Cəbhə bölgəsinə dövlət
qayğısı davamlı hal alıb
Azərbaycanın
sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə,
insanların gündəlik həyatında özünü
qabarıq büruzə verir. Prezident İlham Əliyevin son
beş il ərzində imzaladığı məqsədyönlü
fərman və sərəncamlar, qəbul etdiyi praqmatik qərarlar,
habelə obyektiv reallıqdan irəli gələn
addımları ölkəmizin sürətli inkişafına
təkan vermişdir. Həyata
keçirilən effektiv iqtisadi islahatlarla Azərbaycan
dünyanın ən sürətlə inkişaf edən
ölkəsinə çevrilmişdir.
"Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)"nın
uğurla icrası qarşıya qoyulan vəzifələrin
layiqincə yerinə yetirildiyini sübut etdi. Hər bir iqtisadi rayonun spesifik
xüsusiyyətləri nəzərə alınmaqla
reallaşdırılan sosial-iqtisadi inkişaf proqramı
bütün bölgələrimizin tarazlı
inkişafını təmin etmiş, əhalinin sosial rifah
halı yüksəlmiş, sahibkarlıq mühiti genişləndirilmişdir.
Ötən beş ildə ölkə üzrə yeni
yaradılan müəssisələrin 40 faizi, iş yerlərinin
80 faizi regionların payına düşür. Təkcə bir
faktı qeyd etmək kifayətdir ki, son beş ildə Azərbaycan
iqtisadiyyatı 2,6 dəfə artmış, adambaşına
düşən gəlir 5500 dollara çatmışdır.
Yoxsulluğun səviyyəsi kəskin şəkildə
azalmış, 49 faizdən 13,2 faizə
düşmüşdür...
Dövlət
proqramının vaxtında və keyfiyyətlə icra
olunması nəticəsində bütün rayonların
siması dəyişmiş, paytaxtla bölgələr
arasında kəskin inkişaf fərqi aradan
qaldırılmışdır. Proqramın uğurla icrasını və son beş ildə
bütün sahələrdə əldə olunmuş yüksək
nailiyyətləri müsbət qiymətləndirən
Prezident İlham Əliyev 2009-2013-cü illəri əhatə
edən regionların yeni sosial-iqtisadi inkişafı dövlət
proqramını təsdiqləmişdir. Yeni dövlət
proqramı da qarşıdakı illərdə dinamik
inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da
yaxşılaşdırılması, qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi
kimi mühüm vəzifələrin həyata keçirilməsinə
hesablanıb.
Ölkə
başçısı tərəfindən qəbul edilmiş
II Dövlət Proqramı bütün bölgələri əhatə
etməklə növbəti beş ildə Azərbaycanın
daha sürətli inkişafına gətirib
çıxaracaqdır.
Xüsusilə də cəbhə
bölgəsində yaşayan əhalinin məşğulluğunun
təmin edilməsi, yeni infrastrukturların yaradılması
mühüm dövlət proqramında öz əksini
tapmışdır. Ümummilli
lider Heydər Əliyev həmişə vurğulayardı ki,
dövlətin ən mühüm vəzifəsi öz
torraqlarından didərgin düşmüş vətəndaşlarının
güzəranını yaxşılaşdırmaq, onların
rroblem və qayğılarını həll etmək və ən
nəhayət, işğal altında olan torraqların
azadlığını təmin etməklə hər bir məcburi
köçkünün öz doğma yurduna qayıtmasına
nail olmaqdır. Bu siyasi kursun layiqli davamçısı
Prezident İlham Əliyev ilk gündən bəyan etdi ki, Azərbaycanın
bir qarış torrağı belə düşmənə
verilməyəcək, nə qədər ki sülh
danışıqları davam edir, çadırlarda, dəmiryol
vaqonlarında məskunlaşmış vətəndaşların
ev və işlə təmin olunması rroblemi həllini
taracaq. Qısa müddətdə çadır şəhərciklərinin
ləğv edilməsi və müasir qəsəbələrin
inşası, soydaşlarımızın işlə təmin
olunması dövlət başçısının verdiyi vədə
sadiq olduğunu bir daha sübut etdi. Bu gün cəbhə
bölgəsinə, təmas xəttinə baş çəkən
hər bir kəs məcburi köçkünlərin normal
yaşayış şəraiti ilə təmin
olunmasının reallaşdığının şahidinə
çevrilə bilər.
Xalqımızın
ümummilli lideri Heydər Əliyev cəbhə bölgəsinə,
burada yaşayan insanlara həmişə xüsusi qayğı
və diqqət göstərmiş, onların üzləşdikləri
problemləri aradan qaldırmaq, həyat şəraitini
yaxşılaşdırmaq üçün zəruri tədbirlər
görmüşdür. Heydər Əliyev siyasi kursunun layiqli
davamçışı Prezident İlham Əliyevin cəbhə
bölgəsinə dövlət qayğısını daha da
artırmaq, bölgə sakinlərinin sosial müdafiəsini
gücləndirmək məqsədilə həyata
keçirdiyi genişmiqyaslı tədbirlər
soydaşlarımız tərəfindən hədsiz minnətdarlıqla
qarşılanır. Dövlət
başçısının cəbhə bölgəsinə
vaxtaşırı etdiyi səfərlər döyüş xəttinə
yaxın ərazilərdə yaşayan əhalinin həyatında
diqqətçəkən yeniliklərlə müşayiət
olunur. Bölgələrdə sosial infrastruktur sürətlə
bərpa edilir. Yeni qəsəbələr salınır,
körpülər tikilir, asfalt yollar çəkilir.
Uzun illərin fasiləsindən
sonra Ağdama, Tərtərə, Füzuliyə təbii qaz
verilməsinin bərpa edilməsi, cəbhə bölgəsində
çoxsaylı sosial obyektlərin tikilib istifadəyə
verilməsi əhalidə fəal vətəndaş mövqeyinin
formalaşmasına əhəmiyyətli təsir göstərir.
Ərazisinin dörddə
üç hissəsi işğal altında olan Ağdam, real
çətinliklərə baxmayaraq, sosial-iqtisadi
inkişafın sürətinə və miqyasına görə
digər rayonlardan heç də geri qalmır. Dövlət
başçısının təşəbbüsü ilə
Ağdam rayonunun Quzanlı qəsəbəsində Avropa
standartlarına cavab verən Olimpiya İdman Kompleksi tikilib
istifadəyə verilmişdir. 2008-ci il yanvarın 17-də
Prezident İlham Əliyev rayonun idmançı gəncləri
üçün əvəzsiz hədiyyə olan idman
kompleksinin açılış mərasimində
bildirmişdi: "Ağdam rayonunda olmağımdan məmnunluq
hissi keçirirəm. İki il bundan əvvəl biz sizinlə
bərabər bu gözəl Olimpiya İdman Kompleksinin təməlini
qoyduq və bu gün onun açılışında
iştirak edirik.
Bu,
çox əlamətdar bir hadisədir. Bu onu göstərir ki, bizim qəbul
etdiyimiz bütün qərarlar vaxtında, özü də
böyük peşəkarlıqla, yüksək səviyyədə
yerinə yetirilir. Bu Olimpiya İdman Kompleksi beynəlxalq
standartlara cavab verən bir idman qurğusudur. Azərbaycanda son
illər ərzində müxtəlif bölgələrdə
olimpiya idman kompleksləri tikilmişdir. Lakin ilk dəfədir
ki, rayonlarda kənddə, - əslində indi qəsəbədir,
amma biz kompleksin təməlini qoyanda Quzanlı kənd hesab
olunurdu, - belə möhtəşəm Olimpiya İdman
Kompleksi tikilmişdir. Bu onu göstərir ki, bölgələrin
inkişafı, Azərbaycanın müxtəlif yerlərində,
ən ucqar yerlərində yaşayan insanların şəraitinin
yaxşılaşdırılması üçün,
müasir infrastrukturun yaradılması üçün
bütün tədbirlər görülür. Biz ölkəmizi
hərtərəfli inkişaf etdiririk. İstəyirik ki,
bütün bölgələr inkişaf etsin və hər bir
yerdə, hər bir rayonda, hər bir qəsəbədə
bütün lazımi şərait olsun".
Quzanlı qəsəbəsi
düşmənlə təmas xəttinin on
addımlığında olsa da, tez-tez burada mötəbər
yarışlar keçirilir, həmişə qələbəlik
olur. Ağdamın "Qarabağ" futbol komandası da
artıq xeyli vaxtdır ki, yeni məkanda, doğma divarlar
arasında oynayır, çoxsayı azarkeşlərinə
ruh yüksəkliyi verir, qələbə sevinci
yaşadır.
Atəşkəsin, demək
olar ki, hər gün pozulduğu Ağdamda daş üstə
qoyulan hər daşın, əkilən hər ağacın,
tikilən hər binanın xüsusi mənası var. Hər şeydən əvvəl
bu, dövlətin mövqeyidir, çətin şəraitdə
yaşayan vətəndaşlarına münasibətin göstəricisidir.
Ağdam rayonunun Quzanlı qəsəbəsinə təbii
qazın verilməsi də əlamətdar hadisələrdən
sayıla bilər. Azərbaycanın tarixində ilk dəfə
olaraq, işğal altındakı rayonlar istisna olmaqla, hər
bir rayona təbii qazın verilməsinə nail olunmuşdur.
Xatırladaq ki, vaxtilə Ağdam-Quzanlı qaz kəməri
vastəsilə qazdan istifadə edən qəsəbə
Qarabağ müharibəsi nəticəsində uzun illər təbii
yanacaqdan məhrum olmuşdu. Ölkə
başçısının tapşırığı ilə
Bərdə-Ağcabədi magistral qaz xəttindən çəkilən
kəmər Quzanlı qəsəbəsində 450 abonentin
qazla təminatına imkan vermişdir. 2008-ci il oktyabrın 4-də
Prezident İlham Əliyev Ağdam rayonunun Quzanlı qəsəbəsinə
təbii qazın verilməsi ilə əlaqədar keçirilən
mərasimdə bildirmişdi: "Buraya qaz xəttinin çəkilməsi
ilə həm insanların yaxşı yaşamasına şərait
yaranacaq, həm də iqtisadi potensialın genişlənməsinə
əlavə imkanlar olacaqdır. Mən çox istəyirəm
ki, Ağdam rayonunun inkişafı daha da sürətlə
getsin. Bildiyiniz kimi, bu məqsədlə müxtəlif tədbirlər
görülür, əlavə vəsaitlər
ayrılıbdır. Burada abadlıq işləri
aparılır, yeni müəssisələrin
yaradılması prosesi gedir, sosial obyektlərin, məktəblərin,
tibb məntəqələrinin tikintisi davam etdirilir.
Bütün bunlar insanlar üçündür. Azərbaycanın
hər bir yerinə və xüsusilə işğaldan əziyyət
çəkən bölgələrə daha da böyük
diqqət göstərilməlidir. Bütün sosial problemlər
öz həllini tapmalıdır, bütün infrastruktur layihələri
uğurla icra edilməlidir. Buraya qaz xəttinin çəkilişi
çox əlamətdardır".
Prezident İlham Əliyevin
cəbhə bölgəsinə bəslədiyi xüsusi
münasibət, göstərdiyi böyük qayğı və
diqqət dövlətdə təmsil olunan ayrı-ayrı səlahiyyət
sahibləri üçün də canlı örnəyə
çevrilir, konkret nümunə olur. Bu baxımdan dövlət
başçısının tapşırığı və
tövsiyəsi ilə bölgədə, xüsusilə
Ağdamda və Bərdədə görülən işlərin
siyahısı kifayət qədər böyükdür. Qarqar
çayı üzərində Ergiyə gedən yolda
salınan körpünün əsl bayrama çevrilən
açılışı hələ də yaddaşlardadır.
Son beş ildə Ağdam rayonu ərazisində 35 kilometr yola
asfalt örtük salınmış, 21 subartezian quyusu
qazılmış, Quzanlı, Təzəkənd, İmamqulubəyli
kəndlərində yeni məktəb binaları, Quzanlıda
və Xındırıstanda uşaq bağçaları
tikilib istifadəyə verilmiş, Quzanlı mədəniyyət
evinin dam örtüyü yenidən vurulmuş, müasir
istilik sistemi quraşdırılmışdır. Bütün
bunlar görülən işlərin cüzi hissəsidir.
Quzanlı qəsəbəsinin
sakini Afina Əliyeva bölgədə həyata keçirilən
abadlıq-quruculuq işlərindən minnətdarlıqla danışır:
- Bütün xalqın
sevimlisinə çevrilmiş Prezidentimizin qayğısı
sayəsində yeni qəsəbədə, rahat mənzillərdə
yaşayırıq. Allaha
şükürlər olsun ki, əzablı, məşəqqətli
günlərimiz artıq arxada qalıb. Uzun illər yayın
istisini, qışın soyuğunu çadırlarda, qarğı-qamışdan
tikilmiş daxmalarda, yük vaqonlarında yaşayan
ağdamlılar xeyli vaxtdır ki, mənzil
rahatlığına qovuşmuşlar.
"Azərbaycanda bir
çadır şəhərciyi də qalmayacaqdır" deyən
Prezident İlham Əliyev vədinə şərəflə əməl
etdi. İndi hər cür rahatlığı, bağlı-bağçalı
həyəti olan geniş və yaraşıqlı evlərdə
yaşayırıq. Bu rahatlığı bizə bəxş
edən sevimli rəhbərimizə həyatımız boyu minnətdarıq.
Ağdamın Təzəkənd
kəndi cəbhə xəttində yerləşir. Bu kənd
işğal olunmasa da, müharibədən ciddi zərər
çəkib. Kəndə
düşən çoxsaylı mərmilər evləri,
sosial obyektləri dağıtmışdır. Müharibə
məktəbdən də xətərsiz ötüşməyib.
Lakin bu gün məktəbin vəziyyəti bambaşqadır.
Təzəkənd məktəbinin direktoru Kubra Hüseynova dəyişiklikləri
belə xatırlayır:
- Təsəvvürünüzə
gətirin ki, məktəbdə normal bir sinif otağı da
yox idi. Binanın çardağına mərmi
düşmüşdü. Bəzi siniflərin qapı-pəncərəsi
belə yerində deyildi. Olanı isə sınıq-salxaq idi.
Valideynlər belə yararsız vəziyyətdə olan məktəbə
uşaqlarını qoymurdular. Bu səbəbdən davamiyyət
də zəif idi. Prezidentin tapşırığına əsasən,
yaraşıqlı bir məktəb tikildi, müasir tipli
istilik sistemi də quraşdırıldı. O günlərin
şirin xatirəsi yaddaşımıza həkk olub. Prezidentin
qayğısı sayəsində müəllimlər də,
şagirdlər də əzab-əziyyətdən qurtulublar. Geniş,
işıqlı və səliqəli siniflərdə dərs
demək necə də xoşdur.
"Fərid-İnşaat"
firması Qarabağda çox məşhurdur. Bölgədə
göz oxşayan yaraşıqlı, milli memarlıq
üslubunda inşa edilmiş diqqətçəkən
binaların müəllifi məhz bu firmadır. Firmaya təcrübəli
inşaatçı Sübhan Həsənov rəhbərlik
edir. Təsadüfi deyil ki, bütün bölgədə ən
möhtəşəm obyektlərin inşası bu firmaya
etibar olunur. Müəssisənin ən uğurlu işlərindən
biri Bərdədəki akademik Zərifə Əliyeva adına
məktəb binasıdır. Məktəbin
açılış mərasimindəki nitqində Prezident
İlham Əliyev demişdir: "Bu məktəb görkəmli
elm xadimi, gözəl həkim Zərifə Əliyevanın
adını daşıyır. Mənim üçün ikiqat
xoşdur ki, qədim Qarabağ torpağında Zərifə Əliyevanın
adını daşıyan məktəb vardır, onun heykəli
ucaldılıbdır. Zərifə Əliyeva böyük alim, çox peşəkar
həkim idi. Amma eyni zamanda, o, xalqımızın ümummilli
lideri Heydər Əliyevin həyat yoldaşı, onun
sirdaşı, mənimsə anam idi. Mən sizə öz dərin
minnətdarlığımı və təşəkkürümü
bildirirəm. Bu məktəb çox yüksək səviyyədə
tikilib və bütün müasir standartlara cavab verir. Əminəm
ki, burada uşaqlar ən yüksək səviyyədə təhsil
alacaqlar. Ümumiyyətlə, Azərbaycanda hər şey
yüksək səviyyədə olmalıdır. Xüsusilə
yeni məktəb və xəstəxana binaları ən
yüksək səviyyədə inşa olunmalıdır.
Burada ən yaxşı şərait yaradılıb, məktəbə
gözəl, müasir avadanlıq verilibdir".
Məktəbin
açılışı Bərdədə əsl el şənliyinə
çevrilmişdi. Hamı
fərəhlənir, adamların üz-gözündən
sevinc yağırdı. O zaman bəlkə də hamıdan
çox sevinən inşaat firmasının rəhbəri
Sübhan Həsənov idi. Niyə də sevinməsin?! Axı
onun gördüyü işə dövlət
başçısı çox yüksək qiymət
vermişdi. Necə deyərlər, hər şey gözəl
alınmışdı. Bu çətin və məsuliyyətli
sınaqdan qalib çıxan Sübhan Həsənov qəlbində
məktəbin tikintisinin sifarişçilərinə hədsiz
dərəcədə minnətdar idi. Ona görə ki, bu
şərəfli işi - Zərifə xanımın
adını daşıyacaq məktəbin inşasını
ona etibar etmişdilər. Tikinti materiallarının ən
yaxşısı, ən kefiyyətlisi tapılıb bu obyektə
göndərilirdi. Sübhan Həsənov o günləri fərəhlə
xatırlayır:
- Doğrusu, çox gərgin
işləyirdik. Qarşımıza belə tələb
qoyulmuşdu ki, hər şey akademik Zərifə
xanımın adına layiq olmalıdır. Zəhmətimiz hədər
getmədi. Respublika Prezidentinin bölgələrin
sosial-iqtisadi inkişafı ilə bağlı tövsiyələrinin
icrasını sürətləndirməyə
çalışan insanlar istər Bərdədə, istərsə
də Ağdamda abadlıq və tikinti sahəsində
alqışa layiq çox iş gördülər. Biz
inşaatçılar bu sifarişləri yerinə yetirməkdən
hədsiz qürur duyuruq.
Akademik Zərifə Əliyevanın
adını daşıyan məktəb bu gün ölkənin
ən qabaqcıl təhsil ocaqlarından biridir. Məktəbin müəllimləri
də, şagirdləri də bu təhsil ocağının
açılışında Prezident İlham Əliyevin dəyərli
tövsiyələrini, daha dəqiq desək, "Əminəm
ki, bu məktəbdə oxuyacaq uşaqlar və dərs deyəcək
müəllimlər bu təhsil ocağının qədrini
biləcəklər" tapşırığını
layiqincə yerinə yetirirlər. Məktəbin direktoru
Rzaqulu Şərifov məlumat verir ki, keçən tədris
ilində məktəbin məzunlarından 32 nəfəri
yüksək bal toplayaraq respublikanın ən nüfuzlu ali məktəblərinə
qəbul olunmuşdur. Bu tədris ilində isə, heç
şübhəsiz, daha yüksək nəticə
qazanılacaqdır. Rzaqulu müəllim onu da qürurla dilə
gətirdi ki, 2007-2008-ci tədris ilində keçirilmiş
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olmuşlar. Bu böyük uğurun məntiqi
davamı olaraq məktəb texniki fənlər təmayüllü
məktəb-lisey adlandırılmışdır. Rzaqulu
müəllim yaradılan nümunəvi şərait, göstərilən
böyük qayğı və diqqət üçün
respublika Prezidenti İlham Əliyevə minnətdarlığını
bildirdi. Məktəbin araya-ərsəyə gəlməsində
müstəsna əməyi olan insanlara xoş arzularını
ünvanladı.
Son onilliklərdə
böyük çətinliklər və məşəqqətlər
yaşamış qaçqın və məcburi
köçkünlərə davamlı dövlət
qayğısını təmin edən ulu öndər Heydər
Əliyev bu təbəqənin ən böyük xeyirxahı
və səmimi dostu olmuşdur. Təqdirəlayiq haldır ki, ölkə rəhbəri cənab
İlham Əliyev bu mərhəmət missiyasını
layiqincə davam etdirir və bu gün köçkünlərin
yaşayış şəraitinin yüksəlməsi, sosial vəziyyətinin
yaxşılaşması üçün məqsədyönlü
addımlar atır. Lakin ümummilli lider kimi, cənab Prezident
də hər zaman vurğulayır ki, gərək hər bir
dövlət məmuru bu təbəqədən olan
insanların problemini öz problemi hesab etsin, onlara hər zaman
kömək göstərsin. Bu gün Qarabağ bölgəsində,
daim gərgin ab-havanın hökm sürdüyü cəbhə
zonasında ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin göstərişləri əməli
işlə gerçəyə çevrilir, məcburi
köçkünlərə himayədarlıq etməklə
bağlı tövsiyələri isə tam şəkildə
həyata keçirilir. Bu qayğı, diqqət insanlarda
dövlətə inamı yüksəltməklə
yanaşı, qələbəyə əminliyi də möhkəmləndirir.
Lazım QULİYEV
Azərbaycan.- 2009.- 15 iyul.- S. 3.