Cəmiyyəti milli ideya
və Azərbaycan məfkurəsi ətrafında
birləşdirən rəhbər
Ötən əsrin
axırlarından başlayaraq planetin bütün
irili-xırdalı dövlətləri son nəticədə
qloballaşmaya aparan nəhəng inteqrasiya magistralına
qoşulmuşlar. Transmilli səciyyə daşıyan
qloballaşma prosesləri kontekstində etnik-milli
mövcudluğun siyasi, iqtisadi, mədəni, mənəvi
suverenliyi ilə bağlı milli konsepsiya və konseptual
ideyalar isə heç də yekcins deyildir. Bu prosesi
sosial-siyasi, mədəni-mənəvi, iqtisadi, elmi-intellektual
müstəvilərdə vahid qlobal harmoniya hesab edənlər
də, kainatın daha çox vahid mərkəzdən idarə
olunan bürokratik-texnoloji ərazi vahidinə çevrilmə
prosesi olduğunu iddia edənlər də var.
Ən müxtəlif
mövqe və münasibətlərdən asılı
olmayaraq qloballaşmaya doğru istiqamətlənmiş nəhəng
inteqrasiya magistralı bütün planeti öz ardınca
aparır. Mümkün olan ən optimal variant bu prosesə hər
bir etnosun milli-mənəvi "Mən"ini dərk edərək
qoşulmasından ibarət ola bilər. Bəlkə də bu
zərurətin dərkindən doğan həqiqətin nəticəsidir
ki, indi qloballaşma ayrı-ayrı xalqların etnik-mənəvi
köklərinə yenidən dönüşü ilə
xarakterizə olunur. Cəmiyyətin tarixi inkişaf
qanunauyğunluğunun özünüqoruma instinktindən
doğan müqavimət hissinin qabarıq şəkildə
üzə çıxması isə milli lider amili ilə
şərtlənir. Hər bir xalqın qərinələr
boyu formalaşmış yüksək milli-mənəvi dəyərlərini,
milli məfkurəsini pak və sağlam niyyətlərlə
qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda
inkişafına təsir göstərmək, onun genetik
yaddaşını, milli irs və özünəməxsusluğunu
gələcək nəsillərə ötürmək kimi
çətin missiya, ilk növbədə, fenomenal şəxsiyyətlərin
üzərinə düşür. Azərbaycanda bu məsuliyyətli
missiyanı məhz ulu öndər Heydər Əliyev öz
çiyinlərinə götürərək hakimiyyətdə
olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərin,
milli məfkurənin böyük himayədarı qismində
çıxış etmişdir.
Dirçəliş və tərəqqi yolunun
başlanğıcı
Tarixi təcrübə
göstərir ki, hər bir xalqın hansısa əlverişli
situasiyada milli-etnik soy-kökününə
qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi
dəyərlər və düşüncə sisteminə
söykənərək özünüməxsusluğunu
qorumaq şansı əldə etməsi əksərən lider
fenomeninin fövqəladə missiyası ilə şərtlənir.
XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət
olan Neydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra siyasi reallıqdan çıxıb ideya
formasında, azərbaycanlıların istiqlal
duyğularında qığılcım kimi közərən
milli dövlətçilik düşüncəsini - ötən
əsrin 70-ci illərinin əvvəllərindən
başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan
dövləti kimi əzəmətli reallığa
qovuşdurmuş, böyük fədakarlıqlar hesabına
qurub-yaratdığı dövlətin
sarsılmazlığını, demokratik yüksəlişini,
Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini,
dönməzliyini təmin etmişdir. Əgər ulu öndər
Heydər Əliyevin hələ respublikamıza birinci pəhbərliyi
dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni
yüksəlişi üçün həyata keçirilən
tədbirlər, milli şüurun oyanışı istiqamətində
istər açıq, istərsə də gizli şəraitdə
görülən işlər olmasaydı, bu gün Azərbaycanın
müstəqil xəttə malik, heç bir dövlətdən
asılı olmayan təsisat kimi mövcudluğundan
danışmaq yersiz görünərdi.
1969-cu il iyulun 14-də
Azərbaycanda siyasi hakimiyyətə gələn ümummilli
lider Heydər Əliyev ilk gündən hər cür
ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan
xalqının milli özünüdərki üçün
bütün zəruri tədbirləri həyata keçirməyə
başlamış, ictimai şüurdakı qorxunu,
ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti
bütün sahələr üzrə gələcək mənəvi
yüksəlişlərə ruhlandırmağı
bacarmışdır. Ulu öndər xalqda milli heysiyyəti
gücləndirmək, onu öz şanlı keçmişinə,
soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini,
mədəniyyətini, incəsənətini, adət-ənənələrini
yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir
sıra aşkar-gizli tədbirlər həyata
keçirmişdir. Azərbaycan KP MK-nın 1970-ci il 20 mart
tarixli plenumunda çıxış edən Heydər Əliyev
kütləvi informasiya vasitələrinin bu sahədəki fəaliyyətindən
narazılığını ifadə edərək
demişdir: "Bəzən mətbuat, radio və televiziya
işçiləri iqtisadiyyatın, mədəniyyətin və
məişətin inkişafına, xalqın mənəvi həyatına
aid mühüm məsələləri lazımi səviyyədə
işıqlandırmağı bacarmırlar".
Ulu öndərin bu
tarixi çıxışından sonra mətbuatda, televiziya və
radioda xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini,
folklorunu, ədəbiyyatını təbliğ edən
materiallar çoxalmış, milli ədəbi irsi tərənnüm
edən "Klassik irsimizdən", "Bulaq" kimi
verilişlər ortaya çıxmış, ana dilinin təbliği
istiqamətində real addımlar atılmışdır. Böyük
strateq Heydər Əliyev milli ruhun yüksəlişinə
xidmət edən bu və digər addımlarla sərt ideoloji
istehkamların mövcud olduğu bir dövrdə Azərbaycanın
müstəqilliyi üçün iqtisadi-siyasi zəmin
formalaşdırmağa çalışmışdır. Bugünün
zirvəsindən baxdıqda aşkar görünür ki, ulu
öndər heç bir riskdən çəkinməyərək
əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi,
milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri
və düşüncə sistemi barədə dolğun təsəvvürlər
formalaşdıra bilmişdir. Həmin illərdə, eyni
zamanda, xalqın qərinələr boyu
yaşatdığı mənəvi dəyərlərə
nihilist baxış tədricən aradan götürülməyə
başlamış, klassik ənənə ilə müasir ədəbi
irs arasında yaranan ünsiyyət milli düşüncənin
düzgün məcrada inkişafına səbəb
olmuşdur.
Böyük strateq Heydər
Əliyevin bütün fəlsəfi konstruksiyası məhz
xalqın milli dirçəlişi, milli qürur hisslərinin
oyanması ideyasına əsaslanırdı. Qalan hər
şey, o cümlədən də iqtisadi inkişafın
sürətli strategiyasının həyata keçirilməsi
milli şüurun yüksəlməsinə təkan verməli,
milli dirçəlişin əsas təməlinə çevrilməli
idi. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində
Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin
- klassik yazıçı və şairlərinin xatirəsini
əbədiləşdirməklə, onların əsərlərinin
nəşrini təmin etməklə, bir sözlə, milli ədəbi
düşüncənin inkişafına təkan verməklə,
azərbaycanlıların necə böyük tarixə,
şanlı soy-kökə malik olduğunu nümayiş
etdirmişdir. Heydər Əliyev kifayət qədər mürəkkəb
bir dövrdə azərbaycançılıq məfkurəsinin
rejimin ideoloji repressiya maşını ilə
boğulmasına nəinki imkan verməmiş, eyni zamanda milli
düşüncə sahibi olan ziyalıları qorumuş, nəticədə
respublikada dissident yazarlar olmamışdır.
70-ci illərdə bir
sıra Azərbaycan ziyalılarının imperiyanın təqiblərindən
qurtulması, milli dövlətçilik hissinin güclənməsinə
xidmət edən əsərlər yazıb-yaratması da Heydər
Əliyevin xalqına qəlbən bağlı şəxsiyyət
olduğunu əyani surətdə təcəssüm etdirir. Milli
təfəkkür sahibi olduqlarına görə təqib edilən
Azərbaycan yazıçı və şairlərini - Bəxtiyar
Vahabzadəni, Xəlil Rza Ulutürkü, Əkrəm Əylislini,
həmçinin məşhur tarixçi alim Ziya Bünyadovu və
digər ziyalıları çətin məqamlarda müdafiə
edən Heydər Əliyevin qanı, canı, bütöv ruhu
ilə milli kökə bağlı şəxsiyyət
olduğu qabarıq görünür. Həmin dövrdə bədnam
qonşularımız görkəmli tarixçi alim Ziya
Bünyadovun "Atabəylər dövləti"
kitabını dövlət mükafatına layiq görən
Heydər Əliyevi millətçi kimi təqdim edirdilər. Lakin
ulu öndər bu cəfəng iddialara məhəl qoymayaraq
prinsipial və qətiyyətli addımlarını davam
etdirirdi. Xatırlatmaq lazımdır ki,
"Gülüstan" poemasını yazdığına
görə DTK-nın təqiblərinə məruz
qalmış şair Bəxtiyar Vahabzadə də məhz Heydər
Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində
həbs olunmaqdan qurtulmuşdur.
Ümumiyyətlə, həmin
illərdə Azərbaycan tarixçiləri şanlı
keçmişimizin mümkün qədər obyektiv tədqiqi
və qələmə alınması istiqamətində ilk
addımlarını atmağa başlamışlar. Azərbaycan
yazıçılarının 1976-cı ilin may ayında
keçirilmiş qurultayında iştirak etmiş Heydər Əliyev
geniş nitq söyləyərək xalqımızın ədəbiyyatının,
onun inkişaf istiqamətlərinin, problemlərinin həlli
yollarının dərin bilicisi olduğunu göstərmişdir.
Böyük rəhbər xalqının qədim tarixi,
soy-kökü ilə bağlı olan yazılı abidələrin
dərindən öyrənilməsini tövsiyə etmiş,
azərbaycanlıların dünya ədəbiyyatı ilə
yaxından tanış olmaları üçün tərcümə
işinin qaydaya salınmasının vacibliyini bildirmişdir:
"Azərbaycan ədəbiyyatı çoxəsrlik tarixi
"Kitabi-Dədə Qoqud" kimi ədəbi abidələrlə,
Nizaminin nəhəng yaradıcılığı ilə,
Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin, söz sənəti
bahadırlarının dahiyani əsərləri ilə,
aşıq poeziyasının həmişə canlı
nümunələri ilə zəngindir".
Azərbaycan
xalqının türk mənşəyi daha çox qədim
yazılı abidə olan "Kitabi-Dədə Qorqud"da əksini
tapdığından, sovet ideologiyası ötən əsrin
20-50-ci illərində dastanın öyrənilməsini
qadağan etmiş, uzun illər bu abidənin unutdurulmasına
çalışmışdı. Ulu öndər bu
qadağanı da aradan götürərək dastanın
araşdırılması və tədqiqinə normal şərait
yaratmışdır.
"Kitabi-Dədə
Qorqud"la bağlı tarixi və ədəbi
araşdırmaların sayı çoxalmış, bu mövzuda
bədii film çəkilmişdir.
Ümumilikdə,
xalqın milli düşüncə sisteminin bədii-poetik
modeli olan Azərbaycan folklorunun inkişafı istiqamətində
həyata keçirdiyi addımlar da ulu öndər Heydər Əliyevin
milli-mənəvi dəyərlərə həssas münasibətindən
irəli gəlməklə ictimai şüurun
oyanışına xidmət etmişdir. Heydər Əliyev
xalqın düşüncələrini, azadlıq
ideyalarını özündə yaşadan aşıq
musiqisinin dirçəldilməsinə o illərdə
xüsusi diqqət yetirmişdir. 1972-ci ildə Azərbaycan
aşıq sənətinin görkəmli nümayəndələrindən
olan Aşıq Ələsgərin 150 illik yubileyi həm
aşığın doğulduğu doğma məkanı
Göyçə mahalında, həm Bakıda, həm də
Moskvada ən yüksək səviyyədə
keçirilmişdir. Belə bir yubileyin keçirilməsində
məqsəd el sənətkarını xalqa qaytarmaqla
yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin
necə olduğu, ulu ata-babalarımızın bu yerlərdə
əzəldən yaşadıqları fikrini yeni nəslə
çatdırmaq idi.
Milli özünüdərkə uzanan yol
Ulu öndər Heydər
Əliyev kosmopolizm ideyalarının zehinlərə zorla
yeridildiyi bir dövrdə milli məfkurənin qorunub
saxlanılması, habelə azərbaycançılığın
ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi
sahəsində də bir sıra mühüm addımlar həyata
keçirmişdir. Heydər Əliyev üçün ana dili
azərbaycançılığın başlanğıc məqamı,
təməl pirinsipi olmuşdur. Müdrik rəhbər
yaxşı başa düşürdü ki, xalqa milli-mənəvi
dəyərlərini aşılamaq üçün ona ilk
növbədə öz dilini qaytarmaq və sevdirmək
lazımdır.
Rus dilinin dövlət
dili olmasına rəğmən, ulu öndər həmin
dövrdə bütün rəsmi nitqlərini Azərbaycan
dilində edir, bunu bütün rəhbər vəzifəlilərdən
də qətiyyətlə istəyirdi. Xatirələrdə
qeyd olunur ki, ötən əsrin 70-ci illərinin ortalarında
şairlərdən biri Heydər Əliyevə müraciətlə
"Yoldaş Əliyev, Siz Azərbaycan dilində çox
gözəl danışırsınız" deyəndə,
dahi rəhbər ona belə cavab vermişdi: "Sən niyə
mənim rusca gözəl danışmağıma deyil, Azərbaycan
dilində danışmağıma təəccüb edirsən?
Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm. Eləcə
də hamımız!"
Hələ 1978-ci ildə
Azərbaycan SSR-in konstitusiya layihəsi qəbul edilərkən
ulu öndərin Azərbaycan dilinin bu ali sənəddə ana
dili kimi təsbitlənməsi və qorunub saxlanılması
sahəsində nümayiş etdirdiyi qətiyyəti də
xüsusi xatırlatmaq lazımdır. Bununla bağlı Kreml
emissarlarının dəfələrlə Bakıya səfər
edərək Heydər Əliyevi fikrindən
daşındırmağa səy göstərdiyini, lakin buna
nail olmadığını da mühüm fakt kimi
vurğulamaq lazımdır. Eyni zamanda, ümummilli lider Heydər
Əliyevin 70-ci illərdə nəşr olunmuş 3 cildlik
"Müasir Azərbaycan dili" dərsliyinə dövlət
mükafatı verməsi də xalqın milli şüurunun
formalaşmasına mühüm töhfə olmuşdur.
Faktlar göstərir ki,
əgər sovet hakimiyyətinin ilk illərindən etibarən
Azərbaycanda rus dilində təhsil alanların sayı dinamik
surətdə artırdısa, bu zərərli tendensiyaya məhz
ötən əsrin 70-ci illərinin əvvəllərindən
etibarən son qoyulmuşdur. Bu dinamika Azərbaycan dilində təhsil
alanların say artımı hesabına kəskin şəkildə
azalmış, ana dilində elmi nəşrlərin
çapı artmış, elmi tədqiqatların və
araşdırmaların məhz bu dildə aparılması dəstəklənmişdir.
"Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz
ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr
də millətin milliliyini təsdiq edir. Amma millətin
milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər
Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz,
musiqi olmaz. Bunların hamısı biri-birinə
bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi
yaşaması, möhkəmlənməsi, inkişaf etməsi
də bizim ən böyük nailiyyətlərimizdən
biridir. Bu, təkcə dil məsələsi deyil, həm də
azərbaycançılıq məsələsidir" - deyə
Heydər Əliyev çox sonralar Azərbaycan dilinin
inkişafı üçün gördüyü tədbirləri
belə izah edirdi...
70-ci illərdə
Bakıda türkçülüyü tədqiq edən
sanballı "Türkologiya" jurnalının nəşrə
başlaması da böyük əzmin, fədakarlığın,
türk dönməzliyinin nəticəsi olmuşdur. "Türkologiya"
jurnalının nəşrinə Kreml bir neçə dəfə
etiraz etsə də, imperiya səlahiyyətliləri Heydər Əliyevin
fədakarlığı qarşısında geri çəkilərək
türk dünyasının birliyinə xidmət edən bu nəşrin
dayandırılmasına müyəssər ola bilməmişdilər.
1926-cı ildə keçirilən Birinci Beynəlxalq
Türkoloji Qurultaydan xeyli sonra belə bir jurnalın nəşrə
başlaması öləziyən türkçülüyə
yeni nəfəsin, təkanın verilməsi məqsədi
daşımışdır. Türkoloji qurultayın
bütün nümayəndələrinin 37-ci ilin rerressiya
maşınında məhv edildiyini, volyuntarizm dövründə
Bəkir Çobanzadə, Nənəfi Zeynallı, Ruhulla
Axundov kimi millətrərəst insanların bəraət
aldığını, ancaq yenə də mərkəzin Azərbaycana
milli məsələlərdə aman vermədiyini gözəl
bilən Neydər Əliyev SSRİ rəhbərliyindəki
şəxsi nüfuzundan istifadə edərək, milli
oyanışın qığılcımlarını ədəbi
nümunələrdə, tarixi salnamələrdə
yaşatmışdır.
Ulu öndərin
türk kimliyinə bu dərəcədə
bağlılığı təsadüfi olmayıb təbii
başlanğıca istinad etmiş, Heydər Əliyevin
dünya ilə ilk tanışlığı türk
düşüncə tərzinin hələ üstün
mövqeyə malik olduğu, "türk"
sözünün hələ tam yasaq edilmədiyi ötən əsrin
30-cu illərinin əvvəllərindən
başlanmışdır. O zaman türkçülük
ideyaları, əsasən, yeganə müstəqil türk
dövləti olan Türkiyəyə, bu coğrafiyada
yaradılan mədəniyyət nümunələrinə
böyük maraq üzərində müəyyənləşirdi.
Ulu öndərin o dövr haqqında xatirələrində
oxuyuruq: "Cocuq ikən, gənc yaşlarımda Türkiyəyə
böyük hörmətim, məhəbbətim var idi. İndi
ola bilər ki, elə böyük sirr deyil açım, o
vaxtlar mən türk dili lüğətini, türk dili dərsliyini
götürmüşdüm, türk dilini öyrənirdim. Bunu
da açıq deyə bilərəm ki, müəllimim də
var idi, bir müddət - iki-üç il mənə türk
dili öyrətdi. Türkiyənin tarixini öyrənirdim,
şairlərini öyrənirdim. Gənc ikən indi mənim
yaşımda olan adamlar ola bilər ki, bunu xatırlasın, məsələn,
Rəşad Nuri Güntəkinin "Çalıquşu"
romanı bizim hamımızı heyran edən bir əsər
idi... Mənsə "Çalıquşu"nu 13-14
yaşımda oxumuşdum. O məni heyran etmişdi".
Azərbaycan
xalqının mənəvi həyatında ən əlamətdar
hadisələrdən sayılan on cildlik Azərbaycan Sovet
Ensiklopediyasının ərsəyə gəlməsi də
bilavasitə ümummilli liderin adı ilə
bağlıdır. O zaman ölkədə milli
oyanışın əsas mərkəzlərindən biri də
Azərbaycan Ensiklopediyası olmuşdur. Ensiklopediyanın
Baş Redaksiyası, redaksiya ətrafında toplanmış
alimlərin böyük əksəriyyəti çox cəsarətli
çıxışlar edirdilər. Xalqın təşəkkülündə
türk etnoslarının həlledici rol oynaması, Şimali
Azərbaycanın Rusiya tərəfindən işğalı,
Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə
mütərəqqi rol oynaması, 1920-ci ilin aprel
işğalı kimi bir çox məsələləri o
zaman məhz ensiklopediyaçılar qaldırırdılar. O
dövrdə sapı özümüzdən olan baltalar
bütün bu məsələləri Moskvaya
çatdırırdılar. Azərbaycan ziyalılarına
"millətçi", "burjua məfkurəçiləri",
"sovet hökumətinin və Rusiyanın düşmənləri"
damğasını vurmaqdan ötrü 1918-ci ilin martında Azərbaycan
xalqına qarşı dəhşətli qırğınlar
törətmiş Stepan Şaumyanın oğlu
L.S.Şaumyanı Bakıya gətirdilər. O zaman
"Böyük Sovet Ensiklopediyası" baş redaktorunun
birinci müavini, həm də sovet ideologiyasının
başında dayananlardan olan Şaumyan əlinə
düşmüş fürsətdən yararlanaraq Azərbaycan
ziyalılarını məhv etməkdən ötrü
çox çalışsa da, Heydər Əliyevin
prinsipiallığı sayəsində mənfur məqsədinə
çata bilməmişdi. Məhz Heydər Əliyevin
müdrikliyi və cəsarəti sayəsində o zaman həm
ensiklopediyaçılar, həm də ziyalıların
böyük bir dəstəsi nəinki KQB-nin təqiblərindən
kənarda qalmış, hətta partiya cəzasından da yaxa
qurtara bilmişlər.
Ümummilli lider Heydər
Əliyev Azərbaycan xalqında milli məfkurənin güclənməsi,
milli dövlətçilik şüurunun formalaşması
üçün eyni zamanda hər bir vətəndaşın
yüksək təhsil almasını, elmi yenilikləri əxz
etməsini son dərəcə vacib sayaraq bu sahədə də
praktik addımlar atmışdır. Ulu öndərin rəhbərliyi
altında respublikada milli maarifçilik hərəkatına
start verilmiş, təhsilin milliləşdirilməsi, ictimai
elmlərin milli xarakterinin qorunması üçün
ardıcıl tədbirlər həyata keçirilmişdir. Böyük
strateqin ötən əsrin 70-80-ci illərində minlərlə
gəncin respublikamızın hüdudlarından kənarda
yüksək təhsil almasına, ixtisaslı kadr kimi
yetişməsinə hər cür kömək göstərməsi
də onun xeyirxahlığının və vətənpərvərliyinin
əyani təcəssümüdür. Ümummilli lider
çox sonralar - 1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə
Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin
ümumrespublika toplantısındakı nitqində həmin
dövrü xarakterizə edən bir çox məqamlara
toxunaraq demişdi: "Mən 1969-cu il iyulun 14-də Azərbaycana
rəhbər seçiləndən sonra dərhal birinci
növbədə təhsil məsələləri ilə məşğul
olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər
də dövlət işində işləmişdim. Azərbaycanda
təhsilin, xüsusilə ali təhsilin vəziyyəti məni
daim maraqlandırmışdı və mən bu barədə
xeyli məlumatlara malik idim... Araşdırmalar apararkən mənə
aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın
özündə hazırlana bilməyən ixtisaslar üzrə
ali təhsil almaq üçün respublikaya 50 nəfərlik
limit verilibdir... Mən dərhal maraqlandım ki, bəs siz kimləri
seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını
aldım, çox təəssüfləndim. Onların əksəriyyəti
azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ
bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox
millətlərin nümayəndələri vardır. O vaxt mən
iki-üç ildən sonra hər il respublikadan kənarda
oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan
ibarət olmasına nail oldum".
Azərbaycançılıq məfkurəsini milli
ideologiyaya çevirən rəhbər
Tarix sübut edir ki, hər
bir xalqın vahid məqsədlər uğrunda toparlanması
üçün zəruri olan milli ideologiya da böyük siyasi
liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını
tapır. Şübhəsiz, milli ideologiya milli
düşüncə sisteminin əsas potensiyasının real
siyasi məqsədlər naminə səfərbər edilməsidir.
Milli ideologiyanın tələbləri sırasında dövlətçiliyin,
milli mənafenin müdafiə edilməsi, milliyətindən
asılı olmayaraq hər bir vətəndaşın
haqlarının ümumbəşəri tələblər səviyyəsində
qorunması, milli azlıqların və etnik qurumların
dilinin, mədəniyyətinin, adət-ənənələrinin
inkişafına şərait yaradılması, dövlət
idarəedici orqanlarında onların düzgün təmsil
olunması və s. amillər mühüm yer tutur. Mövcudluq
tarixində böyük liderlər, rəhbərlər
yetişdirə bilməyən xalqların milli
ideologiyasından da danışmaq mümkün deyildir.
Ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi
dövrdə də tarixi ənənə və təməl
üzərində milli ideologiyanın formalaşması və
inkişafı naminə misilsiz xidmətlər göstərmiş,
milli düşüncənin düzgün məcrada
inkişafına nail olmuş, xalqa məxsus ənənə və
dəyərlər sisteminin qloballaşmanın sərt təsirlərindən
qorumağı bacarmışdır. Çağdaş
tariximizə öz möhürünü vurmuş Heydər Əliyev
dühası azərbaycançılığı milli
ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik
və bütövlüyünə, mənəvi birliyinə
nail olmuşdur. Milli irs və düşüncə sistemindən
qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin
təkamül prosesində, tərəqqisində və
monolitliyində aparıcı amilə çevrilməkdən
savayı, həm də ümummilli liderə xalqı öz ətrafında
birləşdirmək, milli ideallar ətrafında səfərbər
etmək imkanı yaratmışdır.
Müstəqillik illərində
Azərbaycanın milli ideologiyası ilk dəfə Yeni Azərbaycan
Partiyasının nizamnaməsində əksini
tapmışdır. 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan
Partiyasının 6-cı ildönümünə həsr
olunmuş təntənəli yığıncaqda ümummilli
lider Heydər Əliyev milli ideologiyanın şərhinə
geniş yer verərək demişdir ki, dövlətçilik,
milli-mənəvi və bəşəri dəyərlər azərbaycançılıq
ideologiyasının əsasını təşkil edir. Dünya
Azərbaycanlılarının 2001-ci ilin 9-10 noyabrında
keçirilmiş I qurultayında isə ümummilli lider Heydər
Əliyev demişdir: "Bizim hamımızı birləşdirən,
həmrəy edən azərbaycançılıq
ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan
dövlət müstəqilliyini əldə edəndən
sonra azərbaycançılıq aparıcı ideya kimi həm
Azərbaycanda, həm də bütün dünyada yaşayan
azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə
bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq
öz milli mənsubiyyətini qoruyub saxlamaq, eyni zamanda
onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafının təmin olunması
deməkdir".
Ulu öndər Heydər
Əliyevin azərbaycançılıq ideologiyasında vahid
polietnik millətin Azərbaycan dövlətçiliyinin
yaradılmasına dair maraqlarının ümumiliyi,
demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat
şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri
öz əksini tapmışdır. İdeologiya kimi azərbaycançılıq
müstəqil Azərbaycanın fəlsəfi-sosial
doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini
özündə birləşdirmişdir. Azərbaycançılıq
ideologiyası dünya azərbaycanlılarının vahid
ideya ətrafında birləşməsini şərtləndirən
tarixi-siyasi amillərin təsnifatını, xaricdə
yaşayan soydaşlarımızın hüquq və
azadlıqlarının qorunması sahəsində Azərbaycan
dövlətinin qarşısında duran vəzifələri,
onların Azərbaycan Respublikasına münasibətdə
üzərinə düşən mənəvi öhdəlikləri,
azərbaycanlı anlayışının sosial-fəlsəfi
məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə
tutulur. O, milli inkişafın mədəni-tarixi təbəqəsi
olmaqla, strateji inkişafın əsas yollarını və
istiqamətlərini müəyyənləşdirir, milli
dilimizin sarsılmazlığında, milli mədəniyyətin
üstün rolunda və milli dəyərlərin sanbalında
öz əksini tapır. Ölkəmizin əksər
ictimai-siyasi qüvvələrinin qəbul etdiyi azərbaycançılıq
ideologiyasının diaspor quruculuğunda üstün cəhəti
ilk növbədə onun milli maraqlarımızın tam
palitrasını əhatə etməsidir. Milli-mənəvi,
islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri,
Şərq və Qərb mədəniyyətlərinin
dialoqunu, türkçülük və avropaçılıq
meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi
ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq
ideologiyası məhz buna görə də çox müxtəlif
coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni
mühitlərdə formalaşmış diasporumuz
üçün də cəlbedicidir.
Xalqlararası və mədəniyyətlərarası
dialoqu müasir qloballaşma dövründə daha da
inkişaf etdirmək, ona dəstək vermək, bütün
insanların gələcəyi naminə mədəniyyətlərin
və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu
gün də dövlət siyasətinin mühüm tərkib
hissəsidir. Ulu öndərin siyasi ideallarına tapınan
dövlət başçısı İlham Əliyev milli-mənəvi
dəyərlər sisteminə xüsusi qayğı göstərməklə
yanaşı, haqlı olaraq vurğulayır ki, demokratik
prinsiplərlə yaşamaq, bu yönümdə inkişaf etmək
arzusunda olan hər bir dövlət ölkəsində cəmiyyətdaxili
tolerantlığın bərqərar olmasını təmin
etməlidir.
Dövlət
başçısı xalqın vahid məqsədlər naminə
səfərbər olmasında, milli diaspor hərəkatının
formalaşması və inkişafında azərbaycançılıq
ideologiyasının müstəsna rolunu daim xüsusi diqqətə
çəkir. Cənab İlham Əliyev xüsusi
vurğulayır ki, azərbaycançılıq məfkurəsində
etnik mənsubiyyətindən asılı olmayaraq xarici ölkələrə
köçmüş bütün vətəndaşlara
hüquqi və mənəvi baxımdan bərabər
münasibət var. Milli dövlətçilik ideyası,
dövlət müstəqilliyimizin əbədiliyi və
dönməzliyi fikri, Azərbaycan Respublikasının
bütün azərbaycanlıların milli sərvəti,
bütün soydaşlarımızın vətəni hesab
edilməsi azərbaycançılığın mühüm
meyarlarındandır. Bu konseptual ideya özlüyündə əhəmiyyətli
olmaqla bərabər, xaricdə yaşayan
soydaşlarımızın ölkəmizlə iqtisadi əlaqələrinin
inkişafı, onların müxtəlif maraqlarının
hüquqi təminatı üçün də ciddi əsaslar
yaradır.
İradə HÜSEYNOVA,
tarix elmləri doktoru, professor
Azərbaycan. - 2009.- 14 iyul.- S. 7.