Hərtərəfli inkişaf konsepsiyasının müəllifi

 

Tarixi təcrübə göstərir ki, hansısa əlverişli mərhələdə məsuliyyəti çiyinlərinə götürən böyük şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərin gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlığa qovuşurlar. Xalqımızın XX əsrdə yetirdiyi ən böyük şəxsiyyət olan Heydər Əliyev də məhz belə düha sahiblərindən biri kimi siyasi fəaliyyətinin bütün mərhələlərində vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur.

Ümummilli lider Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, milli dövlətçiliyin sarsılmaz təməlini yaradan və onu möhkəmlədən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Heydər Əliyev böyük strateq kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-iqtisadi sistemdə ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini həmişə üstün tutmuşdur.

1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilən Heydər Əliyev keçmiş İttifaqın iqtisadiyyatı üçün xammal bazasına çevrilmiş respublikanın yeni inkişaf strategiyasını hazırlayıb həyata keçirmişdir. Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafının yeni mərhələsinə qədəm qoyaraq tezliklə qabaqcıl respublikalardan birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, ölkədə strateji əhəmiyyətli istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Ulu öndərin təkidi nəticəsində keçmiş İttifaqın rəhbərliyi respublikada bir sıra müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

Neft sənayesinin iqtisadi inkişafdakı rolunu hələ o dövrdə uzaqgörənliklə nəzərə alan Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında yeni mərhələ başlamış, bu zəngin milli sərvətin xalqımızın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadə də Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Ümummilli liderin qətiyyətli addımları nəticəsində ölkədə neft sənayesinin inkişaf konsepsiyasının nəzəri əsaslarını hazırlayan elmi tədqiqat institutları, elm-istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunmuş "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır. Məhz Heydər Əliyevin fədakarlığı nəticəsində Azərbaycan keçmiş SSRİ-də neft hasilatı, emalı, geologiyası, kəşfiyyatı sahəsində aparıcı mövqeyə çıxmış, əldə olunan uğurlar isə bilavasitə respublikamızın inkişafına yönəldilmişdir.

Ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycanın milli sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla xatırlanır. O, 1993-cü ilin iyununda - ölkədə dərin böhranın hökm sürdüyü bir dövrdə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıtmış, dərin zəkası, yüksək idarəçilik keyfiyyətləri, quruculuq və xilaskarlıq missiyası ilə ümummilli liderlik zirvəsinə yüksəlmişdir. Böyük öndər qısa zamanda ictimai-siyasi sabitliyi tam təmin etməklə iqtisadi tənəzzülün qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirmişdir.

Həmin illərdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymamışdır. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürmüş və onu əsaslandırmışdır. Bu zaman böyük öndər ölkənin bir sıra cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını, əqli və insan resurslarını nəzərə almış, ictimai şüur səviyyəsində bazar iqtisadiyyatının bütün tələblərinin hələlik tam qəbul olunmadığı faktını diqqətdən qaçırmamışdır. Heydər Əliyev vurğulayırdı ki, bazar iqtisadiyyatı prinsipləri vətəndaşların sosial təminatının yaxşılaşdırılması tədbirlərini qətiyyən inkar etmir. Ümummilli lider Azərbaycanda bu prinsiplərin qorunması yolu ilə yanaşı, cəmiyyətin aztəminatlı təbəqələri üçün sosial yardım sisteminin formalaşdırılmasına, sosial ədalət prinsipinin bütün səviyyələrdə bərqərar olmasına çalışmışdır.

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü nəzərə alaraq bu istiqamətdə ciddi dönüşə nail olmaq üçün zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır. Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlbi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilə ölkənin gələcək inkişafına böyük yol açmışdır.

Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf konsepsiyasının özəyini üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun reallaşdırılan islahatlar nəticəsində 1996-cı ildə milli iqtisadiyyatda sabitlik təmin edilmiş, 1997-ci ildən etibarən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə hər şeydən əvvəl torpaq islahatını və dövlət mülkiyyətinin özəlləşdirilməsinin vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi çatışmazlıqlarına baxmayaraq, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşması, xarici əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaratmışdır.

Özəlləşdirmə prosesi ilə paralel həyata keçirilən struktur islahatları iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli lider iqtisadiyyatın keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onun cəmiyyətdə mövqeyinin güclənməsinə çalışmışdır. 1997-2003-cü illərdə sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanmışdır. İnvestisiyaların təşviqi üçün əlverişli şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Ümummilli liderin uzun illər diqqət yetirdiyi əsas məsələlərdən biri də neft gəlirlərindən düzgün istifadə etmək, "holland sindromu"na imkan verməməkdən ibarət olmuşdur. "Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur" deyən dahi öndər iqtisadiyyatın birqütblü inkişafının yolverilməzliyini daim vurğulamaqla yanaşı, özəl istehsalın geniş vüsət almasına, fəaliyyətini dayandırmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Aqrar islahatları daha da dərinləşdirmək, onun ikinci mərhələsinə keçidi təmin etmək, fermer təsərrüfatlarının bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, keyfiyyətcə yeni forma, prinsip və qaydalara əsaslanan müasir tipli kollektiv əməyin tətbiqi sahələrini yaratmaq məqsədilə ciddi addımlar atılmışdır.

1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Dövlət proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Dövlət proqramı çərçivəsində görülən işlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir. Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanuna bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risk tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin yaratmışdır.

Heydər Əliyev daim iş adamlarının mənəvi hamisi kimi çıxış edərək mövcud problemləri aşkarlayıb həll etmək məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur. 2002-ci ilin 10 və 25 aprel tarixlərində yerli və xarici sahibkarlarla görüşən ulu öndər onları üzləşdikləri problemlər barədə açıq danışmağa dəvət etmiş, mövcud çətinliklərin aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına zəruri tapşırıqlar vermişdir. Həmin görüşlərin nəticəsi olaraq imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur.

Ulu öndər 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişaf təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi xeyli artmışdır.

Siyasətdə və dövlət idarəçiliyində mütərəqqi ənənələrin qorunub saxlanması hər bir xalqın sabit və davamlı inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Ulu öndər böyük müdrikliklə müəyyənləşdirdiyi milli inkişaf xəttini özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmiş lider kimi xalqın qəlbində yaşayır. Ötən beş ildə ölkəyə bacarıqla rəhbərlik edən Prezident İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə ona bəslənilən ümidləri tam doğrultmuş, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla hər bir vətəndaşın marağına cavab verən qətiyyətli qərarlar qəbul etmişdir. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində son beş ildə milli iqtisadiyyat yüksək dinamizmlə inkişaf etmiş, xalqın mənafeyinə cavab verən bir sıra layihələr uğurla gerçəkləşdirilmiş, infrastrukturun müasirləşdirilməsi, biznes mühitinin daha da sağlamlaşdırılması, iş adamlarının dəstəklənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Cari ilin ötən dövrünün sosial-iqtisadi yekunları göstərir ki, dünya ölkələrində iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanın bütün sahələrdə qazandığı yüksək nailiyyətlər ilk növbədə sistemli və düzgün əlaqələndirilmiş fəaliyyətin məntiqi nəticəsidir. Fəal antiböhran tədbirləri həyata keçirən hökumət iqtisadiyyatda müşahidə olunan inkişaf tempini qoruyub saxlamağa çalışmışdır.

Dinamik inkişafa yol açan islahatlar xətti davam etdirilmiş, əvvəlcədən planlaşdırılmış bütün layihələr uğurla reallaşdırılmışdır. Ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, işsizlik, yoxsulluq kimi problemlərin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi kimi mühüm məqamlar hesabat dövründə yeridilən iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Cari ilin ötən dövründə ölkədə ümumi daxili məhsul 4,1 faiz artmış, qeyri-neft sektorunda artım 14 faiz təşkil etmişdir. İxrac 20 faiz, milli iqtisadiyyata qoyulan investisiyaların həcmi 19,6 faiz, orta aylıq əməkhaqqı 26,5 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalında artım 4,3 faiz, ümumi yük daşımalarının həcmində artım 5 faiz təşkil etmiş, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi 20,5 faiz çoxalmışdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycanı xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxarmışdısa, onun layiqli davamçısı - Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə ölkəmizi dünyanın sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevirməyə nail olmuşdur. Azərbaycan Prezidentinin bu gün də uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin, mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilməlidir. Cəmiyyətin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan, ümumi inkişaf qanunauyğunluqlarını dəqiq qiymətləndirməyi bacaran, eyni zamanda ictimai həyatın müxtəlif sahələrində müşahidə edilən çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində hər bir dövr üçün həlli vacib vəzifələri düzgün müəyyənləşdirməyə müvəffəq olmuşdur. Elmi əsaslara söykənən iqtisadi islahatların uğurlu nəticələri isə xalqın həyat səviyyəsində özünü getdikcə daha qabarıq göstərir.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan. - 2009.- 14 iyul.- S. 14.