Ümummilli lider Heydər Əliyevin siyasi irsi əbədi yaşayacaqdır

 

İyulun 14-də Bakı Dövlət Universiteti və Suraxanı Rayon İcra Hakimiyyəti ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbəri seçilməsinin 40-cı ildönümünə həsr olunmuş birgə tədbir keçirmişlər.

Əvvəlcə iştirakçılar Suraxanı rayonunun 14 iyul küçəsindəki "14 iyul" xatirə lövhəsinin, Heydər Əliyev parkında ulu öndərin abidəsinin önünə əklillər qoymuş, gül dəstələri düzmüşlər.

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov 1969-cu il iyulun 14-də Azərbaycanın siyasi rəhbəri seçilmiş Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışmışdır.

1988-1992-ci illərdə ölkəmizin parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladan natiq demişdir ki, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükə aradan qaldırılmış, respublikamız böyük inkişaf yoluna çıxmışdır. Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan bəhs etmişdir. Dahi rəhbər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu qürur hissi ilə xatırladan rektor ulu öndərin təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini bildirmişdir.

Akademik Fuad Qasımzadə, professor İzzət Rüstəmov qüdrətli şəxsiyyətin müstəqil dövlətimizin yaranması və inkişafında, azərbaycançılıq ideologiyasının formalaşmasındakı əvəzsiz rolundan bəhs etmiş, ulu öndərin zəngin siyasi irsinin, ideyalarının əbədi yaşayacağını vurğulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 iyul.- S.2.