Zaqatalada şahmat üzrə respublika olimpiadası keçirilib

 

Zaqatala rayonunda 16 yaşadək yeniyetmələr arasında şahmat üzrə respublika olimpiadası keçirilmişdir. Olimpiadanın Olimpiya İdman Kompleksindəki açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Ramazan Məmmədov qonaqları və iştirakçıları salamlayaraq, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısından danışmışdır.

.Məmmədov qeyd etmişdir ki, bu olimpiadanın üç il dalbadal Zaqatalada keçirilməsi rayon sakinləri üçün qürurvericidir. Ümumiyyətlə, respublika səviyyəli yarışların regionlarda təşkil olunması idmanın kütləvi inkişafına müsbət təsir göstərir. Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov və Gənclər və İdman Nazirliyinin məsul işçisi Lütfiyar Rüstəmov yarışın təşkilatçılığına görə razılıq etmişlər.

45 şəhəri və rayonu təmsil edən 340 şahmatçı arasında İsveçrə sistemi ilə keçirilən yarış 11 turdan ibarət olmuşdur. Komanda üzrə Bakının 1 saylı şahmat məktəbi 34,5 xalla birinci yeri tutmuş, Quba və Sumqayıt şahmatçıları 32 xalla ikinci və üçüncü yerləri bölüşmüşlər.

Şəxsi birincilikdə sumqayıtlı Nisrəddin İskəndərov birincilik qazanmış, Bakı 1 saylı şahmat məktəbinin təmsilçisi Murad Quliyev ikinci, Göyçay şahmatçısı Səid Allahyarov üçüncü olmuşlar.

Olimpiadanın bağlanış mərasimində qalibləriə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2009.- 15 iyul.- S. 6.