Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında hava xidmətlərinə dair saziş imzalanmışdır
Azərbaycan
Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik
etdiyi nümayəndə heyəti iyulun 7-8-də Avropa
Mülki Aviasiya Konfransının (ESAS) Strasburqda (Fransa)
keçirilmiş 31-ci geniş sessiyasında iştirak
etmişdir.
Üç ildən bir
keçirilən iclasa üzv dövlətlərin aviasiya
administrasiyalarının rəhbərləri ilə
yanaşı, beynəlxalq təşkilatların (ACAC, AFCAC və
LACAC) müşahidəçiləri də dəvət
olunmuşdular.
Dövlət Mülki
Aviasiya Administrasiyasından bildirmişlər ki, sessiyada Avropa
Şurası baş katibinin, Beynəlxalq Mülki Aviasiya Təşkilatı
(ICAO) prezidentinin, habelə ECAC-nin məsul şəxslərinin
məruzələri dinlənilmişdir. Məruzələrdə
uçuşların və ətraf mühitin təhlükəsizliyi,
sənədləşdirmənin sadələşdirilməsi,
aviasiya təhlükəsizliyi məsələlərinə
toxunulmuş, Avropa hava nəqliyyatının 2020-ci il
üçün inkişaf proqnozunu müəyyən edən
iqtisadi amillər vurğulanmışdır.
Azərbaycan Prezidentinin
2009-cu il 6 iyul tarixli 370 nömrəli sərəncamı ilə
verilmiş səlahiyyətə əsasən Dövlət
Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov
iyulun 7-də iclas çərçivəsində "Azərbaycan
Respublikası hökuməti ilə Avropa İttifaqı
arasında hava xidmətlərinin müəyyən aspektlərinə
dair saziş"i ("Üfüqi saziş") Azərbaycan
hökuməti adından imzalamışdır. Azərbaycanın
Nəqliyyat Nazirliyi tərəfindən 2004-cü il
noyabrın 14-də paraflanmış bu sazişin imzalanması
Azərbaycan ilə Avropa İttifaqı arasında mülki
aviasiya sahəsində əməkdaşlığın
genişləndirilməsinə yönəlmişdir.
Bundan əlavə,
sessiyanın gündəliyinə uyğun olaraq,
Uçuşların Təhlükəsizliyi üzrə Avropa
Agentliyi (EASA) ilə Avropa İttifaqının üzvü
olmayan 11 dövlət arasında "İşçi
saziş"in ("Working Arrangement") imzalanma mərasimi
keçirilmişdir. Həmin 11 dövlətdən biri də
Azərbaycandır. İlk dəfə bu sənəd "Azərbaycan
Hava Yolları" Dövlət Konserni ilə EASA arasında
2006-cı il dekabrın 6-da imzalanmışdı. Ölkəmizin də
üzv olduğu Avropanın Birləşmiş
Aviasiya Administrasiyaları
Qurumunun (JAA) 2009-cu il iyunun 30-da ləğv edildiyini nəzərə alaraq və mülki aviasiyada uçuşların
təhlükəsizliyi ilə
bağlı əməkdaşlığın
davam etməsi üçün iyulun 7-də EASA ilə Dövlət Mülki Aviasiya Administrasiyası arasında yeni "İşçi saziş"
imzalanmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 14 iyul.- S.15.