Böyük Britaniya parlamentinin Xarici münasibətlər
komitəsində görüş
Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş Krallığında
rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev
iyulun 14-də Böyük Britaniya parlamentinin Xarici münasibətlər
komitəsinin üzvləri ilə
görüşmüşdür.
Komitənin sədri
Maykl Qeyps Azərbaycan Prezidentinin Britaniyaya rəsmi səfərinin
ikitərəfli əlaqələrin inkişafı
baxımından əhəmiyyətini vurğuladı və
dövlətimizin başçısını yenidən
Lordlar palatasında görməkdən məmnun
olduqlarını dedi. Maykl Qeyps Azərbaycan Prezidenti ilə
görüşün ölkəmizdə və regionda gedən
proseslər, beynəlxalq məsələlər barədə
fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan
yaratdığını bildirdi. O, Azərbaycanın enerji
sektorunda əldə etdiyi uğurların önəmini
vurğulayaraq bu sahədə də əlaqələrin
perspektivləri baxımından Azərbaycan Prezidentinin fikirlərini
öyrənmək istədiklərini söylədi.
Prezident İlham Əliyev
iki ölkə arasında münasibətlərin müxtəlif
sahələrdə uğurla inkişaf etdiyini bildirdi və Azərbaycanda
gedən inkişaf prosesləri barədə
danışdı. Eyni zamanda, Azərbaycanın Avropa
İttifaqı ilə əlaqələrinin daim genişləndiyini
bildirdi.
Azərbaycanla
Böyük Britaniya arasında siyasi dialoqun fəal
aparıldığını deyən Prezident İlham Əliyev
enerji və təhlükəsizlik, antiterror koalisiyasında
iştirak və digər sahələrdə uğurlu əməkdaşlığın
olduğunu vurğuladı. Azərbaycanın Avropanın enerji
təhlükəsizliyindəki rolundan və perspektivlərindən
danışan dövlətimizin başçısı dedi ki,
Azərbaycan Avropa üçün mühüm enerji təchizatçısına
çevrilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev
problemin həlli ilə bağlı aparılan
danışıqlar prosesi barədə də məlumat verdi.
AzərTAc
Azərbaycan.- 2009.- 15 iyul.- S. 1.