Xoş niyyətlər və xeyirxah əməllər məbədi
Siyasi lider amili tarixən
hər bir dövlətin, xalqın inkişafında müstəsna
rol oynayaraq inkişaf potensialını hərəkətə
gətirmiş, bu potensialın səmərəli realizə
edilməsinə zəruri əsaslar yaratmışdır. Milli
inkişaf yolunun banisinə çevrilən belə xarizmatik
liderlər həm də siyasi varislik ənənələri
formalaşdıraraq böyük müdrikliklə irəli
sürdükləri mütərəqqi ideyaların
davamlılığını təmin etmişlər. XX əsr
Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyət
- ulu öndər Heydər Əliyev də müasir Azərbaycan
dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və
ənənə əsasında yaradaraq praktik surətdə
gerçəkləşdirmiş dahi strateq kimi
xalqımızın əbədi və tükənməz
sevgisini qazanmışdır.
Tarixin axarını dəyişən
böyük simaların ideya və prinsipləri, idarəçilik
ənənələri, adətən, zaman və məkanın
fövqündə olur. Bu mənada, Heydər Əliyev
dühasına da layiq olduğu qiyməti vermək, onun vətən
və xalq naminə göstərdiyi misilsiz xidmətləri və
fədakarlıqları obyektiv dəyərləndirmək
böyük məsuliyyət tələb edən məsələdir.
Yüksək ehtiramla qələmə alınan ən xoş
xatirələr, siyasi, elmi, politoloji fikir və mülahizələr
belə ümummilli liderin insan, vətəndaş və lider
kimi nəhəngliyinin miqyası barədə dolğun təsəvvür
yaratmaqda acizdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi şanlı epoxa xalqın azadlıq, müstəqillik
arzularının gerçəkləşməsinə real
hüquqi, siyasi və iqtisadi əsasların yaradılması,
bu möhkəm baza üzərində qazanılmış
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
xalqın təbii konstitusion hüquqlarına sahib
çıxması, milli-mənəvi yüksəlişə
nail olması, fərdin özünü vətəndaş kimi
dərk etməsi kimi iftixar doğuran tarixi prosesi əhatələyir.
Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini,
milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri
məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək
dayanıqlı müstəqil dövlətini qurmuş, millət
kimi mövcudluğunu, özünü idarə etmək
bacarığını yüksək səviyyədə
nümayiş etdirmişdir. Ulu öndər ictimai fikri hər
zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə
hazırlamaq, yaranmış tarixi şəraitə uyğun
strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində
daim milli maraq və mənafeləri önə çəkmiş,
uzaq hədəflərə hesablanmış inkişaf
strategiyası həyata keçirmişdir.
Tarixdən yaxşı
məlumdur ki, hər bir xalq özünün taleyində
müstəsna rol oynamış fenomen şəxsiyyətlərin
zəngin ömür yolunu, mükəmməl dövlətçilik
və siyasi irsini, təcrübəsini öyrənərək
gələcək nəsillərə
çatdırılması istiqamətində ardıcıl
addımlar atır. Sağlığında Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsi və
qüdrətlənməsi naminə həyata keçirdiyi
möhtəşəm tədbirlərlə canlı əfsanəyə
çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin
dövlətçilik irsinin öyrənilməsi, onun ölməz
ideyalarının geniş təbliğ olunaraq praktik həyatda
tətbiqi və gələcək nəsillərə
çatdırılması da xüsusi aktuallıq kəsb
edir. Azərbaycan xalqı taleyində misilsiz rol oynamış
ulu öndərin xatirəsini daim əziz tutmuş, onun əbədiləşdirilməsi
istiqamətində mühüm addımlar atmışdır. Dövlət
başçısı İlham Əliyev ulu öndərin əsasını
qoyduğu strateji siyasi kursu son 5 il yarımda bütün sahələrdə
inamla davam etdirməklə yanaşı, Heydər Əliyev
ideyalarının cəmiyyətdə praktik surətdə
gerçəkləşməsinə və möhkəmlənməsinə
nail olmuşdur. Cənab İlham Əliyevin hələ
2004-cü ildə imzaladığı fərmanla ulu öndərin
adının əbədiləşdirilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirilmiş, hələ
70-80-ci illərdə inşasına nail olduğu bir sıra
möhtəşəm tikililərə onun adı
verilmişdir.
2004-cü ildən
analoqu olmayan ictimai qurum kimi fəaliyyət göstərən
Heydər Əliyev Fondu da nəcib, xeyirxah və humanist insani dəyərlərə
tapınaraq ümummilli liderin zəngin dövlətçilik
irsinin bütün dünyada tanıdılması və təbliği
istiqamətində ardıcıl iş aparır. Fondun
başlıca məqsədi ümummilli liderin zəngin
dövlətçilik irsinin öyrənilməsinə və
təbliğinə xidmət edən irimiqyaslı
proqramları himayə etmək, xalqın rifahının
yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri
dəstəkləmək, elm, təhsil, mədəniyyət,
incəsənət, səhiyyə və idmanın
inkişafını təmin edən layihələrə
yardımçı olmaq, milli-mənəvi ideallara, humanist,
insanpərvər dəyərlərə sadiq gənclərin tərbiyəsinə
çalışmaq, respublikanın nüfuzunu artırmaq kimi
strateji vəzifələrdən ibarətdir. Fondun fəaliyyəti
eyni zamanda, insan və vətəndaş hüquq və
azadlıqlarının yüksək səviyyədə təminatına,
bəşəriyyətin xilasına yönələn mütərəqqi
idealların cəmiyyətdə möhkəm əsaslarla
intişar tapmasına, fərqli sivilizasiyaların dialoquna,
keçmişlə gələcək arasında möhkəm
körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik
və nəciblik, humanizm kimi müqəddəs dəyərlərin
aşılanmasına yönəlmişdir.
Azərbaycanın birinci
xanımının istər milli-mənəvi irsin qorunması
və dünya miqyasında təbliği, istər elm və təhsilin
səviyyəsinin yüksəldilməsi, istərsə də
səhiyyənin inkişafı, insanların fiziki-mənəvi
sağlamlığının təminatı
yönümündə həyata keçirdiyi strateji layihələr
onun fəal vətəndaşlıq mövqeyində
dayanmasının, yüksək mənəvi məsuliyyətinin
təzahürüdür. Cəmiyyətdə bir sıra
mütərəqqi yeniliklərin təşəbbüskarı
kimi çıxış etməklə yanaşı, Azərbaycan
dövlətçiliyi tarixində ilk dəfə olaraq
"birinci xanım" ənənəsini də öz fəaliyyəti
ilə məhz Mehriban xanım Əliyeva
formalaşdırmış, bu statusda böyük ictimai rəğbət
və etimad qazanmışdır. Məhz Azərbaycanın
birinci xanımının timsalında bu status humanist fəaliyyətə,
qayğıkeşliyə, eləcə də hansısa problemlərlə
qarşılaşan, hansısa məqamda hüquqları
pozulan sıravi vətəndaşların ümid yerinə
çevrilmişdir.
Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən çoxşaxəli layihələri
birləşdirən ümumi ortaq xətt isə məhz milli
genefondun qorunması, saf dəyər və duyğuların
ictimai şüurda intişar tapmasıdır. Azərbaycanın
birinci xanımı haqlı olaraq informasiya
texnologiyalarının sürətlə inkişaf etdiyi
müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin
yad təsirlərdən qorunmasına daha çox ehtiyac
olduğunu bildirir. Xalqın mənəvi sərvətinin sadiq
keşikçisinə çevrilmiş Heydər Əliyev
Fondunun beş illik yubileyinin respublika miqyasında əlamətdar
hadisələrdən biri kimi qeyd olunması onun cəmiyyət
həyatındakı əlahiddə mövqeyinin və
nüfuzunun daha bir əyani göstəricisi kimi vurğulana
bilər. 2009-cu il mayın 10-da "Buta" sarayında
keçiriən təntənəli mərasimdə
çıxış edən fondun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva demişdir: "Fondun fəaliyyəti
artıq hər kəsə bəllidir. Beş il ərzində
görülən işlər, əldə edilən nailiyyətlər
haqqında bu axşam burada danışılacaq. Öz
adımdan təkcə onu demək istəyirəm ki, bu beş
il ərzində görülən işlər bir çox sahələri
- elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial
sferanı əhatə edir. Lakin bunları birləşdirən
bir amil var. Bu da Azərbaycana, Vətənə xidmət etmək
arzusu və şərəfidir. Bu yolda bizə kömək edən,
bizi dəstəkləyən, bizə inanan hər bir insana dərin
minnətdarlığımı bildirirəm. Fondun əməkdaşlarına
- gənc, istedadlı və insan problemlərinə heç
zaman biganə qalmayan komandamın hər bir üzvünə
xüsusi minnətdarlığımı bildirirəm. Bir daha
sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin
adını daşıyan Fond Azərbaycanın bu günü
və gələcəyi naminə bundan da artıq işlərə
hazır və qadirdir".
Ötən beş ildə
Azərbaycan vətəndaşlarının, sözün əsl
mənasında, ümid, pənah ünvanına çevrilmiş
fond ümummilli lider Heydər Əliyevin müdrikliyə əsaslanan
həyat və fəaliyyətini, zəngin dövlətçilik
irsini öyrənən ideoloji-humanitar mərkəz kimi üzərinə
götürdüyü çətin vəzifənin öhdəsindən
layiqincə gəlmişdir. Xalqın rifahına yönəlmiş
humanitar layihələrin təşəbbüsçüsü
və fəal icraçısı kimi məşhurlaşan
fond eyni zamanda cəmiyyətin tərəqqi və yüksəlişinə
xidmət edən faydalı təklifləri dəstəkləməklə,
elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə
və idmanın inkişafı ilə bağlı bir sıra
mühüm layihələrə yardımçı olmuş,
milli-mənəvi dəyərlərin, mədəni irsin sadiq
keşikçisinə, alovlu təbliğatçısına
çevrilmişdir.
Xalqa xidməti həyat
kredosuna çevirmiş böyük şəxsiyyətlər
bunun müqabilində hər zaman təmənnasız
olmuş, dar məqsəd güdməmişlər. Fəqət,
belə nəcib və xeyirxah insanların mənəvi
yüksəliş və ucalığa xidmət edən
çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi
bəzən obyektiv tələbat kimi ortaya çıxır. İnsanpərvərlik
və humanizm ruhunda köklənmiş xeyriyyəçilik fəaliyyətinə,
nəcib, tərəqqipərvər təşəbbüslərinə
görə hələ 2004-cü ildə YUNESKO-nun, 2006-cı
ildə İSESKO-nun xoşməramlı səfiri adına
layiq görülən, 2007-ci ildə "Qızıl ürək"
beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının
İhsan Doğramaçı Ailə Sağlamlığı
Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri"
Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif
olunmuş Azərbaycanın birinci xanımının dövlət
başçısı İlham Əliyevin 5 may 2009-cu ildə
imzaladığı sərəncamla "Heydər Əliyev
mükafatı"na layiq görülməsi də onun əzmkar
fəaliyyətinə verilən adekvat qiymətdir. Heydər Əliyev
Fondunun prezidenti son beş illik fəaliyyəti ilə belə
bir yüksək mükafata layiq olduğunu sübuta
yetirmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev beş illik yubileyi ilə bağlı
keçirilən tədbirdə fondun fəaliyyətini
yüksək dəyərləndirdiyini bir daha
vurğulamışdır. Dövlət
başçısı qısa müddətdə böyük
layihələri uğurla gerçəkləşdirməyə
müvəffəq olmuş Heydər Əliyev Fondunun cəmiyyətdə
böyük inam və etimad qazandığını
razılıqla qeyd etmişdir: "Son beş il ərzində
Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq
fondu olmuşdur. Bu fondun xətti ilə aparılan işlər,
görülən tədbirlər, irəli
sürülmüş təşəbbüslər göz
qabağındadır. İstər təhsil, istər səhiyyə
sahəsində, mədəniyyət sahəsində, mənəvi
irsimizin qorunması işində, Azərbaycanın dünya
birliyində təbliğ edilməsi işində, Azərbaycanın
olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin geniş mənada
dünya birliyinə düzgün şəkildə
çatdırılması işində Heydər Əliyev
Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm.
Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər
iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən
sahədə istənilən məsələ həll oluna bilər.
Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir
sözlə xarakterizə etmək mümkündürsə, mən
"Xoş niyyət" deyərdim. Çünki bütün
sahələrdə biz
bunu görürük".
Tarixi təcrübə
sübut edir ki, hər bir xalqın gələcəyi
sayılan gənclərin intellektual inkişafını təmin
etmədən onların milli-mənəvi dəyərlərə
bağlı şəxsiyyət kimi yetişməsinə nail
olmaq qeyri-mümkündür. Bəşəriyyətin
xilasına yönəlmiş ideallar məhz elm və təhsilin
yüksək inkişaf etdiyi ölkələrdə
özünə möhkəm dayaqlar tapa bilir. İqtisadi tərəqqi,
demokratikləşmə və insan hüquqlarının
etibarlı təminatı baxımından özünün
yüksək inkişaf mərhələsinə
çatmış dövlətlərin bu nailiyyətləri məhz
elmə, təhsilə yüksək diqqət və
qayğı nəticəsində əldə etdiyi danılmaz
gerçəklikdir. Heydər Əliyev Fondunun 5 ildə həyata
keçirdiyi layihələrin sırasında elm və təhsilin,
müasir informasiya texnologiyalarının mühüm yer
tutması da məhz bu reallığa söykənir.
Fondun təhsilin
inkişafı, bu sahədə həllini gözləyən
bir sıra problemlərin mərhələlərlə aradan
qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda
elmə ictimai təsisat səviyyəsində yüksək
qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin
ümumi potensialının da bu yöndə səfərbər
olunmasına yönəlmişdir.
Azərbaycanın birinci
xanımının cəmiyyətin maariflənməsinə və
milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin
ümdə məqsədi həm də bölgələrdə
yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının
yaxşılaşdırılmasıdır. Fondun rəhbərliyi
yaxşı bilir ki, müasir tələblərə cavab verən
yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris
prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin
mütərəqqi ənənələrini mənimsəmədən
təhsil sistemini müasirləşdirmək, bu sahədə
uğurlu nəticələr əldə etmək mümkün
deyildir. Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilmiş "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi çərçivəsində
təkcə 2005-ci ildə Azərbaycanın müxtəlif
regionlarında 132 məktəb binası inşa olunaraq
lazımi avadanlıqlarla təchiz edilmişdir. Keçmiş
ittifaqın iqtisadi cəhətdən ən qüdrətli
dövründə belə Azərbaycanda bir ildə bu qədər
məktəb tikilməmişdir. Sovet dövrünün rekordu
ildə 110 məktəb olmuş, bunların da əksəriyyəti
şəhərlərdə tikilmişdir. Fəqət, Heydər
Əliyev Fondu bu yüksək göstəriciyə nail olmaqla
sübut etdi ki, yüksək əzm və iradə, ən əsası,
vətənpərvərlik milli inkişafda son dərəcə
vacib amildir. Ümumiyyətlə, son 5 il ərzində fondun xəttilə
inşa edilmiş 238 müasir tipli məktəb lazımi
avadanlıq, istilik sistemi, zəngin kitabxana və kompüter
avadanlığı ilə təchiz olunmuşdur. Xüsusi
vurğulamaq lazımdır ki, fond bu xeyirxah ənənəni
ölkə hüdudlarından kənarda da davam etdirərək
Pakistan və Gürcüstanda müasir tipli yeni məktəblərin
inşasını öz üzərinə
götürmüşdür.
Müasir dövrdə
sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər
arasında ortaq təmas nöqtələrinin tapılması,
dünya iqtisadiyyatının təmərküzləşməsi,
informasiya texnologiyalarının inkişafı prosesi bəzi
hallarda mütərəqqi mahiyyətindən uzaqlaşaraq milli
mədəniyyətə, mənəvi dəyərlər
sisteminə təhlükəyə çevrilir. Belə bir
şəraitdə xalqın milli "Mən"inin, mənəvi
dəyərlərinin qorunması məsələsi də
vacib və aktual problem kimi önə çıxır. Ötən
beş ildə Azərbaycanın görkəmli alimlərinin,
yazıçı və bəstəkarlarının yubileyinin
keçirilməsi, "Kitabi-Dədə Qorqud"
dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd
olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na
İçərişəhərin Şirvanşahlar Saray
Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da
daxil edilməsi Azərbaycanın birinci xanımının
milli mədəniyyətin dünya miqyasında təbliği
sahəsindəki fəaliyyətinin çox az qismidir. Bu sahəyə
qayğını fəaliyyətində daim üstün
istiqamətlərdən biri kimi nəzərdən keçirən
Heydər Əliyev Fondunun prezidenti xalqın
varlığını özündə yaşadan mənəvi-intellektual
irsə yüksək həssaslıqla yanaşır, onun
dünya arenasında təbliğində fəal iştirak
edir.
Tarixi mədəniyyət
abidələrinin təmiri və bərpasına göstərdiyi
kömək də Heydər Əliyev Fondunun həyata
keçirdiyi qlobal layihələr sırasındadır. Son 5
ildə Gəncə şəhərindəki Cavadxan türbəsi,
habelə Comərd Qəssab məqbərəsi, Bakının
Şüvəlan qəsəbəsindəki Pirhəsən
ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir
edilmişdir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər
səviyyəsində təmir olunması da fondun həyata
keçirdiyi nəcib layihələrdəndir.
Fondun prezidenti Mehriban
xanım Əliyevanın birbaşa himayəsi ilə son illər
Azərbaycanda muğam sənətinin qorunması,
inkişafı və təbliği sahəsində
böyük işlər görülür. Azərbaycan
muğamının YUNESKO-nun bəşəriyyətin
qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil
olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun
milli mədəniyyətin təbliği sahəsində həyata
keçirdiyi ən uğurlu layihələrdən biri də
"Qarabağ xanəndələri" albomunun
hazırlanması olmuşdur. YUNESKO xətti ilə
hazırlanmış alboma "Qarabağ xanəndələri"
adının seçilməsi ilə bütün dünyaya
Qarabağın əzəli və əbədi Azərbaycan
torpağı, muğamın isə bu torpağa məxsus nadir
sənət nümunəsi olduğu nümayiş
etdirilmişdir. Yeri gəlmişkən, 2009-cu ilin mart
ayında Azərbaycanın birinci xanımının təşəbbüsü
ilə keçirilən Beynəlxalq muğam festivalı Azərbaycan
mədəniyyətinin, musiqisinin bütün dünyada
tanıdılması və təbliği istiqamətində
mühüm tədbirlərdən biri kimi yadda
qalmışdır. Tədbirdə YUNESKO-nun baş direktoru
Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən
çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər.
Heydər Əliyev
Fondunun milli mədəniyyətin qorunması ilə
yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin
dünya miqyasında təbliği məqsədilə müxtəlif
dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti
də xüsusi qeyd olunmalıdır. Son illərdə beynəlxalq
ictimaiyyətə ünvanlanan "Qarabağ həqiqətləri"
toplusu "Qarabağın tarixi haqqında məlumat",
"Qarabağ münaqişəsinin başlanması",
"Xocalı soyqırımı", "Azərbaycana
qarşı erməni təcavüzünün nəticələri",
"Erməni terror təşkilatlarının Azərbaycana
qarşı fəaliyyəti" kitabçalarından ibarətdir.
Bu topluların elektron variantları 2007-ci ildə - qanlı
soyqırımın 15 illiyində Avropanın 15 dövlətində
keçirilən soyqırımı qurbanlarının xatirəsini
anma mərasimlərində xarici ölkələrin diplomatik
korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi
informasiya vasitələrinə, tanınmış siyasi-ictimai
xadimlərə paylanmışdır. Real faktlara, dəlil-sübutlu
foto-sənədlərə istinadla aparılan bu təbliğat
kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri,
Xocalı soyqırımı, Ermənistanın ölkəmizə
qarşı həyata keçirdiyi təcavüzkar
işğalçılıq siyasəti haqqında əsl həqiqətləri
çatdırmışdır.
Heydər Əliyev
Fondunun çoxşaxəli fəaliyyətinin mühüm
istiqamətlərindən biri də ölkədə insan
hüquq və azadlıqlarının qorunması prosesində
yaxından iştirakıdır. Bu gün on minlərlə
insanın pənah apararaq probleminin həllinə kömək
istəməsi fond rəhbərliyinin fəaliyyətinə dərin
inamın ifadəsidir. Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi də
bu istiqamətdə fəallıq nümayiş etdirir. Azərbaycanın
birinci xanımının ulu öndər Heydər Əliyevin
anadan olmasının 84-cü ildönümü münasibəti
ilə amnistiya təşəbbüsü ilə
çıxış etməsi də təmənnasızlığa
və səmimiyyətə söykənən
xeyirxahlığın növbəti təcəssümü
olmuşdur. Yekdilliklə qəbul olunaraq ölkə rəhbəri
tərəfindən imzalanan bu amnistiya aktı bir daha Heydər
Əliyev Fondunun insanpərvərlik, humanizm və ədalət
kimi ali dəyərlərə sadiqliyini, insan və vətəndaş
hüquq və azadlıqlarına həssas münasibətini əks
etdirmişdir.
Amnistiya qərarlarının
qəbulu ilə bağlı ölkədə
formalaşmış müsbət ənənənin Heydər
Əliyev Fondu tərəfindən davam etdirilməsi Azərbaycanda
humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə
xidmət edir. Ümummilli liderin insanpərvər siyasətinə
yüksək sədaqət nümayiş etdirən fondun
prezidenti Mehriban xanım Əliyeva 2009-cu ilin yazında -
firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi
olan Novruz bayramı münasibətilə növbəti
amnistiya təşəbbüsü irəli sürmüş,
bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim
etmişdir. Müraciətdə göstərilirdi ki, məhkum
edilmiş şəxslərin və onların ailə üzvlərinin
fonda ünvanlanan məktubları ilə əlaqədar
aparılan araşdırmalar və tədqiqatlar həmin
insanlara da münasibətdə mərhəmətli
olmağın zəruriliyini göstərir. Azərbaycanın
birinci xanımı bu təşəbbüsün vətəndaşların
qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət
təsir göstərəcəyinə ümid edərək, cəzadan
azad edilən şəxslərin cəmiyyətə
qayıdaraq vətəndaş cəmiyyətinin qurulmasına
müsbət töhfələrini verəcəklərinə
inanaraq, Novruz bayramı ərəfəsində məhkumların
ailələrinə qovuşmalarını arzulayaraq "Novruz
bayramı münasibətilə amnistiya elan edilməsi
haqqında" qərar layihəsini parlamentin müzakirəsinə
təqdim etmişdir. Amnistiya aktı layihəsinə əsasən,
böyük ictimai təhlükə törətməyən və
az ağır bir sıra cinayətlərə görə məhkum
edilmiş qadınlar, cinayət törədərkən 18
yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər,
60 yaşına çatmış kişilər, öhdəsində
yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci
qrup əlil övladı olanlar və bəzi digər
kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə
cəzasından azad edilmişlər. Amnistiya aktı nəticəsində
təqribən 9 min şəxs amnistiya aktının təsiri
altına düşmüş, 1700 məhkum azadlıqdan məhrumetmə
yerlərindən azad edilmişdir.
Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin
deputatı kimi seçicilərini qayğılandıran
problemlərin həllində də yaxından iştirak edir,
ona ünvanlanan bütün müraciətlər böyük
həssaslıqla qarşılanır. Məhz onun təşəbbüsü
ilə "Əzizbəyov Rayonunun İnkişaf Fondu"nun
yaradılması və Ədliyyə Nazirliyində qeydiyyatdan
keçərək fəaliyyətə başlaması rayonun
inkişafında tamamilə yeni mərhələnin əsasını
qoymuşdur. Fondun məqsədi rayonun potensialından səmərəli
istifadə etməklə iqtisadiyyatın davamlı
inkişafı, əhalinin məşğulluğunun
artırılması, gənclərin ictimai fəaliyyətə
cəlb edilməsi, burada investisiya qoyuluşunun sürətləndirilməsi,
mövcud turizm resurslarından daha səmərəli istifadə
edilməsi, tarix və mədəniyyət abidələrinin
qorunması və bərpası sahəsində layihələrin
həyata keçirilməsidir. Ötən illərdə Heydər
Əliyev Fondunun dəstəyi ilə Əzizbəyov rayonunda
bir sıra mədəniyyət və təhsil ocaqları əsaslı
bərpa edilmiş, habelə bəzi qəsəbələrin
sosial infrastrukturları yeniləşdirilmişdir.
Heydər Əliyev
Fondunun müxtəlif ölkələrdə
filiallarının açılması bir tərəfdən təşkilatın
qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən
Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə
həqiqətlərini dünya arenasına çıxarmaq,
habelə diaspor hərəkatının genişlənməsinə
yardımçı olmaq niyyətinin təzahürüdür.
Son illərdə fondun Rusiyada, Rumıniyada, Türkiyədə,
Böyük Britaniyada filiallarının açılması da
qarşıya qoyulmuş bu məqsədlərin gerçəkləşdirilməsi
baxımından geniş imkanlar açır. Fondun Moskva
filialının fəaliyyəti bu baxımdan daha qabarıq
hiss olunur. Azərbaycanın müasir gəncliyinin ən
layiqli, vətənpərvər təmsilçisi kimi bu
missiyanı üzərinə götürmüş Leyla Əliyeva
fondun Moskva filialına yüksək səviyyədə rəhbərlik
edir.
Cəmi iki il müddətində
Leyla Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin,
mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının
təbliği, diaspor hərəkatının genişləndirilməsi
istiqamətində bütün lazımi tədbirləri həyata
keçirmişdir. Rusiya ilə Azərbaycan arasında mədəni
dialoqun genişləndirilməsi istiqamətində atılan
addımlar da bu baxımdan təqdirəlayiqdir. Fondun Moskva
nümayəndəliyi qısa müddətdə Rusiyanın mədəni
ictimaiyyəti ilə müxtəlif səviyyəli
görüşlər keçirmiş, Azərbaycanın zəngin
mədəniyyətinin təbliği istiqamətində
addımlar atmışdır.
Xeyirxahlıq, mərhəmət
və humanizm insanı daxilən saflaşdıraraq
başqalarının gözündə ucaldan,
insanlığın zinətinə çevirən ali dəyərlərdən
sayılır. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə
əl tutmaq, ehtiyacı olana yardım etmək eyni zamanda Azərbaycan
xalqının tapındığı yüksək milli-mənəvi,
dini dəyərlərdən irəli gəlir. Cəmiyyətdə
nəcibliyin, mərhəmət və xeyirxahlığın
ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri
baxımından bir sıra strateji layihələri qısa
müddətdə uğurla gerçəkləşdirən
Heydər Əliyev Fondunun 5 illik çoxşaxəli fəaliyyəti
də məhz bu nəcib dəyərlərə söykənir.
Qüdrət KƏRİMOV,
Xəzər" Səhmdar Cəmiyyətinin
sədri, iqtisad elmləri doktoru
Azərbaycan.- 2009.- 14 iyul.- S. 13.