Ermənistanda ikihakimiyyətlilik artıq rəsmiləşir

 

Bu ölkədə müxalifət alternativ hökumət yaradır, ombudsman insan hüquqlarının kütləvi şəkildə pozulduğunu bəyan edir, iqtidar mənsubları isə səfalət içində olan xalqın gəlirlərinin daha iki dəfə azalacağını gizlətmir.

"Bizim vətəndaşlar məmur özbaşınalığının qarşısında müdafiəsizdir, bu qanunsuzluğa artıq son qoymağın vaxtıdır". Belə bir açıqlama ilə Ermənistanın insan haqları üzrə müvəkkili (ombudsman) Armen Arutyunyan çıxış edib. Onun sözlərinə görə, vətəndaşların şikayəti və onlara verilən rəsmi cavablar, həmçinin ölkədə insan haqları sahəsində yaranan vəziyyətin təhlili Ermənistanda məmur ordusu tərəfindən əsl xaosun yaradıldığını göstərir.

Ombudsmanın verdiyi məlumatlardan o da aydın olub ki, cari ilin ilk yarısında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə insan haqları üzrə müvəkkilə edilən şikayətlərin sayı 127 faiz artıb. Daha çox şikayət polisdən, Yerevan meriyasından, məhkəmələrdən, Əmək və Sosial Məsələlər Nazirliyindən olub. Armen Arutyunyan polis özbaşınalığı sahəsində vəziyyətin daha acınacaqlı xarakter aldığını da xüsusi olaraq vurğulayıb. Burada insan haqlarının pozulmasının get-gedə kobud xarakter aldığını və verilən işgəncələrin sayının, eləcə də növünün çoxaldığını bildirən Armen Arutyunyan xalqın artıq polisə heç bir inamının qalmadığını da qeyd edib.

Ombudsman onu da vurğulayıb ki, hazırda ölkədə baş alıb gedən məmur özbaşınalığı nəticəsində nəinki sadə vətəndaşların, heç onun rəhbərlik etdiyi qurumun şikayət və tələblərinə də rəsmi səviyyədə lazımi reaksiyalar verilmir.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında Ermənistanla bağlı qəbul edilən qətnaməyə toxunan Armen Arutyunyanın sözlərinə görə, bu sənəd ölkədə mövcud reallıqlar əsasında hazırlanıb və Ermənistanın bundan sonra da monitorinq altında saxlanması tamamilə doğrudur. Lakin insan haqları üzrə müvəkkil belə hesab edir ki, qətnamənin qəbul edilməsindən sonra ötən müddət Ermənistan hakimiyyətinin onun şərtlərini tam yerinə yetirmək niyyətində olmadığını göstərir. Buna sübut kimi o, 57 nəfər şəxsin, özü də əsasən müxalifətçilərin heç bir rəsmi ittiham irəli sürülmədən həbs edilməsini göstərib. Ombudsman bütün bunların Avropa Şurasında Ermənistana qarşı sanksiyalar səviyyəsində daha sərt tədbirlərin görülməsinə zəmin yaratdığını da diqqətə çatdırıb.

AŞ PA-nın 1677 saylı qətnaməsinin şərtlərini yerinə yetirmədiyinə görə Ermənistanın daha pis vəziyyətdə qalacağını bildirən bu ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyan da qeyd edir ki, artıq hakimiyyət qarşısında konkret şərtlərin qoyulmasının vaxtı çoxdan çatıb: "AŞ PA-da daim Ermənistan məsələsi müzakirə olunur və biz hər dəfə də bu müzakirələrdə uduzan tərəf kimi çıxış edirik. Ermənistan bütün fraqmentlər üzrə ucuzlaşdırılır, bundan daha çox xalq əziyyət çəkməli olur. Belə vəziyyətə son qoymaq üçün biz artıq hakimiyyət qarşısında AŞ PA-nın qətnamələrinin yerinə yetirilməsinə dair şərtlər qoymalıyıq". Hazırda "Sivilitas" adlı fonda rəhbərlik edən sabiq nazir bildirir ki, Ermənistanda mövcud siyasi problemlərin həllinə nail olmaq üçün indiki hakimiyyətə alternativ ola biləcək qüvvələrin bir yerə cəmləşməsi zəruridir.

Ermənistan Parlamentinin Avropaya inteqrasiya daimi komissiyasının üzvü, eks-spiker Tiqran Torosyan da Serj Sarkisyan iqtidarının AŞ PA qətnamələrinə etinasız yanaşmasının ölkəsi üçün bu qurumda daha ciddi problemlərə yol açacağını bildirir. Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Ermənistanla bağlı qəbul edilən qətnamə ölkədə siyasi böhranın davam etdiyini göstərir: "AŞ PA qətnaməsi göstərir ki, Ermənistanda siyasi böhran hələ də davam edir və bundan əvvəlki qətnamələr bu böhranı aradan qaldırmaq üçün bir növ yol xəritəsi hesab oluna bilər". Torosyan beynəlxalq təşkilatların sənədlərinin Ermənistanda lazımi formada qəbul olunmadığını və indiyədək Assambleyanın qəbul etdiyi qətnamələrin tam yerinə yetirilmədiyini də qeyd edib. Onun sözlərinə görə, ölkədəki siyasi böhranı aradan götürmək üçün Ermənistan Avropa Şurasının üzvü kimi qətnamədə qoyulmuş məsələləri həyata keçirməlidir. Eks-spiker onu da qeyd edib ki, beynəlxalq təşkilatlar bu və ya digər ölkənin probleminin həllinə yardım etməyə çalışır və indiki halda Ermənistan bu yardımlardan maksimum dərəcədə faydalanmağa çalışmalıdır.

Ermənistan Milli Konqresində cəmləşən ölkənin əsas müxalifət partiyaları da belə hesab edir ki, Serj Sarkisyan iqtidarı məcbur edilmədiyi təqdirdə ölkədə demokratiyanın inkişafını nəzərdə tutan heç bir beynəlxalq sənədin tələbləri yerinə yetirilməyəcək. Artıq hadisələrin inkişafına təsir səviyyəsini artırmaq üçün Ermənistan Milli Konqresi alternativ hökumət yaradacağını da açıqlayıb. Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan bildirir ki, alternativ hökumətin tərkibinə müxtəlif komissiyalar daxil olacaq: "Həmin komissiyalardan biri hüquqi dövlətlə bağlı olacaq. Bu komissiyaya keçmiş hərbi prokuror Haqik Cahangiryan rəhbərlik edəcək. Burada polis strukturlarının islahatı ilə bağlı qanun layihəsi hazırlanaraq parlamentə təqdim olunacaq. Biz bu vasitələrlə ölkədə baş alıb gedən qanunsuzluqlara son qoymaq niyyətindəyik".

Hələlik isə ölkədə siyasi, iqtisadi və digər bütün sahələrdə dözülməz vəziyyətin yarandığını bildirən Levon Zurabyan müxalifət təmsilçilərinə qarşı hakimiyyətin hücumlarının daha da artdığını bildirib. Onun sözlərinə görə, hakimiyyət rəhbərliyindən gələn tapşırıqlar əsasında müxalifətçilərin böhtan əsasında tutulmasına artıq bilavasitə polis rəisləri özləri rəhbərlik edir: "Məsələn, bizə dəqiq məlumdur ki, müxalifət fəallarından olan Tiqran Arakelyanın həbsi prosesi əvvəlcədən Kentron polis bölməsinin rəisi Aşot Karapetyan tərəfindən planlaşdırılıb. Onun göstərişi ilə polis bilərəkdən Tiqran Arakelyanla insident yaradıb və bunun əsasında heç bir konkret səbəb olmadan onu həbs edib. Bu ssenarinin digər müxalifət fəallarına qarşı da həyata keçriləcəyinə dair bizdə dəqiq məlumatlar var".

Ermənistan Milli Konqresinin koordinatoru onu da vurğulayır ki, hakimiyyətin müxalifətçilərə və xalqa qarşı get-gedə daha çox repressiv metodlardan istifadə etməsi, bu məsələdə beynəlxalq təşkilatların mövqeyinin əksinə getməsi kor-koranə şəkildə özünüqoruma instinktinə bənzəyir: "İndiki hakimiyyət xalqı acınacaqlı vəziyyətə saldığını yaxşı bilir. Ona görə də xalqın qəzəbindən ehtiyat edərək mümkün bütün etirazları güc vasitəsilə boğmağa çalışır. Lakin iqtisadi və sosial durum günü-gündən pisləşir. Düşdüyü vəziyyətdən artıq bezmiş xalqın qəzəbi isə hakimiyyət üçün çox dəhşətli olacaq".

Ermənistanda cari il ərzində də iqtisadi durumun kifayət qədər acınacaqlı olacağı rəsmi səviyyədə də etiraf olunur. Məsələn, Ermənistan Mərkəzi Bankının ekspertləri bildirir ki, bu il ölkədə heç bir iqtisadi artım olmayacaq. Mərkəzi Bankın sədr müavini Vaçe Qabrielyan gələn il üçün də bədbin proqnozlar səsləndirib. O, Ermənistana xaricdən, o cümlədən Rusiyadan göndərilən pulların əhəmiyyətli dərəcədə azaldığını, gələn il isə bu sahədə vəziyyətin indikindən pis olacağını, əhalinin pul gəlirlərinin iki dəfəyədək azalacağını qeyd edib.

Ermənistan iqtisadiyyatının digər sahələrində də vəziyyətin pisləşdiyi nəzərə alınarsa, istər bu il, istərsə də gələn il ərzində bu ölkədə hadisələrin yalnız mənfi axarda cərəyan edəcəyi şübhə doğurmur. Bütün bunlar isə mövcud Ermənistan hakimiyyətinin ikiqat təzyiq altında qalmasını şərtləndirir. Belə ki, ölkədə insan haqlarının pozulması, demokratiyanın boğulması və bu qəbildən olan digər amillərə görə beynəlxalq təşkilatların rəsmi Yerevana təzyiqi artan xətt üzrə inkişaf edir. Digər tərəfdən yaranan ağır sosial-iqtisadi durum xalqın Serj Sarkisyan hakimiyyətindən narazılığının daha böyük sürətlə artmasına və əhalinin müxalifət qüvvələri ətrafında birləşməsinə təkan verir. Gücünü artıran müxalifətin də, öz növbəsində, hakimiyyətə təzyiqləri çoxalmaqdadır. İndi günü-gündən artmaqda olan həm beynəlxalq, həm də daxili təzyiqlərə Serj Sarkisyan iqtidarının uzun müddətə davam gətirə biləcəyi inandırıcı görünmür.

Bu mənada Ermənistanda müxalifətin tələb etdiyi kimi, növbədənkənar prezident seçkilərinin keçiriləcəyi və bunun yaxın tezlikdə baş tutacağı istisna olunmur.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 15 iyul.- S. 4.