Xalqın unudulmaz oğlu

 

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 40 illiyi ilə bağlı paytaxtın Səbail rayonunda keçirilən silsilə tədbirlərə iyulun 13-də təntənəli yığıncaqla yekun vurulmuşdur. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya ilə tanış olmuşlar.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rayon icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının, ali və orta təhsil ocaqlarının, veteran və gənclər təşkilatlarının, rayon ictimaiyyəti nümayəndələrinin, Milli Məclis üzvlərinin və çoxsaylı qonaqların iştirakı ilə keçirilən təntənəli tədbirdə Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətindən bəhs edilmiş, görkəmli şəxsiyyətin həyat yoluna geniş spektrdə nəzər salınmışdır. Tədbirdən əvvəl nümayiş etdirilən qısametrajlı videofilm uzun və şərəfli ömrün ayrı-ayrı səhifələri haqqında mərasim iştirakçılarında əyani təsəvvür yaratmışdır.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov öz məruzəsində həyatını hədsiz dərəcədə sevdiyi doğma Azərbaycanının tərəqqisinə və inkişafına həsr edən Heydər Əliyevin şərəfli ömür yolunun, siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif parametrləri üzərində ətraflı dayanmışdır. O bildirmişdir ki, Azərbaycanda yaşayan bütün xalqların liderinə çevrilmiş, əməlləri ilə milyonların yaddaşında əbədi iz buraxmış Heydər Əliyevin Azərbaycanda rəhbər olduğu 35 il müddətində ölkəmiz geridə qalmış aqrar respublikadan xalq təsərrüfatının əsas sahələrinin çox sürətlə inkişaf etdiyi bir respublikaya çevrilmişdir. Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi, bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin əzəmətli və bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin adı hər bir azərbaycanlının qəlbində, sadəliyi, xeyirxahlığı, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani dəyərliliyi ilə unudulmaz izlər qoyan müqəddəs varlığı ehtiva edir. Bu dahi insanın adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.

Asif Əsgərov məruzəsində vurğuladı ki, bu böyük azərbaycanlının tariximizdəki yeri, missiyası və ölkə qarşısındakı misilsiz xidmətləri barədə çox deyilsə, çox yazılsa da, etiraf etmək lazım gəlir ki, Heydər Əliyevə həsr olunmuş çoxsaylı kitabların, məqalələrin, araşdırmaların müəllifləri onun bütün aspektlərini tam açmağa müvəffəq olmayıblar. Ulu öndərin siyasi portretini tam dolğunluğu ilə yaratmaq olduqca məsuliyyətli işdir. Çünki Heydər Əliyev bütöv bir tarixi epoxanın simasıdır. Natiqin qeyd etdiyi kimi, ümummilli lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, böyük öndərə hörmət və ehtiramını onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Ümummilli lider Heydər Əliyevin 40 il öncə hakimiyyətə gəlməsi iqtisadi uçurum, mənəvi tənəzzül, siyasi vassallıq məngənəsində çapalayan Azərbaycanın yüksəlişinə zəmin yaratdı. Ölkəmiz sovetlər birliyinin ən inkişaf etmiş respublikasına çevrildi, vətəndaşlarımız tarixi köklərinə qayıdaraq milli mənliyini, bənzərsiz ədəbiyyata, mədəniyyətə, adət-ənənələrə sahib olduğunu aydın dərk etdi. Paytaxtın Səbail rayonunda Heydər Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə ucaldılan çoxsaylı memarlıq inciləri, həmişəyaşar abidələr var. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə rayon ərazisində bir sıra dövlət qurumları, güc strukturları üçün yeni inzibati binalar, ali təhsil ocaqları üçün korpuslar, səhiyyə obyektləri, mədəniyyət və istirahət kompleksləri tikilmiş, parklar salınmışdır. Həsən bəy Zərdabinin, Əliağa Vahidin, Yusif Məmmədəliyevin, A.Puşkinin abidələri bu rayonun yaraşığını qat-qat artırır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi on ildə həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etdiyini, ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurların memarı olduğunu görmək çətin deyil. Ulu öndər bütün bu illər ərzində xalqın maddi rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial ehtiyaclarının ödənilməsindən ötrü bütün mümkün tədbirlərin həyata keçirilməsi üçün yorulmadan fəaliyyət göstərmişdir. Tale elə gətirdi ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zaman başladığı tarixi missiyanın şərəfli və müqəddəs yolu sonradan müstəqil, suveren Azərbaycan dövlətinin Prezidenti kimi uğurla, ardıcıl şəkildə davam etdirdi. Uğurlu xarici siyasət strategiyasının formalaşdırılması, separatizmin cilovlanması, cəbhədə atəşkəs əldə edilməsi, qanunsuz silahlı dəstələrin ləğvi, xarici investisiyaların ölkəyə cəlbi, "Əsrin müqaviləsi"nin imzalanması, yeni iqtisadi münasibətlərə keçid, torpaq islahatı, qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması ümummilli liderin Qurtuluş epopeyasının qürur doğuran səhifələridir. Bu, ilk növbədə, Heydər Əliyevin kifayət qədər mükəmməl daxili və xarici siyasətinin doğurduğu məntiqi reallıq kimi dəyərləndirilməlidir. Məhz bu siyasət nəticəsində Azərbaycan real siyasi və iqtisadi təhlükələrdən uzaqlaşaraq öz suverenliyini qoruyub saxlaya bildi. Müstəqil Azərbaycana rəhbərlik etdiyi on il ərzində Heydər Əliyev respublikada dövlətçiliyin real inkişaf modelini yaratmağa müvəffəq oldu.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun məruzəsində, eləcə də Milli Məclisin deputatı Fəttah Heydərovun, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilovun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistri Səbuhi Məmmədovun, xalq artisti Laləzar Mustafayevanın çıxışlarında ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi və dövlətçilik fəaliyyəti hərtərəfli təhlil edilmiş, onun Azərbaycan xalqı qarşısında xidmətləri yad olunmuşdur. Qeyd olunmuşdur ki, əsası ümummilli lider tərəfindən qoyulmuş və bu gün onun layiqli siyasi varisi Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyi milli dövlətçilik siyasəti və iqtisadi inkişaf strategiyası xalqımız tərəfindən dəstəklənir və böyük rəğbətlə qarşılanır. Azərbaycan bu gün nəinki regionun, eləcə də dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri sırasında öz sözünü deməkdədir.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2009.- 14 iyul.- S. 8.