milli-mənəvi sərvətinə çevrilmiş bu milli birlik sayəsində hazırda respublikamızda demokratik dəyərlər qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycanda həqiqi demokratiya da məhz Heydər Əliyevin milli dövlətçilik irsinin təcəssümü kimi formalaşmışdır. Bu siyasi irs demokratiyanın kütləvi özbaşınalıq kimi başa düşülməsinə və yaxud da ifrat Qərb demokratiyasının neqativ cəhətlərini özündə ehtiva etməsinə yol vermir. Faktiki olaraq bu kursun bütün sahələrdəki tənzimləmə missiyası ideoloji müstəvidə də özünü doğrultmuşdur.

Avropa siyasətçilərinin həyata keçirmək istədiyi bir layihə dalana dirənəndə Uinston Çörçildən soruşurlar ki, bəs indi neyləməliyik? Siyasət nəhəngi təmkinini pozmayaraq demişdir ki, siyasətdə gedişlər tükənmir. Yəni, yaranmış vəziyyətdən istənilən halda çıxış yolunu tapmaq mümkündür. Ulu öndər Heydər Əliyevin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti yəqin ki, heç zaman xatirələrdən silinməyəcək. Öz liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən xəbərdar olan Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə, çıxılmaz anlarda belə arxayınlıq hissini itirməmişdir. Çünki baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri, cılız siyasi kombinasiyalar Heydər Əliyev şəxsiyyətinin qüdrəti qarşısında son dərəcə bəsit görünürdü. Azərbaycan insanı daxili bir əminliklə öz liderinin ən çətin dövlətçilik sınaqlarından üzüağ çıxacağını düşünür, bu fövqəlşəxsiyyətin qorxulu situasiyalar üzərində növbəti zəfərini alqışlamağa hazırlaşırdı. 1993-cü ildən sonrakı mərhələdə xalqın istiqrarlı və sabit ölkədə yaşaması, özünə inamının güclənməsi də məhz bu gerçəklikdən qaynaqlanmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi liderlik məharəti həm onunla ölçülür ki, böyük strateq güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider, layiqli davamçı yetişdirmişdir. Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur.

Azərbaycan Prezidentinin son 5 il yarımda əldə etdiyi böyük siyasi nailiyyətlər onun siyasi liderlik üçün ən zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Dövlət başçısı Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun sosial məsuliyyət prinsipinə incəliklə riayət etməsindən irəli gəlir. Məsələn, hansısa problem baş qaldıranda dövlət başçısı, ilk növbədə, "Heydər Əliyev bu məsələni necə həll edə bilərdi?" sualı üzərində düşündüyünü vurğulayır. Prezident İlham Əliyev dövlət idarəçiliyinə dair hər hansı mühüm qərar qəbul etməzdən öncə bu sualı özünə ünvanladığını və cavab tapmağa çalışdığını deyir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.

İnsanpərvər və humanist siyasət yeridən cənab İlham Əliyev ilk gündən bildirmişdir ki, demokratik və sivil cəmiyyət quruculuğunun fundamental şərtlərindən biri də məhz zamanla səsləşən hüquq islahatlarının həyata keçirilməsi, ədalət mühakiməsini icra edən məhkəmələrin müstəqilliyinin təmin edilməsi, qanunun aliliyinin bütün səviyyələrdə qorunmasıdır. Yeni, müasir və möhkəm dövlətçilik modelinin yaradılması təkmil hüquqi mexanizmlərin formalaşdırılmasından çox asılıdır. Müstəqillik yoluna yeni qədəm qoymuş Azərbaycanın demokratikləşmə sahəsində böyük nailiyyətlər qazanması da bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq islahatlarının ölkənin sosial-iqtisadi inkişaf dinamikası və demokratik şüur səviyyəsi ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.

2009-cu ilin may ayında - Ali Məhkəmənin yeni, əzəmətli binasının təntənəli açılış mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev insan hüquq və azadlıqlarının təmini baxımından məhkəmələrin ədalətə və hüquqa əsaslanan qərarlar çıxarması vacibliyini xüsusi önə çəkmişdir. "Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olması, asayişin qorunması, hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsi bir məqsədi güdür: ölkəmiz daha da möhkəmlənsin, müasirləşsin, dünyada mövcud olan ən gözəl təcrübəni biz Azərbaycanda tətbiq edək, öz imkanlarımızı genişləndirək və ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı üçün möhkəm əsasları yaradaq", - deyə dövlət başçısı vurğulamışdır.

Bütün bunlar göstərir ki, ədalət meyarı Heydər Əliyev ideyalarına tapınan cənab İlham Əliyev üçün də daim prioritet məsələdir. Dövlət başçısının son beş ildə yeritdiyi siyasət də bütün çalarları ilə məhz insan və şəxsiyyət amilinin yüksəlişinə hesablanmışdır. Şübhə yoxdur ki, bu siyasət ən qısa zamanda Azərbaycanın demokratik dövlətlərdən birinə çevrilməsi ilə nəticələnəcək, respublikamızda insan hüquq və azadlıqlarının təminatına etibarlı zəmin yaradan mənəvi-psixoloji və hüquqi mühit formalaşacaqdır.

 

 

Hikmət MİRZƏYEV,

Azərbaycan Respublikası

Ali Məhkəməsinin iqtisadi

mübahisələrə dair işlər üzrə

Məhkəmə Kollegiyasının sədri

 

Azərbaycan.- 2009.- 14 iyul.- S . 5.