Polis Akademiyası Heydər Əliyevin himayədarlığı və daimi qayğısı sayəsində böyük inkişaf yolu keçib

 

Ötən əsrin 70-80-cı illərində olduğu kimi, müstəqillik illərində də Azərbaycan polisinin qanunamüvafiq fəaliyyətinin təmin edilməsi, daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin dürüst və səmərəli şəkildə həyata keçirilməsi, sıralarının təmizlənməsi, maddi-texniki bazasının, iş üsul və vasitələrinin müasirləşdirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan polisi böyük strateqin bu xidmətlərini daim yüksək ehtiram hissi ilə xatırlayır, qazandığı nailiyyətlərə görə özünü ulu öndərə mənən borclu sayır.

Ümummilli liderin siyasi hakimiyyətə gəlişinin 40-cı ildönümü ərəfəsində "Azərbaycan" qəzetinin Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə bu nüfuzlu ixtisaslaşdırılmış ali təhsil ocağında keçirdiyi "Heydər Əliyev və Azərbaycan polisinin təhsili" mövzusundakı "dəyirmi masa"da ulu öndərin zəngin və mənalı ömür yoluna, fədakar dövlətçilik fəaliyyətinə bir daha nəzər salınmış, Heydər Əliyevin daxili işlər orqanlarının inkişafı naminə həyata keçirdiyi tədbirlərdən geniş bəhs olunmuşdur.

"Dəyirmi masa" iştirakçıları əvvəlcə ulu öndərin Polis Akademiyasının binası qarşısındakı geniş və abad meydanda ucaldılmış əzəmətli abidəsi önünə əklil və tər çiçək dəstələri qoyaraq dahi insanın əziz xatirəsini ehtiramla yad etdilər. Sonra akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev "Azərbaycan" qəzetinin əməkdaşlarını son illərdə burada həyata keçirilmiş böyük tikinti-abadlıq, quruculuq işləri ilə tanış etdi.

Akademiyanın giriş qapısından sonuncu korpusuna qədər hər bir məkanda təmizlik, səliqə-sahman, müasir zövqlə təmir və tərtibat göz oxşayır. Burada təhsil ocağı üçün lazım olan bütün infrastruktur, habelə maddi-texniki təchizat mövcuddur. Son illərdə yenidən qurulmuş Polis Akademiyasında inzibati binalar, auditoriyalar müasir tələblərə cavab verən səviyyədə yeniləşdirilmiş, hərəsi 7 mərtəbəli 2 tədris və inzibati korpuslar, 1000 nəfərlik yeməkxana, idman kompleksi, 5 mərtəbəli yataqxana binası, duşxana, çamaşırxana, qazanxana, tribuna tikilib istifadəyə verilmişdir.

Ən müasir tələblər səviyyəsində təmir olunmuş və zəruri avadanlıqlarla təchiz olunmuş "Mühazirə zalı"nda akademiyanın 3-cü kurs müdavimləri iqtisadiyyat fənnindən yazılı imtahan verirdilər. İmtahanın şəffaflığının və obyektivliyinin təmin olunması üçün tətbiq olunan forma isə mübaliğəsiz, bir çox ali təhsil müəssisələri üçün örnək sayıla bilər. Akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyevin söylədiklərindən bəlli oldu ki, burada imtahanlar yalnız yazılı şəkildə, obyektivliyin və şəffaflığın maksimum dərəcədə qorunması ilə keçirilir. İmtahan suallarının cavabları əvvəlcədən plan formasında müdavimlərə paylanılır, onlar seçdikləri biletlərdəki sualların cavablarını kodlaşdırılmış imtahan vərəqlərinə dolğun şəkildə köçürməyə çalışırlar. İmtahan vərəqində suallara verilən cavabları qiymətləndirən müəllimlər isə onların kimə məxsus olduğunu bilmirlər. Beləliklə, imtahan prosesində düzgünlük, şəffaflıq və obyektivlik qorunur. "Yazılı imtahan müdavimlərin sərbəstliyi, suallar ətrafında fikirləşməsi, bildiklərini sərbəst şəkildə ifadə etməsi baxımından da yaxşı üsuldur. Bu zaman onların fikri də yayınmır"- deyə akademiyanın rəisi bildirir.

Polis Akademiyasının "İctimai elmlər" kafedrasının rəisi, polis polkovniki Əjdər Yunusov təhsil ocağında bütün imtahanların yüksək səviyyədə təşkil edildiyini, müdavimlərin sınaq prosesinə hazırlıq səviyyəsinin qənaətbəxş olduğunu vurğulayır. Onun sözlərinə görə, imtahanlar akademiyanın rəisi tərəfindən təsdiq olunmuş komissiya üzvləri tərəfindən qəbul edilir. Semestr boyu yüksək biliklərə yiyələnən, yaxşı nəticələr göstərən müdavimlərin imtahanlarda uğur qazanması isə qətiyyən çətin deyil.

İmtahanın gedişinə nəzarət edən Polis Akademiyasının əməliyyat-axtarış fəaliyyəti kafedrasının rəisi, polis polkovniki Şahin Hüseynov isə bildirdi ki, müdavimlərin böyük əksəriyyəti imtahanlarda yüksək nəticə göstərir. Verilən qiymətdən razı qalmayanların isə akademiyanın apellyasiya komissiyasına şikayət etmək hüququ var.

İmtahan prosesi ilə tanışlığımızı başa vurub polis general-mayoru Ramiz Nağıyevin müşayiəti ilə Polis Akademiyasının tədris korpusuna üz tuturuq. Yeni inşa edilmiş inzibati binaya daxil olan kimi akademiyanın yüksək zövqlə, ən müasir tələblər səviyyəsində yenidən qurulduğuna, infrastrukturunun, tədris-təlim şəraitinin, maddi-texniki bazasının yüksək tələblərə cavab verdiyinə bir daha əmin oluruq. Tədris binasının foyesində müdavimlərin təklif və iradlarını, şikayətlərini bildirməsi üçün xüsusi qutu yerləşdirilib. Yazılı şəkildə akademiya rəhbərliyinə müraciət edən müdavimlərin bütün arzu və istəkləri, şikayətləri ciddiliklə nəzərə alınır, həmçinin müraciətlərin anonimliyi qorunur.

Ümumiyyətlə, bu gün Polis Akademiyası özünün maddi-texniki bazasına və təminatına, tədrisin səviyyəsinə görə MDB-də və Şərqi Avropada ön yerlərdən birini tutur. Akademiyanın ən yüksək tələblərə cavab verən auditoriyaları, sinif otaqları, yüksək maddi-texniki bazası, texnikası, didaktik materialı və s. mövcuddur. Akademiyada "DİO-da əməliyyat-axtarış fəaliyyəti", "DİO-nun inzibati fəaliyyəti", "DİO-da istintaq və təhqiqat aparatlarının fəaliyyəti" istiqamətləri üzrə ixtisaslaşma aparılır. İdarəetmənin təşkili fakültəsində birillik əyani təhsil formasında daxili işlər orqanları üçün ehtiyat rəhbər kadrları hazırlanır. DİN-in hər növbəti il üçün təsdiq etdiyi plana əsasən, ixtisasartırma fakültələrində kadrların ixtisasartırması təşkil olunur.

Tədris edilən fənlər üzrə müasir avadanlıqlarla və kompüter texnikası ilə təchiz edilmiş 40-dan çox fənn kabineti fəaliyyət göstərir, sahəsi 160 kvadratmetr olan kriminalistika sınaq meydançasında aparılan təcrübi dərslərdə müasir-texniki kriminalistik vəsaitlərdən, istintaq avadanlıqlarından, rəqəmsal foto və video aparatlarından, kompüterlərdən istifadə edilir.
Tədris korpusunda ilk üz tutduğumuz kitabxananın və oxu zalının təminatının da qənaətbəxş olduğunu əyani şəkildə izləyirik. Akademiyada 100 min kitabdan ibarət ümumi, habelə 40 minə yaxın kitabı olan xüsusi kitabxana müdavimlərin gündəlik istifadəsindədir. DİN-də bütün xidmət sahələrini əhatə edən məxfi ədəbiyyat ciddi şəkildə qorunur. Həmin kitabxanaların ən yüksək tələblərə cavab verən oxu zalları fəaliyyət göstərir. Oxu zallarında yerləşdirilmiş müasir kompüterlər sürətli internet şəbəkəsinə qoşulduğundan müdavimlər axtarış sistemlərindən istifadə yolu ilə lazımi informasiyaları əldə edirlər.

Oxu zalında xüsusi şkaflarda yerləşdirilmiş kitablar da diqqəti çəkir. Akademiyanın rəisi Ramiz Nağıyev razılıq hissi ilə bildirir ki, əksəriyyəti yeni olan dərs vəsaitlərinin, yeni nəşrlərin müəllifləri bu ali təhsil ocağının təcrübəli və yüksək ixtisaslı müəllimləridir.

Burada müdavimlərin tədris aldığı xüsusi ixtisaslaşdırılmış otaqlar da ən müasir tələblərə cavab verir. Kriminalistika otağı əməliyyat tədbirinin keçirilməsi, hadisə yerinin müayinə olunması üçün zəruri avadanlıqlarla, alətlərlə təchiz olunub. Məqsəd müdavimlərdə gələcək peşə fəaliyyəti ilə bağlı bəri başdan əyani təsəvvür formalaşdırmaq, lazımi alət və avadanlıqlardan, texnikadan istifadə vərdişləri yaratmaqdır. General-mayor Ramiz Nağıyev xüsusi vurğulayır ki, burada nəzəri biliklərlə yanaşı, təcrübəyə, praktik fəaliyyətin mənimsənilməsinə geniş yer verilir: "Daxili işlər orqanlarında çalışacaq gənc zabit elə hazırlanmalıdır ki, onun gələcəkdə peşə fəaliyyəti ilə bağlı hər hansı praktik çətinlikləri olmasın. Biz bu baxımdan akademiyanın polisin əməliyyat-axtarış fəaliyyəti ilə bağlı avadanlıq, texnika, alətlər, silah-sursat, geyim və sairlə təminatına nail olmuşuq. Nəzəri dərslərlə yanaşı, praktika müdavimlərin yüksək səviyyəli mütəxəssis kimi yetişməsini təmin edir. Gələcəyin polis zabiti hər cür şəraitdə cinayətkarın izlərini müəyyənləşdirməyi, onun fotorobotunu hazırlamağı, hadisə yerini müayinə etməyi, trosologiya, daktoskopiya, ballastik kriminalistika kimi əməliyyatları yerinə yetirməyi bacarmalıdır. Eyni zamanda, avtoqəzaların baş verdiyi yerdə avtotexniki ekspertizanın necə keçirildiyini bilməlidir".

Ümumiyyətlə, bu gün daxili işlər orqanlarının elə bir fəaliyyət sferası yoxdur ki, bununla bağlı Polis Akademiyasında müdavimlərə istər nəzəri, istərsə də praktiki dərslər keçilməsin. Məhz buna görə də akademiyanın məzunları gələcək peşə fəaliyyətinə hazır olur, hər cür yeniliklərdən istifadə etməyi lazımi səviyyədə bacarırlar. Bundan başqa, müdavimlər yay imtahanlarından sonra daxili işlər orqanlarının ayrı-ayrı strukturlarına tədris təcrübəsinə göndərilir, zəruri təlim keçirlər.

 

"Mən bu gün çox şadam ki, Polis Akademiyasında gördüyüm işlər yüksək səviyyədədir. Burada oxumaq üçün, yaxşı təhsil almaq üçün bütün imkanlar var. Ən müasir avadanlıq, gözəl binalar, tədris korpusları, yeməkxana, yataqxanalar, yəni, gözəl təhsil almaq üçün bütün şərait var. Polis Akademiyasının da rolu artır. Çünki Polis Akademiyasında oxuyan kursantlar müasir tələblərə cavab verməlidirlər, ona görə tədris prosesinə çox böyük diqqət yetirilməlidir. Akademiyanı bitirən kursantlar ən yüksək meyarlara, ən yüksək tələblərə cavab verməlidirlər".

 

İlham ƏLİYEV

 

Bu isə polis fəaliyyəti ilə bağlı onlarda daha dolğun, əyani təsəvvürlərin yaranmasını təmin edir. Polis Akademiyasının tədris korpusunda əməliyyat-axtarış fəaliyyətinin müdavimlərə praktik şəkildə əxz olunması da vacib vəzifələrdən sayılır. Burada həmçinin Xüsusi texnika kafedrası fəaliyyət göstərir. Polis əməkdaşlarının əməliyyat zamanı istifadə etdiyi məxfi və qeyri-məxfi xüsusi texnika tədris prosesində müdavimlərə dərindən öyrədilir.

Gələcək polislərə hərbi təyinatlı texnikadan, silah-sursatdan, dəyənəkdən, qalxandan, əleyhqazdan, ictimai asayişin təminatında istifadə olunan digər texniki vasitələrdən istifadə vərdişləri aşılanır. Bundan başqa, narkomaniya ilə mübarizənin səmərəli təşkili baxımından müdavimlər xüsusi otaqda narkotik bitkilərin nümunələri, habelə reseptsiz satışı qadağan olunmuş dərman preparatları ilə əyani şəkildə tanış edilirlər. Burada narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və istifadəsi ilə məşğul olanların cinayətkar əməllərini gizlətmək üçün istifadə etdiyi ağılasığmaz vasitələr barədə müdavimlərdə əyani təsəvvür yaradılır.

Akademiyanın məzunlarının daxili işlər orqanlarında işə götürülməsi də tamamilə şəffaf, obyektiv, ədalətli şəkildə təmin edilir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Polis Akademiyası məzunlarının vakant vəzifələrə təyinatı püşkatma yolu ilə aparılır. Bu vəzifələrlə bağlı təyinatların heç bir ayrı-seçkiliyə yol verilmədən aparılmasına imkan verir. Təhsildə əsaslı şəkildə fərqlənən və buna görə də ulu öndərin adına təsis olunmuş "Heydər Əliyev təqaüdü"nə layiq görülən müdavimlərə istisna hal kimi üstünlük verilir. Yəni, tədris prosesində fərqlənənlər hər hansı vakant vəzifələrdə işləyəcəklərini əvvəlcədən sərbəst şəkildə seçmək imkanı əldə edirlər. Daha dəqiqi, akademiyanı fərqlənmə diplomu ilə bitirənlər daxili işlər nazirinin göstərişi ilə birbaşa baş leytenant rütbəsinə təqdim edilir, onlara sərbəst vəzifə seçimi hüququ verilir. Bu isə digər müdavimlərin əla nəticələrlə oxumasını, yüksək təhsil almasını stimullaşdıran addım kimi özünü doğruldur.

Polis Akademiyasının ən maraqlı və möhtəşəm guşələrindən birincisi isə "Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz"dir. Burada ulu öndərin zəngin, şərəfli və mənalı ömür yolunu əks etdirən eksponatlar, müxtəlif tərifnamələr, sənədlər diqqəti çəkir. Eləcə də ümummilli liderin həyatının müxtəlif dövrlərini əhatə edən fotostendlər ideoloji mərkəzi ziyarət edənlərdə böyük maraq doğurur. Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış ideoloji mərkəzdə Heydər Əliyevin polis orqanlarına xüsusi qayğı və diqqətini əks etdirən sitatları da geniş yer alıb. İdeoloji mərkəzin nəzdindəki xüsusi otaqda dahi rəhbərin həyat və fəaliyyəti ilə bağlı mühazirələr oxunur, filmlər nümayiş etdirilir. Akademiya rəhbərliyinin təşəbbüsü əsasında ətraf qəsəbələrdə yerləşən məktəblilər müntəzəm olaraq ideoloji mərkəzdə olur, ümummilli liderin zəngin dövlətçilik irsi ilə yaxından tanışlıq imkanı qazanırlar.

Polis Akademiyasının digər özəlliyi bundan ibarətdir ki, müdavimlər burada yaşayır, gündə üç dəfə təmiz və keyfiyyətli qida ilə təmin olunurlar. Burada, eyni zamanda, 1000 nəfərə xidmət göstərmək imkanında olan, yüksək tələblərə cavab verən yeməkxana mövcuddur. Müdavimlər yüksək kaloridə qidalanır, özlərini doğma bir məkanda hiss edirlər.

Akademiyanın xüsusi tibbi xidməti - həkimləri və təcili tibbi yardım maşınları fəaliyyət göstərir. Müasir tələblərə cavab verən 3 idman zalı isə yüksək fiziki hazırlıqlı kadrların yetişdirilməsində mühüm rol oynayır. Böyük fəxarət hissi ilə demək olar ki, akademiyanın müdavimləri və müəllimləri arasında dünya və olimpiya çempionları vardır. Eyni zamanda, gələcək polis zabitləri xüsusi fiziki hazırlıq keçir, əlbəyaxa döyüş növlərini öyrənirlər.

Pedaqoji heyətin elmi hazırlığının artırılmasına da ciddi fikir verilir. Bu ali təhsil ocağının müəllimləri ixtisasartırma kurslarında, elm müəssisələrində peşəkarlıq səviyyələrini və elmi potensiallarını mütəmadi təkmilləşdirirlər. Dövlət başçısı İlham Əliyevin yüksək qayğı və diqqətinin nəticəsi kimi qısa müddətdə akademiyanın dörd pedaqoquna respublikanın əməkdar müəllimi fəxri adı verilib. Hazırda təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olan elmlər doktoru və elmlər namizədlərindən başqa, 4 əməkdaş doktorluq, 24-ü isə namizədlik dissertasiyası üzərində işləyir.

Polis Akademiyasında beynəlxalq təşkilatların - BMT, Avropa Şurası, ATƏT-in ekspertlərinin iştirakı ilə təkcə son 5 il ərzində 20-yə yaxın seminar və treninq təşkil edilib. Son illər akademiyanın təşəbbüsü ilə aktual mövzularla bağlı onlarla elmi-praktiki konfranslar keçirilib, beynəlxalq təşkilatların nümayəndələri və respublikanın aparıcı mütəxəssisləri bu konfranslarda iştirak ediblər. Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsi üzrə aparılan vacib işlərin nəticəsi olaraq Daxili İşlər Nazirliyi sistemində fəaliyyət göstərən ayrı-ayrı xidmət sahələri əməkdaşlarının professional biliklərinin yüksəldilməsi, konkret sahələr üzrə elm və texnikanın son nailiyyətlərinin, praktikada səmərəli nəticələr vermiş qabaqcıl təcrübənin öyrədilməsi məqsədilə ixtisasartırma kursları (fakültəsi) təşkil olunub. Bu kurslarda həmçinin qanunvericilik sistemində edilən dəyişikliklər, cinayətkarlığa qarşı mübarizənin beynəlxalq təcrübəsi və onun qanunvericilik bazasının təkmilləşdirilməsi vəziyyəti barədə ümumiləşdirilmiş məlumatlar verilir.

Müasir dövrdə hər bir dövlətin demokratik imici onun insan hüquqlarına münasibəti, həmin dövlətdə insan hüquqlarının vəziyyəti ilə müəyyən edilir. İnsan hüquqlarının təminatındakı uğurlar daxili işlər orqanlarında xidmət edən əməkdaşların peşə ustalığından və bilik səviyyəsindən də asılıdır. Onlar xidməti fəaliyyətə başlayan gündən əhalinin müxtəlif təbəqələri ilə təmasda olur, hüquq və azadlıqların qoruyucusu kimi çıxış edirlər. İnsan hüquqlarının təmin edilməsi sahəsində polisin vəzifələrini, eləcə də bu sahədə beynəlxalq aktların mükəmməl öyrənilməsini təmin etmək məqsədilə Polis Akademiyasında 1998-ci ildən başlayaraq tədris planına "DİO-da insan hüquqlarının təminatı" fənninin tədrisinə başlanmışdır. DİO-da insan hüquqlarının təminatının keyfiyyətinin yüksəldilməsini təmin etmək üçün akademiyanın əməkdaşları mütəmadi olaraq beynəlxalq standartları və digər ölkələrin qabaqcıl təcrübəsini öyrənmək məqsədilə müxtəlif konfranslar, seminar və treninqlərdə iştirak edirlər.

Təhsil ocağı ilə tanışlıqdan sonra "Heydər Əliyev və Azərbaycan polisinin təhsili" mövzusunda "dəyirmi masa" öz işinə başladı. Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rektoru, polis general-mayoru Ramiz Nağıyev dedi:

- Hər bir cəmiyyətin demokratik inkişafının əsas şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, dövlət idarəçiliyi sisteminin çevik və işlək mexanizmlər üzərində yaradılmasıdır. İctimai maraqların ifadəçisi olan hakimiyyət öz fəaliyyətində daim mütərəqqi qanunlara əsaslanır və xalqa təmənnasız xidməti ümdə məqsədə çevirir. Azərbaycan milli düşüncə sistemində də hakimiyyətə münasibət məhz bu meyarlarla müəyyənləşmiş, insanlarımız ədalətli və sivil cəmiyyətə qovuşmağın yeganə yolunu ölkəyə rəhbərlik edən lider və onun formalaşdırdığı komandanın fəaliyyətində axtarmışlar. Demokratik dəyər və ideallara bağlı olan xalqımız bu istəyini məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında gerçəkləşdirmək, mütərəqqi tarixi dövlətçilik ənənələrini idarəçilikdə tətbiq etmək imkanı qazandı. 1969-cu ilin iyul ayında ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə irəli çəkilməsi nəinki fiziki və mənəvi terrora məruz qalan milli təfəkkürü qoruyub saxladı, eyni zamanda, kadrların ümumxalq mənafeyinə uyğun seçimində yeni mərhələnin əsasını qoydu. Ümummilli lider sovet dövründə polis kadrlarının yetişdirilməsinə xüsusi önəm verir, bu sahədə diqqət, qayğı və köməyini əsirgəmirdi. 1991-1993-cü illərdə respublikamızda cərəyan edən mürəkkəb proseslər - siyasi böhranın, anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi müstəqilliyin itirilməsi təhlükəsinin yaranması yalnız böyük dəstəyə malik liderlərin xalqın müstəqilliyinə etibarlı təminat yaratması, onu qoruyub saxlaya bilməsi reallığını bir daha təsdiqlədi.

Böhranlı dövrdə - 1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək yenidən hakimiyyətə gələn ümummilli lider ölkəmizi üzləşdiyi böyük faciələrdən xilas edərək onu müdrik və uzaqgörənliyi ilə davamlı, sabit inkişaf yoluna çıxardı. Ulu öndərin hakimiyyətə qayıdışından sonra polisin də konkret fəaliyyət istiqamətləri müəyyənləşdirildi və bu sahədə ciddi uğurların təməli qoyuldu. Ümummilli liderin 1994-cü il 9 avqust tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanının icrasına başlandığı andan qısa müddət sonra xalqımızın böyük oğlu Heydər Əliyev polisin fəaliyyətinə qiymət verərək bildirirdi: "Azərbaycan polisi bir tərəfdən milli müdafiə funksiyalarını yerinə yetirərək ərazi bütövlüyümüz uğrunda erməni qəsbkarlarına və separatizmə qarşı ağır döyüşlərdə iştirak etmiş, bu yolda yüzlərlə qurban vermişdir. Digər tərəfdən isə dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və başqa qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir. Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bu proseslərdə Azərbaycan xalqının, dövlətinin maraqlarını hər şeydən üstün tutmuşdur".

Daxili işlər orqanlarının kadr hazırlığı ilə məşğul olan yeganə təhsil ocağı Polis Akademiyasıdır. Həmin səbəbdən də sadalanan məsələlərlə bağlı yükün ağırlığı əsasən bu strukturun üzərinə düşür. Akademiyanın birinci kateqoriyalı ali təhsil müəssisəsi kimi formalaşması, inkişafı, nailiyyətləri bilavasitə 1994-cü ildən ölkəmizdə siyasi sabitliyin təmin edilməsi sayəsində qazanıldı. Məhz bu dövrdən başlayaraq akademiyanın müəllim-zabit heyəti təcrübə və bacarıqlarının, nəzəri bilik səviyyəsinin və pedaqoji qabiliyyətlərinin yüksəldilməsinə, peşə ustalığının təkmilləşdirilməsinə yönəltməyə imkan qazandı.

Ulu öndərin qayğıkeş siyasətini davam etdirən möhtərəm Prezident İlham Əliyev də daxili işlər orqanlarında fəal inkişaf tempinin saxlanılması, xidmət şəraitinin, əməkdaşların sosial məişət problemlərinin həlli üçün zəruri addımlar atmışdır. Məhz bu baxımdan dövlət başçısının sərəncamı ilə 2004-cü ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı müasir dövrün tələbinə uyğun işlərin aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

İnsan hüquqlarının təminatının təkmilləşdirilməsi məqsədilə 2006-cı il dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın tələblərindən irəli gələrək Polis Akademiyasında "Hüquq klinikası" yaradılıb. "Hüquq klinikası"nın fəaliyyəti nəticəsində akademiyanın müdavimləri nəzəri bilikləri təcrübədə istifadə vərdişlərinə yiyələnir, aztəminatlı əhaliyə, xüsusən qaçqın və məcburi köçkünlərə ödənişsiz əsaslarla hüquqi yardım göstərirlər.

Bu gün dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli, həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, ölkə rəhbərliyinin onlara göstərdiyi daimi diqqət, qayğı və etimadı vicdanlı xidmətləri ilə doğruldurlar. Onlar yaxşı bilirlər ki, polis orqanlarının bütün diqqəti və səyləri ictimai asayişin və əmin-amanlığın təmin olunmasına, qanunçuluğun möhkəmləndirilməsinə, cinayətkarlıqla daha qətiyyətli mübarizə aparılmasına, insanların və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına yönəldilməlidir. Ölkə başçısının Polis Akademiyasının 2006-2007-ci tədris ilinin yekunlarına həsr olunmuş təntənəli buraxılış mərasimində iştirakı zamanı söylədiyi proqram əhəmiyyətli nitq isə qarşımızda daha böyük vəzifələr qoydu. Prezident İlham Əliyev bildirdi: "Mən bu gün çox şadam ki, Polis Akademiyasında gördüyüm işlər yüksək səviyyədədir. Burada oxumaq üçün, yaxşı təhsil almaq üçün bütün imkanlar var. Ən müasir avadanlıq, gözəl binalar, tədris korpusları, yeməkxana, yataqxanalar, yəni, gözəl təhsil almaq üçün bütün şərait var. Polis Akademiyasının da rolu artır. Çünki Polis Akademiyasında oxuyan kursantlar müasir tələblərə cavab verməlidirlər, ona görə tədris prosesinə çox böyük diqqət yetirilməlidir. Akademiyanı bitirən kursantlar ən yüksək meyarlara, ən yüksək tələblərə cavab verməlidirlər".

Əlbəttə, əldə olunmuş bütün nailiyyətlər Polis Akademiyasının və Daxili İşlər Nazirliyinin uğurlarıdır. Lakin bizi qarşıda daha çox işlər, böyük perspektivlər gözləyir. Çünki Prezident İlham Əliyev və DİN-in rəhbərliyi bizə etimad göstərib, bizə müqəddəs missiya həvalə edilib. Bu elə bir missiyadır ki, geriyə yol yoxdur. Akademiyanın qarşısında duran vəzifə mükəmməl biliyə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə və diqqətə malik polis zabitləri hazırlamaqdan ibarətdir. Məqsəd daxili işlər orqanları üçün yüksək ixtisaslı, peşəkar kadrlar hazırlamaqdır və bunun üçün əlimizdən gələni əsirgəmirik. Polis orqanlarının yaradılmasının 91-ci ildönümü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində demişdir: "Mənim akademiyanın rəhbərliyindən və pedaqoji kollektivdən əsas tələbim budur ki, müdavimlərdə zabit qüruru, saf mənəviyyat formalaşdırmaq üçün xüsusi səy göstərsinlər, tədris prosesində ən mükəmməl, praktikada özünü doğruldan metodlar tətbiq edilsin, qətiyyət, vətənpərvərlik, humanizm kimi dəyərlər aşılansın".

 

Bəxtiyar SADIQOV, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin Baş redaktoru:

 

- Azərbaycan polisinin əlamətdar yubileyindən sonra belə bir "dəyirmi masa"nın təşkili təsadüfi deyil. Ulu öndər Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gəlmiş, uzun illər respublikamıza rəhbərlik edərək xalqımızın gələcək müstəqilliyinə etibarlı zəmin yaratmışdır. Bu mənada Heydər Əliyev tarixi epoxasını sözün qüdrəti ilə canlandırmaq, ulu öndərin milli maraqlara söykənən genişmiqyaslı fəaliyyəti ilə bağlı dolğun təsəvvür formalaşdırmaq, şəxsiyyətinin miqyasını tam əhatə etmək çətindir.

Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir. Ulu öndərin əbədiyyətə qovuşmasından ötən zaman kəsiyi bizə bu fövqəlşəxsiyyətin çağdaş Azərbaycan və dünya tarixindəki yerini və rolunu daha dərindən başa düşmək, onun həyata keçirdiyi siyasətin mahiyyətini dərindən dərk etmək, qiymətləndirmək imkanı vermişdir.

Ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun xalqın mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bu bütöv və prinsipial xarakteri sayəsində ulu öndər, harada olursa-olsun, hadisələrin fövqünə qalxmış, idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur.

Bu gün mütləq əksəriyyət etiraf edir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik və siyasi sabitlik də respublikamızın ən qiymətli sərvətidir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurturuşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi idi. Dövlətçiliyin taleyi baxımından ən ağrılı və çətin günlərdə xalq öz gələcəyini məhz inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə, siyasi fəhminə qəlbən güvəndiyi liderə - Heydər Əliyevə etibar etmiş, onun rəhbərliyi altında üzləşdiyi fəlakətdən xilas olacağına böyük ümid bəsləmişdir.

Bu gün Azərbaycan polisinin nailiyyətlərindən fəxrlə danışırıq, lakin onların hansı çətinliklər, fədakarlıqlar nəticəsində əldə edildiyini bəzən unuduruq. 1993-cü ilin iyun ayında Heydər Əliyevin xalqın təkidli tələbi ilə dövlət idarəçiliyinə qayıtmasından sonra başlanan Qurtuluş missiyası bütün sahələrdə olduğu kimi, respublikada kriminogen durumun nəzarətə götürülməsi və ictimai asayişin təminatı yönümündəki fəaliyyətdə də əsaslı dönüş yaratdı. Qarabağ bölgəsində atəşkəs əldə edildikdən sonra Azərbaycanın qarşısında yeni bir cəbhədə mübarizə aparmaq zərurəti yaranmışdı. Ölkədə tüğyan edən cinayətkarlıq, qanunsuz silahlı dəstələr, dövlət aparatında özlərinə yuva qurmuş siyasi intriqaların məkrli niyyətlərini həyata keçirən qruplar və bandalar vətəndaşlarımızın həyatları, həmçinin dövlətimizin müqəddəratı üçün ciddi təhlükəyə çevrilmişdilər. Hakimiyyətə yeni gəlmiş ümummilli lider Heydər Əliyev bu sahədəki problemlərin aradan qaldırılmasını özü üçün əsas vəzifələrdən biri elan etdi. Heydər Əliyev bu acınacaqlı durum barədə hələ o zaman təəssüflə bildirirdi ki, qeyd edilən problemlərin geniş miqyas almasına səbəb çox vaxt elə daxili işlər orqanlarının bəzi yüksək vəzifəli əməkdaşlarının cinayətkarları himayə etmələri, yaxud da səhlənkar xidmətləridir.

Ulu öndərin rəhbərliyi altında Azərbaycan polisi qısa müddət ərzində dövlət və millət qarşısında peşəkarlıq imicini yenidən yaratdı, ümumxalq etimadını bərpa etdi. Ümumiyyətlə, ümummilli liderin tövsiyələri və göstərişləri, daxili işlər orqanlarına olan etimadı fəaliyyətdə əsas istinadgah kimi qəbul edildi. Heydər Əliyevin misilsiz xidmətləri, böyük dəstəyi sayəsində həlli qeyri-mümkün olan problemlər az vaxtda aradan qaldırıldı. Ölkədə sabitlik bərqərar edildi, cinayətkarlığın artan dinamikasının qarşısı alındı, kriminogen durum tam nəzarətə götürüldü, mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu tədbirlər həyata keçirildi.

Ümummilli lider Heydər Əliyev daxili işlər orqanlarının sağlam, yüksək mənəviyyatlı kadrlarla komplektləşdirilməsi işini də diqqət mərkəzində saxlamışdır. Daxili işlər orqanları üçün peşəkar, dövlətinə, xalqına bağlı olan kadrların hazırlanması üçün Polis Akademiyasına daim yüksək diqqət və qayğı ilə yanaşmışdır. Nəticədə Polis Akademiyası respublikanın birinci dərəcəli ali təhsil müəssisələri sırasına daxil edilmiş, maddi-texniki bazası yeniləşdirilmişdir. Akademiyanın bu gün dövrün tələblərinə maksimum cavab verən yüksək səviyyəli təhsil ocağına çevrilməsi də Heydər Əliyev tərəfindən qoyulmuş bünövrəyə söykənir.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev də son beş ildə daxili işlər orqanlarına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Cənab İlham Əliyev polis orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində əməli tədbirlər həyata keçirmişdir. Görülən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan sabitlik və kriminogen duruma nəzarət sahəsində, həmçinin əhalinin say nisbəti üzrə cinayətin azlığına görə nəinki MDB ölkələri arasında, ümumiyyətlə, Şərqi Avrora məkanında öncül dövlətlərdəndir. Bu müvəffəqiyyət göstəricisi, şübhəsiz, ulu öndər Neydər Əliyevin fədakar fəaliyyətinin və onun missiyasının layiqli davamçısı Prezident İlham Əliyevin xalqa və dövlətə xidmət siyasətinin əzəmətli təsdiqidir. Həmin nailiyyətlərin qazanılmasında daxili işlər orqanlarının da müstəsna xidmətləri olmuşdur.

Dövlət başçısı İlham Əliyev Polis Akademiyasına da daim diqqət və qayğı ilə yanaşmış, onun fəaliyyətinin müasirləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Bu gün akademiyanın ən müasir tələblərə cavab verən maddi-texniki bazası bizdə böyük təəssürat doğurur. İnanıram ki, Polis Akademiyası indiyə qədər olduğu kimi, bundan sonra da daxili işlər orqanları üçün yüksək səviyyəli, yüksək ixtisaslı, mənəviyyatca sağlam kadrların hazırlanması prosesində yaxından iştirak edəcəkdir.

 

Rahib QARAYEV, Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi rəisinin müavini, polis polkovniki:

 

- Ötən əsrin 70-80-ci illərində daxili işlər orqanlarına kadr hazırlığı prosesi birbaşa ulu öndərin nəzarəti altında həyata keçirilirdi. Bu, ölkəmizdə potensial kadrların yetişməsinə, Azərbaycan polisinin peşəkarlığının yüksəlməsinə geniş imkan yaratdı. Polis Akademiyasının məzunlarının əksəriyyəti indi daxili işlər orqanlarında məsul vəzifələrdə çalışırlar. Bu, akademiyada yüksək səviyyədə təşkil olunan təhsilin, tədrisin, kadr hazırlığının nəticəsidir. İyunun 29-da ATƏT-in təşəbbüsü və daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəstəyi ilə Mingəçevirdə "Cəmiyyət dəstəkli polis" layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak etdim. Tədbirdə ictimai şuraların yaradılmasından, onun faydasından geniş bəhs olundu. Bu mövzunun qısa müddət ərzində akademiyada operativ şəkildə, geniş və yüksək səviyyədə tədris olunması məni çox təəccübləndirdi. Təəssüf ki, ayrı-ayrı şəxslər yanlış olaraq ictimai şuraları keçmiş sovet dövründə mövcud olan drujinaçılarla müqayisə edir, bəziləri isə bu məsələni mətbuat orqanlarında məqsədli şəkildə qabardırlar.

Polis Akademiyasında kadr hazırlığı yüksək səviyyədədir. Bu ali təhsil ocağını bitirənlər öz vəzifələrinin icrasına böyük təcrübə ilə başlayacaqlar. Biz beynəlxalq təcrübənin öyrənilməsi ilə məşğuluq. Ötən il ATƏT-in nümayəndələri bir neçə rayonun polis əməkdaşları üçün seminarlar keçirdilər. Akademiyanın məzunları seminarlarda ekspertlərlə geniş fikir mübadiləsi apardılar. Polemikalar məzunlarımızın yüksək biliyə və intellektə malik olduğunu sübut etdi. Hətta ATƏT-in nümayəndələri polis əməkdaşlarının bir çox suallarını cavablandıra bilmədilər. Ekspertlər daxili işlər orqanları əməkdaşlarının bu peşəkarlığından təəccübləndilər.

Mən sovet dövründə Polis Akademiyasında təhsil almışam. İndi bu ali təhsil ocağındakı tədrisin səviyyəsi o dövrlə müqayisədə qat-qat yüksəkdir. Polis Akademiyasında təhsilin yüksək səviyyədə aparılması üçün hər bir şərait yaradılıb.

Biz bütün bunlara görə ümummilli lider Heydər Əliyevə minnətdarıq. Əgər ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqı böyük bəlalara düçar olardı. Ümummilli liderin ölkəmizin bütün sahələrində apardığı islahatlar nəinki Azərbaycanın onu gözləyən fəlakətlərdən xilas edilməsinə səbəb oldu, eyni zamanda, ölkəmizin bütün sahələr üzrə inkişafına şərait yaratdı. Yaxın keçmişdə respublikamızda polisə münasibət də birmənalı deyildi. Qeyri-peşəkar şəxslərin yüksək vəzifələrdə təmsil olunması, peşəkarlığın aşağı səviyyəsi polisə qarşı ictimai etimadın azalmasına səbəb olmuşdu. Amma indi daxili işlər orqanları əməkdaşlarına münasibət tamam fərqlidir.

 

Orxan YAQUBLU, Polis Akademiyasının IV kurs müdavimi, Heydər Əliyev təqaüdçüsü:

 

- XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan bir sıra çətinliklərlə üzləşmiş, daxili böhran, xaos və anarxiya, ictimai asayişin qorunması sahəsində ciddi problemlər yaranmışdı. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən xilas etdi, ölkədə davamlı ictimai-siyasi sabitliyə nail olundu. Belə bir tarixi missiyanın yerinə yetirilməsində daxili işlər orqanlarının da rolu əvəzsizdir. Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biri olduğundan dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev polisin bu rolunu yüksək qiymətləndirərək demişdir: "Respublikanın polis işçiləri, Daxili İşlər Nazirliyi Azərbaycan dövlətçiliyini, Konstitusiyasını, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını qorumaq üçün çox mühüm əhəmiyyət kəsb edən bir dövlət orqanıdır. Bütün bunlar sizin, bizim, hamımızın - Azərbaycan xalqının milli sərvətidir. Biz bundan sonra da Azərbaycan Respublikasının daxili işlər orqanlarının işinin təkmilləşməsinə və orqanlarda qanun-qaydanın, nizam-intizamın möhkəmlənməsinə, peşəkarlıq səviyyəsinin yüksəlməsinə fikir verməliyik, öz səylərimizi göstərməliyik... Sizə inanıram, sizə arxalanıram. Daxili İşlər Nazirliyi dövlətin əsas sütunlarından biridir, dövlətçiliyi, müstəqil dövləti müdafiə etmək üçündür".

Hakimiyyətə qayıdışından sonra "İctimai-siyasi sabitlik olmayan yerdə hər hansı inkişafdan söhbət gedə bilməz" deyən ümumilli lider ictimai asayişin etibarlı şəkildə mühafizəsi, ölkə daxilində qayda-qanunun, nizam-intizamın möhkəmləndirilməsi məqsədilə ilk növbədə DİN-in fəaliyyətində dönüş yaratmağın vacibliyini önə çəkmiş, bu orqanın daxilində xoşagəlməz mühitin formalaşdığını, polis orqanlarının peşə səlahiyyətləri ilə bir araya sığmayan qanunsuz hərəkətlərə yol verdiyini təəssüflə bildirmişdir.

Ulu öndər vəziyyətin qaydaya salınması məqsədilə daxili işlər orqanlarında əsaslı kadr dəyişiklikləri apardı. Ümummilli lider öz çıxışlarında bildirirdi: "Adamlar polis peşəsinə anadangəlmə malik olmurlar, yəni, heç kim anadangəlmə polis kimi doğulmur, bunun üçün xüsusi təhsil almaq, pillə-pillə keçib təcrübə toplamaq lazımdır. İş prosesində cürbəcür vəziyyətlərə düşüb bu vəziyyətlərdən çıxış yolları axtarmaq, vərdiş qazanmaq lazımdır".

Qeyd olunan tövsiyələrin yerinə yetirilməsi, daxili işlər orqanlarını layiqli kadrlarla təmin etmək vəzifəsi əsasən Polis Akademiyasının üzərinə düşür. Mən akademiyaya test üsulu ilə qəbul edilən müdavimlərdənəm. Akademiyanın əvvəlki illərdə mövcud olmuş təcrübəsində orta məktəbi bitirərək buraya qəbul olunanların sayı məhdud idi. Lakin ulu öndərin tapşırığına uyğun olaraq Polis Akademiyasının əyani fakültəsində orta məktəbi bitirmiş məzunların sayı artırıldı. Hazırlıqlı və yüksək intellektual potensiala malik gənclər indi müdavim heyətinin böyük qismini təşkil edir.

Akademiyaya qəbul olunduqdan sonra burada ulu öndərin tapşırıq və tövsiyələrinə uyğun yüksək maddi-texniki bazaya malik olan bir ali təhsil ocağının yaradıldığının şahidi oldum.

Təhsil müddətində professor-müəllim heyətinin yüksək bacarığı və biliyi, Avropa standartlarına uyğun təmin edilmiş fənn kabinetləri, kitabxanalar və idman zalları burada müdavimlərin yüksək bilik və peşə vərdişlərinə yiyələnmələrində əsas rol oynayır.

Polis Akademiyasında maddi-texniki bazanın, tədrisin keyfiyyətinin yüksəldilməsi daim Daxili İşlər Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. Cənab nazir Ramil Usubovun Polis Akademiyasına tez-tez gəlişi, bu və ya digər məsələlər barədə tapşırıq, tövsiyələr verməsi təhsil ocağına diqqət və qayğının təzahürüdür. Müdavimlərin təhsilə, elmə, ictimai həyatda fəal iştiraka marağının, tapşırılan işə yaradıcı münasibətin artırılması üçün əlavə maddi və mənəvi stimul yaratmaq məqsədilə daxili işlər naziri cənab Ramil Usubovun 23 aprel 2008-ci il tarixli əmr ilə Polis Akademiyasında "Heydər Əliyev təqaüdü" təsis edilib. Bu təqaüdə layiq görülmək böyük şərəfdir və müdavimlərin elmə, təhsilə marağına mühüm təsir göstərir. Prezident İlham Əliyev və xalq tərəfindən dəfələrlə təqdir edilən belə uğurlara şəxsi heyət ümummilli liderimizin indi zərb məsələyə çevrilmiş bir kəlamını gündəlik fəaliyyətində rəhbər tutmaqla, imza atmışdır: "Gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülaym, amma cinayətkarlıqla mübarizədə o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər".

Azərbaycan Prezidenti İlham Əliyevin və ümummilli lider Heydər Əliyevin dövlət hakimiyyətinin təmsilçisi kimi Azərbaycan polisinə səmimi qəlbdən, ürəkdən ünvanlanmış bu nəsihəti, tövsiyəsi nümunəvi polis-vətəndaş münasibətlərinin dəqiq etalonu kimi hələ uzun illər öz aktuallığını saxlayacaq. Ulu öndərin bu nəsihətlərinə daim ehtiramla yanaşan Polis Akademiyasının müdavimləri dövlət başçısının və Daxili İşlər Nazirliyinin rəhbərliyinin etimadını təlimlərdə, məşğələlərdə qazandıqları uğur və nailiyyətlərlə doğruldacaq, ümumilli lider Heydər Əliyevin "Polis əməkdaşı bilikli, öz sahəsində yüksək təhsilə, yaxşı təcrübəyə malik, iradəli, cəsarətli, qorxmaz olmalıdır" kəlamını heç vaxt unutmayacaqlar.

 

Həsən ƏLİYEV, "Fiziki hazırlıq" kafedrasının müəllimi, polis leytenantı:

 

- Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40-cı ildönümü münasibətilə təşkil olunmuş "dəyirmi masa"nın bütün iştirakçılarını salamlayaraq qeyd etmək istəyirəm ki, Azərbaycan xalqının tarixində ulu öndərin idmana qayğı və diqqəti zaman keçdikcə daha dərindən öyrəniləcək. Müstəqilliyin ilk illərində respublikada idmana münasibət son dərəcə aşağı səviyyədə idi. Bu sahə, demək olar ki, tamam unudulmuşdu. 1991-1993-cü illərdə idman meydançalarının və zallarının ayrı-ayrı şəxslərin əllərinə keçməsi, avadanlıqların və qurğularının dağıdılması geniş vüsət almışdı. Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı ölkədə mövcud vəziyyəti kökündən dəyişdi. Dünya səviyyəli siyasi xadim müxtəlif görüş və çıxışlarında idmanın xalqın və dövlətin həyatında necə böyük əhəmiyyət kəsb etdiyini diqqət mərkəzinə çəkərək bu istiqamətdə təxirəsalınmaz işlərin görülməsi vacibliyini daim xatırlatmış, idmanın inkişaf etdirilməsini dövlətin mühüm vəzifələrinin sırasına daxil etmişdir.

Uzun müddət idmanla məşğul olduğuma görə respublikada idman və bədən tərbiyəsinin inkişafı üçün həyata keçirilən işləri daim izləyirəm. Yüksək fiziki hazırlıq bəzi hallarda həlledici əhəmiyyət kəsb edir. Cinayətkarlar arasında silahların, əlbəyaxa döyüşü bacaranların mövcudluğu, xarici ölkələrin cinayətkar və terrorçu qrupların Azərbaycanda fəaliyyət göstərməsinə maraqlarının güclənməsi polis əməkdaşlarının fiziki hazırlığına diqqətin artırılması tələb edir. Təsadüfi deyil ki, əməkdaşların fiziki sağlamlığı daim Daxili İşlər Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. DİN-in İdman Cəmiyyəti bu istiqamətdə mühüm işlər görür. Cəmiyyətin 9 üzvü dünya rekordçusu, 102-si dünya və Avropa çempionu adını qazanıb. 113 nəfər dünya və Avropa çempionatlarının mükafatçısı, 38-i Olimpiya oyunlarının iştirakçısıdır. Bir neçə gün əvvəl İdman Cəmiyyətinin yeni binasının istifadəyə verilməsi daha böyük uğurların əldə olunmasına real zəmin yaradır. Daxili işlər orqanları əməkdaşlarının fiziki hazırlığının təkmilləşdirilməsində aparıcı rol oynayan, gənc zabitlər yetişdirən Polis Akademiyasının da ümdə vəzifələrindən biri hər bir əməkdaşda və müdavimdə dözümlülük, güc, sürət, cəldlik kimi keyfiyyətləri, eləcə də özünə inam, cəsurluq, peşəkarlıq və sərbəstliyi inkişaf etdirməkdir. Bu sahədəki fəaliyyət DİN-in müvafiq təlimatları, eləcə də tədris proqramları və mövhu-təqvim planları əsasında qurulur. Akademiyanın "Fiziki hazırlıq" kafedrası bu mənada böyük potensial imkanlara malikdir. Kafedra rəisi, cüdoçu Hafiz Hacıyev respublikanın əməkdar məşqçisidir. Kafedranın müəllimi, beynəlxalq dərəcəli idman ustası Azad Əliyev isə yunan-roma güləşi üzrə Avropa birinciliklərinin mükafatçısıdır.

Sevindirici haldır ki, Pekin Yay Olimpiadasında 3-cü yeri tutan kafedramızın baş müəllimi Mövlud Mirəliyev, həmin Olimpiya oyunlarında güləş üzrə beynəlxalq hakimlər briqadasının tərkibində ölkəmizi layiqincə təmsil edən əməkdar məşqçi Hicran Şərifov Azərbaycan polisinin nəyə qadir olduğunu sübuta yetirdilər. İdmanın ümumxalq hərəkatına çevrilməsinə, gənclərin idmana marağının artmasına, onların beynəlxalq yarışlarda iştirak etməsinə lazımi şərait yaradılmasına hər cür kömək göstərən Prezident İlham Əliyev əməkdaşlarımızın bu gərgin əməyini layiqincə qiymətləndirmiş, onları "Tərəqqi" medalı ilə təltif etmişdir.

Ölkədə idmanın inkişafına münasibət mənim həyatımda da əhəmiyyətli rol oynayıb.

Akademiyanın müdavimi olduğum müddətdə və müntəzəm olaraq yarışlarda iştirak etmiş, 2007-ci ildə Aşihara Budakou uzrə yığma komandanın üzvü olmaqla I dan "qara kəmər"ə, "Wk-1 versiyası" üzrə "Dünya kəməri"nə, Türkiyədə keçirilmiş kikboksinq üzrə yarışda dünya kubokuna layiq görülmüşəm. Kiprdə keçirilmiş Dünya Budo Federasiyası tərəfindən ful-kontakt üzrə açıq çempionatda birinci yer tutmuşam. 2008-ci ildə isə İran İslam Respublikasında keçirilmiş Budo ful-kontrakt və Lou-kik üzrə Asiya çempionatından qələbə ilə geri döndüm. Cari ildə budo üzrə ilk respublika birinciliyində ağır çəkidə birinci yerə layiq görüldüm. Bütün bunlara görə mən ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, fıziki sağlamlıq polis əməkdaşlarına respublikanın şərəfini və müstəqilliyini həm idman yarışlarında, həm döyüş meydanında qorumaqda, eyni zamanda, cinayətkarlıqla mübarizədə həlledici köməkdir.

 

Əziz İSAXANOV, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin peşə hazırlığı şöbəsinin rəisi, polis polkovniki:

 

- Sabitlik olmayan ölkədə sosial-iqtisadi inkişafdan danışmaq olmaz. İndi dinamik inkişaf edən, yeni-yeni nailiyyətlərə imza atan Azərbaycana bu sabitliyi xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev bəxş etmişdir. 1994-cü ildə nazirlikdə keçirilmiş ilk kollegiya iclasında kadrların düzgün yerləşdirilməsi, peşə hazırlığı müzakirə olundu və həmin il "Peşə hazırlığı ili" elan edildi. Fəxr edirik ki, görülmüş işlərin nəticəsində bu müddət ərzində daxili işlər orqanlarında kadrların tərkibi dəyişib, DİN sistemində peşəkarların hazırlanması üçün mühüm əhəmiyyət kəsb edən Polis Akademiyasının bazası təkmilləşib. İndi bu ali təhsil ocağında təlim-tədrisin səviyyəsi bir sıra Avropa ölkələrinin polis akademiyalarından qat-qat yüksəkdir. Mən bunu ABŞ, Türkiyə, Almaniya və eləcə də digər dövlətlərin polis akademiyalarında əldə etdiyim təəssüratlara əsasən söyləyirəm. Akademiyada yaradılmış hərtərəfli şəraitdən qürur hissi duyuruq. Ali təhsil ocağı daxili işlər orqanlarında yüksək məsuliyyətlə xidmət etməyi bacaran kadrlar yetişdirir. Hər il DİN sistemində "Ən yaxşı polis sahə inspektoru", "Ən yaxşı gənc əməliyyat müvəkkili" və "Ən yaxşı müstəntiq" adları uğrunda müsabiqələr təşkil olunur. Akademiyanın məzunları bu müsabiqələrdə aparıcı yerlərdən birini tuturlar. Bu isə Polis Akademiyası məzunlarının bilik səviyyəsinin, ali təhsil ocağının yüksək səviyyəli kadr hazırlığının göstəricisidir. Akademiya yeganə təhsil ocağıdır ki, məzunların vəzifələrə təyinatını şəxsən nazir Ramil Usubov özü aparır.

 

Ceyhun SÜLEYMANOV, Polis Akademiyasının "Dövlət və hüquq nəzəriyyəsi" kafedrasının rəisi, dosent, polis polkovniki:

 

- Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu illərdə ölkədə təhsilin inkişafına, peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu siyasəti inamla davam etdirən ölkə rəhbəri İlham Əliyev fəaliyyətinin ilkin mərhələsindən bildirdi ki, Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını sadəcə təbii sərvətlərin gətirdiyi dividentlərlə bağlamır və mövcud resursların sırf insan faktorunun prioritetə çevrilməsi yönündə qurur.

Akademiyanın müəllim-zabit heyəti öz fəaliyyətini dərslərin metodik təminatının yüksəldilməsi, tədris metodikasının təkmilləşdirilməsi, müdavim və dinləyicilərin tədris edilən fənləri mənimsəmə səviyyəsinin artırılmasına yönəldib. Avropa ali təhsil məkanına inteqrasiya prosesinin tələblərinə müvafiq olaraq akademiyanın maddi-texniki bazası mütəmadi təkmilləşdirilir, tədris-metodik vəsaitlər müasir tələblər baxımından yenidən işlənir. Bu zaman beynəlxalq, respublika ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsindən geniş istifadə edilir.

Təhsilə, peşəkarlığın artırılmasına həvəs və tələbat doğuran mənəvi-psixoloji mühitin yaradılması, gələcək polis zabitlərinin xidməti vəzifələrinin yüksək səviyyədə icrası üçün zəruri olan nəzəri bilik və praktiki vərdişlərin əldə olunmasına, onların gündəlik fəaliyyətində tətbiqi taktikasına yiyələnmələrinə nail olmaq, insan hüquqları və azadlıqlarına hörmətlə yanaşan, dövlətçilik prinsiplərinə və azərbaycançılıq ideyalarına sabiq şəxsiyyət formalaşdırmaq müasir dövrdə qarşımızda duran əsas vəzifələrdəndir.

Dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamını rəhbər tutaraq tədris planında struktur dəyişiklikləri edilib, auditoriya saatları azaldılıb, Bolonya prosesinin tələblərinə müvafiq fənlərin sayı optimallaşdırılıb, eləcə də 15 fənn seçmə bloklara daxil edilib. Təhsil Nazirliyinin "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə"sinə müvafiq olaraq Elmi Şuranın qərarı ilə akademiyada tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistem tətbiq olunur.

Azərbaycan Prezidentinin 12 mart 2007-ci il tarixli "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" sərəncamının icrası və müdavimlərə praktiki fəaliyyət vərdişlərinə tam yiyələnmək, ictimai asayişin qorunması, əməliyyat-axtarış tədbirləri zamanı düzgün qərar qəbul etmək bacarıqlarını aşılamaq məqsədilə tədris planına - əməliyyat-axtarış hüququ, inzibati məsuliyyət, polis sahə məntəqələrinin fəaliyyətinin təşkilati-hüquqi əsasları, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı cinayətlərlə mübarizə, cinayətlərin açılması və araşdırılmasının kriminalistik təminatı, müasir informasiya texnologiyaları fənləri və xüsusi kurslar əlavə edilib. İxtisas fənləri üzrə müasir biliklərə yiyələnmək, elmi araşdırmalar və cinayət statistikası ilə tanış olmaq məqsədilə respublikanın ali məktəblərindən tanınmış elm xadimləri və hüquq-mühafizə orqanlarının aparıcı mütəxəssisləri oxumaq üçün tədris prosesinə cəlb olunurlar.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan polisinin 90 illiyi ərəfəsində - 10 iyun 2008-ci il tarixdə imzaladığı "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılıması üzrə Dövlət Proqramı" haqqında sərəncamı polis kadr hazırlığının daha da inkişaf etməsinə təkan vermiş, təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi müasir bilik və bacarıqlara malik polis kadrlarının formalaşmasında önəmli rol oynamışdır.

 

Ramiz NAĞIYEV:

 

- Ulu öndər 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilən gündən daxili işlər orqanlarının fəaliyyətinə xüsusi diqqət yetirirdi.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da təhsil məsələsi onun diqqətindən yayınmadı. Bu gün biz polis xidmət sahəsi, hüquq-mühafizə orqanı kimi ictimai asayişin qorunması ilə məşğul olsaq da, akademiyanın hazırki işi təhsillə bağlıdır. Əgər büdcədən ayrılan vəsaitin həcminə görə təhsil müdafiə sahəsindən sonra ikinci yer tutursa, bu, həmin sahəyə diqqət və qayğının ən mühüm göstəricisidir. Ulu öndər müəllim peşəsinə qiymət verməklə, təhsili ölkənin gələcəyi adlandırmaqla, özünün bu sahəyə olan münasibətini ortaya qoyurdu. Şübhəsiz, savadsız, təhsilsiz heç nəyə nail olmaq mümkün deyil. Neft və digər təbii sərvətlər tükənir. Amma bilik, savad, dünyagörüşü, zəka bitib tükənmir. Bu nöqteyi-nəzərdən çıxış edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, biz neft kapitalını insan kapitalına çevirməliyik, bilikli insanlar yetişdirməliyk. Biz bunun nəticələrini görürük. Azərbaycan gündən-günə inkişaf edir, dəyişir, təhsilin səviyyəsi yüksəlir, məktəblər müasir tələblərə uyğun qurulur. Elmə yüksək qayğının göstərildiyi ölkəmizdə yeni təhsil ocaqları tikilir. Bütün bunlara görə ölkə rəhbərinə, eyni zamanda, Polis Akademiyasında yaratdığı şəraitə görə cənab nazirə minnətdar olmalıyıq. Onların tövsiyələrinə və tələblərinə uyğun kadrlar yetişdirməyə çalışmalıyıq ki, peşəkarlar dövlətimizin uğurlu gələcəyini təmin etsinlər.

 

Bəxtiyar SADIQOV:

 

- Sovet dövründə polisin iki əsas vəzifəsi var idi - cinayətkarı zərərsizləşdirmək və ictimai asayişi mühafizə etmək. İndi ölkəmizdə demokratik proseslər inkişaf edir, dərinləşir. Bu səbəbdən də polisin üzərinə yeni vəzifələr düşür - küçə yürüşlərində, mitinqlərdə ictimai asayişi mühafizə etmək, kütləvi tədbirlərdə iştirak etməyən insanların hüquqlarını qorumaq, aksiyaçıların qanunsuz hərəkətlərinin qarşısını almaq. Azərbaycan polisi insan haqlarının qorunmasını ümdə vəzifə sayaraq daim peşəkarlığını artırır. Belə bir şəraitdə polisin vəzifə borcunu yerinə yetirməsi, qanunlara riayət olunmasına xidmət etməsi, eyni zamanda, insan haqlarını pozmaması böyük məharət tələb edir. Mən bu gün bunun şahidi oldum. Əmin oldum ki, belə bir ali məktəbdə təhsil alan, hər cür ekstremal şəraitə uyğunlaşan polis beynəlxalq tələblərə, dünya standartlarına cavab verən səviyyəyə çatıb. Bu, bizdə böyük qürur hissi doğurur. Mən hamınıza Azərbaycan dövlətinə sədaqətlə xidmət işində uğurlar diləyirəm.

 

Ramiz NAĞIYEV:

 

- Daxili işlər orqanları üçün hüquqşünas kadrlar hazırlayan Polis Akademiyasının üzərinə mühüm öhdəliklər düşür. Birmənalı şəkildə deyirəm - işimizə verilən müsbət qiymət bizim üçün böyük məsuliyyət hissi deməkdir. Biz işimizi bu etimada layiq qurmalı və həyata keçirməliyik. Biz bundan sonra da çalışacağıq ki, ictimai asayişi lazımınca qoruyacaq, cinayətkarlıqla barışmaz və peşəkar mübarizə apara biləcək kadrlar tərbiyə edək. Bu, bizim borcumuzdur.

Bunun üçün bizə hər cür şərait yaradılıb. Həmin şəraitdən istifadə edib borcumuzu vicdanla yerinə yetirəcəyimizi "Azərbaycan" qəzeti vasitəsilə ölkə ictimaiyyətinə də çatdırırıq.

 

 

Azərbaycan.- 2009.- 14 iyul.- S. 9, 10, 11.