"1969-cu ildə Heydər
Əliyevin Azərbaycan Kommunist Partiyasının I katibi
seçilməsi, xüsusilə də onun fəaliyyəti
Sovet İttifaqında böyük əks-sədaya səbəb
oldu. O, ilk növbədə neqativ hadisələrə -
rüşvətə, korrupsiyaya və digər cinayətlərə
qarşı mübarizəyə başlaması ilə
tanındı. Hamının
öz vəziyyətindən çox razı olduğu və əlavə
heç bir problem yaratmaq istəmədiyi bir vaxtda,
dondurulmuş bir əhatədə onun bu cür fəaliyyətə
başlaması böyük partlayış idi.
Əliyevin fəaliyyəti,
hay-küylü məhkəmə prosesləri, onun
açıq çıxışları bir
çoxlarını dəhşətə gətirdi. Amma əhali bütün
bunları alqışlayırdı".
Eduard ŞEVARDNADZE
Ümummilli lider Heydər
Əliyev Azərbaycanda hakimiyyətdə olduğu istər
birinci dövrdə, istərsə də ikinci dövrdə
qonşu Gürcüstan dövləti ilə əlaqələrin
inkişafına və orada yaşayan soydaşlarımızın
qayğılarına xüsusi diqqət göstərirdi. Ulu öndərin respublikamıza
rəhbərliyinin birinci dövrü - 1969-1982-ci illər mənim
gənclik və tələbəlik illərimə düşsə
də, yaxşı xatırlayıram, böyük şəxsiyyətin
ictimai-siyasi fəaliyyətini həvəslə izləmişəm,
maraq göstərmişəm. 1970-ci ildə Heydər Əliyev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi işləyərkən neqativ hallara - rüşvətxorluğa,
korrupsiyaya və digər cinayətkar əməllərə
qarşı mübarizəyə başlaması xalq
arasında böyük razılığa səbəb oldu.
O zamankı sovet rejimində
görünməmiş bir hal kimi Heydər Əliyevin bu
cür fəaliyyətə başlaması nəinki Azərbaycanda,
Sovetlər birliyində qeyri-adi hadisə sayılırdı. Tale elə gətirib ki, Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövrdə
atam Əli Aslanov rayon icraiyyə komitəsinin sədri vəzifəsində
işləyib, ulu öndərin 1993-cü ildə xalqın təkidli
tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdışından sonra isə mən Şəmkir Rayon
İcra Hakimiyyətinin başçısı işləmişəm.
Rəhbərin Gürcüstan və gürcüstanlı soydaşlarımızla
bağlı tapşırıqlarının icrasının
birbaşa iştirakçısı olmuşam. Heydər Əliyev
Azərbaycan-Gürcüstan əlaqələrinin
inkişafına və möhkəmləndirilməsinə,
orada yaşayan soydaşlarımızın problemlərinin həllinə,
Gürcüstan ərazisində yerləşən milli abidələrimizin,
maddi-mənəvi dəyərlərimizin, bir sözlə,
tarixi yaddaşın qorunub saxlanılmasına xüsusi önəm
verirdi. Xoşbəxtəm ki, 1993-cü ildən 2003-cü ilə
kimi ulu öndərin rəhbərliyi altında Şəmkir
Rayon İcra Hakimiyyətinin başçısı işləyərkən
bu qəbildən olan tapşırıqların
icraçısı və iştirakçısı
olmuşam.
1993-cü ildə
Gürcüstanın özündə də ictimai-siyasi hadisələr
gündə bir hava üstündə köklənirdi. Soydaşlarımızın
narahatlığına səbəb var idi. Bu narahatlığa,
bu haqsızlıqlara ilk əvvəl Heydər Əliyev reaksiya
verdi və zəng edərək tapşırdı ki, şəmkirli
ziyalılarla soydaşlarımıza baş çəkim,
problemləri ilə maraqlanım. Üstəlik
xalqımızın tanınmış şəxsiyyətlərindən
olan Nəriman Nərimanov və Mirzə Cəlilin Tbilisidəki
ev-muzeylərinin himayəyə götürülməsi barədə
xüsusi tapşırıq da verdi. Qardabanidə
soydaşlarımızla görüşümüz, Nəriman
Nərimanov və Mirzə Cəlilin vaxtilə
yaşadıqları ünvanlarla əlaqədar
axtarışlarımız yaxşı nəticə verdi. Az
sonra sovet hökuməti dönəmində evlərə sahib
olmuş ermənilərdən həmin mülklər
alınaraq özəlləşdirildi, yüksək səviyyədə
təmir aparıldı, eksponatlar və lazımi avadanlıqla
təmin edildi.
Heydər Əliyevin
göstərişinə əsasən Gürcüstana hər
səfərimiz bir tarixi yeniliklə yadda qalırdı. Ulu öndərin
tapşırıqları ilə əlaqədar
Gürcüstanda atılan hər bir addım, həyata
keçirilən tədbirlər milli mədəniyyətimizin
inkişafına və tərəqqisinə, tarixi irsimizə
yenidən həyat verilməsinə istiqamətləndirilmişdi.
Bu, Azərbaycan tarixinin elə bir mürəkkəb
dövrü idi ki, Dağlıq Qarabağ və onun ətraf əraziləri
sovet imperiyasının qəyyumluğu ilə Ermənistan
silahlı birləşmələri tərəfindən, daxildən
isə xalqın adından orda-burda danışaraq kreslo
davasına çıxan ekstremist qüvvələrin
çirkin əməlləri hesabına ölkə iflic vəziyyətə
salınmışdı. Erməni daşnaklarının təzyiqindən,
terrorundan qorxuya düşən soydaşlarımızın
Gürcüstandan Azərbaycana axını,
köçhaköçü başlanmışdı. Erməni
əsilli gürcülər quldur və işgalçı ermənilərlə,
gürcülərin Xüsusi Təyinatlı Polis dəstəsinin
başçısı Mixidironla əlbir olaraq orada yaşayan
soydaşlarımıza qarşı təzyiq, təhqir,
şantaj, oğurluq, quldurluq kampaniyası həyata
keçirirdilər.
Gürcüstanın
xüsusilə azərbaycanlılar yaşayan sərhəd kəndlərində
məqsədli şəkildə milli mənliyimiz təhqir
olunurdu. Vandalistlər
istəyirdilər ki, azərbaycanlı ailələrini yurd-yuvalarından
perik salmaqla həmin əraziləri işğal etsinlər,
Dağlıq Qarabağdan gələn məcburi
köçkünlər probleminə Gürcüstandan
qaçanlar da əlavə olunsun ki, respublikamızda gərginlik
daha da artsın. Açıq etiraf etməliyik ki, bu
dalğanın qarşısını o zaman yalnız və
yalnız Heydər Əliyev müdrikliyi, Gürcüstanın
o vaxtkı prezidenti Şevardnadze ilə olan dostluq münasibətləri
aldı. Bu münasibətlərə kölgə salmaq istəyən
Ermənistan silahlı birləşmələri
Gürcüstanda yaşayan erməni və erməni əsilli
gürcülərlə əlaqəyə girərək pərdəarxası
işğalçılıq əməllərini həyata
keçirə bilmədilər. Həmin anları
xatırlayanda Heydər Əliyevin yaxın dostu,
tanınmış dövlət xadimi Edurad Şevardnadzenin
sözləri yada düşür: "Heydər Əliyevin
fırtınalı həyat yolu, ən çətin, ən həlledici
məqamlarda atdığı qətiyyətli addımlar onun
mövqeyinə və vətən qarşısında
üzüağ olduğuna əyani sübutdur".
Soydaşlarımızın
son həddə çatan narahatlığına Azərbaycandan
ilkin reaksiya verən ölkə başçısı Heydər
Əliyev oldu. Belə
bir gərgin məqamda Azərbaycan Prezidentinin uzaqgörənliyi
ilə yarım milyondan çox azərbaycanlı
soydaşımız yaşayan Gürcüstanda milli
ideologiyamızın işlək bazasını hərəkətə
gətirmək üçün Şəmkir rayonu Azərbaycan
ilə Gürcüstan Respublikası arasında dostluq
körpüsünə çevrildi. Humanitar yardım
yüklü maşın karvanı ilə əvvəlcə
Ermənistanla sərhəddə olan, gürcü və azərbaycanlıların
birgə yaşadıqları Dimanisi rayonunda olduq. Aparılan
yardım soydaşlarımıza və qapıbir
qonşuları gürcülərə paylandı. Bundan sonra
yerli gürcülər hiss etdilər ki, ölkəmiz, Azərbaycan
xalqı, xüsusilə Heydər Əliyev onların problemləri
ilə daim maraqlanır və hər zaman kömək göstərməyə
hazırdır. Beləliklə, əsrlərdən bəri
mehriban qonşuluq şəraitində yaşamış
xalqlarımız arasında dostluğun yeni mərhələsi
başlandı. Gürcüstan dövlətinin yerlərdəki
rəsmi nümayəndələri və
soydaşlarımız arasında ünsiyyət aydan-aya
gücləndi, müntəzəm görüşlər, həyata
keçirilən milli tədbirlər ənənəyə
çevrildi. 1996-cı ilin mart ayında Azərbaycan Prezidenti
Heydər Əliyev Gürcüstan Respublikasına ilk rəsmi
səfəri ilə əlaqələrimizin daha da möhkəmlənməsinə,
daha da genişlənməsinə yeni yollar açdı.
Gürcüstan-Azərbaycan dostluğunun tarixinə yeni səhifələr
yazıldı, xeyriyyəçilik ənənələri
vüsət aldı. Qardabanidə köhnə,
uçulub-dağılmaqda olan məscid binası təcili bərpa
olundu. Az sonra Heydər Əliyevin tapşırığı
ilə qonşu Marneulidə (qədim Sarvanda) yeni məscid
tikilib istifadəyə verildi. Azərbaycan məktəblərinə
yardım edilməsi, Abxaziyadan qaçqın
düşmüş gürcülərin problemlərinə
köməkliklər də bu tədbirlərə əlavə
olundu. Aşıq məclisləri, incəsənət
ustaları ilə görüşlər, yazıçı və
şairlərin yubiley tədbirləri, digər bu qəbildən
olan yığıncaqlar kütləvi xarakter aldı.
Günün tələbləri baxımından yaradılan və
inkişaf etdirilən əlaqələr, ardıcıl
göruşlər, şənbə və bazar günləri
keçirilən mədəni-kütləvi tədbirlər ənənəyə
çevrildi.
Ulu öndərin
göstərişi ilə 1995-ci ildən başlayaraq Tbilisidəki
səfalı Nəbatat bağında 200 kvadratmetrdən
çox ərazi abadlaşdırıldı. Azərbaycanın dahi şəxsiyyətlərinin
əbədiyyətə qovuşduğu bu müqəddəs
yer əsl ziyarətgaha çevrildi. Hələ sovetlər
dönəmində - Heydər Əliyevin təşəbbüsü
ilə 1970-ci ildə böyük mütəfəkkir Mirzə
Fətəli Axundovun qoyulmuş büstü bərpa edildi,
unudulmaz şairimiz Mirzə Şəfi Vazehin məzarı
abadlaşdırılaraq qəbirüstü abidəsi yaradıldı.
1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən
olan Fətəli Xan Xoyskinin dağılmış, itib-batmaqda
olan məzarı tapılıb, qəbirüstü
götürüldü, büstü ucaldıldı. Eləcə
də görkəmli ziyalı Həsən bəy Ağayevin
axirət evi əsaslı şəkildə abadlaşdırıldı.
Qədim müsəlman qəbiristanlığında Tiflis ədəbi
mühitindən çıxmış, ötən əsrin əvvəllərində
müstəqil Azərbaycan dövlətçiliyi uğrunda
mübarizə aparmış insanların, tanınmış
elm, mədəniyyət nümayəndələrinin,
ictimai-siyasi xadimlərin adları həkk olunmuş Pantion
yaradıldı. Burada iri mərmər lövhədə
ümummilli liderin tapşırığı ilə "Azərbaycan
övladları" yazılmış, dövrünün
adlı-sanlı ziyalıları, şəxsiyyətləri
kimi tanınan azərbaycanlılardan 26 nəfərin nəşi
dəfn edilmişdir. Bu minvalla, ötən əsrin əvvəllərində
Tiflis mühitində yaşayıb-yaratmış və bu qəbiristanlıqda
əbədiyyətə qovuşmuş insanların
baxımsızlıq ucbatından itib-batmaqda olan neçə-neçə
məzarı aşkar olunmuş, ətrafında abadlıq
işləri görülərək müxtəlif ağaclar
və gül kolları əkilmiş, həmin ərazinin yolu
abadlaşdırılmışdır.
Tarixə çevrilən
və ən yaddaqalan məqamlardan biri də Mirzə Fətəli
Axundovun evinin Heydər Əliyevin tapşırığı
ilə geri alınması və bundan sonra ev-muzeyinə və
mədəniyyət mərkəzinə çevrilməsidir. Yaxşı xatırlayıram,
1996-cı ilin soyuq qış günlərindən birində
biz bu işi başa çatdırdıq. Şəmkirə
qayıtmağa hazırlaşırdıq, bildirdilər ki,
yaşlı bir qadın mənimlə görüşmək
istəyir. Yaşı səksəni haqlamış bu
qadınla söhbət zamanı məlum oldu ki, bu
ağsaçlı müəllimə böyük bir sirrin
üstünü açmaq istəyir. Bu sirr xalqımız
üçün mühüm əhəmiyyətə malik
oldu. Yaşlı müəllimə illər boyu heç kimə
aça bilmədiyi bu sirri - Fətəli Xan Xoyskinin dəfn
edildiyi yerin harada olduğunu açıqladı və dedi:
"O zamanlar Fətəli Xan Xoyskini allahsız adam kimi
Şeyx Sənan dağının ətəyindəki qəbiristanlıqda,
mənim qardaşmın yanında basdırdılar". Sonra
qadın gedib həmin yeri bizə göstərdi. O, əgər
"buradakı ermənilər bilsələr, F.Xoyskinin qəbrini
dağıdarlar, bu məsələni cənab Heydər Əliyevin
bilməsi çox vacibdir" - deyə tapıntı barədə
ölkə başçısına məlumat verməyimi
dönə-dönə xahiş etdi.
Həmin gün axşam
Şəmkirə qayıtdım və Heydər Əliyevlə
əlaqə saxlayıb Gürcüstanla bağlı
tapşırıqlarının icrası ilə əlaqədar
ətraflı məlumat verdim, sonda cənab Prezidentə
yaşlı müəllimənin dediklərini də
çatdırdım.
Heydər Əliyev dedi:
"Bu məsələdən səndən başqa daha kimin xəbəri
var?".
Cavab verdim ki, məndən
başqa sürücümün və daha iki nəfərin.
Heydər Əliyev soruşdu:
- Yorulmamısan?
Dedim:
- Xeyr.
Heydər Əliyev dedi:
- Elə isə geri qayıdıb,
orada keşik çəkin. Səhər isə Tbilisi Cümə
məscidinin axundunu götürüb, müsəlman adət-ənənəsi
və deputatlarımızın iştirakı ilə Xoyskinin qəbrinin
M.F.Axundovun büstünün yanına
köçürülməsini təmin edin. Xoyskiyə xüsusi məhəbbətim
olduğu üçün qəbirüstü abidənin
açılışında özüm iştirak edəcəm!
Heydər Əliyev dediyi
kimi də etdik. Büstün
açılış mərasimində onunla birlikdə hətta
Gürcüstan prezidenti Eduard Şevardnadze və digər
dövlət rəsmləri də iştirak etdilər.
Ölkə
başçısı Heydər Əliyev Tbilisi
görüşlərində bir sıra problemlərlə
yanaşı, nəşri dayanmış Azərbaycan dilli
"Gürcüstan" qəzetinin fəaliyyətinin bərpa
olunmasının vacibliyini də gündəmə gətirdi. Bundan sonra redaksiya qəzet
kağızı və kompüter dəsti ilə təmin
edildi, mətbəə-maliyyə xərcləri yoluna qoyuldu, hətta
atamdan qalma minik avtomobilini redaksiyaya bağışladım.
Tez bir zamanda Gürcüstan ellərində Azərbaycan dilli
milli təəssübkeşimiz olan "Gürcüstan" qəzeti
yenidən fəaliyyətə başladı.
Heydər Əliyevin
Tbilisiyə səfərindən sonra ulu öndərin tapşırığına
əsasən qısa müddət ərzində
Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin
nəzdində qədim Azərbaycan teatrının varisi kimi, əməkdar
mədəniyyət xadimi İftixar Pirverdiyevin rəhbərliyi
altında truppa yaradıldı. Bu işlər həm də gürcü və Azərbaycan
ədəbiyyatının hər iki xalqa yenidən
tanıdılması illəri kimi yadda qaldı.
Azərbaycanda hamı
yaxşı bilir ki, Şərqin böyük siyasətçilərindən
hesab olunan yazıçı, həkim Nəriman Nəcəf
oğlu Nərimanov Tiflisdə anadan olub. Nərimanovun doğulub boya-başa
çatdığı binanı Kərbəlayi Allahverdi qədim
müsəlman məhəlləsində oğlu Nəcəf
üçün, yəni Nəriman Nərimanovun atası
üçün tikdirib. Ötən əsrin əvvəllərində
rus imperiyası Azərbaycanla yanaşı
Gürcüstanı da işğal edəndən sonra, daha dəqiq
desək, 1929-30-cu illərdə qorxudan hərə bir yana
dağılıb, mülk əldən-ələ keçib.
Ulu öndərin tapşırığı ilə Nəriman
Nərimanovun ruhuna ehtiram əlaməti olaraq bu mülkdə
yüksək səviyyədə yenidənqurma işləri
aparıldı, lazımi eksponat və avadanlıqla təmin
olundu. İndi bütün dünya azərbaycanlıları fəxrlə,
qürurla deyə bilərlər ki, tanınmış dövlət
xadimi, yazıçı, doktor Nəriman Nərimanovun Tbilisidə
də ev-muzeyi var. Milli mətbuat tarixindən bizə
yaxşı məlum olan Cəlil Məmmədquluzadənin
redaktorluğu ilə ərsəyə çatdırılan məşhur
"Molla Nəsrəddin" jurnalının çap
olunduğu "Qeyrət" mətbəəsi də burada
yerləşir.
2001-ci ilin avqust
ayının əvvəllərində daha bir tarixi şəxsiyyətin
unudulmaqda olan ünvanı hamıya tanıdıldı: Azərbaycan
uşaq ədəbiyyatının görkəmli nümayəndəsi,
şair-pedaqoq Abdulla Şaiqin 120 illik yubileyi ərəfəsində
Marneuli rayonunda, şairin dədə-baba ocağında
ev-muzeyinin və barelyefinin açılışı əsl
toy-bayrama çevrildi. Muzeyin ünvanlandığı küçəyə
Abdulla Şaiqin adı verildi.
Nəriman Nərimanov və
Cəlil Məmmədquluzadənin ev-muzeylərinin Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə
verilməsi artıq ən yeni tarixə çevrilmişdir. Bu missiyada iştirak etdiyimə
görə məmnunluq duyuram. Tariximizdən və taleyimizdən
xəbər verən mülklərin, böyük şəxsiyyətlərin
yaşayıb yaratdıqları ev-muzeylərinin ötən il
Azərbacan Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə
keçirilməsi ilə bağlı müraciətimə
müsbət münasibət göstərdiyinə görə
möhtərəm Prezident İlham Əliyevə minnətdaram.
Ümumiyyətlə,
hansı ölkədə, hansı şəhərdə
olursa-olsun, azərbaycanlı şəxsiyyətləri
axtarıb aramaq, xatırlamaq, gənc nəslə tanıtmaq,
insanların milli mənəviyyatlarını, tapdanmış
hüquqlarını bərpa etmək, tarixin
"repressiya" olunmuş fəsillərinə bəraət
qazandırmaq, ilk növbədə müstəqil Azərbaycan
dövlətinin keçmişi üçün böyük
ehtiram, bu günü üçün şərəf və fəxarətdir.
Bu mənada Milli Məclisin
deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
Heydər Əliyev ideyalarına sadiq olaraq keçən il Mirzə
Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, habelə Fətəli
Xan Xoyskinin qəbrüstü abidələrinin
rekonstruksiyası və orada xiyabanın yaradılması barədə
irəli sürdüyü təşəbbüs
hamının ürəyindən olmuşdur.
Görkəmli dövlət
xadimi, ümummilli lider Heydər Əliyevin qonşu
Gürcüstan Respublikası və orada yaşayan
soydaşlarımızın qayğı və problemləri ilə
bağlı siyasi kursu bu gün Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Gürcüstan Prezidenti Mixeil
Saakaşvilinin cari ilin may ayında Bakıda rəsmi səfərdə
olarkən Azərbaycan Prezidenti İlham Əliyev
Gürcüstan dövlətinin başçısı və
nümayəndə heyəti ilə görüşündə
demişdir: "Ölkələrimiz arasında münasibətlərin
tarixi çox qədimdir. Xalqlarımız həmişə
yanaşı, qonşuluqda, sülh və mehribanlıq şəraitində
yaşamış, həmişə biri-birinə kömək
etmişlər. Bu gün iki müstəqil dövlətin inkişafına,
əməkdaşlığa və həm təhlükəsizliyimizi,
həm də iqtisadi firavanlığımızı təmin
edən, qlobal dünya prosesləri üçün
böyük əhəmiyyətə malik olan layihələrdə
iştirakına kömək edən münasibətlərin təməli
budur".
Əminliklə deyə
bilərəm ki, həmin o qlobal dünya proseslərinə təsir
edən layihələrin, xalqlarmızın təhlükəsizliyinin
və iqtisadi firavanlığımızın bünövrəsini
dünya şöhrətli siyasətçi Heydər Əliyev
qoymuşdur. Müasir və
müstəqil Azərbaycan dövlətinin qurucusu və
memarı, ümummilli lider Heydər Əliyevin uzaqgörən
siyasəti nəticəsində günü-gündən
güclənən və yeni mərhələyə qədəm
qoyan Gürcüstan-Azərbaycan dostluq körpüsündən
keçən Bakı-Tbilisi Ceyhan neft boru kəməri və
Bakı-Tbilisi-Ərzurum qaz kəməri bundan sonra da bu əlaqələrin
möhkəmləndirlməsində müstəsna rol
oynayacaqdır. Fikirlərimi ulu öndərin yaxın dostu,
böyük ictimai-siyasi xadim Eduard Şevardnadzenin sözləri
ilə tamamlamaq istəyirəm: "Bu gün Heydər Əliyevin
işini və ölkələrimizin qardaşlıq ənənələrini
onun oğlu - böyük ziyalı, gənc dövlət xadimi
İlham Əliyev davam etdirir. O, atasının irsinə dəyərli
şəkildə başçılıq edir və Azərbaycanda,
eləcə də Gürcüstanda böyük inam və
nüfuz qazanıb".
Aslan ASLANOV,
Gürcüstan Yazıçılar
İttifaqının fəxri üzvü,
Tbilisinin fəxri vətəndaşı
Azərbaycan.- 2009.- 14 iyul.- S. 8.