Zirvəyə gedən yol

 

Azərbaycanlı olaraq Azərbaycanı sevmək, onun inkişafı və qüdrəti naminə hər cür fədakarlığı bacarmaq ən böyük vətənpərvərlikdir. Bundan ötrü milli mənafeni şəxsi maraqdan üstün tutmaq kifayətdir. Vətənin, dövlətin uğuruna sevinmək, torpağın ağrısına, dərdinə kədərlənmək, məmləkətin təəssübünü çəkmək vətəndaş xoşbəxtliyidir.

Milli bayram günlərində Azərbaycan paytaxtının özəl bir yaraşığı olur. Günü-gündən abadlaşan, gecəsi-gündüzü nura qərq olan şəhərimizin hüsnünə küçələr boyu dalğalanan üçrəngli bayrağımız xüsusi bir əzəmət verir. Belə günlərdə insanlarımızın üzlərindəki, baxışlarındakı qürur hissini duymaq üçün bir az diqqətli olmaq kifayətdir. Və belə günlərdə bir daha böyük şükranlıqla ulu öndər Heydər Əliyevi xatırlayırıq. Bu gün milli mənafe, milli qürur, milli təəssübkeşlik naminə fəaliyyətin zirvəsinin şəksiz Heydər Əliyevə məxsus olduğunu desək, yanılmarıq. Ümummilli lider azərbaycanlı olmağı ilə fəxr etdiyini necə qürurla deyirdi. Vaxtından, zamanından, harada işləməyindən asılı olmayaraq qəlbi həmişə Azərbaycanla döyünürdü.

Ötən əsrin 80-ci illərinin sonunda ölkədə baş qaldırmış separatçı meyillərin qarşısını almaq əvəzinə daha da qızışdırmağı, münaqişə ocaqlarını daha da alovlandırmağı yeni iş üslubu seçən SSRİ rəhbərliyi Sovetlər Birliyinin artıq laxlamaqda olan ideoloji dayaqlarının çökməməsi naminə məqbul və qeyri-məqbul nə varsa, hər şeyə əl atmaq iddiasını gizlətmirdi. Ölkədəki ictimai-siyasi gərginlik, insanların daxili dünyasını təlatümə gətirən müstəqillik arzularının gerçəyə çevrilmək reallığı SSRİ-nin siyasi səmasında qara buludları daha da sıxlaşdırırdı.

Azərbaycan xalqının bədxahı Mixail Qorbaçovun iqtisadiyyat üzrə müşaviri, akademik Aqanbekyan mövcud vəziyyətdən girəvə kimi istifadə edərək 1987-ci ilin payızında Fransa paytaxtında "Hümanite" qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin həlli istiqamətlərindən söz açmışdı. SSRİ rəhbərinin erməni müşavirinin həmin müsahibəsi Azərbaycana yönəlmiş bir çox faciə və bəlaların başlanğıcı üçün işarə kimi də qəbul edilə bilərdi.

1922-ci ildən SSRİ-nin tərkibində, "vahid qardaşlıq ailəsində" yaşayan müttəfiq respublikaya qarşı görünməmiş cinayət hərəkətləri törətmiş Kommunist Partiyası rəhbərliyinin məramı bəlli idi: Sovet İttifaqının artıq dağılmaqda olduğunu qəbul etmir, Azərbaycanın müstəqilliyini ağıllarına belə gətirmir, hər vəchlə xalqın azadlıq arzularını "erməni dəyənəyi"nin işə salınması ilə boğmaq istəyirdi. Dağlıq Qarabağda Xüsusi İdarə Komutəsinin, Azərbaycanın sərhəd bölgələrində, Bakıda və digər böyük şəhərlərdə fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları bu məqsəddən irəli gəlirdi. Bundan sonra imperiya daha iyrənc plan həyata keçirdi və qan tökməkdən belə çəkinmədi. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi barədə imperiyanın qərəzli, eyni zamanda uzağı görə bilməyən rəhbərləri tərəfindən "səhhətinə görə" istefaya göndərilmiş Heydər Əliyevin və Azərbaycan xalqının tələbinə isə məhəl qoyulmadı. Ona görə ki, bu faciədə bilavasitə günahkar olanlar hakimiyyət ambisiyalarını həyata keçirmək üçün xalqın taleyinə yeni qara səhifələr yazırdılar.

Ümummilli lider Heydər Əliyev bütün bunları görür, Azərbaycanın yeni faciələrlə üzləşməməsi üçün haqq səsini qaldırır, son dərəcə mürəkkəb vəziyyətdən çıxış yollarını o vaxt hakimyyətdə təmsil olunanlara başa salırdı: "Tam qətiyyətlə demək olar ki, 1985-ci ildə ölkəmizdə başlanmış dəyişikliklərin elmi, siyası və iqtisadi əsaslarla işlənib hazırlanmış uzunmüddətli strategiyası olmamış və tələm-tələsik şəkildə həyata keçirilmiş, bəzən bir-birinə zidd olan tədbirlər, təbiidir ki, müsbət nəticələr verməmişdir. Ölkədə yaranmış vəziyyət eynilə Azərbaycanda da hökm sürür, respublika rəhbərliyi, həmişə olduğu kimi, mərkəzin xəttini Azərbaycanda kor-koranə tətbiq edir və bütün göstərişlərini həyata keçirməyə cəhd göstərir. Nəticədə Azərbaycanda vəziyyət daha da ağır və dözülməzdir. Azərbaycanın ərazi bütövlüyü pozulub".

Hadisələr inkişaf etdikcə, böhran daha da dərinləşdikcə imperiyanın başabəla ideoloqları çıxış yolu kimi yeni ittifaq müqaviləsinin bağlanması zəruriliyini ortaya atanda ulu öndər Heydər Əliyev bu planın da faydasızlığnı, vaxtı udmaq cəhdindən başqa bir şey olmadığını hamıdan tez duydu. Məhz bu zamandan başlayaraq uzun illər Kommunist Partiyasının üzvü olmuş Heydər Əliyev 20 Yanvar faciəsindən sonra onda yaranmış fikri qətiləşdirməyə başladı. SSRİ-nin siyasi müqəddəratı barədə ümumxalq səsverməsində Naxçıvan Muxtar Respublikası iştirak etmədi. Muxtar respublikanın sakinləri Heydər Əliyevin bu prinsipial məsələ ilə əlaqədar mövqeyini tam dəstəklədilər. Bu, dəyişən dünyanın, Azərbaycan xalqının azadlıq istəyinin tələbi idi.

1991-ci il martın 7-də Ali Sovetin sessiyasındakı çıxışında Heydər Əliyev reallıqları söyləyirdi: "Biz hamımız bu ittifaqın mövcud olduğu bir dövrdə dünyaya gəlmişik, təhsil, tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu ittifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini ittifaq daxilində görmüşük. Mən və mənimlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım ittifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu ittifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik"

SSRİ tarixində yeganə haldır ki, bir müttəfiq respublika digərinin torpaqlarını zəbt edib və ittifaq bu zaman təcavüzkarı dəstəkləyib. SSRİ tarixində yeganə faktdır ki, imperiyanın qoşunları dinc, əliyalın əhalini kütləvi şəkildə qətlə yetirmişdir. Odur ki, biz sovet, sosialist məzmunundan imtina edib, 1918-ci ildəki Xalq Cümhuriyyətimizin rəmzlərini bərpa etmişiksə, onun ərazisini, ideologiyasını da bərpa etməliyik. Heydər Əliyevin çıxışından doğan məntiq bu idi. Həmin çıxışında ulu öndər bəyan edir ki: "Sov.İKP-nin bir hissəsi olan Azərbaycan KP MK-nın platforması artıq xalqı birləşdirə bilmir. O, xalq arasında nüfuzdan düşüb. Bütün xalqın iradəsini təmsil etmir. Ona görə Kommunist Partiyası hakimiyyətindən tamamilə imtina edilməlidir.

Azərbaycan xalqının birliyi yeni, heç kəsdən asılı olmayan dövlət qurulması ilə təmin edilə bilər. Azərbaycan Respublikası iqtisadi siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır".

1991-ci il iyulun 19-da Heydər Əliyev SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı ərizəsində bu bəyanatdan sonra qarşısına çıxa biləcək çətinlikləri təsəvvür etdiyini, hər cür hücumları və zərbələri qabaqcadan gördüyünü bildirərək onu partiyadan çıxmağa məcbur edən başlıca səbəbləri yazırdı: "Birincisi, hələ 1990-cı ilin yanvarında mərkəzi və Azərbaycan KP-nin siyasi rəhbərliyi ilə Azərbaycan xalqına qarşı edilmiş hərbi təcavüzdən sonra məndə Sov. İKP sıralarından çıxmaq fikri yarandı. Bu, antihumanist, Konstitusiya və hüquqazidd hərəkəti ittiham edərkən Sov. İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracaqlarına ümid bağlayırdım".

Ulu öndər Heydər Əliyev o illərdə etdiyi bütün çıxışlarında Kommunist Partiyasının, Sovet imperiyasının artıq arxivə çevrildiyini, Azərbaycanın hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu seçməli olduğunu bəyan edir, milli dövlətçiliyimizin taleyindən narahat olaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gərgin mübarizə aparırdı. Bu istiqamətdə öz ideyalarını əvvəlcə Naxçıvan hüdudları daxilində həyata keçirdi. Az sonra Azərbaycanda yaranmış təhlükəli vəziyyəti aradan qaldırmaq üçün xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq respublikada genişmiqyaslı strategiyasını həyata keçirməyə başladı.

Bu möhtəşəm qayıdışdan iki il əvvəl, 1990-cı ilin iyulunda Moskvadan Naxçıvana qayıdan Heydər Əliyev böyük məhəbbətlə qarşılandı. Uşaqdan-böyüyə hamı onun gəlişinə bir xilaskar kimi baxdı. Ulu öndər əzəmətli çiyinlərini muxtar respublikanın problemlərinin altına verməklə yanaşı ümumilikdə Azərbaycanın taleyini düşünürdü.

Bilirdi ki, Naxçıvanı dirçəltmək elə Azərbaycanın problemlərinin həllinə təkan verməkdir. Ulu öndər əvvəlcə Naxçıvan Ali Məclisinin deputatı , sonra isə sədri seçildi. İran və Türkiyə ilə danışıqlar apararaq muxtar respublikanın iqtisadi çətinliklərini aradan qaldırmağa çalışdı. Özünün böyük nüfuzu sayəsində Sovet ordusunun Naxçıvanda dislokasiya olunmuş hərbi hissələrinin silah-sursatının müxtar respublikada qalmasına nail oldu - sovet əsgərləri Naxçıvanı tərk edərkən hər şeyi təhvil verib getdilər. Başqa bir qürur duyulası məqam - muxtar respublikanın Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı sürəkli alqışlar altında zala gətirildi. Ulu öndər öz qətiyyətli səsi ilə bəyan etdi ki, bundan sonra Naxçıvan bu bayraq altında irəliləyəcəkdir.

Bəli, Naxçıvan belə möhtəşəm günlərini yaşadığı vaxt paytaxt Bakı gərginlik, çaşqınlıq və nigarançılıq içində qıvrılırdı. Bir yandan döyüş bölgələrindəki uğursuzluqlar, torpaqların işğal edilməsi, bir yandan da daxili başıpozuqluq səriştəsiz AXC-Müsavat iqtidarını tamamilə çaş-baş salmışdı. Cəbhədəki vəziyyəti düzəltmək, daxili çaxnaşmanı sakitləşdirmək üçün müvafiq tədbirlər görmək əvəzinə, tankların, PDM-lərin üstündə hakimiyyət kürsüsünə "yürüş" edənlər "kreslo" bölgüsünü ölkənin əsas prioritet məsələsi səviyyəsinə qaldırmışdılar. Siyasətə çayxana söhbətləri rakursundan baxan kim, bu vurhavurda qaz vurub qazan dolduran kim...

Azərbaycan uçuruma doğru gedirdi. Rayonların dalbadal işğalı, ordudakı başıpozuqluq, satqınlıq, təcrübəsizlik, özfəaliyyət ədaları, hərənin bir dəstə düzəldib bəyanatlar verməsi böyük faciələrin yaxınlaşdığından xəbər verirdi. Artıq silahlı dəstələr düşmənlə üzbəüz mövqelərini tərk edib üzü Bakıya axışırdı. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Xalqın səriştəsiz, bacarıqsız rəhbərliyə olmayan inamı tamamilə itmiş, qorxu və nigarançılıq hissi hiddətə və qəzəbə çevrilmişdi. Xalq bilirdi ki, AXC-Müsavat cütlüyü ölkəni bu bəlalardan xilas edə bilməz. Elə iqtidar özü də bunu yaxşı bilir və öz acizliyini, bacarıqsızlığını dərk edirdi. Çıxış yolu üçün bütün variantların bircə sonucu vardı - Heydər Əliyevi çağırmaq! Və xalqın təkidli tələbi ilə ulu öndər Bakıya dəvət olundu. Səriştəsiz iqtidar özü də kömək üçün Naxçıvana müraciət etmişdi.

Bəli, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Onun gəlişi ilə xalq bir az toxtadı. Heydər Əliyevi uçuruma sürüklənən bir ölkənin saysız-hesabsız problemləri gözləyirdi. O problemləri həll etmək, Azərbaycanı vətəndaş müharibəsindən, dağılmaqdan, parçalanmaqdan xilas etmək, xalqın inamını özünə qaytarmaq, əsgərləri düşmən üzərində qələbəyə ruhlandırmaq üçün ancaq və ancaq Heydər Əliyev zəkası lazım idi.

Artıq Gəncədə qardaş qardaşa güllə atmış, qan tökülmüşdü. Bakıda müəyyən görüşlərdən sonra ulu öndər Gəncəyə yollandı. Xalqla görüşdü. Vəziyyətlə hərtərəfli tanış oldu. Hərbi hissəni gəzdi, hərbçilərlə söhbətləşdi. Gəncə onun gəlişindən sonra nisbətən sakitləşdi. Bu çətin səfərdən sonra ümummilli lider Bakıya qayıdıb Milli Məclisdə çıxış etdi: "Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət törədilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayəti təşkil edənlər, hansı tərəfdən olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır".

O zamandan 16 il ötür. Ulu öndər Heydər Əliyev Azərbaycanı nəinki xilas etdi, onu həm də böyük inkişaf yoluna çıxardı. Düzdür, bu illər ərzində dövlətçiliyimizə təhdidlər də az olmadı.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdlərin qarşısı məhz ulu öndərin müdrikliyi, qətiyyəti sayəsində alındı. Artıq o illər arxada qalıb. Azərbaycan Respublikası Heydər Əliyev siyasi kursu ilə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu sabahlarına doğru irəliləyir. Bu gün Azərbaycan ulu öndərin arzuladığı bir dövlət kimi dünya birliyi sıralarında öz möhtəşəm yerini daha da möhkəmləndirməkdə, beynəlxalq nüfuzunu və qüdrətini artırmaqdadır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2009.- 14 iyul.- S. 14.