Vətənə və xalqa
sədaqət andı
əməli fəaliyyətdə
peşəkarlıq və
əzmlə doğrulacaq
AzərTAc xəbər
verir ki, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev
adına Akademiyasının əməliyyat işçilərinin
hazırlanması fakültəsinin birinci və Sərhəd
Qoşunları fakültəsinin növbəti
buraxılışına həsr olunmuş təntənəli
mərasim keçirilmişdir.
Akademiyanın
döyüş bayrağı hərbi marşın sədaları
altında meydana gətirilmişdir. Milli təhlükəsizlik
naziri general-leytenant Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin
rəisi general-leytenant Elçin Quliyev, Azərbaycan
Prezidentinin müdafiə məsələləri üzrə
köməkçisi general-leytenant Vahid Əliyev,
akademiyanın rəisi general-leytenant Ziya Yusifzadə və digər
rəsmi qonaqlar ümummilli lider Heydər Əliyevin
Akademiyanın həyətindəki abidəsi önünə əklil
qoymuş, ulu öndərin xatirəsini ehtiramla
anmışlar.
Tədbir
iştirakçıları ulu öndər Heydər Əliyevin
və Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə həlak
olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik
sükutla yad etmişlər. Azərbaycanın dövlət
himni səsləndirilmişdir.
Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasının əməliyyat
işçilərinin hazırlanması fakültəsinin ilk
və Sərhəd Qoşunları fakültəsinin növbəti
buraxılışı münasibətilə məzunları,
onların valideynlərini, akademiyanın professor-müəllim
heyətini təbrik edən general-leytenant Eldar Mahmudov, təcrübəli
müəllimlərindən aldıqları biliklərin,
qazandıqları peşə vərdişlərinin vəzifə
borclarını layiqincə yerinə yetirməkdə onlara
kömək olacağını gənc məzunların diqqətinə
çatdırmışdır. Fəaliyyət göstərdiyi
on bir il ərzində, xüsusən son dövrlər
akademiyanın xeyli inkişaf etdiyini söyləyən Eldar
Mahmudov məzunların xidmətə başladıqları sahələrdə
əzmlə çalışmalarını ulu öndərin
peşəkarlıq və vətənpərvərlik məktəbinə,
Heydər Əliyevin milli maraqların qorunması amallarına
sədaqət kimi qiymətləndirmişdir.
Dövlətimizin
başçısı, Ali Baş Komandan İlham Əliyev
akademiyaya Döyüş bayrağının təqdim edilməsi
və "Şöhrət" Muzeyinin
açılışında iştirakı zamanı burada
görülmüş işləri yüksək qiymətləndirdiyini
vurğulayan nazir hazırda onun tövsiyələrinə
uyğun olaraq akademiyada təlim-tədris, xidmət və
istirahət şəraitinin müasir tələblər səviyyəsində
təkmilləşdirildiyini diqqətə
çatdırmışdır. Akademiyanın
qarşısında duran mühüm vəzifələrdən
danışan Eldar Mahmudov gənclərin yüksək vətənpərvərlik
ruhunda tərbiyə olunduğunu xüsusi qeyd etmiş, vəzifə
borcuna məsuliyyətlə yanaşmağın, nizam-intizama
riayət etməyin, biliklərə və peşəkarlıq
vərdişlərinə dərindən yiyələnməyin
vacibliyini bildirmişdir. "Vətənpərvərlik,
dövlətçiliyə və müstəqilliyə sədaqət
hər iki dövlət strukturunda çalışan şəxslər
üçün başlıca şərtdir", - deyən
nazir ən ümdə vəzifə borcumuzun işğal
altındakı ərazilərimizin azad edilməsi olduğunu
vurğulamışdır.
İyulun 14-də ulu
öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin
40 ilinin tamam olduğunu xatırladan Eldar Mahmudov ötən bu
dövrü Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsi
adlandıraraq demişdir: "Biz fəxr edirik ki, Heydər Əliyev
epoxasının müasirləri və onun məktəbinin
yetirmələriyik. Bu həm böyük iftixar, həm də
yüksək məsuliyyət deməkdir. Bütün fəaliyyətimiz
ümummilli liderin ideyaları üzərində
qurulmalıdır".
Milli təhlükəsizlik
naziri respublikanın sosial-iqtisadi, ictimai-siyasi həyatının
bütün sahələrində uğurlu islahatların həyata
keçirildiyini, Azərbaycanın dinamik inkişaf edərək
bölgənin lider dövlətinə çevrildiyini qeyd
etmiş, ölkəmizin təşəbbüsü və
yaxından iştirakı ilə reallaşan beynəlxalq
iqtisadi layihələrin təhlükəsizliyinin daha
etibarlı təmin edilməsinin çox məsuliyyətli vəzifə
olduğunu, milli təhlükəsizliyə cavabdeh
orqanların əməkdaşlarından daha yüksək
peşəkarlıq, tapşırıqların icrasında
çeviklik və səriştə tələb edildiyini məzunların
diqqətinə çatdırmışdır.
Eldar Mahmudov əsası
ulu öndərimiz tərəfindən qoyulmuş Milli Təhlükəsizlik
Nazirliyi Akademiyasının ötən il 10 illik və bu il isə
Azərbaycanın təhlükəsizlik orqanlarının 90
illik yubileylərinin təntənəli surətdə qeyd
edildiyini və bu əlamətdar hadisələrlə əlaqədar
"Heydər Əliyev və milli təhlükəsizlik
orqanları", "Milli təhlükəsizlik
orqanlarının tarixi" kitablarının nəşr
olunduğunu da xatırlatmış, "SPACE"
telekanalı ilə birgə çoxseriyalı sənədli
filmin çəkilib ölkə ictimaiyyətinə təqdim
olunduğunu bildirmişdir.
Nazir Eldar Mahmudov Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
bütün əmr və göstərişlərinin,
tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz
yerinə yetiriləcəyini bildirmiş və xatirələrində
əbədi qalacaq bu gün münasibətilə gənc
zabitləri bir daha təbrik etmiş, onlara gələcək fəaliyyətlərində
uğurlar arzulamışdır.
Dövlət Sərhəd
Xidmətinin rəisi general-leytenant Elçin Quliyev də
çıxış edərək məzunları təbrik
etmiş, Silahlı Qüvvələrimizin tərkibinə
növbəti zabit nəslinin verilməsində zəhməti
və əziyyəti olan hər bir kəsə, o cümlədən
Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə,
akademiyanın professor-müəllim heyətinə, məzunların
valideynlərinə dərin minnətdarlığını
bildirmişdir.
"Bu günə qədər
hər biriniz üçün məsuliyyət
daşıyırdılar, bu gün bu zabit libasını geyinərək
hər biriniz məsuliyyət daşıyıcı
oldunuz", - deyən Elçin Quliyev gənc zabitlərin bu səviyyəyə
gəlib çatmasında dövlətin diqqət və
qayğısını xüsusi qeyd etmişdir. Əsası
ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş ordumuzun qüdrətinin artırılması, təhlükəsizliyimizin
daha da möhkəmlənməsi işində Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin gördüyü
işlərdən danışan Dövlət Sərhəd
Xidmətinin rəisi zabitlərin peşəkarlığının,
Vətənimizə, xalqımıza, Prezidentimizə sədaqətli
xidmətin bu işlərin görülməsində
böyük rol oynadığını
vurğulamışdır.
Milli Təhlükəsizlik
Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi
general-leytenant Ziya Yusifzadə çıxış edərək
Prezident İlham Əliyevin milli təhlükəsizlik
orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik
naziri general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı
sayəsində akademiyanın inkişafından
danışmışdır.
Ziya Yusifzadə
sıralarında bir Prezident təqaüdçüsü və
iki Heydər Əliyev təqaüdçüsü olan
fakültələrin məzunlarının 5 illik tədris
müddətində daim yüksək nailiyyətlər
qazandıqlarını, akademiyanın elmi, ictimai, siyasi həyatında
fəal iştirak etdiklərini, 31 nəfər zabitin
akademiyanı fərqlənmə diplomu ilə bitirdiyini diqqətə
çatdırmışdır.
Akademiyanın məzunları,
gənc leytenantlar Atamoğlan Hüseynov və Seymur Xəlilov
çıxış edərək, ümummilli lider Heydər Əliyevin
adını daşıyan xüsusi ali təhsil
ocağını bitirmələrindən qürur hissi
keçirdiklərini bildirmiş, onlara göstərilən
yüksək diqqət və qayğıya görə Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və
akademiyanın rəhbərliyinə, müəllim kollektivinə
minnətdarlıq etmiş, bütün məzunların
adından Vətənə sədaqətlə xidmət edəcəklərini
bildirmişlər.
Sonra milli təhlükəsizlik
naziri Eldar Mahmudov və Dövlət Sərhəd Xidmətinin
rəisi Elçin Quliyev akademiyanı fərqlənmə ilə
bitirən məzunlara diplomları təqdim etmişlər.
Digər zabitlərə
də diplomlar təqdim olunduqdan sonra akademiyanın zabit və
kursantları orkestrin müşayiəti ilə hərbi
marşla tribunanın önündən keçmişlər.
Sonra tədbir akademiyadakı "Şöhrət" Muzeyində
davam etdirilmişdir.
Azərbaycan.- 2009.- 15 iyul.- S. 2.