Brüsseldə Azərbaycan-NATO məsləhətləşmələri aparılmışdır

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) mənzilqərargahına gəlmişdir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan nümayəndə heyətinə müdafiə, milli təhlükəsizlik, daxili işlər, fövqəladə hallar nazirliklərinin və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli şəxsləri daxildir.

Nazir E.Məmmədyarov NATO-nun rəhbərliyi ilə görüşmüş, Şimali Atlantika Şurası - Azərbaycan görüşündə iştirak etmişdir. NATO ilə aparılmış məsləhətləşmələrdə Azərbaycan-NATO münasibətləri, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) yerinə yetirilməsi, habelə regionda təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi məsələləri müzakirə edilmiş, ölkəmizin enerji resurslarının Avropa bazarlarına nəqlinə dəstək ifadə olunmuşdur.

NATO Azərbaycanın FTƏP vasitəsilə təhlükəsizlik sektorunda apardığı islahatları, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşdırılmasını, Azərbaycanın Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin (ISAF) əməliyyatlarına töhfəsi sahəsindəki uğurları yüksək qiymətləndirmişdir.

Bundan əlavə, NATO elm, təhsil, ətraf mühit və ictimaiyyətin məlumatlandırılması sahəsində ölkəmizlə əməkdaşlığından və milli tədbirlərdən məmnun qalmışdır.

Azərbaycan ilə NATO arasında bu cür məsləhətləşmələr ildə bir dəfə keçirilir və hazırda FTƏP-in 2008-2010-cu illəri əhatə edən ikinci mərhələsi gerçəkləşməkdədir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 16 iyul.- S. 1.