Yüksək döyüş qabiliyyətli ordu

 

Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin ən müasir texnika və avadanlıqlarla təchiz edilməsi, eləcə də bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi dövlət siyasətinin mühüm qollarından birinə çevrilmişdir.

Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikanın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan vermişdir. "Sülh istəyirsənsə müharibəyə hazır ol" prinsipini rəhbər tutan Azərbaycan Prezidenti ölkənin hərbi potensialının daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət mərkəzində saxlayır. Milli Orduya dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır və bu da paralel olaraq maddi-texniki təminatın, döyüş əhval-ruhiyyəsinin, nizam-intizamın güclənməsi ilə nəticələnir.

Hələ 2005-ci il sentyabrın 16-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müdafiə Nazirliyində ölkəmizdə ordu quruculuğunun inkişafına həsr olunmuş geniş müşavirənin yekunları göstərmişdir ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin keyfiyyətcə yeni mərhələyə transformasiyasına və hərbi-siyasi yolla həllinə çalışır. Təcavüzkar Ermənistan Azərbaycanın çox güclü, mobil və peşəkar orduya malik olduğunu getdikcə aşkar duyur və bu, aparılan danışıqların pozitiv məcrada getməsini təmin edir. Dövlət başçısı İlham Əliyev Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirmişdir ki, milli ordunun durmadan gücləndirilməsi Azərbaycan hakimiyyətinin qarşısında duran strateji məqsədlərdən biridir. "Azərbaycan müharibə şəraitində yaşayır. Bizim torpaqlarımız işğal altındadır və belə olan halda orduya diqqət ən yüksək səviyyədə olmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi mən bu məsələlərə çox böyük diqqət göstərirəm. Demək olar ki, gündəlik bu məsələlərlə məşğulam" - deyən Azərbaycan Prezidenti İlham Əliyev həmin görüş zamanı ordu quruculuğu ilə bağlı bir sıra tapşırıq və tövsiyələrini vermiş, bu sahənin hər zaman dövlətin yüksək himayəsi ilə əhatə olunacağını bildirmişdir.

Dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir. Son beş il yarımda onlarca hərbi hissədə olan dövlət başçısı ordu qarşısında bir sıra mühüm vəzifələrin dayandığını bildirir. Azərbaycan Prezidentinin 2005-2008-ci illərdə hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı xüsusi sərəncamlar imzalaması da verdiyi vədlərin əməli işə söykəndiyini təsdiqləyir.

Azərbaycan Ordusunun beynəlxalq əməkdaşlığı da dövlətin xarici siyasətində xüsusi aktuallıq kəsb edən məsələyə çevrilmişdir. Bu əlaqələrin yüksək səviyyədə qurulması hərbi sahədə peşəkarlığın artırılmasına və təlim-tədris sisteminin müasirləşməsinə ciddi təsir göstərmişdir. Bu baxımdan, NATO ilə münasibətlər qarşılıqlı maraqlar əsasında, uğurla inkişaf etdirilir. Rəsmi Bakı alyansla münasibətlərini regionun geosiyasi özəlliklərini nəzərə almaqla inkişaf etdirmək niyyətini gizlətmir və bu yöndə əməli addımlar atır. "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əlaqələr ölkəmizə alyansın hərbi-siyasi strukturları ilə yaxından əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanı yaratmışdır. Azərbaycan NATO-ya yeni dəvət almış ölkələrin modern ordu quruculuğu sahəsindəki addımlarını yaxından izləyir və bundan praktiki surətdə bəhrələnir. Bu əməkdaşlıq qlobal planda sülh və sabitliyə xidmət etməklə, regionun nəhəng enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat yaratmışdır. Azərbaycan həmçinin, NATO-nun "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı"na qoşulmuşur.

NATO standartlarına cavab verən peşəkar ordu quruculuğunu sistemli və ardıcıl surətdə həyata keçirən Azərbaycan 1997-ci ildən həm də alyansın Planlaşdırma və Analiz Prosesi proqramında (PARP) yaxından iştirak edir. Bu proqrama əsasən, ölkənin müdafiə sistemində əsaslı islahatlar aparılmış, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təchizatının və döyüş qabiliyyətinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin ordu hissələrində şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlərin nəticələri zaman keçdikcə Silahlı Qüvvələrin əzmkarlığının artmasında özünü büruzə verir. Dövlət başçısının hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin problemləri, qayğıları ilə maraqlanması, hərbi təhsil sisteminin müasirləşməsinə və hərbi biliklərin tədrisinin yüksəlməsinə böyük diqqət yetirməsi praktik nəticələrə yol açır. Ali Baş Komandan hərbi kadr hazırlığına xüsusi diqqətlə yanaşılmasını vacib sayır və ayrı-ayrı ali hərbi təhsil müəssisələrinə gedir. Son beş il yarımda dövlət başçısı İlham Əliyev Azərbaycan Ali Hərbi Məktəbində, Hərbi Akademiyada, Cəmşid Naxçıvanski adına hərbi liseydə və onun Naxçıvan şəhərindəki filialında olmuş, hərbi təhsilin səviyyəsi ilə maraqlanmışdır.

2009-cu il iyun ayının 15-dən 25-dək Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin keçirdiyi "Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək məqsədilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili; birinci müdafiə həddində müdafiə əməliyyatının aparılması; yenidən qruplaşmanın keçirilməsi, müasir artilleriya sistemləri və aviasiyanın tətbiqi ilə atəş hazırlığının aparılması, artilleriya atəşləri və aviasiya zərbələri ilə düşmənə böyük dərəcədə zərər yetirilməsi; hücuma keçərək qarşı duran qruplaşmanın darmadağın edilməsi; əməliyyat ehtiyatlarının döyüşə yeridilməsi, düşmən qruplaşmasının darmadağın edilməsinin başa çatdırılması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi" mövzusu üzrə irimiqyaslı Birgə Əməliyyat-Taktiki Təlim Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu bir daha təsdiqləyir.

Ümumilikdə 4 min nəfərdən çox şəxsi heyətin, 99 tankın, 55 zirehli döyüş maşınının, 123 artilleriya sistemlərinin, 12 döyüş təyyarəsinin, 12 döyüş vertolyotunun, 5 nəqliyyat-döyüş vertolyotunun cəlb edildiyi təlimdə döyüş tapşırıqları uğurla həyata keçirilmiş, qarşıya qoyulan məqsədlərə nail olunmuşdur.

İyunun 24-də təlimi izləyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev demişdir: "Bizim ərazi bütövlüyümüz pozulubdur. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Biz çalışırıq və çalışacağıq ki, məsələni danışıqlar yolu ilə həll edək. Ancaq 15 il ərzində - atəşkəs rejimi bağlanandan sonra aparılan danışıqlar heç bir nəticə vermir. Belə olan halda təbii ki, biz ordumuzun gücünə güvənməliyik. Məhz bu məqsədlə son illər ərzində mütəmadi qaydada ordu potensialının gücləndirilməsi üçün praktiki tədbirlər görülübdür. Bu gün bizim ordumuz bölgədə ən qüdrətli ordudur. Azərbaycanda istənilən vəzifəni icra etməyə qadir olan silahlı birləşmələr fəaliyyət göstərir və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz lazım olan halda hərbi gücdən də istifadə edə bilərik. Bu, bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq normaları da bizə bu imkanı verir".

Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, "Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmalıyıq ki, öz doğma torpağımızı düşməndən silahlı yolla azad edək". Yüksək peşəkarlıqla başa çatan möhtəşəm hərbi təlimlər isə Azərbaycan Silahlı Qüvvələrinin istər fiziki-mənəvi, psixoloji hazırlığı, istərsə də maddi-texniki təchizatı, hərbi texnika arsenalı, istərsə də döyüş qabiliyyəti baxımından regionda ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləmişdir.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 16 iyul.- S. 1.