"Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi uğurla həyata keçirilir

 

Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş Azərbaycan ədliyyəsinin inkişafına dair dövlət proqramının icrası çərçivəsində ədliyyə və məhkəmə infrastrukturunun təkmilləşdirilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, qurumun Dünya Bankı ilə birgə həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi üzrə Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin və nazirliyin qeydiyyat orqanları müasir avadanlıqla təchiz edilmişdir. Məhkəmə-Hüquq Şurasının yeni texnologiya ilə təmin olunmasına, elektron notariat sisteminin müasirləşdirilməsi üçün müsabiqə prosedurlarına başlanılmışdır.

Ədliyyə orqanlarında və məhkəmələrdə idarəçiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, mövcud informasiya proqramlarının təkmilləşdirilməsi və vahid informasiya şəbəkəsinin yaradılması üçün müsabiqə yolu ilə informasiya texnologiyaları üzrə zəngin təcrübəyə malik milli və beynəlxalq (Avstraliyadan) məsləhətçilər seçilmiş və onlar işə başlamışlar. Qısa müddət ərzində bu sahədə görüləcək işlərə dair tədbirlər planı hazırlanmışdır.

Bu günlərdə Ədliyyə Nazirliyində həmin tədbirlər geniş müzakirə olunmuşdur. Nazirliyin rəhbərliyi, məhkəmə sədrləri, Məhkəmə-Hüquq Şurasının, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin məsul işçilərinin iştirakı ilə keçirilən müzakirə zamanı faydalı fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüşdür. Nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində ədliyyə və məhkəmə fəaliyyətinin daha da təkmilləşdiriləcəyi bildirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 iyul.- S.15.