Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və L.Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin təşkilatçılığı ilə "Azərbaycan
xalçasının YUNESKO-nun "Qeyri-maddi Mədəni irs
üzrə reprezentativ siyahısı"na daxil edilməsinə
dair: imkanlar, perspektivlər" mövzusunda "dəyirmi
masa" keçirilmişdir.
Muzeyin direktoru Röya
Tağıyeva Azərbaycan xalçasının adıçəkilən
siyahıya salınması istiqamətində belə
müzakirələrin əhəmiyyətindən
danışmış, iştirakçıları fəal
olmağa çağırmışdır.
Xalçaçılıqla məşğul olan müxtəlif
qurumların, qeyri-hökumət təşkilatı nümayəndələrinin,
xalçaçı rəssamların, dizaynerlərin, sənətşünasların
iştirakı ilə keçirilən tədbirdə "Azərxalça"
İstehsalat Birliyinin baş müdiri Əlisəfa Nuriyev,
xalçaçı rəssam Eldar Mikayılzadə, Azərbaycan
Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət
kafedrasının dosenti Məmmədhüseyn Hüseynov və
başqaları müzakirə olunan mövzu ilə
bağlı fikirlərini açıqlamışlar.
Vurğulanmışdır
ki, Azərbaycan xalçasının bu siyahıya daxil
olunması ölkəmizdə
xalçaçılığın inkişafına
böyük təkan verəcəkdir. Təkcə
paytaxtımızda deyil, bölgələrdə də bu sənətin
yayılmasına yeni perspektivlər açılacaq,
itirilmiş çeşnilərin bərpası və
toxunulmasına marağı xeyli artıracaq, gənc nəslin
mənəvi tərbiyəsinin gücləndirilməsində
mühüm rol oynayacaqdır. Eyni zamanda, Azərbaycan
xalçasının dünyada tanıdılmasına, təbliğinə
geniş imkanlar yaradacaqdır.
Tədbirdə ölkəmizdə
xalçaçılığın hazırkı vəziyyətindən,
mövcud problemlərin aradan qaldırılması
yollarından da ətraflı söhbət getmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 14 iyul.- S. 15.