Təhsil hər bir millətin
gələcəyi, müstəqil dövlətin təməli,
dünyaya açılan pəncərədir. Hər bir xalq
inkişaf yolunu məhz malik olduğu elmi-intellektual potensialla
müəyyənləşdirərək beynəlxalq miqyasda
layiqli yer tutmaq, özünü təsdiqləmək imkanı
qazanmışdır. Bəşər tarixində silinməz
iz qoymuş böyük şəxsiyyətlərin elmə və
təhsilə münasibəti, bu sahələrin
inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını
təmin edən başlıca amillərdən biridir. Müstəqil
Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər
Əliyev də dövlət idarəçiliyinin bütün
mərhələlərində elm və təhsilin
inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk
növbədə, xalqımızın intellektual gələcəyini
düşünmüşdür. Elmi-intellektual sahədə
qazanılan nailiyyətləri dövlət quruculuğu
prosesinin vacib şərti və etibarlı təminatı hesab
edən ulu öndər milli təhsilimizin mütərəqqi
prinsiplər əsasında inkişafı naminə
bütün zəruri tədbirləri həyata
keçirmişdir.
Ümummilli lider Heydər
Əliyevin hələ Azərbaycana birinci rəhbərliyi
dövründə böyük uzaqgörənliklə
reallaşdırdığı elm, təhsil və mədəniyyət
siyasəti müstəqillik illərində milli ziyalı
elitasının intellektual potensialının yüksəkliyində
özünü göstərməklə aparılan
islahatların praktik nəticələr verməsini təmin
etmişdir. 70-80-cı illərdə ulu öndərin rəhbərliyi
altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin
yaradılması və onların mükəmməl
maddi-texniki bazasının formalaşdırılması, respublika
hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin,
o cümlədən hərbi kadrların yetişdirilməsi,
Elmlər Akademiyasının institutlarında fundamental elmin
inkişafının təmin olunması gələcəkdə
milli müstəqilliyimiz üçün zəruri intellektual
zəmin yaratmışdır. Heydər Əliyev peşəkar
strateq olaraq daim qeyd etmişdir ki, intellektual baza istənilən
ölkədə dövlət müstəqilliyinin əsasını
təşkil edən mühüm amillərdən biridir. Ulu
öndərin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə
hesablanması da məhz onun hərtərəfli elmi prinsiplər
üzərində qurulması, zəngin intellektual potensiala
söykənməsi ilə şərtlənir. Həmin illərdə
respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi,
maarif işinin yüksək səviyyədə təşkili,
ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin
açılması, fundamental və humanitar elmlərin
inkişafı, əldə olunan kəşflərin
iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu
öndərin təhsil siyasətinin əsas leytmotivini təşkil
etmişdir.
Cəmiyyətin tərəqqisinin
ən qüdrətli vasitəsi rolunu oynayan elm və təhsilə
qayğının artırılması, bu işə dövlət
siyasətinin üstün istiqaməti kimi
yanaşılması Heydər Əliyevin rəhbər və vətəndaş
epoxasının ümdə qayəsini ifadə edən önəmli
cəhət kimi bu gün də böyük rəğbətlə
xatırlanır. Məhz bu amil ötən əsrin 70-ci illərindən
başlayaraq Heydər Əliyev epoxasının mənəvi
yüksəliş tarixinin inkaredilməz gerçəkliyinə
çevrilmişdir. Ulu öndər mövcud ideologiyanın qəlibləri
çərçivəsində belə Azərbaycanda milli təhsil
sisteminin sıxışdırılmasına yol verməmiş,
əksinə, onu yüksəltmək yolunda bütün
imkanlardan maksimum dərəcədə istifadə etməyi
bacarmışdır. Təsadüfi deyildir ki, Heydər Əliyevin
respublika rəhbərliyinə gəlməsindən sonrakı
dövr həm də milli özünüdərk və
özünəqayıdışın
başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu
dövrdən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin
başlıca ideya-siyasi istiqamətini də məhz xalqın
milli özünüifadəsinin bütün forma və vasitələrinin
geniş vüsət alması, milli qürur hissinin güclənməsi
və milli şüurun yüksəlişinə təkan verən
təhsil strategiyasının gerçəkləşdirilməsi
təşkil etmişdir.
Ulu öndər paytaxt
Bakının kosmopolit ruhlu kadr potensialından azad olması
üçün milli kadrların yetişdirilməsi işinə
də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə
təhsilin səviyyəsinin yüksəldilməsini vacib məsələ
kimi önə çəkmişdir. Həmin illərdə
milli-mütərəqqi fikrin və ictimai düşüncənin
başlıca mərkəzi olan və milli kadr
hazırlığında əsas yükü üzərinə
götürən Azərbaycan Dövlət Universitetinə
(indiki Bakı Dövlət Universiteti) diqqət və
qayğının artırılması, bu təhsil
ocağının fəaliyyətinin gücləndirilməsi
də ulu öndərin daim nəzarətində olmuşdur. Heydər
Əliyev böyük strateq olaraq yaxşı bilirdi ki,
universitet auditoriyalarında, kafedralarında işləyən,
dərs deyən müəllimlər Azərbaycan
xalqının mənliyinin, milli şüurunun, milli ruhunun
inkişaf etdirilməsi prosesində müstəsna rol
oynayırlar.
Ümummilli liderin
Bakı Dövlət Universitetinin inkişafına göstərdiyi
yüksək qayğı ilk növbədə bu ali təhsil
ocağının çağdaş milli dövlətçilik
tariximizdəki əlahiddə yeri və statusu ilə şərtlənmişdir.
Müsəlman Şərqində ilk dünyəvi ali təhsil
ocağı kimi ötən əsrin əvvəllərində
fəaliyyətə başlamış və 90 il ərzində
şərəfli yol keçmiş Bakı Dövlət
Universiteti Azərbaycanın çağdaş tarixinə
öz möhürünü vurmuş, milli dövlətçiliyin
formalaşması prosesinin cığırdaşı
olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı
olan, o dövrün qabaqcıl elm və mədəniyyət
adamlarının səyləri, fədakarlığı,
elmi-pedaqoji potensialı sayəsində həyata vəsiqə
alaraq regionun aparıcı elm-təhsil mərkəzinə
çevrilən universitetin təsis edilməsi həqiqətən
də ölkə həyatında müstəsna əhəmiyyətli
hadisə olmuşdur.
Xatırlatmaq
lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda
universitetin təsis edilməsi barədə qərar qəbul
olunmuş, onun nizamnaməsi təsdiqlənmiş, beləliklə,
Yaxın Şərqdə Avropa tipli ali təhsil
ocağının əsası qoyulmuşdur. Universitet ilk tədris
ilini 2 fakültə - tarix-filologiya, tibb fakültələri
ilə başlamış, onun ilk rektoru Kazan Universitetinin professoru,
məşhur cərrah V.İ.Razumovski olmuşdur.
Universitetin 1920-1930-cu illərdə
aparıcı müəllimləri dahi Azərbaycan
yazıçısı Əbdürrəhim bəy Haqverdiyev,
tanınmış şərqşünaslar - professor
P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər
tanınmış alimlər olmuşlar. Həmin dövrlərdə
universitet rəhbərliyinin dəvəti ilə Bakıya
öz ixtisasları üzrə mühazirələr oxumaq
üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər
Akademiyasının akademiki Fuad bəy Küprüllüzadə
gəlmişlər. Məşhur həmyerlimiz, Nobel
mükafatı laureatı L.D.Landau 1922-1924-cü illərdə
universitetdə təhsil almışdı.
1930-cu ildə Xalq
Komissarları Soveti yenidən qurulma (reorqanizasiya) adı
altında universiteti ləğv etmiş, onun nəzdində 4
institut yaradılmışdır. Lakin sonradan bu qərarın
yanlış olduğu etiraf edilmiş, elə həmin qurum
1934-cü il mayın 25-də "Azərbaycan Dövlət
Universitetinin açılması haqqında" qərar qəbul
etmiş, M.K.Ələkbərov universitetin rektoru təyin
olunmuşdur.
İkinci Dünya
müharibəsi illərində professor-müəllimlərin
cəbhəyə getmələri ilə bağlı
çatışmazlıqlara baxmayaraq, universitet ölkədə
öz öncül mövqeyini qoruyub saxlaya bilmiş, bu
nüfuzlu elm ocağının alimləri 1945-ci ildə Azərbaycan
Elmlər Akademiyasının təşkilində xüsusi xidmətlər
göstərmişlər. Respublikada fəaliyyət göstərən
ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən
Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət
İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji
Universiteti və digərləri məhz BDU-nun bazasında
yaradılmışdır.
1969-cu ildən
sonrakı dövr isə universitetin həyatında bilik və
elmin yüksək zirvələrinə doğru yüksəliş
illəri sayıla bilər. Ulu öndər Heydər Əliyevin
1969-cu ildə siyasi hakimiyyətə qayıdışı ilə
təhsil ocağının inkişafında da keyfiyyətcə
yeni mərhələ başlanmışdır. Böyük
strateq Azərbaycan rəhbərliyinə seçildikdən dərhal
sonra universitetin 50 illik yubileyinin keçirilməsinə qərar
vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə
iştirak etmişdir. Heydər Əliyev yubiley tədbirində
bütün baryerləri aşaraq Azərbaycan dilində
çıxış etmiş, onun dərin məzmunlu nitqi
sonrakı mərhələdə milli təhsil manifestinə
çevrilmişdir: "Bu gün Azərbaycan Dövlət
Universitetinin 50 illik yubileyi təntənə ilə qeyd edilir. Azərbaycan
elminin həyatında, onun mədəniyyətinin tərəqqisində,
Azərbaycan elminin inkişafında, iqtisadiyyatının
yüksəlişində yubilyarımız böyük və
səmərəli rol oynamışdır. Azərbaycan
xalqının torpağında birinci ali məktəbin yubileyi
elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın
dövlət hüdudlarından çox-çox kənara
çıxır. Bu gün Azərbaycan Dövlət
Universitetinin keçdiyi yarıməsrlik yola yekun vurarkən
tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada
layiq olduğunu özünün bütün fəaliyyəti
ilə sübuta yetirmişdir. Azərbaycan Universitetinin tarixi
xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı,
elm və mədəniyyəti üçün yüksək
ixtisaslı mütəxəssislərin böyük bir dəstəsini
hazırlamışdır".
Ulu öndər BDU-nun 60
illik yubileyinin də qeyd edilməsinin əsas təşəbbüskarı
olmuş, 1980-ci ildə keçirilmiş həmin mərasimdə
iştirak edərək təbrik nitqi söyləmişdir. Sovetlər
birliyi dövründə təhsil ocağının beynəlxalq
əlaqələrinin genişlənməsi məhz Heydər Əliyevin
respublikada rəhbərliyə gəlişindən sonra
mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin
analoji ali təhsil müəssisələri ilə əməkdaşlığa
başlamış, əməkdaşlıq əlaqələri
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Bu ali təhsil ocağının 40-dan çox
müəllimi məhz Heydər Əliyevin himayəsi və
qayğısı nəticəsində müxtəlif xarici
ölkələrə pedaqoji işə göndərilmişdir.
Ümumilikdə
universitetin həmin illərdə 300-dən artıq müəllimi
və tələbəsi Asiya və Afrika ölkələrində
tərcüməçi işləmiş, 30 müəllim və
elmi işçi Avropa, ABŞ və Yaponiyada uzunmüddətli
elmi ezamiyyətdə olmuşdur.
Həmin dövrdə
ulu öndərin diqqət və qayğısı ilə
universitetin maddi-texniki bazası, iş şəraiti əsaslı
şəkildə yaxşılaşdırılmış,
kabinet və laboratoriyaların sayı 115-i keçmiş, 15
ixtisaslaşmış laboratoriya yaradılmış, 1977-ci
ildə təhsil müəssisəsinin ikinci tədris korpusu
tikilərək istifadə verilmişdir. Eyni zamanda, ali məktəbin
professor-müəllim heyətinin sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılmış, onların yeni mənzillərlə
təminatına xüsusi diqqət yetirilmişdir.
Ümummilli lider Heydər
Əliyev 1969-cu ildə respublikada siyasi rəhbərliyə gəldikdən
sonra universitetdə bilik yeganə meyara çevrilmiş, fəhlə
və zəhmətkeş övladlarının nüfuzlu
fakültələrə daxil olmasını əngəlləyən
bürokratik amillər aradan qaldırılmışdır. Ulu
öndər belə neqativ hallara qarşı mübarizəni
gücləndirərək ali təhsil ocaqlarına qəbul
prosesinin şəffaf, obyektiv və azad şəraitdə
aparılması üçün bütün zəruri tədbirləri
həyata keçirmiş, bu sahədə ciddi
dönüşün yaranmasına nail olmuşdur. Ali məktəblərə
qəbulun şəffaflığını təmin edən,
bu sahədəki əyintilərin kökünü kəsmək
niyyətini cəsarətlə, qətiyyətlə,
addım-addım gerçəkləşdirən Heydər Əliyevin
səyləri ilə universitetin hüquq, şərqşünaslıq
kimi fakültələri yenidən istedadlı gənclərin
üzünə açılmış, təhsilin səviyyəsi
və nizam-intizamla yanaşı, kadr hazırlığı
işi də keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Eyni zamanda, həmin illərdə hüquq
fakültəsinə qəbul prosesində fəhlə və zəhmətkeş
övladlarına üstünlük verilməsi də ulu
öndərin insanpərvər və ədalətli rəhbər
olduğunu bir daha təsdiqləyir.
Ümumiyyətlə,
70-80-ci illərdə təhsildə dövrün tələblərinə
uyğun islahatların aparılması, bu sistemdə səffaflıq,
obyektivlik və ədalət prinsiplərinin təmin
olunması məhz Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli liderin birbaşa nəzarəti
altında ali və orta ixtisas məktəblərinə qəbul
olunan tələbələrin, həmçinin istehsalatın
müxtəlif sahələrinə, elm-təhsil mərkəzlərinə
təyinat alan məzunların sosial tərkibi imkansız ailələrin
hesabına daim sağlamlaşdırılmışdır.
Bakı Dövlət
Universitetindən pərvazlanan, təhsil sahəsində
böyük uğurlar əldə edən tələbələrin
keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə
oxumağa göndərilməsi ənənəsi də ulu
öndərin respublikada milli kadr potensialının
formalaşdırılması istiqamətində
atdığı mühüm addımlardan biri kimi
xatırlanır. Heydər Əliyevin Azərbaycanın gələcəyini
düşünərək uzaqgörənliklə təməlini
qoyduğu bu ənənə əsasında milli elmi
potensialımız yüksəlir, respublikamız yüksək
ixtisaslı kadrlara olan ehtiyacını ödəyirdi. 60-cı
illərdə SSRİ-nin müxtəlif yerlərində oxumaq
istəyənlər üçün yalnız 50 yer
ayrıldığı halda, 80-ci illərin əvvəllərində
bu göstərici 1000 nəfəri keçmişdi. Ötən
əsrin 70-ci illərində Heydər Əliyevin qayğı
və diqqəti ilə 10 minədək azərbaycanlı gənc
respublikamızdan kənarda təhsil almağa göndərilmişdi.
Ulu öndərin bəxş etdiyi bu xoşbəxt taleyi
yaşamış məzunlardan biri olaraq əminliklə
vurğulamaq istərdim ki, ittifaqın müxtəlif yerlərində,
xüsusən Moskva şəhərində yüksək təhsil
alaraq Bakıya dönmüş yüksək ixtisaslı
mütəxəssislər sonradan cəmiyyətin
aparıcı təbəqəsinə çevrildilər və
bugünün özündə də dövlət idarəçiliyində
layiqli yerlərini tuturlar.
Xüsusi vurğulamaq
lazımdır ki, ötən əsrin sonlarına doğru
istiqlaliyyətini əldə edən Azərbaycan yenə də
məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi
dövründə formalaşmış zəngin iqtisadi və
elmi potensiala istinad etmişdir. Bununla belə, 1991-1993-cü illərdə
respublikamızda hökm sürən ümumi böhranlı vəziyyət
- iqtisadi tənəzzül prosesinin dərinləşməsi,
ictimai-siyasi sabitliyin olmaması elm və təhsil sahəsində
də əsaslı problemlərə gətirib çıxarmışdı.
Azərbaycan elmi tənəzzül girdabında
çırpınır, nüfuzlu alimlər, bütün həyatını
təhsilə həsr etmiş adlı-sanlı müəllimlər
çörək ardınca xaricə üz tutur, mənəvi
depressiya elmi mühitə getdikcə daha çox hakim kəsilirdi.
Bu böhranlı vəziyyəti yalnız ümummilli lider Heydər
Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə
qayıdışından sonra aradan qaldırmaq, elm və təhsil
sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini
müəyyənləşdirmək mümkün olmuşdur. Ulu
öndər milli təhsilin inkişafı və onun
qabaqcıl dünya dövlətlərinin təhsil sisteminə
inteqrasiyasını ciddi vəzifə kimi müəyyənləşdirmiş,
bu sahədə aparılacaq islahatların mahiyyətini
açıqlamışdır. Böyük rəhbərin irəli
sürdüyü təhsil konsepsiyasının əsas qayəsini
müstəqilliyin daha da möhkəmləndirilməsi,
demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin
sürətlə həyata keçirilməsi, dövlətin
iqtisadi potensialının gücləndirilməsi kimi ümdə
prinsiplər təşkil edir.
Heydər Əliyev
1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda
hakimiyyətə qayıtdıqdan sonra da vaxtilə məzunu
olduğu Bakı Dövlət Universitetinin üzləşdiyi
problemlərin həllini diqqətdə saxlamışdır. Heydər
Əliyevin elə həmin il universitetə gəlişi bu
böyük təhsil müəssisəsinə sanki yeni həyat
vermiş, çətinliklərə rəğmən onu yeni
dövrün tələbləri səviyyəsində kadr
hazırlığına sövq etmişdir. Böyük rəhbərin
dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca
məqsədi gələcəyin vətəndaşını,
yüksək səviyyəli mütəxəssini yetişdirməkdən
ibarətdir. "Mən fəxr edirəm ki, Bakı Dövlət
Universitetinin məzunuyam", - deyən ulu öndər Heydər
Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə
yanaşı, bu ali təhsil ocağının
qarşısında bir sıra məsul vəzifələr
müəyyənləşdirmişdir. BDU daim dünya
şöhrətli məzununun xüsusi
qayğısını hiss etmiş, onun qarşıya qoyduğu
ali ideyalar universitetin tələbə və professor-müəllim
heyətinin əsas fəaliyyət stimulvericisinə
çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin,
məzmunlu tarixinin şərəfli səhifələri məhz
Heydər Əliyevin böyük diqqət və
qayğısı sayəsində yazılmışdır. Bir
faktı xüsusi vurğulamaq lazımdır ki, universitetin
1994-cü ildə 75 illik, 1999-cu ildə isə 80 illik yubiley mərasimlərinin
keçirilməsi bilavasitə ümumilli liderin adı ilə
bağlıdır.
Ümumiyyətlə,
BDU-nun indiyədək keçirilmiş 5 yubiley mərasiminin 4-ü
məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf
edir. Bu mənada Heydər Əliyevlə Bakı Dövlət
Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən
mümkün deyildir. Ən azı bu səbəbdən ki,
universitet təhsildə də, elmin inkişafında da, maddi
bazanın möhkəmləndirilməsi, yeni ixtisasların
açılması sahəsində də ən möhtəşəm
nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana
rəhbərliyi dövründə qazanmışdır. Təsadüfi
deyildir ki, universitetin Böyük Elmi Şurası elmin və
təhsilin inkişafında göstərdiyi qayğıya, bu
təhsil ocağının şöhrətini yüksəkliklərə
qaldırdığına görə Bakı Dövlət
Universitetinin 80 illik yubileyi ərəfəsində ulu öndər
Heydər Əliyevə BDU-nun Fəxri Doktoru diplomunu təqdim
etmişdir.
Böyük strateq Heydər
Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı ən
mühüm və unudulmaz addımlarından biri də 13 iyun
2000-ci ildə bu ali təhsil ocağına özünüidarəetmə
- muxtariyyət statusunun verilməsidir. Müəyyən
prinsiplər əsasında ali məktəbə belə bir
statusun verilməsi onun inkişafında yeni bir mərhələnin
əsasını qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini,
dünya təhsil sisteminə sürətli
inteqrasiyasını, eyni zamanda, beynəlxalq əlaqələrinin
genişlənməsini təmin etmişdir. Xarici ölkələrin
mütərəqqi təcrübəsinin universitetdə tətbiqi,
tədris-tərbiyə prosesinin müasir standartlara uyğun
qurulması üçün məqsədyönlü
addımlar atılmışdır. 2000-ci ildə BDU-nun
rektoruna EKO beynəlxalq mükafatının təqdim
olunması, alimlərimizin uğurlu elmi nailiyyətlərinin
xaricdə qəbul edilməsi məhz ümummilli liderin Azərbaycan
elmini dünya miqyasında tanıtması istiqamətində
gördüyü işlərin tərkib hissəsidir.
2008-ci ilin 15 oktyabr
seçkilərində layiqli qələbə qazanaraq ikinci
müddətə Azərbaycan Prezidenti seçilmiş cənab
İlham Əliyevin ötən 5 il yarımdakı fəaliyyəti
onun ulu öndərin əsasını qoyduğu mütərəqqi
elm və təhsil ənənələrini də uğurla
davam etdirdiyini və yeni dövrün tələblərinə
uyğun zənginləşdirdiyini təsdiqləyir. Ötən
müddətdə Azərbaycanda dinamik iqtisadi inkişafın
sürətləndirilməsinə, cəmiyyət həyatının
bütün sahələrində mütərəqqi
islahatların aparılmasına etibarlı təminat yaradan cənab
İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət
mərkəzində saxlamış, ulu öndərin bu sahədə
müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin
etmişdir.
2008-2009-cu dərs ili ərəfəsində
Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin
müasir standartlara cavab verən tədris korpusunun
açılış mərasimində iştirakı və dərin
məzmunlu nitq söyləməsi bu ali təhsil
ocağının tarixində əlamətdar hadisələrdən
biri kimi əbədiyaşarlıq qazanmışdır. Dövlət
başçısı mərasimdəki
çıxışı zamanı ölkənin qabaqcıl
ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin
fəaliyyətinə yüksək dəyər vermiş, onun
inkişafına bundan sonra da lazımi diqqət
ayrılacağını vurğulamışdır. Yeni tədris
korpusunun müasir səviyyədə inşa edilərək
istifadəyə verilməsi BDU-ya yüksək diqqət və
qayğının bariz təcəssümü olmaqla, ölkədə
elm və təhsilin inkişafı naminə həyata
keçirilən məqsədyönlü tədbirlər
sisteminin məntiqi davamı kimi qiymətləndirilə bilər.
Uzun illərdən bəri tikintisi yarımçıq
qalmış bu tədris korpusunun qısa müddətdə və
müasir tələblər səviyyəsində
inşası, eyni zamanda, universitetin cəmiyyət həyatındakı
müstəsna roluna verilən yüksək dəyərin ifadəsidir.
Bu tədris korpusunun inşasına hələ 1991-ci ildə
başlanılsa da, sonradan maliyyə problemləri üzündən
işlər dayandırılmışdı. Lakin son illərdə
açılan yeni fakültələr, kafedralar, elmi-tədqiqat
institutları və digər bölmələr, o cümlədən
tələbələrin sayının artması yeni korpusun
tez bir zamanda istifadəyə verilməsi zərurətini
yaratmışdı. Bu zərurət nəzərə
alınaraq 2006-cı ildə tədris korpusunda yenidən əsas
inşaat işlərinə başlanılmış, həmin
il dövlət büdcəsindən 600 min manat, 2007-ci ildə
2,5 milyon manat vəsait ayrılmışdır.
Ölkə
başçısı İlham Əliyevin 2008-ci il mayın
20-də imzaladığı "Bakı Dövlət
Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı
bəzi tədbirlər haqqında" sərəncamı ilə
Bakı Dövlət Universitetinin yeni tədris korpusunun
tikintisinə 4,6 milyon manat vəsaitin ayrılması isə
inşaat işlərinin uğurla yekunlaşmasına zəmin
yaratmışdır. Həmin sərəncamın nəticəsi
olaraq yeni tədris korpusunun az bir müddətdə istifadəyə
verilməsi mümkün olmuş, universitetin tədris şəraiti,
maddi-texniki bazası əsaslı dərəcədə
gücləndirilmişdir. 15 min kvadratmetr ərazisi olan 10 mərtəbəli
yeni tədris korpusunda 300-dən çox otaq, o cümlədən
220 auditoriya var. 4 mindən çox tələbənin təhsili
üçün hər cür şərait
yaradılmış, bütün kabinetlər mebellə,
lazımi avadanlıqla təchiz edilmişdir. Burada universitetin
3 fakültəsi - tarix, mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və
kibernetika fakültələri yerləşmişdir. Yeni tədris
korpusunun nəzdindəki poliklinika, muzey, kitabxana və elmi
laboratoriyalar müasir avadanlıqlarla təchiz olunmuşdur.
Ölkədə elm və
təhsilin inkişafında yaranmış keyfiyyətcə
yeni mərhələnin reallıqları, həyata
keçirilən islahatların istiqaməti Bakı Dövlət
Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə
alınır. Gələcək həyata məhz bu ali məktəbdən
qədəm qoyan on minlərlə Azərbaycan gəncinin
müasir biliklərə yiyələnməsi, elmi təşəbbüskarlığının
artması, kompüter və informasiya texnologiyalarını dərindən
mənimsəməsi üçün görülən
işlər ardıcıl və sistemli səciyyə
daşıyır.
BDU bu gün
çağdaş dünyanın standartlarına uyğun
intellektual, yüksək ixtisaslı kadrların hazırlanması
işini uğurla həyata keçirməklə burada tətbiq
edilən tədrisin keyfiyyətinə, universitetin müasir tələblərə
cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə,
ölkə hüdudlarından kənardakı mövqeyinə
görə MDB məkanının liderlərindən biridir.
BDU-nun
qarşısında duran başlıca məqsəd gələcəyin
vətənpərvər, ziyalı vətəndaşını,
yüksək səviyyəli mütəxəssisini
hazırlamaqdan ibarətdir. Bunu düzgün dərk edən
universitetin professor-müəllim heyəti qarşıdakı
məqsədə çatmaq üçün strateji istiqamətləri
dəqiq müəyyənləşdirmişdir. BDU-nun
professor-müəllim heyəti gələcəyin yetkin gəncliyini
formalaşdırmaq üçün daim əzmkarlıqla
işləyir, xalqın sabahı naminə layiqli vətəndaşların,
savadlı kadrların hazırlanması üçün tədrisin
keyfiyyətini günü-gündən gücləndirməyə
çalışır.
Müasir qloballaşma
dövründə hər bir ali təhsil müəssisəsinin
gücü və qüdrəti onun beynəlxalq arenada
mövcud nüfuzu və əlaqələri ilə
ölçülür. Bu nöqteyi-nəzərdən BDU-nun
hazırkı beynəlxalq əlaqələri onun nəinki
MDB, bütövlükdə Avropa məkanında nüfuzlu ali
təhsil ocağı kimi tanınmasını, məşhurlaşmasını,
beynəlxalq təhsil sisteminə uğurlu
inteqrasiyasını təmin etmişdir. Hazırda Bakı
Dövlət Universiteti dünyanın 50-dən artıq
aparıcı universiteti ilə ikitərəfli əməkdaşlıq
edir. Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət
Beynəlxalq Əlaqələr İnstitutu, Sankt-Peterburq
Dövlət Universiteti, Türkiyənin Ankara, Gazi, Fırat,
Süleyman Dəmirəl, Gebze, İstanbul Aydın,
Yıldız Texniki, Bilkənd, Rumıniyanın Avidos, Buxarest,
Almaniyanın Azad Berlin, Bonn, ABŞ-ın Minnesota Dulut,
İndiana, Cekson Dövlət, Fransanın Sarbona, İnalko,
Qrenobol, Varşava universitetləri və digər ali təhsil
ocaqları ilə əməkdaşlıq müqavilələri
əsasında namizədlik və doktorluq dissertasiyalarına
birgə rəhbərlik edir, elmi konfrans və simpoziumlar
keçrir, tələbə və müəllim, elmi
informasiya mübadiləsi aparır, kitabxanalar arasında əlaqələri
genişləndirir. Moskva Dövlət Universitetinin coğrafiya
və biologiya fakültələrinin tələbələri
müntəzəm olaraq 2 həftədən bir ay müddətinə
qədər Azərbaycan Hirkan Milli Parkının və
Qızılağac qoruğunun ərazisində tədris təcrübəsi
keçirlər.
Müasir dövrün
informasiya reallığının cəmiyyət
qarşısında qoyduğu yeni tələblər nəzərə
alınmaqla, BDU-nun tam kompüterləşməsi layihəsi
uğurla başa çatdırılmışdır. Bu
gün BDU-da 300-ə yaxın nöqtədən internetə
çıxış var. Burada təhsil alan tələbələrin
xarici dillərə daha dərindən yiyələnmələri
üçün müasir tələblərə cavab verən
linqafon kabinələri quraşdırılmış,
fakültə və kafedralar elm və texnikanın ən
müasir yeniliklərini əldə etməyə şərait
yaradan müasir avadanlıqlarla təchiz olunmuş,
auditoriyaların bir çoxu mərkəzi monitor sisteminə
qoşularaq bütün fakültələrdə tədris
prosesinin avtomatlaşdırılmasına
başlanmışdır. BDU-nun kitabxanasının müasir
standartlara uyğun yenidən qurulması kitab fondunun
kompüter sisteminə keçirilməsi və internetə
bağlanması sivil dünya ilə əlaqənin ən bariz
nümunəsidir.
BDU-da ulu öndər
Heydər Əliyevin mənəvi irsinin, zəngin dövlətçilik
təcrübəsinin, idarəetmə fəlsəfəsinin
öyrənilməsi və gənc nəslə
çatdırılması mühüm vəzifə kimi qiymətləndirilir.
Hazırda universitetdə fəaliyyət göstərən
"Heydər Əliyev muzeyi" bu istiqamətdə ciddi
araşdırmalar aparır. Ulu öndərin həyatının
şərəfli səhifələrinin dolğun şəkildə
ictimaiyyətə çatdırılması, onun zəngin
ideya-fəlsəfi dünyagörüşünə əsaslanan
müasir dövlətçilik konsepsiyasının təbliği
və bu konsepsiyadan irəli gələn vəzifələrin
tələbələrə aşılanması yönündə
mühüm işlər görülür.
Azərbaycan Prezidenti
İlham Əliyev Bakı Dövlət Universitetinin cəmiyyət
həyatındakı yerini və müstəsna rolunu yüksək
dəyərləndirir. Dövlət
başçısının 24 aprel 2009-cu il tarixində
universitetin 90 illik yubileyinin keçirilməsi ilə
bağlı sərəncam imzalaması da məhz bu diqqət
və qayğının nəticəsidir. Bu, müsəlman
Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan
BDU-nun milli kadr hazırlığındakı müstəsna
yeri və roluna verilən yüksək qiymətdir. Dövlət
başçısının sərəncamında da
vurğulandığı kimi, Azərbaycanın
simasını müəyyən edən dövlət, elm və
mədəniyyət xadimlərinin böyük bir qismi məhz
Bakı Dövlət Universitetinin yetirmələridir.
Xalqın milli sərvətinə
çevrilən universitet bu gün dövlət idarəçiliyi,
iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif
sahələrində uğurla çalışan
çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın
inkişafına töhfələrini əsirgəmir.
Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi altında respublikamızın
müstəqil, milli ənənələrə və
ümümbəşəri dəyərlərə, dünya
standartlarına cavab verən təhsil sisteminin
formalaşdırılması istiqamətində həyata
keçirilən siyasət bu gün də əzmlə davam
etdirilir. Azərbaycanda təhsilin, elmin inkişafı
üçün geniş maddi-intellektual resurslar mövcuddur və
bundan səmərəli istifadə cənab İlham Əliyevin
müəyyənləşdirdiyi başlıca prioritetlərdən
biridir.
Respublikamızın
iqtisadi inkişaf tempi, habelə yüksək təhsil, bilik
almaqla yaxşı mütəxəssis kimi yetişməyin
vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi
milli təhsil sisteminin gələcəyi ilə bağlı
kifayət qədər ürəkaçan mənzərə
yaradır. BDU-nun çoxsaylı professor-müəllim heyəti
ürəkdən inanır ki, Azərbaycan xalqını firəvan
gələcəyə aparan bu siyasətin
davamlılığı qarşıdakı illərdə də
təmin olunacaq, müstəqil respublikamız cənab
İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini
sürətləndirərək dünyanın qabaqcıl
dövlətləri sırasında layiqli yerini tutacaqdır.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin
rektoru, akademik,
Milli Məclisin deputatı
Azərbaycan.- 2009.- 14 iyul.- S. 6.