Müasir dünyanın
ən qlobal problemlərindən biri, bəlkə də
birincisi planetimizin ekoloji cəhətdən çirklənməsidir.
Artıq ekoloji fəlakət səviyyəsinə çatan bu
məsələ dəfələrlə BMT səviyyəsində
müzakirə olunub, dünya dövlətlərinə təcili
tədbirlər görülməsi barədə müraciətlər
edilib.
Dünyanın ekoloji
problemləri ilə məşğul olan elm mərkəzləri
və bu sahədə ixtisaslaşan görkəmli alimlər
vaxtaşırı bəşəriyyətin tezliklə
qarşısıalınmaz kataklizmlərlə üzləşəcəyi
barədə bədbin proqnozlar verirlər. Şübhəsiz,
ekoloji problemlərin yaranmasının əsas səbəbi
sürətlə inkişaf edən sənayenin atmosferə
atdığı zərərli qazlardır. Problemin
qarşısını almaq üçün ilk növbədə
bu istiqamətdə ciddi addımlar atılmalıdır. Dünya
alimlərinin yekdil fikirlərindən biri budur ki, ekoloji fəlakətlərin
qarşısının alınmasında ən səmərəli
üsul yaşıllıqların sayının
artırılmasıdır. Çünki
yaşıllıqlar sənayenin dünya ekologiyasına
vurduğu ziyanı müəyyən qədər azalda bilər.
Heç kəsə sirr
deyil ki, atmosfer çirklənməsi sənayenin və
insanların çoxluq təşkil etdiyi böyük şəhərlərdə
baş verir və onun acı fəsadları da ilk növbədə
məhz bu yerlərdə özünü qabarıq göstərir.
Bakı şəhəri həm ölkəmizin ən iri sənaye
mərkəzi, həm də insanların ən çox məskunlaşdığı
məkandır. Buna görə də Bakının əhəmiyyəti
ölkəmiz üçün xüsusi önəm kəsb
edir və paytaxtımızın ekologiyasının
pozulmasına heç cür yol vermək olmaz.
Ümummilli lider Heydər
Əliyevin Bakının ekologiyasına və onun
yaşıllıqlar şəhərinə çevrilməsinə
daim böyük əhəmiyyət verirdi. Əgər 1880-ci
ildən 1970-ci ilə qədər Bakı şəhərində
hər bir sakinə 6,5 kvadratmetr yaşıllıq sahəsi
düşürdüsə, ulu öndərin xüsusi
qayğısı sayəsində bu rəqəm 1970-ci ildən
1980-ci ilə qədər 23 kvadratmetrə çatdı. Deməli,
ulu öndər cəmi 10 il ərzində hər nəfərə
düşən yaşıllıqların sahəsinin 17,5
kvadratmetr artırılmasına nail oldu. Bu isə o deməkdir
ki, paytaxtda ulu öndərin təşəbbüsü ilə
10 il ərzində bir əsrdə salınan
yaşıllıqlardan çox ağac əkilib. Faktlara diqqət
yetirəndə ümummilli liderin uzaqgörənliyinə, gələcəkdə
baş verə biləcək hallara vaxtında düzgün
qiymət vermək bacarığına heyran qalmamaq olmur. Müqayisə
üçün deyək ki, bu rəqəm Nyu-Yorkda 6,7,
Londonda 8, Moskvada 20, Romada 6,4, Tokioda isə 1,1 kvadratmetrdir. Avropanın
incisi sayılan Parisdə hər nəfərə düşən
yaşıllıqların sahəsi 3,6 kvadratmetrdir. Bu rəqəmlər
əsasında dünyanın qüdrətli dövlətlərinin
paytaxtları ilə Bakını müqayisə edəndə
ulu öndərin gördüyü nəhəng işlərin
miqyası daha aydın şəkildə özünü
büruzə verir.
Yaxşı haldır
ki, ümummilli liderin gördüyü genişmiqyaslı
işlər bu gün də uğurla davam etdirilir. Prezident
İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Bakı şəhərinin
yaşıllaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında" sərəncamı da ulu
öndərin paytaxt üçün gördüyü işlərin
bu gün də uğurla davam etdirilməsinə ən bariz
nümunədir. Bundan əlavə, ölkə
başçısı Nazirlər Kabinetinin 2009-cu ilin birinci
rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş
iclasında paytaxtda ağacların kəsilməsinə sərt
reaksiya verərək Bakıda 3 milyon ağacın əkilməsi
barədə göstəriş vermişdir.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə "Hərə bir ağac əksin"
layihəsi də Bakıda yeni yaşıllıqların
salınmasına böyük töhfə vermişdir. Bu nəcib
təşəbbüsə ölkənin nazirlik və təşkilatları,
iş adamları, həmçinin sadə vətəndaşlar
da qoşularaq onu ümumşəhər tədbirinə
çevirmişlər. Nəticədə paytaxtda minlərlə
ağac və gül kolları əkilmişdir. Bütün
bunlar onu göstərir ki, dövlət səviyyəsində
paytaxtın yaşıllaşdırılmasına
qayğı bu gün də davam edir.
Adətən, Bakıda
yayda havalar isti keçir. İsti aylarda isə
yaşıllıqlara xüsusi qayğı göstərilməsi
tələb olunur. Buna görə də şəhərdə
yaşıllıqlara göstərilən qulluqla
maraqlandıq.
Sabunçu rayonunda
şəhidlərin xatirəsinə salınan parkda (əgər
buna park demək olarsa) çox acınacaqlı bir mənzərənin
şahidi olduq. Baxımsızlıq ucbatından parkda olan alaq
otları və çəmənlik susuzluqdan quruduğu
üçün yanğın baş verib. Nəticədə
parkdakı çinar və nar ağacları yanıb məhv
olub. İlk baxışdan məlum olur ki, ən azı bu il ərzində
parka heç bir qulluq göstərilməyib. Parkın yerləşdiyi
Bakıxanov qəsəbəsinin yaşlı sakini
fotomüxbirimizin şəkil çəkdiyini görüb bizə
yaxınlaşdı, kimliyimizlə maraqlandı. Sonra
kişinin dərdi açıldı. Adım Əlidir, - dedi.
Əvvəllər bu parka hər gün qulluq göstərərdilər.
Son vaxtlar mən burada kiminsə işlədiyini görmədim.
Görünən
dağa bələdçi nə gərək? Susuzluqdan torpaq cadar-cadar
olub, parkın ərazisini ot və alaq basıb. Ağaclar bir tərəfdən
susuzluqdan, bir tərəfdən də yanğından məhv
olub gedir.
Rayonun ərazisini gəzirik. Yol kənarındakı
ağacların baxımsızlıq ucbatından, susuzluqdan
qurumasını görmək üçün mütəxəssis
olmaq vacib deyil! Hər şey o qədər
açıq-aydın görünür ki, izaha ehtiyac
qalmır. Hər yerdə ağacların dibi quru alaq otları
ilə örtülüb, zibil tullantılarından gələn
üfunətdən adamın ürəyi bulanır.
Bakıxanov qəsəbəsindəki
elektrik qatarı stansiyası yaxınlığındakı
parkda nisbətən səliqə-sahman var. Amma bu, ilk
baxışdan belə görünür. Necə deyərlər,
parkın gözəgörünən yerlərinə qulluq
göstərilsə də, içəri tərəflərdə
ağaclar susuzluqdan saralıb solur.
Məhəllədaxili
yaşıllıqların da vəziyyəti yaxşı deyil.
Harada məhəllə sakinlərinin özləri
yaşıllığa qulluq göstərirsə, orada vəziyyət
yaxşıdır. Vay o günə ki o məhəllədə
təbiəti sevən, yaşıllıqların qədrini
bilən bir cəfakeş olmasın. Yaşıllaşdırma
Təsərrüfatı Birliyi işçilərinin
insafına qalan, quruyan ağacların, saralıb-solan güllərin
şahidi olacaqsınız. Belə vəziyyətlə
Bakının Nərimanov, Nəsimi, Yasamal, Səbail
rayonlarında da rastlaşdıq. Bu sahədə heç bir
rayon öyünüb onlarda vəziyyətin yaxşı
olduğunu deyə bilməz.
Nizami rayonunda uşaq əyləncə
mərkəzinin qarşısındakı bağda neçə
illərin hündür ağacları var. Bu ağacların
böyüməsi üçün insanlar illərlə zəhmət
çəkib, dövlət büdcəsindən xeyli vəsait
sərf olunub. Bağdakı yaşıllıqların bir
neçə dəqiqədə məhv olmaq təhlükəsi
var. Səbəb ağacların dibinin bellənməməsi nəticəsində
ot basmasıdır. Sıx və hündürboylu quru
otların arasına bir kibrit çöpü və ya siqaret
kötüyünün düşməsi kifayətdir ki,
ağacların hamısı bir anda yanıb məhv olsun. Aparılan
müşahidələr nəticəsində
yaşıllıqlara qulluq edilməsindən heç bir əlamət
görmədik. Yol kənarındakı ağaclara su verib
qulluq göstərilmədiyi üçün quruyan quruyub,
qalanları da saralıb solmaqdadır.
Lakin Nizami rayonunda ürəkaçan
bir mənzərənin də şahidi olduq. Fotomüxbirimiz də
belə bir məqamı əldən buraxmayıb,
fotoaparatın yaddaşına köçürdü. Özünü
bizə Məhərrəm dayı kimi təqdim edən şəxslə
"Neftçilər" metrosunun yaxınlığında
işlədiyi mağazanın qarşısındakı
bağçaya qulluq edərkən tanış olduq. Söylədi
ki, Bakının yaşıllaşdırılmasında
bütün şəhər sakinləri yaxından iştirak
etməlidir. Onun iki yerdə qulluq göstərdiyi kiçik
bağçalar insanın ürəyini nə qədər fərəhləndirirsə,
o biri tərəflərdə quruyub yanan ağac və gül
kollarını görəndə bir o qədər də kədərlənirsən.
Yaxşı olardı ki, Yaşıllaşdırma Təsərrüfatı
Birliyinin işçiləri ağaclara qulluq göstərmək
üçün bu cəfakeş insandan nümunə
götürsünlər.
Xətai rayonunda şəhidlərin
xatirəsinə ehtiram əlaməti olaraq salınan bağda
yanğın olduğu üçün ağaclar ziyan çəkib.
Bağı gəzib dolaşanda aydın olur ki, burada heç
bir iş görülməyib. Mütəxəssislər deyir
ki, ağacların dibi ildə iki-üç dəfə bellənməlidir
ki, qurumuş otlardan yarana biləcək yanğın onları
məhv etməsin. Bağın yanındakı Sarayevo
küçəsində iki yolun kəsişməsində əkilən
ağacların bir neçəsi quruyub məhv olub. Qalan
ağaclar da susuzluqdan quruya bilər. Ağacların nəinki
dibi bellənib, əksinə, məişət
tullantılarından burada tərpənmək olmur. Azərbaycanın
Milli Qəhrəmanı Məzahir Rüstəmovun
adını daşıyan küçədə də eyni mənzərənin
şahidi olduq. Yaşıllıqların içərisində
elə yerlər var ki, alaq otları az qala adam boydadır. Bu isə
hər an ağacların yanğın nəticəsində məhv
ola bilməsi deməkdir.
Üç gün ərzində
şəhəri, demək olar ki, qarış-qarış gəzdik.
Çox yerdə eyni mənzərənin şahidi olduq. Susuzluqdan
quruyan ağaclar sanki dil açıb insanlardan mərhəmət
diləyirdi. Bir tərəfdən də alaq otları
ağacların canına sarmaşıb torpaqda olan cüzi nəmişliyi
də öz canına çəkərək onların məhv
olmasını sürətləndirir.
Biz niyə paytaxtın kənar
rayonlarındakı vəziyyətə daha çox diqqət
yetirdik? Heç kəsə sirr deyil ki, dövlət
başçısının və paytaxtımızın
mötəbər qonaqlarının keçdiyi küçələrə
hər gün qulluq göstərilir. Bir də yalnız şəhərin
mərkəzində yerləşən park və xiyabanlara
qayğını əsirgəmirlər. Bakı isə
böyük şəhərdir. O, təkcə mərkəzdən
ibarət deyil. Buna görə də məqsədimiz Yaşıllaşdırma
Təsərrüfatı Birliyinin gözdən pərdə
asmaq "siyasəti"ni açıb göstərməkdir.
Yaranmış
acınacaqlı vəziyyətlə bağlı Bakı Şəhər
İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı
Birliyində olduq. Birliyin direktoru Vaqif Novruzov bildirdi ki, birlik tərəfindən
qulluq göstərilən parklarda, bağlarda və
küçə yaşıllıqlarında olan ağaclara və
digər yaşıllıqlara aqrotexniki qaydada yüksək
peşəkarlıqla qulluq göstərilir. Yay
mövsümündə yaşıllıqların
suvarılması işini səmərəli təşkil etmək
üçün ikinövbəli iş rejimində işləyirik.
Bu işlər hər gün 15 su maşını, 8
yükünü özüboşaldan avtomobil, 500-dən
yuxarı bağ fəhləsi və aqropersonal cəlb edilməklə
həyata keçirilir. Üç gün ərzində biz
onların iş başında şəklini çəkmək
istədik.
Axtardıq,
soraqladıq, lakin hər yerdə Yaşıllaşdırma Təsərrüfatının
işçilərini gördüm deyən olmadı. Əvəzində
biz bu şəkilləri çəkdik.
Rüstəm KAMAL
Azərbaycan.- 2009.- 15 iyul.- S.5.