1969-cu ildən Azərbaycanın bütün
sahələrində sürətli
inkişaf və yüksəliş dövrü
başlanmışdır
Ümummilli liderin
hakimiyyətə gəlməsinin 40 illiyi münasibətilə
iyulun 14-də Nizami Rayon İcra Hakimiyyətində "Heydər
Əliyev və Azərbaycan" mövzusunda ümumrayon
toplantısı keçirilmişdir.
İştirakçılar
əvvəlcə ulu öndərin foyedəki büstü
önünə gül-çiçək dəstələri
düzmüşlər.
İcra hakimiyyətinin
başçısı Mehbalı Əliyev toplantını
açdıqdan sonra ümummilli lider Heydər Əliyevin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
M.Əliyev
çıxışında demişdir ki, müstəqil Azərbaycanın
dövlətçilik tarixinin ən parlaq səhifəsi məhz
Heydər Əliyev tərəfindən
yazılmışdır. Heydər Əliyev hakimiyyətə
gəlişi ilə həm yeni dövlət qurmuş, həm
də bu dövlətin ideoloqu, nəzəriyyəçisi,
yolgöstərəni olmuşdur.
Milli Məclisin
İqtisadi siyasət komitəsinin sədri Z.Səmədzadə
çıxışında bildirmişdir ki, 1960-cı illərin
axırlarında Azərbaycan iqtisadi və mənəvi tənəzzül
dövrünü yaşayırdı. 1969-cu ildə Heydər Əliyevin
respublikanın siyası rəhbəri seçilməsi ilə
cəmiyyətin həyatının bütün sahələrində
sürətli inkişaf və yüksəliş dövrü
başlanmışdır. 1970-1982-ci illərdə Azərbaycanda
200-dən çox yeni müəssisə tikilmiş, neftayırma
və neft maşınqayırması müəssisələri
tamamilə yenidən qurulmuşdur. İri elektron, elektrotexnika,
radiotexnika və cihazqayırma sənayesi zavodları inşa
edilmiş, həmin illərdə Azərbaycanda sənaye
istehsalı 2 dəfədən çox artmışdır.
Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi illərin ən böyük nailiyyətlərindən
biri də yüksək ixtisaslı kadrların
hazırlanması ilə əlaqədar görülmüş
uzaqgörən tədbirlər idi. YAP icraçı katibinin
müavini, deputat Siyavuş Novruzov
çıxışında bu məsələdən ətraflı
danışaraq demişdir ki, məhz Heydər Əliyev Azərbaycanın
gələcəyini düşünərək azərbaycanlı
gəncləri mükəmməl təhsil almaq
üçün keçmiş İttifaqın ən
nüfuzlu ali məktəblərinə göndərmişdir. C.Naxçıvanski
adına ixtisaslaşdırılmış məktəbin
açılması isə gələcəkdə ordu
quruculuğunda mühüm rol oynamışdır.
Milli Məclis sədrinin
birinci müavini Ziyafət Əsgərov da ümummilli liderlə
bağlı xatirələrindən
danışmışdır. O demişdir ki, məhz Heydər
Əliyevin gərgin əməyi, zəngin dövlətçilik
təcrübəsi nəticəsində milli mənəvi dəyərlərin
qorunub saxlanılmasına və ana dilinin inkişafına zəmin
yaradılmışdır. Bir sözlə, 1969-1982-ci illər
Azərbaycanın tarixinə böyük quruculuq və iqtisadi
tərəqqi dövrü kimi daxil olmuşdur.
Heydər Əliyevin
1993-cü ildə Azərbaycan rəhbərliyinə
qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial,
iqtisadi, eimi-mədəni həyatında, beynəlxalq əlaqələrində
dönüş yaranmış, müstəqil dövlət
quruculuğu prosesi başlanmışdır. Ulu öndərin
rəhbərliyi altında ölkəmizdə müstəqil
dövlət təsisatlarının yaranması və dövlət
quruculuğu prosesi böyük vüsət
almışdır. Bunun da əsasını müstəqil Azərbaycanın
ilk Konstitusiyası təşkil edirdi. Sonrakı dövrdə
Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi
və demokratik prinsiplərin bərqərar olması,
hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin
uğurla, sürətlə həyata keçirilməsi şəxsən
Heydər Əliyevin adı ilə bağlıdır. Onun
apardığı daxili siyasət Azərbaycanın hər bir
vətəndaşına azad, sərbəst yaşamaq
hüquqlarını təmin etməkdən və öz
rifahını yaxşılaşdırmaq imkanları
yaratmaqdan ibarət idi. Heydər Əliyev demokratik, hüquqi
dövlət quruculuğu istiqamətində davamlı siyasət
yeridərək ölkədə insan hüquq və
azadlıqlarının başlıca prinsiplərinin bərqərar
olması üçün əsaslı zəmin
yaratmışdır.
Çıxışlarda
bir fikir xüsusi vurğulanmışdır ki, Heydər Əliyevin
siyasi varisi, onun ideyalarının ən layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan gündən-günə inkişaf edir,
möhkəmlənir.
Sonra "SPACE"
Müstəqil Teleradio MMC-nin prezidenti, görkəmli rejissor
Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr
olunmuş "Patriot" filmi nümayiş etdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 15 iyul.- S. 2.