Ankarada Nabukko layihəsinə
dair hökumətlərarası
saziş imzalanmışdır
Dünyanın 20 ölkəsinin
energetika nazirlərinin iştirak etdiyi mərasimdə Azərbaycanı
sənaye və energetika naziri Natiq Əliyev təmsil
etmişdir.
Mərasimi giriş
sözü ilə açan Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan demişdir ki, sazişin imzalanması ilə
Nabukko layihəsinin həyata keçirilməsinin hüquqi
bazası yaradılmışdır. Dost və qardaş
ölkələrin energetika sahəsində əməkdaşlığının
yeni mərhələsi açılmışdır. Bəzi
dairələr bu layihəyə xəyal kimi baxırlar. Amma
unutmayaq ki, bir vaxt Bakı-Tbilisi-Ceyhan boru xətti də bu
cür dəyərləndirilirdi. Biz Azərbaycan, Türkmənistan,
Misir qazının, habelə gələcəkdə Rusiya
qazının da Nabukko kəməri ilə nəql
ounacağına inanırıq.
Sonra Avropa
Komissiyasının sədri Joze Manuel Barrozu, Rumıniyanın
Baş naziri Emil Bok, Macarıstanın Baş naziri Qordon
Baynayi, Bolqarıstanın Baş naziri Sergey Stanişev,
Avstriyanın Baş naziri Verner Fayman və Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan layihənin həyata
keçirilməsi ilə bağlı hökumətlərarası
sazişi imzalamışlar. Bildirilmişdir ki, layihə
Avropanın enerji təhülkəsizliyi üçün
olduqca əhəmiyyətlidir.
Boru xəttinin
inşasına 2011-ci ildə, ilk mavi yanacağın xəttə
vurulmasına isə 2014-cü ildə başlanacaqdır.
İqtisadi böhrana
baxmayaraq, Avropa İttifaqı layihəni tam şəkildə
dəstəkləyəcəyini bəyan etmişdir.
İmzalanma mərasimindən
sonra layihənin tərəfdaşları və qaz
hasilatçısı olan ölkələr geniş
müzakirələr aparmışlar.
İraq Nabukko boru xəttinə
ildə 15 milyard kubmetr təbii qaz verəcəyini bəyan
etmişdir. Sonda müzakirələrin yekununa dair mətbuat
konfransı keçirilmişdir.
Mərasimdə
Gürcüstan Prezidenti Mixeil Saakaşvili, İraqın
Baş naziri Nuri əl-Maliki, ABŞ-ın Avrasiya enerji məsələləri
üzrə xüsusi səfiri Riçard Morninqstar da
iştirak edirdilər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2009.- 14 iyul.- S. 15.