Naxçıvanda müasir tipli
səhiyyə ocaqlarının
sayı artır
Ümummilli lider Heydər
Əliyevin belə bir kəlamı var: "Səhiyyə həddindən
artıq geniş, həyatın bütün sahələrini əhatə
edən, cəmiyyət üçün, dövlət
üçün, hər bir insan üçün lazımi sahədir".
Ölkə səhiyyəsinin bugünkü inkişafı da
ötən əsrin 70-80-ci illərində yaradılan möhkəm
bazaya, təmələ istinad edir. Həmin dövrdə
müdrik rəhbərin apardığı məqsədyönlü
siyasət nəticəsində həyatımızın bir
çox sahələri kimi səhiyyə sistemi də sürətlə
inkişaf etmiş, şəbəkəsi genişləndirilmiş,
tibbi kadrların hazırlanmasında böyük uğurlar
qazanılmışdır.
Cənab İlham Əliyevin
prezidentlik fəaliyyəti dövründə də ölkədə
sosial problemlərin həlli, eləcə də səhiyyənin
inkişafı ümdə vəzifələr
sırasındadır. Ona görə də hər il dövlət
büdcəsinin xeyli hissəsi həmin problemlərin həllinə
yönəldilir. Bu siyasətin davam etdirilməsinin vacibliyindən
danışan ölkə başçısı bir amili də
həmişə xüsusi vurğulayıb: "...Sosial sahə
ən böyük diqqətə layiq olan sahədir. İnsanların
həyat səviyyəsinin, iş şəraitinin
yaxşılaşdırılması, işsizliyin aradan
qaldırılması, məktəb və xəstəxanaların
tikintisi, əlbəttə ki, ölkənin ümumi inkişaf
potensialını müəyyən edir".
Regionların
sosial-iqtisadi inkişafının Dövlət Proqramı
çərçivəsində Naxçıvan Muxtar
Respublikasının səhiyyə sistemində həyata
keçirilən tədbirlər nəticəsində 40-dan
artıq obyekt istifadəyə verilib. İlk tədbir
2004-cü ilin may ayında ölkə Prezidentinin
iştirakı ilə muxtar respublika xəstəxanasında
Kompüter-Tomoqrafiya Mərkəzinin istifadəyə verilməsi
olub.
Yaponiyanın istehsalı
olan bu avadanlıq müasir səhiyyə sistemində ən gərəkli
cihazlardan hesab olunur. Mərkəzin fəaliyyətə
başlaması müalicə və müayinə
üçün xarici ölkələrə, hətta Bakı
şəhərinə gedib-gəlməyə məcbur olanlara
elə muxtar respublikanın özündə hərtərəfli
xidmət göstərilməsinə imkan yaradıb.
Tibbi xidmətin səviyyəsini
artırmaq üçün görülən işlər bu
yeniliklə kifayətlənməyib, sonrakı illərdə
problemlərin kompleks həllinə başlanılıb. Bölgədə
ən müasir standartlara cavab verən Müalicə-Diaqnostika
Mərkəzi tikilib. Gözəl memarlıq üslubunda
inşa olunan, beşmərtəbəli bu səhiyyə
ocağı dünyanın qabaqçıl ölkələrində
son texnologiyalar əsasında istehsal edilmiş cihaz və
avadanlıqlarla, o cümlədən süni böyrək
aparatı ilə təchiz olunub. Burada hazırda ən mürəkkəb,
o cümlədən mikrocərrahiyyə əməliyyatları
həyata keçirilir. Təkcə ötən il 463 xəstə
üzərində yüksək ixtisaslı həkimlərin
iştirakı ilə cərrahiyyə əməliyyatı
aparılıb. Müayinə və cərrahiyyə əməliyyatlarının
təşkili üçün çəkilən xərclər
dövlət vəsaiti hesabına ödənilib.
Prezident İlham Əliyev
2007-ci ilin oktyabr ayında muxtar respublikaya səfəri
zamanı daha bir səhiyyə müəssisəsinin - Şərur
Rayon Mərkəzi Xəstəxanasının
açılış mərasimində iştirak edib. Bu xəstəxana
65 çarpayılıq əsas korpusdan və ayrılıqda
yerləşən 16 çarpayılıq yoluxucu xəstəliklər
şöbəsindən ibarətdir. Müasir tibbi
avadanlıqlarla təmin olunan bu xəstəxanada da ümumi cərrahiyyə,
göz və ginekoloji əməliyyatların yüksək səviyyədə
aparılması üçün normal şərait
yaradılıb.
Ölkə Prezidenti
çıxışında bu obyektdə görülən
işləri yüksək qiymətləndirib dedi: "Mən
xəstəxana ilə indi tanış oldum, gördüm ki,
sözün əsl mənasında, bütün dünyada
mövcud olan yüksək standartlara cavab verən bir tibb
ocağıdır. Burada insanlar yaxşı tibbi xidmət
alacaq, müalicə olunacaq, müayinədən keçəcəklər..."
Azərbaycan Prezidenti
2008-ci ilin iyun ayının əvvəllərində muxtar
respublikaya səfər edərkən daha iki səhiyyə
müəssisəsinin - Culfa Rayon Mərkəzi Xəstəxanasının
və Duzdağ Fizioterapiya Mərkəzinin
açılış mərasimlərində də iştirak
edib.
Culfa Rayon Mərkəzi
Xəstəxanasında terapiya, ginekologiya və doğuş, cərrahiyyə,
təcili tibbi yardım şöbələri, pediatriya,
hemodializ, reanimasiya bölmələri fəaliyyət göstərir.
23 həkim və 64 orta tibb işçisinin
çalışdığı xəstəxana müasir
aparat və avadanlıqlarla təmin olunub.
Müasir layihə əsasında
inşa olunan xəstəxana binası ilə ətraflı
tanışlıqdan sonra dövlətimizin
başçısı bu səhiyyə ocağında da
görülən işləri, yaradılan şəraiti
yüksək qiymətləndirib. "Çox sevindirici
haldır ki, Naxçıvanın bütün rayonlarında
gözəl, yeni, müasir tibb ocaqları tikilir. Burada
quraşdırılan avadanlıqlar ən yüksək səviyyəyə
layiqdir" - deyən ölkə rəhbəri əmin
olduğunu bildirib ki, yaxın gələcəkdə belə xəstəxanaların
sayı daha çox olacaq.
Duzdağ Fizioterapiya Mərkəzində
də müalicə və müayinə üçün
normal şərait yaradılıb.
Mərkəzin 220
çarpayılıq yeraltı müalicəxanasındakı
2 qadın və 3 kişi palatasında bronxial astma, onun
infeksion allergik və qarışıq formalarından,
predastmadan, xroniki bronxitdən, allergik rinitlərdən, atopik
dermatitlərdən, neyrodermitlərdən əziyyət
çəkən xəstələr müalicə olunurlar. Xəstələr
burada təbii müalicə - speleoterapiya kursu alırlar ki, bu
da onların səhhətini natrium-xlor ionlarının təsiri
ilə yaxşılaşdırır.
Yaxın günlərdə
Naxçıvanda fəaliyyət göstərən müasir
tipli səhiyyə müəssisələrinin sırasına
daha iki obyekt daxil olacaqdır. Onlardan biri ötən ilin iyun
ayının əvvəllərindən inşasına
başlanılan Naxçıvan Şəhər Doğum Mərkəzidir.
Avropa standartları əsasında tikilən bu mərkəz
bölgədə analoqu olmayan tibb ocağı olacaq. Ölkə
başçısı cənab İlham Əliyev obyektin təməlqoyma
mərasimində iştirak edərkən inşaat işlərinin
yüksək səviyyədə aparılması barədə
tapşırıqlar vermişdi. İş prosesində yerli
hakimiyyət orqanları Prezidentin tövsiyə və
tapşırıqlarına ciddi əməl ediblər.
Mərkəzin
birinci-üçüncü mərtəbələri
müalicə və müayinə şöbələri
üçün nəzərdə tutulub. Təcili yardım,
poliklinika, izolyator doğuş, hamiləliyin patologiyası,
uşaq neonatalogiyası, ginekologiya və perinatologiya
şöbələri, qadın məsləhətxanası
burada yerləşir. Təkcə ginekologiya şöbəsində
2 əməliyyat və müayinə, həkim-ordinator
otaqları və birçarpayılıq 12 palata vardır.
Şahbuz şəhərində
rayon mərkəzi xəstəxanası üçün 30
yerlik səhiyyə ocağı da Avropa standartları əsasında
tikilir. Bu xəstəxanada isə terapiya, pediatriya,
doğuş və yeni doğulmuşlar, cərrahiyyə,
poliklinika şöbələri fəaliyyət göstərəcək.
Burada 32 həkim və 44 orta tibb işçisi
çalışacaq.
Muxtar respublikanın səhiyyə
naziri Niyazi Novruzov söhbət əsnasında bildirdi ki, yeni tikilən
tibb müəssisələrində ən son texnologiyalar əsasında
istehsal edilmiş cihaz və avadanlıqlar
quraşdırılıb. Onlar əsasən Almaniya, ABŞ,
İsveçrə, Fransa, Danimarka və Türkiyədə
tibb sənayesi ilə məşğul olan qabaqcıl şirkətlərdən
alınıb.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2009.- 14 iyul.- S. 15.