Rusiyanın "Qolos
Rossii" Dövlət Radio Verilişləri Şirkəti Azərbaycan
Radio Yaradıcılığı Birliyi ilə birlikdə Heydər
Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilməsinin 40 illiyinə həsr edilmiş
radio layihəsini həyata keçirməyə
başlayır.
Azərbaycan Radio
Yaradıcılığı Birliyi bu əlamətdar yubiley
münasibətilə "Qolos Rossii" Dövlət Radio
Verilişləri Şirkəti və Rusiyanın digər
aparıcı radiostansiyaları üçün Azərbaycanın
simasını kökündən dəyişmiş ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətinə həsr
edilmiş silsilə reportajlar hazırlayacaqdır. "Qolos
Rossii" radiostansiyasının efirində 1969-cu ildə
Sov.İKP MK-nın katibi olmuş, Azərbaycan KP MK-nın məşhur
iyul plenumunda iştirak etmiş İ.V.Kapitonovun arxivindəki
geniş dinləyici kütləsinə məlum olmayan
materiallardan istifadə edilməklə hazırlanmış məxsusi
radioreportajlar səslənəcəkdir.
"Qolos Rossii"
üçün Heydər Əliyevə həsr edilmiş
silsilə radio verilişlərinin hazırlanmasında
Sov.İKP MK arxivlərindən götürülmüş
materiallardan, habelə rusiyalı analitiklərin Heydər Əliyevin
XX əsrin 60-80-ci illərində fəaliyyətinə həsr
edilmiş kitablarından və digər materiallardan istifadə
ediləcəkdir.
Ən nüfuzlu
üç beynəlxalq radio şirkətindən biri olan
"Qolos Rossii" radiostansiyası qısa və orta
dalğalarda, FM diapazonunda, peyk kanalları və mobil telefon
şəbəkəsi vasitəsilə rus dilində və 38
xarici dildə gündə 146 saat veriliş yayır. Onun 340
proqramında həyatın müxtəlif sahələrinə
aid informasiya təqdim olunur. "Qolos Rossii" 2004-cü ildən
Azərbaycanla fəal əməkdaşlıq edir.
AzərTAc
Azərbaycan.- 2009.- 16 iyul.- S. 1.